Həkim: Bəhram Bağırzadəyə təcili ağciyər köçürülməlidirƏməkdar artist Bəhram Bağırzadəyə təcili olaraq ağ ciyər köçürülməlidir.

Avrasiya.net xəbər verir ki, bu fikri Musavat.com-a açıqlamasında Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.

Öncə məlumat verək ki, Ədalət Rüstəm koronavirusa yoluxan xəstələrin müalicəsində iştirak edib.

O, bildirib ki, hazırda Bəhram Bağırzadənin ağ ciyərləri faktiki olaraq işləmir:

“Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır. Bu gün onu ilk olaraq süni nəfəs aparatına qoşublar. Lakin ağ ciyərin vəziyyəti pis olduğu üçün onun bu aparata qoşulması nəticə verməyib. Buna görə də təcili olaraq Bəhram Bağırzadə ürək-damar cərrahı, professor Rəşad Mahmudovun rəhbərliyi altında ECMO aparatına qoşulub. ECMO aparatından Azərbaycanda cəmi 6 ədəd var. Bu aparatların qiyməti 6 milyon dollardır. İndiyə qədər Azərbaycanda ECMO aparatına qoşulacaq qədər ağır xəstə olmayıb. Bəhram Bağırzadənin görünür ağ ciyərində əvvəldən hansısa problem olub. Eyni zamanda çəkisinin də normadan artıq olması vəziyyəti qəlizləşdirir. Hazırkı situasiya tələb edir ki, zaman itirmədən onun ağ ciyəri çıxarılsın. Çünki ağ ciyərdən onun orqanizminə infeksiya yayılır. Artıq ağ ciyər tamamilə qeyri-işlək vəziyyətdədir. İnsanlar ECMO aparatı vasitəsilə 2 aydan bir qədər artıq yaşaya bilir. Bununla bağlı dünyada təcrübə var. ECMO cihazı altında ağ ciyərsiz yaşama müddəti maksimum 62 gündür. Ona görə də hazırda ağ ciyər çıxarılmalı, ECMO ilə orqanizmə oksigen verilməlidir. Bu müddət ərzində canlı donor tapılmalıdır. Çünki Azərbaycandakı müvafiq qanunlara görə meyitin orqanlarından istifadə edilmir. Bəhram Bağırzadə üçün 3-4 donordan olmaqla hərəsindən 1-2 pay götürülməlidir. Bu ağ ciyər parçalarını köçürməklə, Bəhram Bağırzadənin həyatını qurtarmaq ehtimalı meydana gələ bilər. Bu nümunə var və müsbət nəticələr əldə edilib.

Ağ ciyərin 90 faizi zədələnibsə, onun bərpa olunması mümkün deyil. Bunu mən yox, tibb elmi deyir. Bu, artıq pnevmoniya yox, kimyəvi pnevmonitdir. Burada öz-özünə bərpa baş verə bilməz. Hazırda Bəhram Bağırzadənin ağ ciyəri anlaşılan dildə desək bir növ virus generatorudur. Buradan bütün vacib orqanlara-ürəyə, baş beyinə, mədəaltı vəziyə, böyrəklərə, qara ciyərə virus göndərilir. Əgər ağ ciyər çıxarılmasa, həmin orqanlar da zədələnəcək.

İstanbulda çalışan və koronavirusdan dünyasını dəyişən azərbaycanlı həkim Tahir Bababəylinin orqanizmində də eyni vəziyyət yaşandı. Ona da ağ ciyər köçürmə gecikdirildi və həkim dünyasını dəyişdi. Qərar veriləndən 2 gün sonra o, dünyasını dəyişmişdi. Çünki çox gözləmişdilər və artıq orqanizmin tap gətirməsi mümkün deyildi".

Ədalət Rüstəm bildirib ki, Azərbaycanda ağ ciyər transplantasiyası həyata keçirilmir:

“Lakin Türkiyədə bu işi həyata keçirən peşəkar komanda var. Onları işə cəlb edib, təcili hərəkətə keçmək lazımdır. Bəhram Bağırzadənin öz ağ ciyərinin fəaliyyətinin bərpa edilmə şansı sıfıra bərabərdir. Ona görə də əlavə zaman itirmək olmaz. Türkiyədə ağ ciyər transplantasiyası əməliyyatlarında iştirak edən ilk azərbaycanlı mütəxəssis kimi deyirəm ki, gözləmək Bəhram Bağırzadə üçün fəlakət gətirə bilər. Doğrudur, ECMO cihazı altında yatan xəstələrin 40 faizi sağalır. Çünki onlar aparata qoşulan zaman ağ ciyərləri 40-50 faiz işlək olur. Bəhram Bağırzadənin vəziyyətində olan xəstələrin isə ECMO ilə sağalması mümkün deyil”.

Həkim həmçinin qeyd edib ki, Azərbaycanda xəstələrin vəziyyəti ötən aylarla müqayisədə daha da pisləşib: “Artıq yoluxanların sayı o qədər artıb ki, reanimasiyalar doludur. Həkimlər çox pis vəziyyətdədirlər. Onların bəziləri çarəsizlikdən ağlayırlar. İnsanlar isə ağırlaşandan sonra həkimə müraciət edirlər. Bu günlərdə hər kəs özünü gözləməlidir. Hesab edirəm ki, növbəti həftələrdə günlük yoluxma 700-dən çox olacaq”.

Qeyd edək ki, Bəhram Bağırzadəni qoşduqları ECMO aparatları ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.
İranda bir gündə 107 nəfər koronadan öldüSon sutkada İranda 2 min 472 nəfər koronavirusa yoluxub, 107 nəfər isə həyatını itirib.

Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.

“Bu günə kimi İranda 187 min 427 nəfər virusa yoluxub, 8 min 837 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 148 min 674 nəfər sağalaraq evə buraxılıb”, - məlumatda qeyd edilib.
Rusiyada azərbaycanlı tələbə qətlə yetirildi – FOTORusiyanın Volqoqrad şəhərində 12 iyun “Rusiya Günü” münasibətilə keçirilən tədbir zaman azərbaycanlı tələbə qətlə yetirilib. Modern.az “Bloknot Volqoqrada” saytına istinadən xəbər verir ki, öldürülən gəncin 17 yaşlı Timur Qavrilov olduğunu açıqlayıb .

Gecə tədbirdən sonları dostlsrı ilə universitet yataqxanasına qayıdan gəncə naməlum şəxs 20-yə qədər bıçaq zərbəsi endirib.

“Timur tamamilə ev uşağı idi, heç kəslə konflikti yox idi. Volqoqradda oxumaq üçün o, Bakıda ciddi müsabiqədən keçmişdi”-deyə mərhumun yaxını Aleksey Neboqatov deyib. Onun fikrincə, Timurun qafqazlı görünüşü hücum üçün səbəb ola bilərdi.

Timir Qavrilovu anasının təkbaşına böyütdüyü və koronavirus pandemiyasına görə, övladının cəsədini Volqoqraddan götürə bilmədiyi xəbər verilir.

Qətllə bağlı slavyan görünüşlü 175-180 sm hündürlüyündə şübhəli şəxs axtarılır.
Azərbaycanda daha 387 nəfərdə koronavirus tapıldı - 4 nəfər vəfat etdiAzərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Qeyd edək ki, son sutkada koronavirusla bağlı 5 600 test test aparılıb, ümumilikdə yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 368 254 olub
Ermənistan qarışdı: Kütləvi saxlanılanlar var - VİDEOErmənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin - müxalif Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) sədri Qaqik Tsarukyanın tərəfdarları Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyası keçirir.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, buna səbəb Qaqik Tsarukyanın dindirilməsi üçün MTX-nin binasına gətirilməsidir.

Belə ki, onlar zorla polis avtomobillərinə mindirilərək naməlum istiqamətə aparılıblar. Daha sonra etirazçıların müxtəlif polis idarələrində saxlanıldığı və 3 saatdan sonra azad ediləcəyi bəyan edilib.

Milli Təhlükəsizlik Xidməti bildirib ki, Qaqik Tsarukyana məxsus şirkətlərin qumar oyunları ilə bağlı qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsinə təxminən 60 milyon ABŞ dollar məbləğində vergi verilməyib.

Buna cavab olaraq Çiçəklənən Ermənistan Partiyasının mətbuat katibi Sveta Tonoyan vurğulayıb ki, Qaqik Tsarukyan şirkətlərini etibar etdiyi şəxslərin idarəçiliyinə verib və özü bizneslə məşğul olmur.

Qeyd edək ki, Qaqik Tsarukyan baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra ona qarşı təzyiqlər artıb. Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib.


Bəhram Bağırzadənin vəziyyəti ağırlaşdı - Süni nəfəs aparatına qoşuldu
Mərkəzi Gömrük Xəstəxanası əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı aşıqlama verib.

Avrasiya.net xəbər verir ki, xəstəxanadan REAL-TV-yə bildirilibki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir.

Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. Qeyd edək ki, EKMO- ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Bu gün gecə saat 02:00 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.

Paşinyan Qarabağı Bakıya qaytarır: İrəvanda panikaYaxın günlərdə Avropa Parlamentinin Qarabağla bağlı növbəti sərt qətnaməsi olacaq. Orada deyilir ki, Dağlıq Qarabağ – işğal edilmiş ərazidir.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, bunu erməni KİV-ə açıqlamasında, politoloq, Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Ermənistan prezidentinin Qarabağ danışıqlarında xüsusi nümayəndəsi olmuş David Şahnazaryan Avropa Parlamentinin Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı qəbul etdiyi sərt bəyanata münasibət bildirərkən deyib.

“Son vaxtlaradək belə bəyanatlar əsla verilmirdi, çünki Dağlıq Qarabağ və işğal olunmuş ərazilər bir-birindən fərqləndirilirdi. İndi onlar eyniləşdirilir. Bundan əlavə, bəyanatda münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həlli üçün Ermənistan və Azərbaycan hakimiyyətlərinə müraciət edilir”, - deyə David Şahnazaryan qeyd edib.

Sözünə davam edən Şahnazarayan deyib: “Bu açıqlamada həm həmsədrlərin, həm də Azərbaycan və Ermənistanın hazırkı hakimiyyəti tərəfindən qəbul olunan məqamlar vurğulanır, çünki hazırkı hakimiyyət danışıqları nəinki mərhələli formatda aparır, üstəlik, o, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına razılıq verib. Bunu bir neçə dəfə dolayısıyla baş nazir Paşinyan bəyan edib - hədəflərinin “Dağlıq Qarabağ xalqı”nın (dırnaqlar bizimdir – Musavat.com) öz müqəddəratını təyinetmə hüququnu tanımaq olduğunu söyləməklə. Halbuki bu hüquq 1992-ci ildən tanınıb. Bu sənəddə də inkar edilmir, ancaq deyilir ki, sizin (Qarabağ ermənilərinin – Musavat.com.) öz müqəddəratını təyinetmə dərəcəniz Azərbaycanın ərazi bütövlüyü və sərhədləri ilə məhdudlaşır. Yəni Ermənistan hakimiyyətinin niyə və nəyə razılaşdırıldığı burada təsbit edilib”.

Erməni politoloq hesab edir ki, Avroparlamentdə “üçlüyün” Qarabağa yol çəkilməsinə etiraz bildirən birgə bəyanatı əslində bir neçə gün sonra qurumda təsdiqlənəcək qanun layihəsi ilə müqayisədə az əhəmiyyətli sənəddir: “Üçlüyün” bəyanatı bütövün yalnız kiçicik tərkib hissəsidir. Çünki layihənin maddələrindən birinə əsasən, Azərbaycanın hərbi əməliyyatlara da əl atmaqla, öz ərazi bütövlüyünü bərpa etmək hüququ var. Digər bir bənddə isə birbaşa yazılır ki, Rusiyanın birbaşa tərəf olduğu “Şərq Tərəfdaşlığı” ölkələrində münaqişələrlə bağlı sülh yolu ilə nizamlanma və güc tətbiq edilməmə prinsipləri tətbiq olunur. Yəni bu, Qarabağ münaqişəsinə aid deyil (Rusiya Qarabağ məsələsində rəsmən tərəf deyil – Musavat.com ). Mövcud vəziyyət bundan ibarətdir. Hakimiyyətin ələ keçirən Paşinyanın başçılıq elədiyi qüvvənin ilk gündən həyata keçirdiyi siyasətin nəticəsi budur. Mən artıq bildirmişəm ki, biz “qırmızı xətt”ə çatmışıq. Başqa daha nə baş verməlidir ki, bizim əksər siyasi qüvvələrimiz, ümumən cəmiyyətimiz anlasın ki, Bakıdan idarə olunan bu iqtidar hakimiyyətə məqsədli şəkildə gətirilib və davamlı olaraq ona verilən proqram üzrə hərəkət edir”.

Onun sözlərinə görə, bu gün Ermənistanın xarici siyasəti anlayışı mövcud deyil və Paşinyan və onun hökuməti Ermənistanı beynəlxalq münasibətlər subyektindən beynəlxalq münasibətlər obyektinə çevirib.

“Yəni biz dövlət olaraq yoxuq, mövcud deyilik. Bundan əlavə, onlar Ermənistanı fövqəldövlətlərin, qlobal güc mərkəzlərinin toqquşma nöqtəsinə çeviriblər. Bir neçə güc mərkəzi var: Rusiya, ABŞ, Avropa, İran, Çin. Bəs bunlar nə etdilər? Paşinyan Ermənistan dövlətini sadəcə bir əraziyə çevirdi”, - deyə Şahnazaryan sonda vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Avropa Birliyinin əsas strukturu olan Avropa Parlamentində (AP) Dağlıq Qarabağla bağlı mühüm bir sənəd qəbul olundu. Qurumun Azərbaycan üzrə məruzəçisi, Ermənistan üzrə məruzəçisi, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yaydılar. Bəyanatda Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur.

Avropa Parlamentində bu qəbildən qəbul olunan ilk birgə sənəd gözlənildiyi kimi, işğalçı ölkədə az qala şok effekti yaradıb. Bir çox erməni siyasətçiləri, deputatlar və ekspertlər bunu Qarabağ uğrunda diplomatik savaşda İrəvanın Bakıya növbəti diplomatik məğlubiyyəti kimi qiymətləndiriblər.

“Üçlüyü”n qərarından az öncə - ötən ayın sonunda Avropa Parlamentinin Xarici İşlər komitəsində “Şərq Tərəfdaşlığı” ölkələri - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanın ərazi bütövlüyünə birmənalı dəstəyin əks olunduğu qanun layihəsini qəbul edilib. Sənəd Dağlıq Qarabağ separatçılarına öz müqəddəratı təyinetmə “haqqı”nı birdəfəlik gündəmdən çıxarmaqla yanaşı, rəsmi Bakıya öz ərazi bütövlüyünü bərpa eləmək üçün, faktiki, savaş haqqı tanıyır. İyunun 17-18-də, yəni cəmi 3 gün sonra AP-ın iclasında həmin qanun layihəsinin təsdiqlənməsi gözlənilir. İrəvanın siyasi və ekspert dairələrində təlaş həm də bununla bağlıdır.

Jurnalist Böyükağa Mikayıllı qəzalı vəziyyədə olan tarixi binaya diqqət yönəltdiJurnalist Böyükağa Mikayıllı öz facebook səhifəsində Neftçala rayonu Xıllı qəsəbəsindəki qəzalı vəziyyətdə olan kitabxana binasından bəhs edib. Məsələ ilə əlaqədar jurnalistlə danışdıq. Böyükağa Mikayıllı Mövqe.az-a bildirdi ki, bu kitabxana hələ sovetlər birliyi dövründən zəngin kitab fondu ilə seçilib və neftçalalıların hər birinin istifadə etdiyi mədəniyyət məbədi kimi tanınıb.

Jurnalist məsələnin digər maraqlı tərəfinə bizimlə söhbətdə münasibət bildirdi: Bu bina əslən Şamaxıdan olan, Şamaxı zəlzələsi zamanı Neftçalaya köçmüş, burada balıqçılıqla məşğul olmuş Əziz kişinin oğlu, sonradan varlanmış, çoxsaylı xeyirxah əməlləri ilə xalqın ehtiramını qazanmış milyonçu Mehman Mehmanovun evi olub. Təxminən 20 il əvvəl mən Mehman Mehmanovun beş övladından həyatda olan yeganə qızı Bilqeyis xanımla müsahibə apardım. O zaman o, Bakıda yaşayırdı. Bilqeyis xanım həm ailəsinin, həm də bu binanın tarixi haqqında mənə ətraflı məlumat vermişdi.
Jurnalist Böyükağa Mikayıllı qəzalı vəziyyədə olan tarixi binaya diqqət yönəltdi
Mən o zaman da mətbuatda bu mövzu barəsində geniş məqalə ilə çıxış etmişdim. Bilqeyis xanımın sözlərindən, mənim öz araşdırmalarımdan da bəlli olmuşdu ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milyonçu binanı hökümətə təhvil verib, özü isə həbs olunaraq sürgünə göndərilib. Sovet dövründə bu kitabxana Azərbaycanın ən zəngin kitabxanalarından biri kimi tanınıb. Amma müstəqillik illərində kitabxana baxımsız hala düşüb və tədriclə unudulmağa başlayıb.

Bu gün həm tarixi, həm də mədəniyyət baxımından gərəkli olan bu binanın əsaslı təmirə və xalqın istifadəsinə qaytarılmasına ciddi ehtiyac var. Böyükağa Mikayıllı ümidvar olduğunu bildirir ki, dövlət orqanları kitabxananı düşdüyü bu acınacaqlı vəziyyətdən xilas etmək üçün əllərindən gələni edəcəklər. Neftçalada maarifçiliyin inkişafında önəmli rol oynayan bu kitabxana öz şərəfli yolunu davam etdirəcək.
Ermənistanda son sutkada 663 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldüErmənistanda son sutka ərzində daha 663 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

“RİA Novosti”nin verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 16 min 667 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 269 nəfər olub.
Virusa yoluxan QHT rəhbəri evə buraxılıb Bir neçə gün öncə Gəncədə koronavirusa yoluxduğu üçün xəstəxanaya yerəşdirilən QHT rəhbəri evə buraxılıb.

Bu barədə xəstəxanaya yerləşdirilən “Təmas” regional inkişaf ictimai birliyinin sədri Südabə Məmmədova özü məlumat verib.

O bildirib: "Mənə görə narahat olan sevimli , əziz dostlarim mən yaxşıyam və xəstəxanada edilən testin neqativ cavabına əsasən mən artıq evdəyəm. Hər kəsə dərin təşəkkürümü bildirirəm. Sizin sevginiz məni çox ruhlandırdı əzizlərim. Bəlkə də o sevginin nəticəsidir ki, mən indi evdəyəm. Və söz verdiyim kimi xəstəliyin olub olmaması, müalicə prosedurları və yayılma səbəbləri haqqında geniş yazı hazırlamışam və tezliklə ictimaiyyətə təqdim edəcəyəm".