Rusiyanın Xankəndi variantının yeni səhifəsi
Putin və Trampın 'Böyük Alver' planı: Ukraynanın taleyi Alyaska və Qrenlandiya gedişində
1938-ci ilin Münhen xəyanəti təkrarlanır?
ABŞ vitse-prezidenti Di Vensin Cənubi Qafqaza – Ermənistan və Azərbaycan səfəri, müvafiq Saziş və Xartiya imzalanmasından sonra Rusiyadan gələn rəsmi açıqlamalar, Moskvanın regionla bağlı panik bir vəziyyəti kimi təqdim olunsa da, əslində Moskva soyuqqanlı şəkildə yeni qlobal strateji planın icrasına keçid cəhdi edir.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov dərhal "Rusiya MDB ölkələrində rus dilinin öyrənilməsini təşviq edəcək" tezisi ilə çıxış edərək birbaşa keçmiş sovet respublikalarına təhdid edib. Zatən məlumdur ki, Rusiya rus dilindən həmişə siyasi alət vasitəsi kimi istifadə edib. Rusiyanın Moldovadan Dnestryanı, Gürcüstandan Abxaziya və Osetiyanı, Ukraynadan Krımı və hazırki davam edən müharibə məhz rusdilli əhalinin müdafiəsi adı altında həyata keçirilib. Nəhayət, Rusiya Azərbaycanın Vətən müharibəsindən sonra Xankəndinə öz sülhməramlılarını yerləşdirən kimi, Qarabağda rus icması yaratmağa və rus dilinin "ikinci dövlət dili" kimi tətbiqinə başlamışdı. Söz yoxdur ki, Lavrovun da indi MDB ölkələrində rus dilinin öyrənilməsini təşviq edəcək fikri, ənənəvi açıq işğalçılıq hərbi-siyasi xəttin davamıdır.
Di Vensin Ermənistan səfəri və razılaşmaları bir növ fürsət kimi Moskvanın sərt ritorikasını postsovet məkanından çıxararaq qlobal müstəviyə keçirməyə imkan verdi. Lavrovun “Qrenlandiya hərbiləşərsə, Rusiya müvafiq hərbi tədbirlər görəcək” və “Alyaskadan Rusiya qoxusu gəlir” açıqlamaları Kremlin siyasi-hərbi strategiyasının müxtəlif istiqamətlərini bir gedişdə birləşdirmək, onu bir "həmlə" həll istəyi kimi görünür. Ukraynada üstünlük qazana bilməyən Rusiyanın ABŞ-a meydan oxuması inandırıcı görünmür və bu ritorikanın razılaşdırılmış xarakteri hiss olunur.
Eyni kontekstdə, Rusiya Dövlət Dumasının deputatı Zatulin Di Vensin Ermənistana səfərindən və müvafiq sənədlərin imzalanmasından sonra bunu “Rusiyaya hücum” kimi qiymətləndirsə də, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bunun ölkələrin suveren hüququ olduğunu bildirib. Ancaq, ağırlıq isə Zatulinin sərt bəyanatları, həm də Lavrovun açıqlamalarında qalır.
Moskvadan gələn sərt açıqlamalardan sonra Fransa prezidenti Makronun "Tramp Avropanı parçalamaq istəyir" çıxışları və Putinlə görüşmək niyyətində olduğunu bildirməsi dolayısı ilə Trampın Putinlə hər hansı bir sövdələşməsinə müəyyən işarələr verir.
Nəzərə alsaq ki, Trampın Rusiya ilə əlaqələrinə dair ciddi məlumatlar ortadadır və Ukraynada qalib gələ bilməyən Rusiyanın Qrenlandiya və Alyaska istiqamətində ritorik gedişləri Putinlə Tramp arasında razılaşma ola bilər ki, iki nüvə dövlətinin qarşıdurma ehtimalında Tramp administrasiyası ABŞ-ı Ukraynanın arxasından çəkə bilsin.
Məlumatlar da var ki, ABŞ-ın Ukraynaya dəstəyindən imtinasına görə Moskva Vaşinqtona milyardlar vəd edir və hətta öz təbii ehtiyatlarından istifadə təklifi verir. Makronun da hərəkətə keçməsi belə bir "böyük alver"dən (The Grand Bargain) müəyyən dividendlər qazanmaq və Rusiya ilə ortaq nəticəyə gəlmək niyyətindən irəli gəlir. Həm də, Makronun qorxusu 1938-ci il Münhen sazişinin təkrarıdır – yəni böyük güclərin kiçik bir dövlətin taleyini onun iştirakı olmadan həll etməsi.
Demək, qənaət belədir ki, Putin və Tramp sövdələşməsi, təslimçiliyə getməyən Ukraynanın arxasından ABŞ-ı çəkmək planı işə düşmüş olur. Rusiyanı Çindən qoparmaq istəyən ABŞ üçün belə ssenari əlverişlidir. Fransa prezidenti Makronun Tramp və Putinlə bağlı açıqlamaları isə həmin sövdələşmənin mövcudluq ehtimalına söykənir.
Vüqar Dadaşov
