Rektor çağırış edib - Gəlin, imtahan prosesini izləyin!Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov ictimaiyyətə çağırış edib.

- Dəyərli dostlar, əziz tələbələr, hörmətli professor-müəllim heyəti, valideynlər, KİV nümayəndələri, imtahan sessiyasının gedişi ilə maraqlanan sadə vətəndaşlar!

Bu gündən 05 iyul 2022-ci il tarixinə qədər Azərbaycan Dövlət Aqrar Universitetində yaz imtahan sessiyası başlayır, artıq Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri elan edilmiş, İctimai Şura, imtahan appelyasiya komissiyası yaradılmış, imtahan sualları bir ay öncə bütün tələbələrə verilmişdir. İmtahanların qayda-qanunla, səffaf keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş, profilaktiki işlər aparılmış, ayrı-ayrı vaxtlarda tələbələrlə görüşlər keçirilmiş, imtahan sessiyasının aparılması ilə əlaqədar onların irəli sürdükləri bütün təkliflər nəzərə alınmışdır.

Boloniya prosesinin tələblərinə uyğun olaraq sessiya zamanı bütün imtahan formalarından, yəni 50% test, 25% yazılı və 25% şifahi istifadə ediləcəkdir. Bu barədə də tələbələrlə razılaşdırılma aparılmış və onlara müvafiq qrafiklər verilmişdir. Biz hüquqi demokratik cəmiyyətdə yaşayırıq və imtahan prosesi hər kəsə açıqdır, xüsusilə KİV nümayəndələrinin imtahan prosesini ədalətli işıqlandırması üçün bütün tələb olunan nüanslar nəzərə alınacaqdır.

Sonda bizi izləyən hər kəsi, imtahan sessiyası ilə maraqlanan hər kəsi mövcud qanunlar çərçivəsində bizimlə bir yerdə olmağa səsləyirəm. Bütün tələbələrimə uğurlar arzulayıram!

Şəhid övladları üçün Bərdə şəhərində bayram tədbiri keçirilibBərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova şəhid övladları üçün keçirilən bayram tədbirində iştirak edib.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 44 günlük Vətən müharibəsi şəhidlərinin övladları üçün Bərdə şəhər Heydər Əliyev adına park-bulvar kompleksində bayram tədbiri keçirilib.

Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və idarənin aparat üzvləri iştirak edib. Regional idarənin rəisi Vəsilə Möhsümova tədbirdə iştirak edən şəhid anaları, qazilər və onların övladları ilə görüşüb, bayram münasibətilə onlara təbriklərini çatdıraraq onlara xoş arzularını bildirib.

Qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, qazilər, onların uşaqları dövlətin hər cür diqqət və qayğısı ilə əhatələ olunub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərindən biridir. Bu baxımdan müvafiq qaydada regional idarə tərəfindən şəhid ailələri və qazilər, onların övladları daim diqqət mərkəzində saxlanılır, onlar ilə mütəmadi görüşlər təşkil edilir.

Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

Bayram tədbirinin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə fotoları çəkdirilib.


"Qərb Azərbaycanın sərgilədiyi etibarlı ölkə, ciddi tərəfdaş səylərini yüksək qiymətləndirir"ABŞ Prezidenti Co Baydenin son 10 gündə Azərbaycan Prezidenti İlham Əliyevə ard-arda ikinci dəfə məktub göndərməsi və həmin məktublarında həm xalqımızı, həm də dövlət başçımızı təbrik etməsi Birləşmiş Ştatların Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsindən və bu ölkənin ikitərəfli əlaqələrin daha geniş formatda inkişaf etdirilməsində maraqlı olmasından xəbər verir.

Bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri qeyd edib ki, Birləşmiş Ştatların Prezidenti birinci təbrik məktubunu 28 May - Müstəqillik Günümüzə həsr etmişdi. Co Bayden İlham Əliyevə ünvanladığı ikinci məktubu isə Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışı münasibətilə göndərib:

"Ağ Ev rəhbəri hər iki məktubda ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu qeyd edib. Bayden buna xüsusi önəm verərək vurğulayıb ki, ötən müddət ərzində transmilli təhdidlərlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq".

ABŞ Prezidenti ikinci məktubunda onu da bildirib ki, hazırda bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə ABŞ həm də təmiz enerjiyə keçidlə bağlı zəruri tədbirlər həyata keçirir və bu gün enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaqda şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir: "O, bu məqsədə nail olmaq üçün Azərbaycanın regional səylərdə mühüm rol oynadığını qeyd edib.

C.Bayden onu da bildirib ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında olduqca əhəmiyyətli ölkədir. Həmçinin ölkəmizin Ukrayna üçün mühüm olan yanacağı təmin etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynadığı göz qabağındadır".

İstər ABŞ Prezidenti, istərsə də bir sıra digər Qərb liderləri heç şübhəsiz ki, Azərbaycanın sərgilədiyi etibarlı ölkə, ciddi tərəfdaş səylərini yüksək qiymətləndirirlər: "Çünki Azərbaycan öz öhdəliklərinə hörmətlə yanaşdığını dəfələrlə təsdiqləyib, etibarlı ölkə imicini formalaşdıra bilib. Bu da müasir beynəlxalq münasibətlər sistemində çox önəmli məqamdır".
Fəhlələr tullantı qazından zəhərləndi: ölən varBiləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, hadisə "Təyyarə meydanı" adlanan yaşayış ərazisində qeydə alınıb.

İlkin məlumata görə, ərazidə kanalizasiya sistemində çalışan 2 fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Xaricdə təhsil alan daha 44 nəfərin diplomu tanınmadıMay ayı üçün xarici diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Avrasiya.net-ə verilən məlumata görə, may ayı üzrə 229 müraciətçinin 185-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 44 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 16, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 74, Türkiyə Respublikasından 55, Ukraynadan 54, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, Gürcüstandan 6, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 27, iqtisadiyyat üzrə 14, tibb üzrə 14, menecment üzrə 10, maliyyə üzrə 9 nəfər müraciətçi qeydə alınıb.
Aksiya zamanı qazini qucaqlayan polis kimdir? - VideoXəbər verdiyimiz kimi, bu gün qazilərimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçiriblər.

Avrasiya.net Yenipress.az-a istinadən xəbər verir ki, aksiya zamanı nazirliyin mühafizəsini təşkil edən polisin şüşəni sındıraraq, içəri daxil olan qazimizi sakitləşdirməsi, onu bağrına basması diqqət çəkib və sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən polis Füzuli rayonundan olan, hazırda Yasamal rayonu PPX bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Fazəddin İslam oğlu Əliyevdir.
Şeyx yenidən “Nobel”ə namizəd olduQafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə 2022-ci il üzrə Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Avrasiya.net xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov deyib.

Bəybala Ələsgərov bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin namizədliyi sülh sahəsindəki xidmətlərinə görə irəli sürülüb:

“Onun sülh sahəsindəki xidmətləri olduqca böyükdür. Onlardan sadəcə ikisini deyə bilərəm. Birincisi, Şeyx həzrətlərinin Çeçenistan-Rusiya müharibəsinin dayandırılmasında danılmaz xidmətləri var. O, dövrün siyasi liderləri ilə danışıqlar apararaq bu sülhə nail olub. İkincisi, Aşura mərasimində şaysey-vaxseyin, zəncirvurmanın əvəzinə qanvermə aksiyasını təşkil edərək humanist bir təşəbbüsə imza atıb. İndi insanlar qanvermə aksiyalarına qatılaraq minlərlə insanın həyatlarını xilas edirlər. Üçüncüsünü də deyə bilərəm, cənab şeyx şiə-sünnü məsələsini aradan qaldırılmasında müstəsna rol oynayıb. İlk dəfə onun təşəbbüsü ilə vəhdət namazı qılınıb. Bunlar bütün insanlıq və dünyada sülhün təmin olunması istiqamətində böyük töhfələrdir”.

İndiyə qədər şeyxin 3 dəfə Nobel Sülh Mükafatına namizədliyi irəli sürülən Allahşükür Paşazadənin niyə bu mükafatı ala bilməməsinə Ələsgərov belə vacavab verib:

“Açıqlaya bilməyəcəyim səbəblər var. Amma onu deyə bilərəm ki, növbəti mərhələlərdən keçmək üçün bir sıra prosedurlar həyata keçirilməlidir. Pul köçürmələri olmalıdır. Şeyxin namizədliyi ilə bağlı pul köçürmələrində müəyyən gecikmələr olmuşdu. Bu da Nobel Komitəsində şeyxin namizədliyi ilə bağlı müzakirələrin keçirilməsinə maneələr yaratmışdı. Prosedur belədir. Həmin məbləğ isə ölkə üzrə minimum əməkhaqqının nisbəti üzrə hesablanır. Ona görə də əvvəlki illərdəki namizədlik məsələləri sırf texniki səbəblərə görə alınmamışdı. Bu dəfə pul köçürmələri ilə bağlı məsələlər öz həllini tapdı. İndidən Nobel Sülh Mükafatını kimlərin əldə edəcəyini söyləmək çətindir. Ümid edirik ki, Şeyx həzrətləri bu nominasiya üzrə uğur qazanacaq. Çünki, o, buna layiqdir”.

Qeyd edək ki, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Nobel Mükafatının Sülh nominasiyası üzrə 2019, 2020 və 2021-ci illərdə də namizədliyi məhz Bəybala Ələsgərov tərəfindən irəli sürülüb.
Bütün dünyaya verilən aydın mesaj “TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. 2018-ci ildən hər il təşkil olunan "TEKNOFEST” festivalında Azərbaycan2021ci ildən iştirak edir. Festivalın sərgi hissəsində qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsulları, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib.

"TEKNOFEST” festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.

Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.

İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.

Şuşa Bəyannaməsindən danışan Prezident İlham Əliyev "Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı” demiş və bu müttəfiqliyin özünü hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərməsini vurğulamışdır. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.

Prezident İlham Əliyev qeyd edib ki, Selçuk Bayraktar nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, eyni zamanda Selçuk bəy və Bayraktar ailəsi dünyada məşhur ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” silahlarının rolunu indi dünyada bilməyən yoxdur. Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar.

Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq.

Göründüyü kimi, "TEKNOFEST” təkcə ən böyük aviasiya, kosmos və texnologiya festivalı deyil, eyni zamanda iki qardaş dövlətin səmimi münasibətlərinin və sarsılmaz türk birliyinin göstəricisidir. Prezident İlham Əliyevin dediyi kimi: "30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqil siyasət aparır, siyasətinin əsasında isə qonşu dövlətlərlə səmimi qonşuluq və tərəfdaşlıq prinsiplərini əsas tutur”.

Bugün ölkəmizdə xalq-iqtidar birliyinin, xalqın dövlətə, dövlət başçısına inamının, etimadının fonunda praqmatik, uzaqgörən siyasi liderin gələcəkdə də möhtəşəm uğurlara imza atacağından xəbər verir. Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır.

Cavid Əliyev
Xətai rayonu, 86 №li tam orta məktəbin direktoru
İraq və Suriyadan daha 13 azərbaycanlı gətirilibAzərbaycan Hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq, son günlərdə İraq və Suriyadan daha 13 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 2-si qadın, 11-i uşaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən xəbərə görə, repatriasiya olunmuş şəxslərdən 11-i Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə, 2-si tibb müəssisəsinə yerləşdirilib. Repatriantlara ilkin tibbi, sosial- psixoloji dəstək işlərinə başlanıb.

Növbəti mərhələ kimi, Agentliyin sosial işçiləri və psixoloqları repatriasiya olunmuş qadın və uşaqların sosial-psixoloji vəziyyətlərini qiymətləndirəcək. Nəticəsinə uyğun olaraq hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında psixoloji dəstək tədbirləri həyata keçiriləcək.

Qeyd edək ki, reabilitasiya prosesini başa çatdıran repatriantların sosial reabilitasiyası onlar öz mənşə ailələrinə verildikdən sonra da davam etdirilir. Onlara sosial dəstək xidmətləri digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.

Ölkəyə qaytarılan vətəndaşlarımızın sosial re-inteqrasiyası və sosial-reabilitasiyası məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən fərdi sosial iş aparılır.

Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb edilir.
DSX-dən əməliyyat: 11 kq qızıl müsadirə edildiİrandan Azərbaycana 11 kq-a yaxın qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bu barədə Avrasiya.net-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iyun ayının 1-də saat 03:20 radələrində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, yerli hüquq mühafizə orqanları məlumatlan­dırılaraq sərhəd pozucularının təqibinə başlanılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri təqib olunaraq yaşadığı evinin həyətyanı sahəsində saxlanılıb. Onun Yardımlı rayonu­nun Avaş kənd sakini, 1986-cı il təvəllüdlü Mehman Valeh oğlu Quliyev olması müəyyənləşdirilib.

Araşdırma zamanı M.Quliyev həmkəndlisi, 1990-cı il təvəllüdlü Mayılov Rahim Abdulla oğlu ilə birgə digər həmkəndlisi Nazim İmanali oğlu Ağayevin sifarişi əsasında İrandan qızıl-zinət əşyaları gətirmək məqsədilə dövlət sərhədini pozmalarını etiraf edib.

M.Quliyevin yaşadığı evə baxış keçirilərkən 10 kiloqram 790 qram qızıla bənzər zinət əşyaları aşkarlanıb, cinayətin digər iştirakçısı R.Mayılovun saxlanılması məqsədilə keçiril­ən axtarış tədbirləri zamanı onun yaşadığı evdən qaçaraq gizlənməsi məlum olub.

Polis əməkdaşları ilə birgə R.Mayılovun yaşadığı mənzilə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə İİR-dən gətirilən 7 050 qutu “Marlboro" markalı siqaretlər aşkar oluna­raq götürülüb.

Qaçaqmalın sifarişçisi Avaş kənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Nazim İmanali oğlu saxlanılıb, R.Mayılovun axtarışı üzrə tədbirlər davam etdirilir.