…SƏRTLİYİ DƏ QORUMALIYIQ

…SƏRTLİYİ DƏ QORUMALIYIQOnlar da bizdən biridir...

Onlar da bizim kimi ailələrinin, doğmalarının qayğısını çəkir, həyacan keçirir, sevinir, kədərlənirlər.

Ətraflarında baş verən gərginlik, sıxıntılar onlara da bizim kimi təsir göstərir.

Onları da bu dünyaya ana gətirib – Azərbaycan anası... Hansısa özgə ölkədən və ya planetdən gəlməyiblər.

Bəzən onların qanuni tələblərini, yaxud sərt davranışlarını aşırı kobudluq kimi qəbul edib xoşlanmaya bilərik. Amma polis “nəcib qızlar gimnaziyası” deyil, dövlətin sərt üzüdür. Bu üz öz klassik görünüşünü və mahiyyətini itirsə, bundan daha çox adam oğruları, quldurlar, qatillər, terrorçular, dövlətə, millətə silah qaldırmağa hazır olan xainlər, kəsəsi, rahat həyatımızı hər an alt-üst etmək üçün məqam gözləyən potensial cinayətkarlar sevinəcəklər.

Bir anlıq polisin öz xidmətinə 1 günlük ara verdiyini təsəvvür edin... Təkcə paytaxt Bakının deyil, ölkənin sərhədlərindən kənarda, süquta uğramış SSRİ-nin qalıqları üzərindən yenidən boy atmağa çalışan, xaosun, özbaşınalığın hökm sürdüyü, nəhəng bir imperiyanın mədəniyyət mərkəzindən “quldurlar məkanı”na çevrilən bir şəhərin keçmiş sakini kimi bunun nə demək olduğunu çox yaxşı bilirəm. Hər addımda qarət edilməyin, izlənməyin, özünə, doğmalarına tuşlanan silahların vahiməli soyuqluğunun, ölüm təhlükəsinin..., küçənin ortasındaca təcavüzə məruz qalan bir qızın ah-nalə dolu hayqırtılarının, yalvarışlarının nə demək olduğunu da həmçinin...

Paradoksal görünəcək, amma biz təkcə humanizmi, mərhəməti yox, sərtliyi də qorumalıyıq. Çünki bu sərtlik bizi humanizm dəyərlərinə meydan oxuyan, mərhəmətsiz insanlardan, onların törədə biləcəkləri qanlı cinayətlərdən qoruyur.

Bəzən polisdən, bunun real olub-olmadığının fərqinə varmadan çox şey gözləyirik. Gözləyirik ki, polis gəlib bizim əvəzimizə hər kəsin qanunlara, ictimai davranış qaydalarına əməl etdiyi, yüksək mədəniyyət nümunəsi göstərdiyi ideal bir cəmiyyət quracaq. Sehirli çubuqla, bir anın içərisində...

***

Sentyabrın 27-də müharibəylə bağlılığı olmayan səbəbdən, Goranboy rayonunun döyüş bölgəsinin yaxınlığında yerləşən kəndlərindən birinə səfər etmişdim. Atəş səsləri və təcili yardım maşınlarının həyacan siqnalları hər tərəfə hakim kəsilmişdi. Dəqiq məlumatım olmasa da, nə baş verdiyinin fərqində idim... Yol boyu qarşılaşdığım polis əməkdaşlarına “Tanrı sizi qorusun” deməklə içimdə olan sevincqarışıq həyacanı üstələməyə çalışırdım. Onlar isə hər dəfə “əsgər və zabitlərimiz üçün dua edin” deyirdilər. Duanı belə özlərinə çox görürdülər... Qəribə bir mənzərə idi. Sözlə izah olunmayacaq, təsvir edilməsi və yenidən yaşanması mümkün olmayan mənzərə... Silaha sarılmış və hər an döyüşə atılmağa hazır olan əllər, inam və ümid dolu gözlər, düşməni parçalamağa hazır olan baxışlar. Qarşımda dayanan Azərbaycan polisinin mənimlə eyni hissləri yaşayan, eyni düşüncəni, sevinci, həyacanı bölüşən təmsilçiləriydi... Zərrə qədər fərqimiz yox idi... Geyimimizdən və silahımızdan başqa. Elə indi də... heç bir fərqimiz yoxdur.

Yəqin ki, hər birimizin doğmaları, yaxınları, dost-tanışları arasında polis əməkdaşı olanlar var. Acılı-şirinli günlərimizi birlikdə keçirir, eyni sevinci, eyni kədəri bölüşür, bəlkə də oxşar taleləri yaşayırıq. Amma nədənsə bəzən ətrafımızda olan, yaxından tanıdığımız, ünsiyyətdə olduğumuz polis əməkdaşlarını digərlərindən fərqləndiririk. Təbii ki, heç bir tutarlı əsas olmadan...

İstənilən sahədə problem var. Xüsusilə də göz önündə olan sahələrdə. Kimsə səhv edə, düzgün qərar verməyə, əsəblərini cilovlamaya bilər. Eynilə bizim kimi. Son nəticədə hamımız insanıq. Hər birimizin qayğıları, problemləri var. O cümlədən polis əməkdaşlarının da... Bəzən günlərlə isti yataq, isti yemək üzü görməyən, doğmalarının, yaxınlarının çətin anlarında onların yanında olmağa vaxt tapmayan, səhəri dirigözlü açan, hər birimizin təhlükəsizliyi üçün məsuliyyət daşıyan, saysız-hesabsız təhlükələrlə qarşı-qarşıya dayanan polis əməkdaşlarının bizdən biri olduğunu unuduruq. Birinin yanlış, yaxud düşünülməmiş, ölçülüb-biçilməmiş hərəkətini hamının adına yazırıq. Amma düşünmürük ki, eyni məntiqlə hərəkət edərsə, o zaman polis fərqinə varmadan hər birimizə potensial cinayətkar kimi yanaşmalıdır. Qənaətimə görə, bizə ciddi ziyan vuran və inkişafımızı əngəlləyən, problemləri təhlil edərək çıxış yolu tapmağımıza maneə yaradan səbəblərdən biri də konkret faktların deyil, bu faktların yer aldığı sahələrin üzərinə getməyimizdir. Bir polis səhv edibsə, bütün polis əməkdaşlarını, bəzən isə dövləti, bir həkim məsuliyyətsiz davranıbsa, bütün həkimləri və təəssüf ki, yenə də dövləti, bir jurnalist qələminin müqəddəs vəzifəsinə asi çıxıbsa, bütün medianı hədəfə almaq neobolşevik təfəkkürünün təsahürüdür. Kökündən yanlış və təhlükəli yanaşmadır.

...Şərəfli, çətin və bəzən hər anında bizə dəyişik ovqat bəxş edən, əsəblərimizi tarıma çəkən, ziddiyyətli günlər yaşayırıq. Və bütün bunları jurnalist, polis, tibb işçisi, mühəndis və yaxud hansısa başqa bir peşənin sahibi kimi deyil, bir azərbaycanlı və sadəcə, bir insan kimi hər birimiz öz üzərimizdə hiss edirik. Qarışıq duyğulardı, yaxşı başa düşürəm. Amma bizi insan edən də bu qarışıq duyğuların içərisindən həqiqəti seçmək, ümidlə, inamla və imanla yaşamaq bacarığımızdır.

***

Polis də bizdən biridir. Qardaşımızdır, bacımızdır, övladımızdır, yaxın, yaxud uzaq qohumumuzdur, qonşumuzdur. Əgər daha ciddi dəyişikliklər istəyiriksə, ilk növbədə özümüzdən başlamalıyıq. Biz ideal bir cəmiyyət formalaşdıranda polisimiz də ideal olacaq. İndi ortalıqda olan nəyimiz varsa üzə çıxara bildiyimiz potensiala tamamilə cavab verir, hələ bir az da çoxdur.

Deyəsən çox dərinə getdim...

Bu gün Azərbaycan Polisinin yarandığı gündən 103 il keçir.

Bu gün onların peşə bayramıdır. Hər birini təbrik edir, möhkəm cansağlığı arzulayıram. İndi bizim üçün bundan daha dəyərli heç nə yoxdur.

Tanrı Azərbaycanı qorusun!

Elçin Mirzəbəyli