Ukrayna ordusu 24 kəndi azad etdiUkrayna Silahlı Qüvvələri Xarkov vilayətində 24 yaşayış məntəqəsini azad edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

O bildirib ki, kəndlərdə 170-ə yaxın sakin 2 aydan çox uşaq bağçasının zirzəmisində yaşayıb. Onların arasında uşaqlar da olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb - SƏRƏNCAMMayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.

Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, eləcə də xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri, həmçinin Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti və Xarici Kəşfiyyat Xidməti rəislərinin müavinləri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Komissiyanın üzvləri təyin olunublar. Dövlət Komissiyasının tərkibinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərinin başçıları da daxil ediliblər.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.
"Dünənki görüşdə Paşinyana sonuncu dəfə şans verildi"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ev sahibliyi və vasitəçiliyi ilə dünən Brüsseldə baş tutan və 5 saatdan çox çəkən növbəti Əliyev-Paşinyan görüşünün tamamilə Azərbaycanın maraqlarına uyğun keçdiyini deyə bilərik.

Bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri deyib ki, üçüncü Brüssel görüşünün nəticələrini ümumiləşdirsək, Azərbaycanın mövqeyi Ş.Mişelin verdiyi bəyanatda tam əks olunub:

"Bu görüşdə Ermənistan tərəfinin məsuliyyətsiz davranışları nəticəsində bundan əvvəl əldə olunmuş Moskva, Soçi və Brüssel razılaşmalarının icrası prosesinin tormozlandığı çox açıq şəkildə Nikol Paşinyanın diqqətinə çatdırılıb.

İndi kimlərsə Şarl Mişelin bəyanatını məcburi sənəd deyil, tost adlandırırsa, bu onların öz işidir. Ancaq fakt budur ki, Şarl Mişel tərəflərin sıx təmasda qalmağa razılaşdığını və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüş keçiriləcəyini bildirdi. Bu isə o deməkdir ki, növbəti görüşə qədər artıq bir sıra real addımlar atılacaq".

Ə.Hüseynov əlavə edib ki, vəyanat onu deməyə əsas verir ki, bu dəfəki görüş həqiqətən də kifayət qədər məhsuldar keçib və Ermənistanın baş naziri qeyd olunan razılaşmaların icrası üçün hərəkətə keçəcəyi barədə konkret öhdəlik götürüb:

"İyul-avqust aylarına nəzərdə tutulan növbəti görüşə qədər sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması istiqamətində proseslərə start veriləcək. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlər də diqqət mərkəzində saxlanacaq.

Prezident İlham Əliyev həmişəki kimi bu görüşdə də sülh gündəminə sadiqlik nümayiş etdirdi. Rəsmi Bakı Ermənistan rəhbərliyindən də eyni sadiqliyi tələb edir və gözləyir. Bu baxımdan dünənki görüşdə Paşinyana sonuncu dəfə şans verildi.

Əgər Ermənistanın sürüşkən və qeyri-sabit mövqeli baş naziri Kremlin rəhbərinin diktəsi ilə növbəti dəfə Brüsseldə üzərinə götürdüyü öhdəliklərin arxasından qaçsa, o zaman rəsmi Bakı qarşı tərəfi güc yoluyla sülhə məcbur etmək hüququndan istifadə edə bilər.

Bu baxımdan, Brüssel prosesinin artıq aktiv mərhələyə keçdiyini deyə bilərik. Ermənistanın məsuliyyətdən boyun qaçırmaq imkanları tükənib. Artıq yolun sonu görünməkdədir".

Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlarMay ayının 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan-Litva biznes forumu keçirilmişdir. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanla Litva Respublikası arasında münasibətlərin inkişafından geniş bəhs etmişdir. Ölkə başçısı qeyd etmişdir ki, hazırda Azərbaycanla Litva arasında qarşılıqlı münasibətlər iqtisadi, siyasi tərəfdən özünün inkişaf mərhələsini yaşamaqdadır. Məhz keçirilən bu forum və imzalanması nəzərdə tutulan sənədlər sayəsində ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcəkdir.

Məlumat üçün bildiririk ki, Litva Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin tarixi olduqca uzun dövrü əhatə edir. Sovetlər dönəmində mövcud olan münasibətlərimiz SSRİ dağıldıqdan sonrakı illərdə daha da inkişaf etmişdir. Xüsusilə hər iki dövlət başçısının qarşılıqlı səfərləri bu əlaqələrin daha da inkişafına təsir etmişdir.

İlham Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi ilk dövrlərdən etibarən keçmiş postsovet respublikaları ilə, xüsusilə də Baltikyanı respublikalarla münasibətlərə böyük önəm verilmişdir. Baltikyanı ölkələr içərisində isə Litva Respublikası xüsusi yeri tutmaqdadır. Hələ 2007-ci ildə cənab Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri keçirilmiş ikitərəfli görüşlər və imzalanan anlaşmalar dövlətlərimizin gələcək əməkdaşlığında önəmli rol oynamışdı. Qeyd etməliyik ki, Litva və Azərbaycan hər zaman vahid mövqedən çıxış etmiş və ölkələrimiz arasında bu günə kimi hər hansı bir problem olmamışdır. Sevindirici haldır ki, iki dövlət arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir və bu əlaqələrin inkişafı real həyatda da öz əksini tapmışdır.

Əminliklə deməyə əsas var ki, bu gün ölkələrimiz arasında tam anlaşma mövcuddur və bu anlaşmalardan hər iki dövlət yararlanır. İnanırıq ki, qloballaşan dünyada ölkələrimiz arasında strateji müttəfiqlik səviyyəsinə qədər yüksəlmiş əlaqələrimiz hər iki dövlətin inkişafına və xalqlarımızın rifahına xüsusi təkan verəcəkdir.

Gülnar Muradova
Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Erməni bədbəxliyinin rus dirəyiAvropa Ermənistana təsir edə bilirmi?

Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın dünən baş tutat görüşünün nəticəsi, elə görüşün yekununa dair səslənən bəyanatın formal mahiyyətinə tam uyğundur. İlk növbədə onu demək lazımdır ki, növbəli şəkildə İlham Əliyevlə Nikol Paşinyanın görüşünü təşkil edən Bressel və Moskva əslində Ermənistan Azərbaycan arasında münasibətlərin normallaşmasına əsas məqsəd kimi deyil, regionda öz nüfuz dairəsini saxlamaq və ya qazanmaqdır. Yəni, Ermənistan-Azərbaycan münasibətləri Brüssel və Moskva tərəfindən bir vasitə və alət kimi istifadə edilir. Ancaq bu da həqiqətdir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Brüssel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında və sülh müqaviləsinin bağlanmasında obyektiv səbəblərdən maraqlı tərəfdir.

Bəllidir ki, Rusiya Ukraynada apardığı müharibə dövründə Ermənistan-Azərbaycan yaxınlaşmasına və sülh müqaviləsinin bağlanmasına imkan verən deyil və əslində sülh müqaviləsi Azərbaycan üçün o qədər vacib məsələ deyil. Azərbaycan prezidenti İlham Əliyev son çıxışlarının birində Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımayacağı barədə açıq formada deyib və həqiqətən də Azərbaycan 1920-ci ilə qədər Paris sülh konfransında tanınmış ərazilərini həm beynəlxalq hüquqi əsasla və tarixi ədalət prinsipinə uyğun olaraq geri qaytara bilər.

Qısası, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması onun milli maraqlarına tam təmin edilməsidir. Ancaq, Ermənistan "sülh müqaviləsi" məsələdə öz milli maraqlarının əksinə hərəkət edir. Bu isə onu göstərir ki, Ermənistan xaricdən, yəni Rusiya tərəfindən idarə olunur və əvvəlki açıqlamalarımda qeyd etdiyim kimi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Rusiya üçün heç bir öhdəlik yaratmır və Azərbaycanın problemləri bilavasitə Rusiya adlı şovinist, imperialist, işğalçı dövlət ilə bağlıdır. Ermənistan isə bu missiyanı yerinə yetirən vasitədir və hansı ki, prosesdə ara-bir öz oyununu oynamağa çalışır.

O ki, qaldı Rusiyaya, əlbəttə ki, ABŞ SSRİ-nin dağılması prosesinin son mərhələsini həyata keçirir və bu son mərhələdə Rusiyanın özünün parçalanması prosesinə start verilib. Bu plan hələ II-ci dünya müharibəsindən dərhal sonra hazırlanmış plandır və mərhələli şəkildə reallaşdırılır. Rusiya üçün Ukrayna tələsi də bu planın tərkib hissəsidir. Əgər diqqət yetirmisinizsə, Rusiya Ukrayna müharibəsində SSRİ bayrağından istifadə edir və SSRİ-nin qalib gələcəyinə işarə edir. Ancaq ki, Rusiyanın da taleyi SSRİ taleyi kimi bitəcək və bu tarixi zərurət, geriyədönməz prosesdir.

Qənaət budur ki, Azərbaycan ancaq öz iradəsi və müzəffər ordusu ilə sərhədlərin delimitasiya və deklarasiyasını aparıb, Ermənistan dövlətini sülhə məcbur edəcək, ancaq bu dəfə cənab prezident İlham Əliyev demişkən Azərbaycan daha 30 il gözləyın deyil. İndi seçim Ermənistanındır, istəyir ruslara qulaq asınlar, istəyir asmasınlar, necə deyərlər onsuz da "güc doğana düşür"...

Vüqar Dadaşov
politoloq
Rusiyada hərbçilərə hücum edildi: 1 ölü, 3 yaralıRusiyanın İrkutsk şəhərində hərbçilərlə mülki şəxslər arasında dava baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə hadisə mayın 22-də xırda mübahisədən baş verib. Qarajda yeyib-içən 5 hərbçiyə səy-küy saldıqları üçün bina sakinləri tərəfindən xəbərdarlıq edilib. Lakin hərbçilər sakinlərin sözlərinə məhəl qoymayıblar və bundan sonra tərəflər arasında dava başlayıb. Əllərində soyuq silah olan gənclər hərbçilərə hücum ediblər. 33 yaşlı hərbçi Sergey Kuzin aldığı yaralardan yerindəcə ölüb, onun digər hərbçi yoldaşları isə aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hücum edənlər axşam vaxtı yalnız xüsusi təyinatlıların yardımı ilə tapılıblar.

Faktla bağlı cinayət işi açılıb.
Azərbaycanda 41 yaşlı alim intihar etdiAMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərlinin intihar etdiyi məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, o, ötən gün çoxlu miqdarda dərman qəbul edərək həyatına son qoyub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Övladı eyvandan yıxılıb ölən ata həkimi döydüAzərbaycanda 9 yaşlı uşaq faciəvi şəkildə ölüb.

Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonu, Beleton kəndində qeydə alınıb. Kənd sakini 9 yaşlı Nemət Quluzadə yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb.

Təcili xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun atası Zöhrab Quluzadə buna görə rayon xəstəxanasının həkimi Cəmil İbadullayevi döyüb.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda meymunçiçəyi qeydə alınıb?Azərbaycan ərazisində bugünkü tarixədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır:

"Hazırda Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə etmir".

Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.