AHİK-də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilibMartın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn tədbir keçirilib.

Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

Öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən soyqırımı siyasətindən danışıb.

Bildirib ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra məqsədli şəkildə ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməyə başladığı vaxtdan onlar soyqırımılarına əl atmışlar: “İrəvan, Naxçıvan və Qarabağada məskunlaşdırılan ermənilər havadarlarının köməyi ilə “Erməni vilayəti” yaratdılar. Bu süni ərazi bölgüsü ilə bilavasitə azərbaycanlıların öz torpaqlarından çıxarılması və məhv edilməsi siyasətinin əsası qoyuldu. Ardınca “böyük Ermənistan” xülyası ortaya atıldı. Bu qondarma ideyadan ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başladıqları vəhşiliklər Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi”.

AHİK sədri vurğulayıb ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımları isə öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı faciələrdən biridir: “O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərcə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə məhv edilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə yeksan edilmişdir. Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Təkcə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlıları 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi yandırılmış və talan edilmiş, dinc əhaliyə heç bir fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. Yeri gəlmişkən, diqqətinizə çatdırım ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Qubada və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhali ilə birlikdə, 3 minə qədər Yəhudi bacı və qardaşlarımız erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir”.

Konfederasiya sədri diqqətə çatdırıb ki, hadisələrin üstündən 80 il keçdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunun azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir.

Onun sözlərinə görə, Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılıb. Həmçinin Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncamla təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən bu hadisə geniş qeyd olunub”.

Milli Məclisin deputatı deyib ki, erməni vəhşiliyinə tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsinin gedişində də şahid olduq: “Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törədirdi: “Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir və digər şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulurdu. Nəticədə 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış və ziyan çəkmişdir”.

“Bu gün fəxarətlə deyə bilərik ki, ermənilərin məkirli əməllərinin cavabı layiqincə verildi. Minilliklə söykənən şanlı tariximizin ən görkəmli sərkərdələrindən biri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tarixin gedişini dəyişməyi bacardı, işğal altındakı torpaqlarımızı azad etməklə Azərbaycan xalqını məğlubiyyət girdabından xilas etdi və bunla da Azərbaycan tarixində yeni bir şanlı səhifə açıldı. Cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi”, – deputat qeyd edib.

AHİK sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar sülh və təhlükəsizliyə əsaslanır və regionun inkişafına təkan verəcək: “Yaxın gələcəkdə Şərqi Zəngəzurun və Qarabağın əsl sakinləri öz torpaqlarına qayıdacaq və orada əbədi xoşbəxt yaşıyacaqlar. Bu istiqamətdə sürətli şəkildə işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır. Demək olar ki, bir çox layihələr yekunlaşıb. Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yeni tikilən obyektlərin açılışlarını ediblər. Görülən işlər bir daha onu göstərir ki, Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olacaq”.

Sonra çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov ermənilərin Azərbaycan ərazisinə köçürülməsinin tarixi və məqsədini, bu siyasətin acı nəticələrini, ermənilərin məkrli əməllərini, 1918-ci il mart soyqırımının törədilməsinin əsl səbəblərini xronoloji ardıcıllılqa ətraflı izah edib.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov və “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Asif Abbasov ermənilərin xalqımıza qarşı torətdiyi soyqırımılar haqqında fikirlərini bölüşüblər.

Tədbirin yekununda S.Möhbalıyev şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstərməyin vacibliyini üzv təşkilatların nəzərinə çatdırıb.

AHİK sədri xüsusilə vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün istiqamətlərdə regionun lider dövlətinə çevrilib və bu nailiyyətlərin kökündə xalqımızın sarsılmaz birliyi dayanır.

S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.

Azərbaycanın əməkdar rəssamı həbs edildiAzərbaycanın əməkdar rəssamı həbs edilib.

Kult.az xəbər verir ki, bu barədə Report-a vəkil Adəm Məmmədov məlumat verilib.

O bildirib ki, Rəşad Böyükağa oğlu Ələkbərov prokurroluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın əməkdar rəssamıdır.
“Bu davanı ermənilərə uduzsaq, qız-gəlini dənizə tökərik” – Qoçuların mart mübarizəsiAzərbaycan Televiziyası 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bədii-sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Hökm” adlı filmdə hadisələr Bakıda cərəyan edir.

1918-ci ilin mart ayının ağır günlərindən bəhs edən ekran işində mülki əhalinin birləşərək erməni-daşnak dəstələrinə müqaviməti əks olunub. Belə ki, türk ordusu gələnə qədər Bakıda əsas yük qoçuların üzərinə düşürdü. Onlar şəhər əhli arasından könüllü dəstələr toplayaraq son güllələrinədək döyüşür, daha sonra isə xəncərlərinə sarılaraq düşmən üzərinə hücuma keçirdilər.

Bu yükü üzərinə götürən Bakı qoçularından biri də Nəcəfqulu adlı gənc idi. Filmdə onun erməni-daşnak dəstələrinə müqaviməti xüsusi olaraq vurğulanır.
Sovet hakimiyyəti qurulandan sonra isə Nəcəfqulu və daha 12 Bakı qoçusu inqilabçı Əli Bayramovun qətlində ittiham olunur. Onlara qarşı haqsızlıq edilir və barələrində ölüm hökmü verilir.

Bədii-sənədli filmdə qoçuların həm də qadın və uşaqları öz canları bahasına qoruduqları, uduzacaqları təqdirdə qadınların düşmən əlinə keçməməsi üçün plan qurduqları səhnələşdirilib. Yaşlı qoçulardan biri “Allah eləməsin, birdən bu davanı uduzsaq, qız-gəlini dənizə tökərik” deyir və qadınları qorumağın nə qədər vacib olduğunu xatırladır.

Filmin rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, operatoru Aqşin Rzayev, layihə rəhbəri isə Həmid Əsədzadədir.

“Hökm” martın 31-i saat 18:30-da AzTV-də yayımlanacaq.
Rusiyanın daha iki polkovniki döyüşdə ÖLDÜRÜLDÜUkraynada davam edən döyüşlərdə Rusiya ordusunun daha iki polkovnik-leytenantı həlak olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan məlumat yayıb.

Məlumata görə, raket artilleriya diviziyasının komandiri, Tatarıstandan olan polkovnik-leytenant Dmitri Domidontov və Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı artilleriyaçı Aleksandr Okrujnov həlak olub.

Qeyd edək ki, Domidontov Ukraynada müharibə zamanı öldürülən ikinci tatarıstanlı polkovnik-leytenantdır. Bundan əvvəl kazanlı Renat Qaysin məhv edilib.
Keçmiş bələdiyyə sədri zəhərlənərək öldüQaxda keçmiş bələdiyyə sədri zəhərlənərək ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Qax rayonunun Qum kənd sakini, 44 yaşlı Fərid Həşimov ötən gün zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkimlər xəstəni müayinə edib və vəziyyətini nəzərə alaraq onu, Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər. Bu gün isə Fərid Həşimov aparıldıgı xəstəxadada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. İlkin məlumata görə, onun dərmandan zəhərləndiyi bildirilir.

Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qax rayonunun Qum kənd bələdiyyəsinin sədri vəzifəsində calışıb.

Faktla bağlı araşdırma aparılır.
Kadırov 14 yaşlı oğlunu Ukraynaya apardıÇeçenistanın rəhbəri Ramzan Kadırov 14 yaşlı oğlu Adamı və bir neçə başqa ailə üzvünü Rusiya-Ukrayna müharibəsinin ən şiddətli bölgələrindən biri olan Mariupola aparıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Kadırov oğlunun silah yoldaşlarımızın nailiyyətləri haqqında birbaşa məlumat əldə etməsini istədiyini bildirib.
BAXCP: İnsanlıq əleyhinə cinayət törədənləri lənətləyirikBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ötən əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqlarında, Cənubi və Şimali Qafqazda, Türkiyədə, Orta Asiyada, bütövlükdə isə türklərin və onlarla ortaq mədəniyyəti, taleyi paylaşan digər xalqların yaşadığı ərazilərdə ermənilərin həyata keçirdikləri soyqırım cinayətlərini simvolizə edən bir tarixdir. Bu gün biz sivil bəşəriyyətin ayrılmaz bir parçası kimi soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, insanlıq əleyhinə cinayət törədənləri lənətləyirik. Eyni zamanda insanlıq əleyhinə cinayət törədənlərin cəzasız qalmasının daha amansız müharibə cinayətlərinə, qətliamlara yol açdığını, xüsusi olaraq qeyd edirik.

Hedab edirik ki, əgər ermənilər ötən əsrin əvvəllərində törətdikləri cinayətlərə görə cəsasız qalmasaydılar, məqam düşdükcə azərbaycanlılara qarşı həyata keçirdikləri amansız qətliamları, vandalizm aktlarını təkrarlamağa cəsarət etməzdilər. Təəssüf ki, dəhşətli soyqırım cinayətləri və vandalizm aktlarının törədildiyi tarixi Azərbaycan ərazilərində ermənilərə dövlət yaradılması, azərbaycanlılarının öz ata-baba torpaqlarından deportasiya olunmaları yeni-yeni soyqırım cinayətlərinin törədilməsinə zəmin yaratdı. Ötən əsrin əvvəllərinə həyata keçirdikləri dəhşətli soyqırım cinayətlərinə görə özgə torpaqlarında dövlətlə mükafatlandırılan ermənilər XX əsrin sonlarında yenidən Azərbaycandan torpaq qoparmaq üçün hərəkətə keçdilər və azərbaycanlılara qarşı daha dəhşətli, daha amansız soyqırım cinayətləri törətdilər. Bu gün Azərbaycanın işğaldan azad edilən ərazilərində tapılan kütləvi məzarlıqlar ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım cinayətlərinin sübutudur. Şübhə etmirik ki, Xocalıda və hazırda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan digər Azərbaycan ərazilərində mülki şəxslərin, o cümlədən əsir və girovların xüsusi amansızlıqla qətlə yetirildiyini sübuta yetirən və hələlik torpaq attında gizlədilən faktların sayı kifayət qədər çoxdur.

Bütün bunlar, həmçinin bəşəriyyətin gələcəyi soyqırım cinayətlərinin hansı dövrdə baş verməsindən asılı olmayaraq, ciddi şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını zəriri edir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası soyqırım qurbanlarına Allahdan rəhmət diləyir, bütün sivil bəşəriyyəti insanlıq əleyhinə cinayətlərə qarşı vahid mövqedən çıxış etməyə, tarixi ədalətin bərqərar olması üçün səy göstərməyə çağırır”.
Azərbaycanı bombalamağa çağıran rus deputata cinayət işi AÇILDIRusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumatda bildirilib.

"Belə ki, Mixayıl Delyagin 2022-ci il 28 martda Rusiya Federasiyasının “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirib.

Rusiya Federasiyasının vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci ildə Mixayıl Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilib. Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaq", - rəsmi məlumatda vurğulanıb.
Almaniyadan 38 Azərbaycan vətəndaşı geri qəbul edilib“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 mart tarixində 38 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Bu barədə Avrasiya.net-ə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.