Prezident onlara general-mayor ali hərbi rütbəsi verdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:

general-mayor ali hərbi rütbəsi

polkovnik Elçin Şirxan oğlu Adıgözəlova

polkovnik Etibar Rəsul oğlu İsmayılova

daxili xidmət general-mayoru ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Hikmət Mərdan oğlu Abbasova.

Azərbaycan Laçında verdiyi sərbəst keçid hüququnu dayandıra bilərƏgər Ermənistan Azərbaycana 6 ay ərzində Naxçıvana gedə bilmək üçün dəhliz verməsə, Azərbaycan Vyana Konvensiyasının 60.1-ci maddəsini əsas götürərək, Laçında verdiyi sərbəst keçid hüququnu dayandıra bilər. Yəni ermənilərin həmin koridorla hərəkətinə məhdudiyyət qoya bilər.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat rəsmi sənəddir:

“Yəni bu Bəyanatı imzalayan hər üç tərəf öz üzərinə öhdəlik götürüb. Məsələn, bəyanatın 4-cü bəndində qeyd edilir ki, erməni silahlı birləşmələri Rusiya sülhməramlı qüvvələrinin bölgəyə girişi ilə paralel çıxarılmalıdır. Yəni Rusiya erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasını öz öhdəsinə götürüb. Bəyanatın 9-cu bəndində isə deyilir ki, Azərbaycan Laçın koridoru ilə bağlı üzərinə öhdəlik götürür. Yəni Azərbaycan Laçın koridorunda nəqliyyatın, yüklərin daşınması üçün qarşı tərəfə zəmanət verir.

9-cu bəndə görə, Ermənistan Azərbaycana Qubadlı və ya Zəngilandan Naxçıvana sərbəst gediş-gəliş üçün yol və ya dəhliz verməlidir. Baxın, bu dəhlizi də Ermənistan silahlı qüvvələri yox, rus sülhməramlıları qorumalıdır. Nəticə etibarilə Ermənistan da üzərinə bu öhdəliyi götürüb. Lakin hazırkı vəziyyətdə və erməni mediasına baxdıqda, biz ermənilərin Naxçıvana quru yol bağlantısının yaranmasını istəmədiklərini müşahidə edirik. Xüsusilə də ölkə başçısının Zəfər paradında Zəngəzur ilə bağlı dediklərindən sonra erməni mediası Azərbaycanın guya bu əraziləri işğal etmək istədiyi barədə yalançı təbliğata başlayıb. Bu mənada Ermənistan rəhbərliyi bəyanatın bu bəndini pozmaq və ya yerinə yetirməmək üçün əlindən gələni etməyə çalışacaq. Bu baş tutarsa, Azərbaycan adekvat olaraq Vyana Konvensiyasının 60.1-ci maddəsini əsas götürərək, Laçında verdiyi sərbəst keçid hüququnu dayandıra bilər. Yəni tərəflərdən biri üzərinə götürdüyü öhdəliyi bu və ya başqa cür pozarsa, qarşı tərəf də eyni hüquqa sahib olacaq. Buna görə də Ermənistan Azərbaycana 6 ay ərzində Naxçıvana gedə bilmək üçün təhlükəsiz dəhliz verməlidir”
Hakim koronavirusdan öldü - FOTOŞirvan Apelyasiya Məhkəməsinin hakimi Fuad Soltanov vəfat edib.

Avrasiya.net xəbər verir ki, 48 yaşlı hakim koronavirus səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, F.Soltanov daha əvvəl icra məmuru və Lənkəran Rayon Məhkəməsinin hakimi olub.

Allah rəhmət eləsin.
Gürcüstanın Azərbaycana borcu açıqlandıBu il dekabrın 1-nə Gürcüstanın Azərbaycana 5,685 milyon ABŞ dolları borcu var.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib.

Gürcüstanın ümumilikdə 7,2 milyard ABŞ dolları həcmində xarici dövlət borcu var ki, bunun da 7 milyard ABŞ dolları hökumətin payına düşür.

Ötən ay qonşu ölkənin Türkiyə (10,959 milyon ABŞ dolları), Rusiya (43,134 milyon ABŞ dolları) və Ermənistana (5,954 milyon ABŞ dolları) da borcu sabit qalıb.
Başçının müavinləri işdən azad edildi: biri direktor olduGəncə şəhər İcra Hakimiyyəti başçısının müavinləri Rafiq Şəfiyev və Vəfa Abbasova vəzifədən çoxdan azad edilib.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib.

Adı çəkilən müavinlərin 3 aya yaxındır ki, işdən çıxarıldığı və onların yerinə hələlik təyinat olmadığı qeyd edilib:

“İcra başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafiq Şəfiyev yaşı ilə əlaqədar təqaüdə göndərilib. Başçının digər müavini - İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova isə öz ərizəsi ilə işdən azad edilib. O, hazırda 6 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışır”.
Ağcabədi xəstəxanasının direktoru həbs edildiVətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, belə tədbirlərdən biri kimi “Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Tahirov Fövzi Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Fövzi Tahirovun qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən xəstəxananın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla 2020-ci ilin əvvəllərindən 30 noyabr 2020-ci il tarixədək olan müddət ərzində əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə həmin xəstələrin sənədlərinin aidiyyəti qurumlara göndərilməsi müqabilində ayrı-ayrı şəxslərdən sözügedən müəssisədə Ailə-Sağlamlıq şöbəsinin müdiri vəzifəsində işləyən Bəşirova Məhbubə Mübariz qızı vasitəsilə xəstəxananın inzibati binasındakı xidməti otağında ümumilikdə 10 min manat, xəstəxananın baş mühasibi Abbasov Nizami Əşrəf oğlu vasitəsilə ümumilikdə 5 min 300 manat, habelə qeydiyyatçı vəzifəsində işləyən Ağayeva Fatma Cahid qızı vasitəsilə ümumilikdə xeyli məbləğdə pul vəsaitini rüşvət qismində alaraq həmin pulu qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar, Baş İdarənin əməkdaşları tərəfindən Fövzi Tahirovun xidməti otağına və avtomobilinə baxış keçirilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən sosial kartlar, pul vəsaitləri və müxtəlif əlyazma qeydlər aparılmış bloknotlar aşkar edilərək sübut qismində götürülüb.

Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqavilələrinin bağlanılması və ya müddətinin uzadılması müqabilində ayrı-ayrı şəxslərdən rüşvət alması, xəstəxanaya ayrılmış dərman vasitələrini mənimsəməsi hallarına dair əsaslı şübhələrin araşdırılması, habelə cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Tanınmış hərbi jurnalist koronadan vəfat etdiTanınmış hərbi jurnalist Rəşad Süleymanov koronavirusdan vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə onun dostu, jurnalist Tofiq Şahmuradov məlumat yayıb.

O, Rəşad Süleymanovun bu gün vəfat etdiyini bildirib.

Qeyd edək ki, Rəşad Süleymanov 1982-ci il aprelin 14-də Füzulidə anadan olub. O, “Azeri Defence” jurnalının təsisçisi idi.
Saakaşvilinin lideri olduğu partiyanın sədri istefa veribGürcüstanın əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze vəzifəsini tərk etmək barədə qərar qəbul edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu partiya sədri “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu addım onun üçün olduqca çətin olsa da, başqa yol görmür.

Q.Vaşadze partiya rəhbərliyinin üzvlərlə məsləhətləşmədən seçdiyi taktika ilə razılaşmadğını qeyd edib: “Partiya strategiyasının olmaması mənim üçün qəbuledilməzdir. Partiya daxilində və ətrafında bəzi fiqurlar çoxdandır keçmişə qayıdıb və onlarla biz heç vaxt seçicilərin etimadını qazana bilmərik”.

Müxalifətçi tərəfdarlarından üzr istəyib və onlara çoxdan gözlənilən qələbə arzu edib.

Qeyd edək ki, 2001-ci ildə əsası qoyulan VMHP-nin lideri Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilidir. Q.Vaşadze 2017-ci ilin yanvarından partiyaya sədrlik edib. O, 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub.

"Sülhməramlıların açıq-aşkar ermənipərəst mövqeyini qınayırıq"Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Bəyanat qəbul edib.

Avrasiya.net xəbər verir ki, Bəyanatda deyilir:

"Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında 10 noyabrda imzalanan bəyanatda Azərbaycana aid olan bütün müddəalar həyata keçirilir. Amma bunu nə Ermənistana, nədə ki, Rusiyaya aid etmək olar.

Belə ki, Ermənistan dekabrın 1-nə qədər öz Silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalı idi. Ağdam, Laçın və Kəlbəcərdən hərbi qoşunlarını çıxaran Ermənistan, Qarabağın diqər rayonlarından, Xankəndi, Xocalı, Əskəran, Xocavəndən hələ ki, çıxarmayıb. Rusiya tərəfi isə imzalanan bəyanata əsasən, Xankəndi, Xocalı, Əskəran, Xocavəndə sülhməramlı kimi fəaliyyətə başlamalı idi. Rusiya sülhməramlıları ilk günlərdə missiya çərçivəsində öz fəaliyyətini başlamasına baxmayaraq, nəzərdə tutulan hüdudlardan kənar fəaliyyət göstərirlər. Bu onu göstərir ki, Rusiya sülhməramlıları və Ermənistan tərəfi məlum Bəyanatın müvafiq müddəalarına əməl etmək istəmirlər.

ALDP Rusiya prezidenti Vladimir Putinin “Qarabağ Azərbaycan ərazisidir” fikrini Sülhməramlı qüvvələrin nəzərinə çatdırır. Belə çıxır ki, Ruiyada ermənipərəst qüvvələr Putinin bu mövqeyinə məhəl qoymur və sülhməramlı qüvvələrin Azərbaycan Ordusu ilə üz-üzə qoymaq məqsədlərinə çatmaq niyyətindədir.

ALDP bu təxribatçı qüvvələrə bəyan edir ki, əmin olsunlar ki, Ermənistan və onun himayədarlarının törədəcəyi istənilən təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən alınacaq və Ermənistan daha da böyük itkilərə məruz qalacaqdır.

ALDP olaraq Rusiya sülhməramlılarının səlahiyyət çərçivələrini aşmalarının, özlərindən xəritə tərtib etmələrinin, Azərbaycan ərazilərində qalmış erməni silahlıları ilə əlbir olmalarının əleyhinəyik və sülhməramlılarının bu cür açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirməsini qınayırıq.

ALDP hesab edir ki, Azərbaycan tərəfi, əgər Rusiya sülhməramlı qüvvələri öz neytrallığını saxlamasa, üç ölkənin qəbul etdiyi Bəyanata əsasən onların 5 il müddətində qalmasını yox, dərhal Azərbaycan ərazilərdən çıxarılması məsələsini qaldıra bilər.

ALDP Azərbaycan hakimiyyətindən, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün, işğaldan azad olunan ərazilərdə qalan erməni terrorçularına qarşı hərbi əməliyyatlar həyata keçirməsini tələb edir.

ALDP Azərbaycan Ordusunun yanında olduğunu və dəstəklədiyini bir daha bəyan edir".
Vətən müharibəsində itən 2 generalın sirri...Son aylar yerli media və sosial şəbəkələrdə Nəcməddin Sadıkovun vəzifədən kənarlaşdırılması və həbsi barədə məlumatlar dolaşır. Vətən müharibəsi başlayandan digər general Rövşən Əkbərovun da adı döyüşlərdə iştirakçı kimi hallanmayıb.

Avrasiya.net musavat.com-a istinadən xəbər verir ki, on illərlə Azərbaycan Ordusunun rəhbərliyində olan 2 yüksək rütbəli zabitin harada olması bu gün naməlumdur.

Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov ordudan uzaqlaşdırıldığını gizlətmir, amma harada olduğunu da açıqlamır. “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”- o, yerli mətbuata açıqlamasında bildirib. Belə ehtimallar var ki, Rövşən Əkbərov müharibədən bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. Onun hazırda Ukraynada olması haqda iddialar var.

1993-cü ildən Müdafiə Nazirliyinin baş qərargah rəisi olan Nəcməddin Sadıkov da Vətən müharibəsinin ilk ongünlüyünə qədər vəzfəsini icra edirdi. Oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıkov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Elə həmin gündən Nəcməddin Sadıkovun barəsində də məlumat yoxdur.

İki gün əvvəl Nəcməddin Sadıkovun bacısı oğlu, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub. Maraqlıdır ki, Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun bacısı oğlunun tutuduğu vəzifədən azad edilməsi haqda məlumatı təsdiq edir, amma onun özü taleyi ilə bağlı açıqlama verməyə tələsmir. Vəzifəsindən çıxarılan Ramil Əsgərovun da istintaqa cəlb ediləcəyi dolaşan xəbərlər sırasındadır.

Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu “Milli Qəhrəman” adına layiq görməsi, Dərbəddə adına küçənin olması baş qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub.

Onun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, 1-ci Qarabağ müharibəsi dövründə azəbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlanır?

Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun 1-ci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi. Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlarından çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub.

Bu və bu cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb. Nəcməddin Sadıkov isə 2 aydan artıqdır ki, ortalıqda yoxdur. Hələlik Müdafiə Nazirliyindən 2 generalla bağlı iddialara dair heç bir rəsmi açıqlama verilmir.