Üç bələdiyyənin bir milyon manat borcu necə yaranıb?Bu gün sosial media üzərindən mövzu olaraq bələdiyyələrin borclanması barədə ciddi fikir mübadiləsi aparılır. Müzakirələrdə səslənən bəzi fikirlərə münasibət bildirmək istərdim.

Bir faktı xatırladım ki, DSMF-yə və digər qurumlara Biləcəri bələdiyyəsinin 784 min manat, Xocasən bələdiyyəsinin 172 min manat, Əhmədli bələdiyyəsinin 86.200 manat borcu var. Təsəvvür edin ki, hazırda ümumilikdə bələdiyyələrin DSMF və digər qurumlara yeddi milyon manata yaxın borcu var. Demək, ümumi borcun 15 faizi adıçəkilən üç bələdiyyənin payına düşür. Onu da xatırladım ki, bu borcun həcmi bir neçə il əvvəl 12 milyon manata yaxın idi. Müvafiq orqanların və təşəbbüskar bələdiyyə sədrlərinin ciddi səyi nəticəsində borcun həcmi 7 milyon manata endirilib.

***

Bəs bələdiyyənin borcunu kim yaradıb? Borcun bu qədər şişməsinə kim göz yumub? Və bu gün kim bələdiyyənin bu qədər borclanmasına görə məsuliyyət daşıyır?

Bu suallara cavabı yalnız bir adam, yəni bələdiyyə sədri cavab verməlidir, çünki bütün məsuliyyət sədrin üzərindədir.

Əlavə edim ki, bələdiyyənin bu qədər borclanmasının əsas günahı heç də bələdiyyə sisteminin qarşılaşdığı problemlərlə bağlı deyil. Gəlin məsələləri qarışdırmayaq. Burada söhbət heç də bələdiyyənin sayçoxluğundan da getmir. Hər birimiz bələdiyyələrin qarşılaşdığı problemləri bilir və bu problemlərin həlliylə bağlı bacardığımız qədər çalışırıq. Təkrar edirəm ki, söhbət bundan getmir. Söhbət ondan gedir ki, bu borcun silinməsiylə bağlı sədrlər niyə yerinə sayırlar. Konkret məsələ bundadır. Niyə bəzi sədrlərə himayədarlıq edən gözü ac məmurlara yerləri göstərilmir?

Əhmədli bələdiyyəsinin bu gün 86.200 manat borcu var. Hazır ki, sədr də artıq 15 ildir ki, həmin vəzifəni bir növ “mənimsəyib”. Nə borcu silir, nə də ki, kreslosunu təhvil verir. Xocasən bələdiyyəsinin yeni seçilən sədri Niğar Məmmədova bələdiyyəni 40 min manatlıq borcla qəbul etmiş olsa da, bu gün 20 aylıq fəaliyyəti dövründə borcun həcmi 172 min manata çatıb. Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov bələdiyyəni 690 min manat borcla qəbul edib. Hazır ki borc isə 784 min manat təşkil edir.

Göründüyü kimi, borcun həcmi azalmaq əvəzinə artır. İndi mənə bir adam izah etsin ki, belə bir vəziyyətdə kimdir günahkar?

Sədr borcu azaltmaq əvəzinə, azaltmaq üçün bütün instansiyalar qarşısında məsələ qaldırmaq əvəzinə, strateji proqram hazırlamaq əvəzinə gedib zibil qutularının təkərlərini təmir edib onu da bəh-bəhlə reklam edirsə günahkar sədr deyilsə bəs kimdir?

Onu da əlavə edim bu borclar məhz bələdiyyələrə vaxtilə rəhbərlik etmiş sədrlərin məsuliyyətsizliyi, səriştəsizliyi, müticəsinə icra başçının tapşırıq və tövsiyələrini “şövqlə” icra etməsiylə bağlı olub.

Etiraf etməliyəm ki, borcların bu qədər şişməsində bu rayonlara rəhbərlik etmiş icra başçılarının da günahı az deyil. Nə isə…

Bizim əsas məqsədimiz mövzu olaraq bələdiyyə borclarının azalmasını və birdəfəlik silinməsiylə bağlı təklifləri ictimai müzakirəyə çıxarmaqla problemin həllinə nail olmaqdır. Bir daha təkrar edirəm ki, qaldırılan problem bələdiyyə sistemindəki problemlərlə bağlı deyil. Bu sədrlərin məsuliyyətsizliyi və səriştəsizliyi ücbatından yaranan məsələdir. Borclu bələdiyyənin ləğv edilərək birləşdirilməsi isə vəziyyətdən çıxış yolu kimi edilən təkliflər sırasındadır.

Sədrlər konkret strateji proqram hazırlayıb ortaya qoymalıdırlar. İcra başçıları isə öz növbələrində bu işdə bələdiyyələrə lazımı dəstəyini göstərməlidir. Vəssalam…

Vüqar Toflqli

Ramin Bayramlının analoqu olmayan yeyintisi... - Şok faktlarTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının yeyinti hallarına yol verməsi ilə bağlı tükürpədici faktlar ortaya çıxıb.

Avrasiya.net Bakipost.az-a istinadən xəbər verir ki, R.Bayramlı bu əməllərini daha çox “SPEKTR MED” adlı MMC vasitəsilə həyata keçirib. O, TƏBİB-ə sədr təyin edildikdən sonra “SPEKTR MED” (VÖEN-i 2001534811) adlı MMC-ni satın alaraq, oraya özünün yaxın adamı - Hikmət adlı şəxsi direktor təyin edib.

Pandemiya dövründən faydalanan R.Bayramlı dövlətin COVID-19-la effektiv mübarizə aparılmasından ötrü xəstəxanaların laboratoriya təchizatının yaxşılaşdırılması üçün təşəbbüsündən istifadə edərək “səmərəli fəaliyyət”ə başlayıb. Belə ki, R.Bayramlı laboratoriya cihazları və reaktiv-reagent istehsal edən məşhur şirkətlərin (Onların bəzilərinin adı bizə məlumdur: “Sysmex Corporation”, “QIAGEN”, “Roche” və s.-dir – red.) xarici nümayəndələri ilə şəxsən görüşərək, onlardan “SPEKTR Med”ə eksklüziv partnyor səlahiyyətinin verilməsini istəyib.

R.Bayramlı həmin şirkətlər qarşısında belə bir şərt qoyub ki, onlar özlərinin Azərbaycan üzrə nümayəndəliyini digər firmalardan alaraq “SPEKTR Med”ə versinlər. Bunun qarşılığında isə bu xarici şirkətlərlə böyük məbləğdə müqavilələr bağlanılacaq, xeyli miqdarda laboratoriya cihazları və reaktiv-reagentlər alınacaq; şirkətlər bu şərtlə razılaşmayacaqları halda onlardan dövlət heç bir mal almayacaq, ölkəyə alternativ şirkətlər dəvət ediləcək.

R.Bayramlı şirkətlərin bu sövdələşmədən qaçmaması üçün onları buna da əmin edib ki, dövlət tərəfindən bu işlər TƏBİB-ə həvalə edilib, yəni bütün işlərə o baxır.

Sövdələşmə baş tutandan sonra tələbnamə üçün həmin firmaların mallarının siyahısı tutulub. Bunun əsasında TƏBİB sədri müəyyən edib ki, həmin şirkətlərdən nələri ala bilər. Bundan sonra isə R.Bayramlı pandemiya ilə mübarizə üçün Azərbaycanda kifayət qədər laboratoriya avadanlıqlarının olmadığını, bu vəziyyətdə virusla mübarizənin çətin olacağını əsas gətirərək külli miqdarda laboratoriya avadanlıqları və reaktivləri satın alıb.

COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının “SPEKTR Med” şirkəti vasitəsilə həyata keçirilib.

Ramin Bayramlı bəzi xəstəxanaların satınalma, anbar və laboratoriya əməkdaşlarını da birbaşa özü vəzifəyə təyin edib. O, həmin kadrları özünün inandığı şəxslərin arasından seçib.

Əsas yeyinti halları bundan sonra başlayıb.

R.Bayramlı “adamları”nın olduğu yerlərdə, əsasən də yeni qurulmuş laboratoriyalarda dövlət vəsaiti hesabına alınmış reaktiv-reagent, sərfiyyat mallarının bir hissəsini özünün təsis etdiyi “İnci” laboratoriyalarına göndərib.

“İnci” laboratoriyalarındakı reaktiv-reagentlərin böyük bir qismi dövlət müəssisələrində kağız üzərində “istifadə edilmiş” reagentlər olub. Pulsuz reagentlər əldə edə bilməkdən ötrü o, analiz üçün istifadə edilən reagentlərin sayını sənəddə şişirdərək yazdırıb.

Məsələn, bir şəxsin analizi üçün 2 reagent lazım olduğu halda, sənəddə bu say 5 göstərilib və qalan 3 reaktiv-reagent “İnciLab”a göndərilib.

Kağız üzərində sənədləşmə qüsursuz icra olunduğundan bu faktın üstü uzun müddət açılmayıb.

Daha çox pul qazanmaq tamahında olan R.Bayramlı dövlətdən mənimsədiyi reaktiv-reagentləri istifadə edə bilmək üçün digər klinikalara “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidmətinin göstərilməsi üçün əməkdaşlıq təklif edib.

“İnciLab” klinikalara onların yaradacağı laboratoriyanın xərclərinin digər klinikalardan daha az olacağı, gəlirlərin isə onlardan daha çox olacağı vədini verib. Bu əməkdaşlıq sayəsində “İnci” laboratoriyaları bir neçə özəl tibb müəssisəsində “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidməti göstərir.

Hazırda “İnciLab”ın mərkəzi filialı, HP Güvən Klinik filialı, Yeni Gəncə Tibb Mərkəzi filialı, Tovuz filialı, Sumqayıt filialı, İnci Diaqnostika Mərkəzi kimi 6 filialı var. Bu filiallar barədə “İnci” laboratoriyalarının rəsmi saytında da məlumat verilir.

Özünün şirkət yaratması ilə kifayətlənməyən R.Bayramlı yeyintilərin miqyasının və miqdarının artırılmasında qaynı Vüsaldan da istifadə edib. Belə ki, onun adına şirkət təsis edib. O, rayon xəstəxanalarının bir qisminə (hansına ki, özü rəhbərlər təyin edib) təsərrüfat mallarını Vüsalın rəhbəri olduğu şirkətdən almağı tapşırıb.

Bu, qısa müddətdə əldə etdiyimiz məlumatlardır. Ramin Bayramlının etdiyi qanunsuzlar isə, əlbəttə ki, bununla bitmir. Onun təkcə Yeni Klinikada fantastik məbləğdə qazanc götürdüyü bildirilir.

Qeyd edək ki, Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb. Bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.
Yoluxma və ölüm sayı azaldıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 32 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 467173 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 423705 nəfər müalicə olunaraq sağalıb, 6227 nəfər vəfat edib, aktiv xəstə sayı 423705 nəfərdir.
"Dil kursları Kolumbiya-Azərbaycan əlaqələrinin inkişafında simvola çevrilib" - Kolumbiya səfiriKolumbiya “Azərbaycanlı dövlət qulluqçularına ispan dili kursları vasitəsilə Kolumbiya mədəniyyətinin təşviqi” layihəsinin IX versiyasının açılışını həyata keçirdi.

Bu barədə Avrasiya.net-ə Kolumbiyanın ölkəmizdəki səfirliyindən məlumat verilib. Bildirilir ki, videokonfrans formatında baş tutan “Azərbaycanlı dövlət qulluqçularına ispan dili kursları vasitəsilə Kolumbiya mədəniyyətinin təşviqi” layihəsinin IX versiyasının açılış mərasimi Kolumbiya Hökumətinin Kolumbiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Pontifisia Bolivariana de Medellin Universitetinin nəzdində keçirilib.

2013-cü ildən Kolumbiyanın Prezident yanında Beynəlxalq Əməkdaşlıq Agentliyinin (APC Kolumbiya) dəstəyi ilə keçirilən bu təşəbbüs proqramından indiyədək 247 azərbaycanlı diplomat və dövlət qulluqçusu yararlanıb. Bu ilki kurslarda isə 45 dövlət qulluqçusu ispan dilinin tədrisi ilə kolumbiya mədəniyyəti ilə yaxından tanış olub.

Prezident Administrasiyası, Xarici İşlər, Mədəniyyət, Milli Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ədliyyə, İqtisadiyyat, Kənd Təsərrüffatı, Energetika, Maliyyə nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi və Milli Elmlər Akademiyası kimi müxtəlif dövlət strukturlarında fəaliyyət göstərən yeni tələbələr də kurslarda iştirak edirlər.

Kursların bu ilki versiyasının açılışında Kolumbiyanın Xarici İşlər Naziliyinin Mədəniyyət üzrə İdarəsinin Rəisi Katalina Albarrasin Suarez, APC Kolumbiyanın Baş Direktoru Anxela Ospina de Nikols, Universitenin Rektoru Xulio Xairo Sebayos Sepulveda iştirak edib.

Açılışda, Diroktor Albarrasin tələbələri salamlayaraq APC Kolumbiyanın dəstəyinə görə minnətdarlığını bildirib və Universitetlə birgə edilən bu işi yüksək dəyərləndirdiyini vurğulayıb, xarici dil kimi ispan dilinin öyrənilməsinin vacibliyini qeyd edərək tələbələri coğrafi müxtəlifliyə malik olan Kolumbiyaya dəvət edib.

“Dünyanın İspan dilli olmayan müxtəlif ölkələri ilə əməkdaşlıq layihələrimizin sayını artırmaq kimi bir məqsədimiz var və yalnız bir-birimizi yaxından tanımaqla, təcrübə mübadilə ilə buna nail olmaq olar. Buna görə də, bu kurslarıölkələrimiz arasındakı bağları möhkəmləndirmək və həmrəylik, bərabərlik və qarşılıqlı maraqlara xidmət edən Əməkdaşlıq layihələrimizə təkan verəcək”, - APC Kolumbiyanın direktoru Anxela Ospina de Nikols vurğulayıb.

Öz növbəsində, Rektor Universitetə belə bir layihədə iştirak hüququ verdikləri üşün minnətdarlığını bildirdi və əvvəlki illərdə keçirilən kurslarda əldə edilən təcrübələri davam etdiriləcəyinə söz verib.

Açılışda Kolumbiyanın xarici ölkələrdə akreditə olunmuş Səfirləri də iştirak edib. Bu ilki kurslarda, dörd beynəlxalq təşkilatlara üzv olan 28 ölkənin 1064-ə yaxın diplomatları və dövlət qulluqçuları iştirak edir.

Kolumbiyanın Azərbaycandakı Səfiri Luis Antonio Dimate Kardenas iştirakçiları salamlayaraq iki ölkə arasında dostluq əlaqələrinin inkişafında göstərəcəkləri töhfələrə görə minnətdarlığını bildirib: “Bu kurslar Kolumbiya ilə Azərbaycan arasında əlaqələri inkişafında simvol layihəyə çevrilib. Ölkələrimiz və xalqlarımız arasında mədəniyyətləri daha da yaxınlaşdırmaq və onların bir-birini tanınmasına xidmət edən mükəmməl platformadır. Həmçinin, bizim ölkələrlə İberoamerika ölkələri ilə əlaqələrini inkişaf etdirməsi üçün Azərbaycan Hökumətinin bu kurslarda iştirakı insan kapitalına verdiyi ən mühüm və vacib töhfələrindən hesab edilə bilər", - səfir deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Kadrlar və İxtisasartırma İdarəsinin müdiri Raman Məmmədov və həmin idarənin şöbə müdiri Günay Rəhimova da iştirak edib.
Səyyad Əlizadə komaya düşdüTanınmış müğənni Səyyad Əlizadənin vəziyyəti kritikdir.

Bu barədə Kult.az-a Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda müğənni süni tənəffüs aparatından 100% oksigen dəstəyi alır. Müğənnin arterial təzyiqi 160/90, nəbzi 107, şəkəri 101, saturasiyası 75-dir.

Qeyd edək ki, Səyyad Əlizadə avqustun 13-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilmişdi.

***

Səyyad Əlizadənin qohumu Razim Qarayev Axşam.az-a açıqlamasında ifaçının komaya düşdüyünü bildirib.
Hikmət Hacıyev İran səfiri ilə ikinci dəfə görüşdüPrezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə səfir Tviter səhifəsində paylaşım edib.

"Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu. Səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik", - səfir yazıb.
Kürdəmirdə qardaş bacısını öldürdüSentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini, 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə rayon prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ermənilər Söyüdlü-Basarkeçər yolunu bağladı - Videoİcmaların genişləndirilməsinə etiraz edən Ermənistanın Göyçə (Geqarqunik) vilayətinin Şişqaya (Geqamasar) kəndinin sakinləri Söyüdlü (Sotk) – Basarkeçər (Vardenis) yolunu bağlayıblar.

Axar.az xəbər verir ki, yolu açmağa çalışan polislərlə sakinlər arasında qarşıdurma yaranıb. Etirazçılar yolu öz maşınları ilə bağlayıblar.

Etirazçılardan biri bildirib ki, taksinin bir gedişinin qiyməti 2 min dramdır (təxminən 5 dollar) və hər hansı bir sənədin düzəldilməsi üçün insanlar taksiyə təxminən 10 min dram pul xərcləyirlər:

“Əgər bu məsələ təkcə 18 kəndə şamil olunacaqsa, o zaman digərləri necə olacaq? Yolu açmırıq. Belə alınmasa, İrəvana yollanacağıq. Nə normal maaş ödənilir, nə kartof, nə mal-qara, nə ət verilir. Nə qədər olar?!”
BƏƏ kreativ iqtisadiyyatı: Azərbaycan iş adamları üçün yeni biznes paketləriKreativ İqtisadiyyat getdikcə iqtisadi artım, iqtisadiyyatın şaxələndirilməsi və məşğulluğun əsas aparıcı qüvvəsinə çevrilir. BƏƏ-də Kreativ İqtisadiyyat hökumətin siyasəti, proqramları, maliyyələşdirməsi, iqtisadi çərçivələri, siyasi və iqtisadi sabitliyin təmin edilməsi, tolerant cəmiyyət (istedad cəlb edir), dünya səviyyəli infrastruktur, biznes qurmağın asanlığı (azad ticarət zonaları), təhsil, və coğrafi mövqe sayəsində uğur qazanmışdır.

Kreativ İqtisadiyyat iqtisadiyyatı şaxələndirir, iş yerləri yaradır, gənclərin və qadınların hüquqlarını genişləndirir, ölkəyə investisiyaları cəlb edir, biznesin asanlaşdırılmasını təşviq edir, beynəlxalq əməkdaşlığı dəstəkləyir, milli kimliyi zənginləşdirir, müxtəlifliyi dəstəkləyir, kreativ turizmi genişləndirir.

Beləliklə, Masdar City Azad Zonası Birləşmiş Ərəb Əmirlikləri hökumətinin Əbu-Dabidəki bizneslərin artan ambisiyalarını daha da dəstəkləmək və asanlaşdırmaq üçün atdığı addımlara uyğun olaraq yeni rəqabətqabiliyyətli biznes paketi seçimlərini təqdim etmişdir.

Yeni biznes lisenziyaları indi yalnız 1000 AED (1 BƏƏ dirhəmi AED = 0.4628 AZN) ilə başlayır, yeni və mövcud icarəyə götürən şirkətlərə bizneslərinin xüsusi tələblərinə uyğunlaşma seçimləri ilə elastiklik təklif edir. Azad Zona, qadın sahibkarlar üçün ekslüziv biznes paketi də təqdim edir.

Diqqətəlayiq haldır ki, Masdar City, sürətlə böyüyən təmiz texnoloji klasterə, biznes azad zonasına, restoran, mağaza və ictimai yaşıllıq məkanları olan yaşayış məhəlləsinə ev sahibliyi edən çiçəklənən icmadır. Bu azad zonada start-uplar və KOB-lar var. Şəhərin kirayəçilərindən bəziləri bunlardır:
- Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) (baş ofis)
- Schneider Electric
- Siemens (Yaxın Şərq ofisi)
- Emirates Nüvə Enerji Korporasiyası (ENEC)
- Saint-Gobain
- Mohamed bin Zayed Süni İntellekt Universiteti

Azərbaycanlı iş adamlarını bu fürsətdən istifadə edərək, Əbu-Dabidə öz bizneslərini qurmağa və bölgənin Masdar City innovativ davamlı texnologiyalar mərkəzinə qoşulmağa dəvət edirik. Təfsilatı ilə məlumatı https://masdarcity.ae/ saytından əldə etmək mümkündür.