"Dəmir yumruğ"un gücü qarşısında heç bir namərd təxribat uğur qazana bilməz"
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının təcili iclası keçirilib. İclasda İran tərəfindən Azərbaycan dövlətinə qarşı törədilmiş xain terror aktı əsas müzakirə mövzusu olub. Naxçıvan Muxtar Respublikasının ərazisini pilotsuz uçuş aparatları ilə hədəf alan İran dövləti, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq birbaşa mülki infrastrukturu atəşə tutub. Naxçıvan Beynəlxalq Hava Limanının terminal binası, məktəblər və digər dinc obyektlər bu namərd hücumun hədəfi seçilib. Azərbaycan dövləti dinc sakinlərə qarşı yönəlmiş bu çirkin terror aktını ən sərt şəkildə pisləyir. Rəsmi Bakı bu təxribata görə təcili izahat tələb edir, rəsmi üzr istənilməsini və cinayəti törədənlərin dərhal məsuliyyətə cəlb olunmasını prinsipial vəzifə kimi qoyur. Bu xain əməlin icraçıları və sifarişçiləri bilməlidir ki, Azərbaycanın suverenliyinə qarşı atılan heç bir addım cavabsız qalmayacaqdır.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Naxçıvana edilən son dron hücumu İranın Azərbaycana qarşı yürütdüyü dövlət terroru siyasətinin ilk nümunəsi deyil. Bu hadisə rəsmi Tehranın illərdir apardığı düşmənçilik xəttinin növbəti mərhələsidir. Dövlət başçısı Təhlükəsizlik Şurasındakı çıxışı zamanı xüsusi olaraq vurğulayıb ki, mülki əhalini və dövlət maraqlarını hədəf alan bu cür terror hücumları əsla cavabsız qalmayacaq. Azərbaycanın ərazi bütövlüyünə və vətəndaşlarının təhlükəsizliyinə qəsd edənlər törətdikləri çirkin əməllərin bədəlini ən ağır formada ödəyəcəklər.
Prezident bildirib ki, birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Xalqımızın yaddaşında hələ də təzə olan Tehrandakı səfirliyimizə qarşı qanlı hücum bu terror zəncirinin ən bariz sübutudur. O zaman İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılan terrorçu, diplomatik nümayəndəliyimizə hücum edərək bir vətəndaşımızı qətlə yetirmiş, digərini isə ağır yaralamışdı. 40 dəqiqə davam edən cinayət aktı zamanı İran polisinin müdaxilə etməməsi, terrorun birbaşa İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edildiyini açıq şəkildə göstərirdi: ”Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.”
Deputat diqqətə çatdırıb ki, Azərbaycan dövləti hər zaman qonşuluq münasibətlərində şəffaflıq və qarşılıqlı hörmət prinsiplərini rəhbər tutub. Rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə, o cümlədən İrana qarşı istifadə olunmasına heç vaxt imkan verilməyib və verilməyəcəkdir. Lakin görünən odur ki, rəsmi Tehranın nankorluq siyasəti bütün diplomatik etikadan kənardır.Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu məsələyə toxunaraq, Azərbaycanın humanist addımlarına qarşı İranın göstərdiyi qeyri-adekvat reaksiyanı kəskin şəkildə ifşa etmişdir. Dövlət başçısı xüsusilə son hadisələr fonunda Azərbaycanın göstərdiyi mənəvi dəstəyi xatırladaraq deyib:
“Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək.”
K.Bayramov əlavə edib ki, Azərbaycanın səmimi qonşuluq niyyəti sadəcə sözdə deyil, ən çətin məqamlarda göstərilən real əməllərdə özünü təsdiq edir. Hətta Tehranın Azərbaycana qarşı düşmənçilik ritorikasını artırdığı bir vaxtda belə, rəsmi Bakı öz humanist prinsiplərindən geri çəkilməmişdir.
Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İlham Əliyev bu nankorluğun miqyasını göstərən sarsıdıcı bir faktı ictimaiyyətin diqqətinə çatdırıb: “Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək.”
Göründüyü kimi, bu misilsiz humanizmə xəyanətlə cavab verilməsi artıq bütün diplomatik sərhədlərin aşıldığını göstərir. Azərbaycan tərəfi bu namərdliyə qarşı həm diplomatik, həm də hərbi müstəvidə ən sərt addımları atmağa hazırdır. Prezidentin çıxışından aydın olur ki, ölkənin bütün güc strukturları tam döyüş hazırlığı vəziyyətinə gətirilib: “Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək.”
Bu sarsılmaz iradə bir daha sübut edir ki, Azərbaycan dövləti öz humanist prinsiplərinə sadiq qalsa da, milli maraqlarına uzanan hər bir xain əli kəsməyə qadirdir. Xalqımız əmin olmalıdır ki, dövlətimizin qüdrəti və "Dəmir yumruğ"un gücü qarşısında heç bir namərd təxribat uğur qazana bilməz. Hər bir xəyanətin cavabı qəti, sarsıdıcı və qaçılmaz olacaqdır.
