Bakıda İranın milli bayramı qeyd olunub
Bu gün Bakıda İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.
Avrasiya.net yazır ki, dövlət və hökumət rəsmilərinin, millət vəkilləri, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirildi.
Çıxış edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu 47 il əvvəl – 1979-cu il fevralın 11-də baş vermiş İslam İnqilabının ələbəsindən, iki ay sonra keçirilmiş ümumxalq referendumu nəticəsində İslam dininin ali dəyərlərinə əsaslanan İslam Respublikasının bərqərar olmasından və bununla da İran dövlətinin minilliklərə söykənən zəngin tarixində yeni bir inkişaf mərhələsinə qədəm qoymasından söz açıb.![]()
Səfir qeyd edib ki, İran İslam Respublikası qurulduğu ilk gündən öz siyasi xəttini müstəqillik, azadlıq, ədalət və hegemonluğun rədd edilməsi prinsipləri üzərində bərqərar edib. Bu yol boyunca ölkə müxtəlif çətinliklər və sınaqlarla, o cümlədən siyasi təzyiqlər, hərbi təhdidlər, eləcə də qida və dərman vasitələrini belə əhatə edən hərtərəfli iqtisadi sanksiyalarla üzləşib.
“2025-ci ilin iyun ayında baş vermiş on iki günlük müharibə zamanı sionist rejimin və ABŞ-ın hərbi təcavüzü, habelə son həftələrdə bu prosesin yeni formalarda davam etdirilməsi qeyd olunan maneələrin bariz nümunəsidir. Qanuni və dinc etirazların məqsədli şəkildə iğtişaşlara və terror aktlarına yönəldilməsi, silahsız polis əməkdaşlarına və mülki şəxslərə qarşı hücumların təşkili, eləcə də son günlərdə müşahidə edilən hərbi müdaxilə üçün bəhanə yaradılması üzərində qurulan “hibrid müharibə” təkcə İranı deyil, bütövlükdə regionun sülh və təhlükəsizliyini təhdid edir. Şübhəsiz ki, İran İslam Respublikası xalqın dəstəyinə arxalanaraq bu təhdidlərin qarşısını alacaq və mövcud şəraitdən də uğurla çıxacaqdır”, – diplomat deyib.
O qeyd edib ki, İran öz suverenliyinin və milli təhlükəsizliyinin müdafiəsində qətiyyətli olduğu kimi, İran xalqının maraqlarının təmin edilməsi, eləcə də regional sülh və təhlükəsizliyin qorunması naminə diplomatiyaya sadiqliyini nümayiş etdirir. Onun sözlərinə görə, diplomatiyanın əsasını milli suverenliyə hörmət və qarşılıqlı maraqlar təşkil edir; bu baxımdan təhdid, zorakılıq və birtərəfli, qeyri-qanuni imtiyaz tələblərinə əsaslanan danışıqların səmərəli nəticə verməsi mümkün deyil.
“İran İslam Respublikası balanslaşdırılmış xarici siyasət kursuna əsaslanaraq qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə, yeni yaranan güclərlə əməkdaşlığın genişləndirilməsinə və mühüm regional və beynəlxalq təşkilatlarda fəal iştiraka xüsusi önəm verir” deyən səfir Dəmirçilu bu kontekstdə dost, qardaş və qonşu Azərbaycanla münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Deyib ki, bu əlaqələr ortaq tarixi, mədəni, dini və dil yaxınlığına, eləcə də qohumluq bağlarına söykənir və qarşılıqlı maraqlar əsasında formalaşır.
“Bu günlər İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin tanınmasının və iki ölkə arasında rəsmi diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünə təsadüf edir. İran İslam Respublikası 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci ilin martında isə Bakıda İran səfirliyinin fəaliyyətə başlaması ilə ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm institusional əsas yaradılıb. Ötən 34 il ərzində İran Azərbaycanın müstəqilliyinin sarsılmazlığı, milli suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası yolunda prinsipial və dəyişməz mövqe nümayiş etdirib, hər zaman Azərbaycan dövləti və xalqı ilə həmrəy olub. Bu gün də hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi nəticəsində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Prezidentlər və digər yüksək vəzifəli şəxslər arasında davamlı dialoq, enerji və nəqliyyat sahələri də daxil olmaqla birgə iqtisadi layihələrin icrası, eləcə də İqtisadi, Elmi və Mədəni Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclaslarının mütəmadi keçirilməsi bu prosesdə mühüm rol oynayır” deyən səfir əlavə edib ki, əlaqələrin inkişafında müsbət dinamikanın davamlılığı və möhkəmləndirilməsi sayəsində ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri yeni müstəviyə yüksələcək, xalqlarımız isə bu sarsılmaz tərəfdaşlığın bəhrəsini daha dərindən hiss edəcəklər.![]()
Azərbaycan hökuməti adından təbrik nitqi söyləyən Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycanla İran arasında münasibətlər əsrlərə söykənən tarixi köklərə, coğrafi qonşuluğa, xalqlarımızı birləşdirən mədəni və mənəvi dəyərlərə əsaslanır. Bu amillər dövlətlərarası münasibətlərimizin formalaşmasında və inkişafında mühüm rol oynayıb və əlaqələr mehriban qonşuluq, suverenliyə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etməkdədir.
“Xüsusilə qeyd etməliyəm ki, Azərbaycan-İran əlaqələrinin inkişafı iki ölkə Prezidentlərinin siyasi iradəsindən irəli gəlir. Son dövrdə yüksək səviyyəli səfərlər, ölkələrimizin Prezidentləri arasında aparılan müntəzəm dialoq ikitərəfli əlaqələrin dinamik inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın gündəliyinin genişləndirilməsinə mühüm təkan verib. Bu kontekstdə ötən ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə baş tutmuş rəsmi səfərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Bu səfər ikitərəfli əlaqələrimizin inkişafında yeni səhifə açıb, səfər zamanı imzalanmış sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığımızı daha da möhkəmləndirib, qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki işbirliyinin dərinləşdirilməsinə əlverişli şərait yaradıb” deyən Baş nazirin müavini qeyd edib ki, beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində ölkələrimiz sıx əməkdaşlıq edir.
Hökumət rəsmisinin fikrincə, bu baxımdan İran Prezidentinin ötən ilin iyul ayında Xankəndi şəhərində ECO 17-ci Zirvə görüşündə iştirakı və tədbir çərçivəsində Azərbaycan Prezidenti ilə görüşü həm ikitərəfli əlaqələrin, həm də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.
“Yüksək səviyyəli müntəzəm dialoq hökumət üzvləri və digər qurumlar arasında təmasların dinamikasına da müsbət təsir göstərir, Prezidentlər tərəfindən verilən tapşırıqların və əldə edilən razılaşmaların daha çevik və praktiki icrasını, ikitərəfli gündəlikdə duran məsələlərin daim diqqətdə saxlanılmasına şərait yaradır. Bu gün Azərbaycanla İran arasında müxtəlif səviyyələrdə qarşılıqlı təmaslar və səfərlər mövcuddur. İkitərəfli əlaqələrimizin bir çox sahələrdə inkişaf dinamikası məmnunluq doğurur” deyən Şahin Mustafayev əlavə edib ki, Azərbaycan-İran iqtisadi münasibətləri və əməkdaşlığı demək olar ki, iqtisadiyyatın bütün sahələrində uğurla inkişaf etməkdədir.
Şahin Mustafayev iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafından bəhs edərkən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki, prezidentlərin tapşırıqlarının icrası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də nəqliyyat, enerji, ticarət, infrastruktur, kommunikasiya və bu kimi digər istiqamətlərdə layihələrin həyata keçirilməsi təmin edilir. Bu layihələrdən bəziləri hazırda icra mərhələsindədir, bəziləri tamamlanmaq üzrədir, bəziləri isə artıq icrası başa çataraq istifadəyə verilib.
“Yaxın günlərdə Bakıda keçiriləcək Komissiyanın növbəti iclası bütün sadalanan əməkdaşlıq istiqamətlərinin daha da genişlənməsinə və mövcud layihələrin icrasına müsbət töhfə verəcək” deyən Baş nazirin müavini bildirib ki, prezident Məsud Pezeşkianın rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan-İran biznes forumunda dövlət başçılarının iştirakı hər iki ölkənin bu sahəyə verdiyi böyük əhəmiyyəti açıq şəkildə əks etdirir. O cümlədən, nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycan–İran münasibətlərinin strateji istiqamətlərindən biridir.
“Bu gün ölkələrimizin birgə həyata keçirdikləri mühüm layihələr regionda bağlantıların gücləndirilməsinə, beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şimal-Cənub və Şərq–Qərb istiqamətlərinin inkişafına, regionun logistika imkanlarının və tranzit potensialının genişlənməsinə xidmət edir. İcrada olan birgə layihələr sırasında İran ərazisindən keçməklə, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat infrastrukturunun yaradılması çərçivəsində Ağbənd-Kəlalə və Ordubad-Siyahrud avtomobil yolları körpülərini, İran Astarasında Azərbaycan investisiyası ilə inşası davam edən quru yük dəmir yolu terminalını qeyd etmək olar. Azərbaycan Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına ardıcıl və məqsədyönlü şəkildə investisiya yatıraraq öz ərazisində müasir nəqliyyat infrastrukturu formalaşdırıb”, – hökumət rəsmisi deyib.
O qeyd edib ki, dəmir yolu, avtomobil yolları, logistika mərkəzləri və liman infrastrukturu üzrə həyata keçirilən layihələr Şimal–Cənub marşrutu üzrə yüklərin fasiləsiz və səmərəli daşınması üçün etibarlı əsas yaradıb.![]()
“Tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində dəhlizin funksionallığının artırılması, daşımaların həcminin genişləndirilməsi, eləcə də tranzit müddətlərinin azaldılması istiqamətində praktiki addımlar atılmaqdadır. Bu çərçivədə sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi, nəqliyyat və gömrük sahəsində koordinasiyanın gücləndirilməsi, rəqəmsal həllərin tətbiqi qarşılıqlı əməkdaşlığımızın mühüm icra komponentləri sırasında yer alır. Bütün bu məsələlər ötən ilin oktyabr ayında Azərbaycan, İran və Rusiya arasında Bakıda keçirilmiş üçtərəfli görüşdə ətraflı müzakirə edilmiş və müvafiq İşçi qruplar yaradılıb” deyən Baş nazirin müavini əlavə edib ki, energetika sahəsində əməkdaşlığımızın gündəliyində “Xudafərin” və “Qız Qalası” SES-ləri, “Ordubad” – “Marazad” SES-ləri layihələri mühüm yer tutur. Bu layihələr həmçinin “yaşıl enerji” sahəsinin inkişafı üçün yeni imkanlar açır. Bununla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişafı üçün müxtəlif sahələr üzrə geniş imkanlar var.
Çıxışlardan sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.
