Polis polkovnikinə 7 il HƏBS VERİLDİ

Polis polkovnikinə 7 il HƏBS VERİLDİBakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon Polis Şöbəsinin keçmiş rəis müavini, dələduzluqda təqsirləndirilən Hüseyn Muradxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Muradxanov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, H.Muradxanov evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. H.Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.

2016-cı ildə H.Muradxanov həyat yoldaşından boşanandan sonra onun həyat yoldaşı məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.

Bundan sonra obyekti alan qadın polis polkovnikindən şikayət edərək sabiq rəis müavini onu aldadıb 180 min manatını ələ keçirdiyini bildirib.

Şikayət əsasında H.Muradxanova cinayət işi açılıb.

Polis polkovniki Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir.