Neftçalada yeniyetmə itkin düşübNeftçalada 16 yaşlı məktəbli itkin düşüb.

APA-nın məlumatına görə, rayonun Mayak kənd sakini R.Lətifov yanvarın 19-u saat 18 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov APA-ya bildirib ki, Neftçala rayonu 1-ci Mayak kənd sakini Günel Lətifova yanvarın 20-də Rayon Polis Şöbəsinə müraciət edərək, dünən saat 18:00 radələrində oğlu, 2006-cı il təvəllüdlü R.Lətifovun yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.

Daxil olan məlumat üzrə axtarış elan olunub. Hazırda itkin düşmə faktı ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“Azərbaycanla danışıq aparmaqdan başqa yol yoxdur”“Ermənistan və Azərbaycanın danışıqlar platforması - ATƏT-in Minsk qrupunun həmsədrliyi var idi. Təəssüf ki, bu danışıqlar nəticə vermədi və müharibə başladı, bu, ən pis variant idi”.

Modern.az xəbər verir ki, bu fikirləri “Sky News Arabia” telekanalına müsahibəsində Ermənistan prezidenti Armen Sarkisyan deyib.

O, II Qarabağ müharibəsi zamanı minlərlə erməni gəncin həyatını itirməsinə çox təəssüfləndiyini vurğulayıb:

“Yeni ildən əvvəl mən həlak olmuş oğullarımızın dəfn edildiyi Yerablur qəbiristanlığında oldum. Bu dünyada ən çətin şey 18-19 yaşlı övladlarının itkisinə ata-anasının yas tutmasını görməkdir. Halbuki, danışıqlar və diplomatiya yolu ilə, gənclər həyatlarını itirmədən bu problemi həll edə bilmək mümkün idi.
İndi atəşkəs bağlanıb, amma yekun sülh müqaviləsi yoxdur, danışıqlar gedir, bunu Ermənistan tərəfdən hökumət və baş nazir, Azərbaycan tərəfdən isə Azərbaycan prezidenti aparır, Rusiya da vasitəçidir. Ümid edirəm ki, bu danışıqlar nəticəsində biz davamlı və praqmatik sülh əldə edəcəyik.

İnanıram ki, bu dəfə Azərbaycan və Ermənistan kompromislər yolu ilə sülhü bərqərar edə biləcəklər. Amma bu, asan deyil”.

Ermənistanın Türkiyə ilə əlaqələrinə toxunan Armen Sarkisyan qeyd edib ki, regionda - Suriyada, Aralıq dənizinin Şərqində və bir çox yerdə özünəməxsus davranışlar göstərən Türkiyə kimi bir qonşu ilə problem yaşamamalısınız:

“Yenə də inanıram ki, bu halda da danışıq aparmaqdan başqa yol yoxdur. Ermənistan və Türkiyə vaxtilə - 2009-cu ilin oktyabrında danışıqlar aparmağa cəhd etmişdilər və hətta Sürixdə protokol da imzalamışdılar. Mən də o vaxt bir neçə səbəbə görə məsələyə şübhə ilə yanaşırdım. Bunlardan biri odur ki, o danışıqlarda Türkiyə tərəfində Azərbaycanın iştirakı yox idi. Halbuki, Ermənistanın Azərbaycanla problemləri var idi, Azərbaycanın iştirakı olmadan Türkiyə ilə razılaşma mümkün deyildi. Erməni tərəfdən də danışıqlarda diaspor iştirak etmirdi. Erməni diasporu böyük ölçüdə "soyqırımı" məsələsi nəticəsində formalaşıb. Diasporun köməyi olmadan Ermənistanın hansısa prezidenti və ya baş naziri necə müqavilə imzalaya bilərdi?
Ermənistan kiçik ölkədir, lakin bütün dünyaya səpələnmiş xalqdır. ABŞ-da və ya Rusiyada Ermənistandakı qədər erməni yaşayır...”.

Erməni prezident deyib ki, sabit gələcəyə aparan yol danışıqlardan keçir. Lakin o, qondarma “erməni soyqırımı” məsələsini gözardı etməyin tərəfdarı olmadığını da qeyd edib:

“Lakin bunlar təkcə iki ölkə arasında aparılan danışıqlar deyil. Bu halda keçdiyiniz tarixə göz yuma bilməzsiniz. Yaxşı bir nümunə, yəqin ki, aşağıdakılar ola bilər:
təxminən iki il əvvəl mən İsraildə Holokosta həsr olunmuş böyük bir konfransda iştirak etdim. Müxtəlif ölkələrin liderləri iştirak edirdilər: Rusiya, Fransa, İtaliya, Almaniya prezidentləri, ABŞ-ın vitse-prezidenti və başqaları. Çıxışlar oldu, gül dəstələri qoyuldu, amma mən Almaniya prezidentinin çıxışını gözləyirdim. Açığını desəm, o, parlaq danışdı və şəxsən mənim üçün bu, həmin konfransın ən vacib məqamı idi. Çünki İkinci Dünya Müharibəsindən sonra Almaniya və İsrail hər hansı bir şəkildə danışıqlar aparmağa cəhd etsəydilər, Holokosta toxunmadan heç nəyə müvəffəq olmazdılar.

Ermənistan-Türkiyə münasibətləri də eyni kontekstdədir. Düşünürəm ki, uğur qazanmaq üçün gözlərinizi yummamalı və aşkar olanı görməməzlikdən gəlməməlisiniz. Bunlar çətin danışıqlardır. Ümid edirəm ki, bir gün ermənilər və türklər bu məsələdə uğur qazanacaqlar, lakin bunu etmək üçün tarixi reallıqları nəzərdən qaçıra bilmərik. Uğur qazanmaq üçün Ermənistan və Türkiyə arasında, eləcə də regionda sabit və güclü əlaqələr qura bilmək üçün praqmatik olmalıyıq”.
Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTOAzərbaycanlı gənc Rusiyada qətlə yetirilib.

Avrasiya.net APA-ya istinadən məlumat verir ki, hadisə Yaroslavl şəhərində baş verib. Rusiya vətəndaşı, 10 il məhkumluq həyatı yaşamış şəxs spirtli içki qəbul edərək küçədə azərbaycanlı gənc, 2002-ci il təvəllüdlü Rəhimov Məhəmməd Zöhrab oğluna yaxınlaşaraq ondan pul tələb edib. Aralarında yaranan mübahisə zamanı adı hələ ki, bilinməyən, rus milliyyətindən olan şəxs üzərində gəzdirdiyi bıçaqla qəflətən Məhəmməd Rəhimova xəsarət yetirib. O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, dünyasını dəyişib.

Yaroslavl şəhərindəki ali məktəblərdən birinin tələbəsi olan 20 yaşlı Məhəmməd Rəhimovun meyiti bu gün Göyçay şəhərinə gətirilərək dəfn edilib.

Qeyd edək ki, Məhəmməd Rəhimov Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun qardaşı oğludur.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
"AzerGold” QSC-də 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən İdarə Heyətinin sədri Zakir İbrahimov 32 il öncə Bakıda törədilən qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Qeyd edilib ki, 20 Yanvar hadisəsi ümumxalq faciəsi olmaqla bərabər istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsidir.

20 Yanvar hadisələrinin müasir Azərbaycan tarixində buraxdığı izlərdən danışan İdarə Heyətinin sədri Sovet hakimiyyətinin bu qanunsuz əməlinə ilk olaraq Ümummilli lider Heydər Əliyevin etiraz səsini ucaltdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında sərt tənqid edərək, bu ədalətsizliyə öz etirazını bildirib. Ümummilli lider 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra isə 1990-cı ilin qanlı Yanvar faciəsi tam olaraq öz siyasi-hüquqi qiymətini alıb.

Z.İbrahimov bu qanlı faciə zamanı qətlə yetirilən şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanının xalqımız üçün müqəddəs bir məkana çevrildiyini qeyd edib. Müzəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində qələbənin qazanılması, düşmənin təslim olmasında olduqca vacib və həlledici rol oynayan Şuşanın azad edilməsi müjdəsini xalqımıza məhz Şəhidlər Xiyabanından çatdırması faktının bu müqəddəs məkanın dövlətimiz üçün ehtiva etdiyi mənəvi dəyəri bir daha sübut etdiyini vurğulayıb.

Daha sonra tədbirdə 1990-cı ilin yanvar ayında Azərbaycanda baş vеrən hadisələri çəkməklə tariximizin bu ağır və keşməkeşli səhifəsini kinolentin yaddaşına köçürən film operatorları, Əməkdar incəsənət xadimləri Rafiq Quliyev və Nizami Abbas çıxış ediblər. Onlar qanlı hadisələr zamanı şahidi olduqları məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbirin sonunda 1990-cı ildə “Salnamə” yaradıcılıq birliyi tərəfindən ərsəyə gətirilən “Azadlığa gedən yollar” sənədli filmindən fraqmentlər nümayiş olunub, 20 Yanvar hadisələrinin Azərbaycanın azadlıq mübarizəsindəki rolu barədə müzakirələr aparılıb.

Qeyd edək ki, “AzerGold” QSC-nin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətində də 20 Yanvar qurbanları yad edilib, hadisələrin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal roluna dair çıxışlar edilib.


“Hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya çağırmışam?” - Artur RasizadəSovet Ordusunun 20 yanvar 1990-cı il taricində Bakıda törətdiyi qanlı hadisələrin 32-ci ildönümündə xatırlanan məmurlardan biri də Azərbaycanın keçmiş Baş nazir Artur Rasizadədir.

İddialara görə, məhz A.Rasizadə Bakıdakı etirazçılara qarşı qoşun yeritmək barədə Moskvaya gizli teleqram göndərib.

Ancaq A.Rasizadə Modern.az-a müsahibəsində bu iddiaları təkzib edib.

“Bu barədə iddialardan, yazılanlardan xəbərim var. Amma Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?!”.

A.Rasizadə deyib ki, respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Qorbaçova məktub yaza bilməzdi:

“Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə yalandır...”.

Sabiq Baş nazirin sözlərinə görə, hər yazılana əhəmiyyət verməyə çalışmır:

“Hər yazılana cavab versəydim, gərək işləməyəydim. 22 il Baş nazir, 6 il Baş nazirin birinci müavini, 4 il Mərkəzi Komitənin Maşınqayırma şöbəsinin rəisi və sairə vəzifələrdə işləmişəm. Ulu öndər Heydər Əliyev həmişə deyirdi. “Yalan informasiyalar yazılanda baş qoşma”. Mən də həmişə elə düşünmüşəm. Yalan yayanlar vicdanını qarşısına qoyub özünə sual versin ki, “bu qədər yalanlarla nəyi sübut etmək istəyirəm?!”.

Xatırladaq ki, A.Rasizadə 1990-cı ilin yanvar hadisələri zamanı Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub.

Həmin dövrdə Nazirlər Sovetinin sədri vəzifəsində Ayaz Mütəllibov çalışıb.
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildiVətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyevə vəzifə verilib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Unikal.org yayıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmri ilə polkovnik-leytenant Anar Mirzəyev Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəis müavini vəzifəsinə təyin olunub. Hərbi liseyin rəisi vəzifəsi vakant olduğundan, o, müvəqqəti olaraq liseyin rəisi vəzifəsini icra edəcək.
Azərbaycan Mədəniyyəti sosial platforması "20 Yanvar"la bağlı tədbir keçiribAzərbaycan Mədəniyyəti Sosial Platforması və Sabunçu rayonu Gənclər Evi 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriblər.

Anım tədbirində Millət vəkilləri, iş adamları, ictimaiyyət nümayəndələri, gənclər təşkilatları, KİV və QHT rəhbərləri iştirak ediblər.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunan video-çarx nümayiş olunub.

Tədbirin aparıcısı Fidan Oruc Əliyeva qeyd edib ki, 2020-ci ildə Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alındı, qəhrəman oğul və qızlarımızın ruhu şaddır və Azərbaycan xalqı 20 Yanvar faciəsinin 32-ci ildönümünü andığı bu günlərdə ötən illər ərzində ilk dəfədir ki, Şəhidlər Xiyabanına başıuca və qürurla gedir:

“Vətən müharibəsində Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı”.

Sabunçu rayonu Gənclər Evinin direktoru Samir Mehrəliyev bildirdib ki, ötən müddətdə Azərbaycanda Vətəninə, dövlətinə, torpağına bağlı qəhrəman, döyüşkən və fədakar gənclər formalaşıb:

“Biz Prezidentimiz, döyüş meydanında böyük şücaət, mərdlik, milli ruh nümayiş etdirən qəhrəman gənclərimiz, əsgər və zabitlərimiz, Ordumuzla qürur duyuruq. Bu gənc nəsli tərbiyə edən valideynlərimizlə, müəllimlərimizlə fəxr edirik”.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu dəhşətli faciədən 32 il ötsə də baş verənlər unudulmur:

“Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq”.

Millət vəkili Vüqar İsgəndərov bildirib ki, yanvarın 20-də Şəhidlər xiyabanını, şəhidlərin xatirə kompleksini yüz minlərlə insan ziyarət edir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir”.

Tarixçi Rasim Rzaxanov çıxış edərək bildirib ki, bu gün bizim üçün həm hüznlü, həm də şərəfli gündür:

“29 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc əhaliyə divan tutdu. Yüzdən çox oğul və qızlarımız o məşum gecədə qətlə yetirildi. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu, yenidən dövlət müstəqilliyi əldə etdi. Şəhidlər xiyabanı ölümün gözünə dik baxan vətən övladlarının son mənzilidir. Azadlığımızın memarları, xalqı, vətəni canından çox sevən fədailər unudulmurlar”.

Tədbirdə Uşaq İnkişa Mərkəzinin rəhbəri Aynur Musayeva çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi ilə Azərbaycan xalqı mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzin direktoru Vüsalə Əmiraslanova bildirib ki, ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi Azərbaycan tarixinə və xalqımızın yaddaşına daimi yaşayacaq.

Qazilər Kənan Qasımov, Süpay Məmmədov çıxışlarında 20 Yanvar faciəsini ürəkağrısı ilə xatırladılar.

Azərbaycan Mədəniyyəti sosial platformasın sədri Rəqsanə Əsədova çıxışında 1990-cı il yanvarın 19-
dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildiyini ,bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək olduğunu qeyd edib. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz şəkildə ortaya qoydu. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

Şəhidlər xiyabanı azadlığımız, müstəqilliyimiz və milli iradəmizin simvolu kimi gələcək nəsillər üçün də
bir qürur mənbəyi olacaq.

44 günlük müharibədə Prezident İlham Əliyev təkcə Azərbaycanı qalib etmədi, eyni zamanda, müasir
dünya siyasətində həllini gözləyən bir sıra məsələləri uğurla həll etdi.

44 günlük müharibədə qazanılan qələbə ermənilərin bədbəxtliyinin köklərini bir daha üzə çıxardı. Göstərdi ki, erməni ünsürünün bədbəxtliyinin başlıca səbəbi son iki yüz ildə gəlib yerləşdikləri və aborigen olmadıqları regionun yerli xalqları ilə dil tapıb keçinməməkdə və üçüncü qüvvəni gətirməkdədir. Çünki xalqımız əziz Prezidentimiz, qalib Ordunun Ali Baş Komandanı İlham Əliyevə güvənir, Ona arxalanır, Ona inanır.
Azərbaycanımızın gələcəyi çox parlaqdır və etibarlı
əllərdədir.
Sonra Anım tədbirinə yekun vuruldu.
Son 4 həftədə yoluxanların 40 faizi "Omicron"du - NAZİRAzərbaycanda koronavirusun "Omicon" ştamı ilə bağlı son vəziyyət açıqlanıb.

Avrasiya.net-in məlumatına görə, səhiyyə naziri Teymur Musayev deyib ki, dünyanın bir çox ölkəsində "Omicron" ştamı geniş yayılıb.

Nazir bildirib ki, Azərbaycanda da "Omicron" ştamı ilə bağlı rəqəmlər artmaqdadır:

"Son dörd həftədə koronavirusa yoluxanların 40 faizi "Omicron"a yoluxanlardır. Vəziyyət nəzarət altındadır. "Omicron" sürətlə yayılır. Ona görə hər bir şəxs maska rejiminə, sosial məsafəyə və fərdi gigiyena qaydalarına əməl etməlidir".

T.Musayev deyib ki, Azərbaycanda reanimasiya çarpayı fondu və tələb olunan lazımi tibbi avadanlıq yüksək səviyyədədir.
AMEA-nın Tarix İnstitutunun Baş direktoru istefa verirAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov vəzifəsindən istefa vermək niyyətindədir.

K.Şükürov "Report"a açıqlamasında bildirib ki, bu addımı AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri haqqındakı qeyri-adekvat fikirlərinə etiraz olaraq atır:

"Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm".

Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyev ötən gün Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun fəaliyyətini sərt tənqid edib.
Tarix İnstitutunun Baş direktoru: "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

K.Şükürovun "Report"a açıqlamasını olduğu kimi təqdim edirik:

"20 yanvar Ümumxalq Hüzn Günü ərəfəsində AMEA–nın prezidenti akademik Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən çox böyük təəssüf hissi keçirdim.

Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bur dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumamışdır.

Onda aydın olardı ki, Tarix İnstitutunda elmi tədqiqat işlərinin və idarəetmənin təkmilləşdirilməsi sahəsində hansı müasir islahatlar həyata keçirilib. Mənim rəhbərliyim dövründə institutda 3-cildlik Respublika tarixi, Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinin tarixi yazılıb, institutun 12 elmi tədqiqat şöbəsi əməkdaşlarının 21 kitabı dövlət satınalmasına uyğun olaraq çapa təqdim olunub. 1993-cü ildən bəri ilk dəfə olaraq institutda Azərbaycan tarixinin yeni konseptual baxış əsasında akademik bircildliyi hazırlanıb, 15 cildlik Azərbaycan tarixi üzrə gərgin iş davam etdirilir. Azərbaycanın tarixi coğrafiyasına dair 1987-ci ildən bəri ilk dəfə fundamental kitab hazırlanır. Mən 44 günlük müharibədən sonra Ermənistanın Azərbaycana qarşı yönəlmiş tarix siyasətinin tənqidinə dair müntəzəm olaraq cavabla çıxış etmişəm, bunlar respublika kütləvi informasiya vasitələrində əks olunub. İnstitutun da təşkilatçılığı ilə doqquz ölkənin alimlərinin iştirakı ilə Qafqaz Albaniyasına dair beynəlxalq konfrans keçirilib.

Azərbaycanın müstəqillik tarixinə dair Ağdamda otuzadək alimin iştirakı ilə daha bir beynəlxalq konfrans təşkil edilib. İştirakçıların Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfəri olub. Tarix institutunda yeddi ixtisas üzrə elmi dərəcə verən dissertasiya şurasının səmərəli fəaliyyəti təşkil olunub. Görülmüş işlərin az bir qismi belədir və lazım gəlsə, mən institutun qeyd etdiyim hesabatını çap etdirəcəyəm ki, geniş ictimaiyyət də həqiqi vəziyyətlə tanış ola bilsin. İndi soruşuram: Ramiz Mehdiyev, Tarix İnstitutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi? Acı bir təəssüflə qeyd edirəm ki, AMEA –nın prezidenti milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Mən isə bütün fəaliyyətimi müasir çağırışlara cavab verə bilən modern Tarix İnstitutu yaratmağa həsr etmişəm.

Bu gün, 20 yanvar şəhidlərinin əziz xatirəsini dövlətimiz və xalqımızla birlikdə qeyd edəcəyəm. Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm".