Naxçıvana zərbə və Bakının sərt xəbərdarlığı - Terror cavabsız qalmayacaq

5 martda İran ərazisindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatlarının Naxçıvan Beynəlxalq Hava Limanını və Babək rayonunun Şəkərabad kəndi yaxınlığında yerləşən mülki əraziləri hədəfə alması Azərbaycanda haqlı olaraq terror aktı kimi qiymətləndirildi.
Bu mövqe dövlət səviyyəsində də açıq şəkildə ifadə olundu, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında baş verən hadisəyə sərt siyasi və hüquqi qiymət verildi.

Prezident çıxışında hadisəni diplomatik ifadələrlə yumşaltmağa çalışmadı. Əksinə, baş verənlər birbaşa adı ilə çağırıldı – Azərbaycan dövlətinə qarşı terror aktı. Naxçıvan Beynəlxalq Hava Limanı kimi mülki obyektlərin hədəfə alınması təsadüfi hadisə kimi izah edilə bilməz. Müasir pilotsuz uçuş aparatları təsadüfən istiqamət seçmir. Onların marşrutu əvvəlcədən müəyyən edilir, hədəflər dəqiq koordinatlarla seçilir. Bu baxımdan mülki obyektlərin vurulması açıq şəkildə planlı və siyasi mesaj daşıyan təxribatdır.

Bu hücumun ən təhlükəli tərəfi onun mahiyyətidir. Beynəlxalq hüquqa görə hava limanı və təhsil müəssisələri kimi obyektlər mülki infrastruktur hesab olunur. Belə obyektlərin hədəfə alınması isə hərbi əməliyyat deyil – terror metodudur.

Prezident çıxışında təsadüfi olmayan başqa bir məqam da xatırladıldı. Bu, İran tərəfindən Azərbaycana qarşı ilk təxribat deyil. Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum hələ də yaddaşlardadır. Həmin hadisə zamanı Azərbaycan vətəndaşı həlak olmuş, bir nəfər ağır yaralanmışdı.

O zaman rəsmi Bakı açıq şəkildə bildirmişdi ki, bu hücum İranın təhlükəsizlik strukturlarının nəzarəti altında baş verib. Azərbaycan tərəfi həmin hadisəyə çox sərt reaksiya verdi – səfirlik təxliyə edildi, diplomatik münasibətlər dayandırıldı və İran tərəfi üzr istəməyə məcbur oldu.

Bu faktın Prezident çıxışında yenidən xatırladılması təsadüfi deyil. Bu, rəsmi Bakının Naxçıvan hadisəsini təkcə ayrı bir epizod kimi deyil, əvvəlki təxribatların davamı kimi gördüyünü göstərir.

Prezident İlham Əliyevin çıxışında işlədilən “nankorluq”, “namərd hücum” kimi ifadələr də məhz bu kontekstdə səsləndi. Azərbaycan illərdir İranla münasibətlərdə maksimum təmkin nümayiş etdirib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç vaxt İrana qarşı istifadə olunmayacaq və bu mövqe real siyasətdə də sübut olunub.

Hətta son hadisələr fonunda belə Azərbaycan tərəfi humanist mövqe nümayiş etdirmişdi. İranın ali rəhbərinin öldürülməsi ilə bağlı Azərbaycan Prezidenti dərhal başsağlığı vermiş, İranın Azərbaycandakı səfirliyini ziyarət etmiş və matəm kitabına ürək sözlərini yazmışdı. Dövlət başçısı çıxışında xüsusi olaraq qeyd etdi ki, bunu edən demək olar ki, yeganə dövlət rəhbəri məhz o olmuşdur.

Belə bir kontekstdə Naxçıvana pilotsuz aparatlarla zərbə endirilməsi Bakıda yalnız siyasi narazılıq deyil, həm də ciddi təhlükəsizlik reaksiyası doğurdu. Təhlükəsizlik Şurasının iclasında qəbul edilən qərarlar da bunu göstərir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz notası hazırlanır və digər diplomatik addımlar nəzərdən keçirilir. Eyni zamanda Silahlı Qüvvələrə də konkret tapşırıqlar verilib. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər xüsusi təyinatlı bölmələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Prezident çıxışında səslənən ən sərt mesaj isə birmənalı idi. Azərbaycanın suverenliyinə qarşı yönəlmiş heç bir addım cəzasız qalmayacaq. Dövlət başçısı açıq şəkildə xatırlatdı ki, Azərbaycanın gücünü sınamaq istəyənlər artıq bunun nəticəsini tarixdə görüblər.

Prezidentin məşhur ifadəsi ilə desək, “Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə bizim ‘Dəmir yumruğ’umuzu görəcək.”
Bu mesaj İrana və regionda marağı olan bütün siyasi aktorlara ünvanlanan açıq xəbərdarlıqdır.
Rəsmi Bakı hər dəfə sübut edib ki, Azərbaycanın suverenliyinə qarşı atılan heç bir addım cavabsız qalmayıb. Bundan sonra da qalmayacaq.

Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmalar Fondunun prezidenti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər