İsrail İrana zərbə endirdi - İsfahanda partlayışlar
İranın İsfahan vilayətinin Kaxcavaristan şəhərində partlayış baş verib.
Bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
Amerikanın "ABC News" telekanalının məlumatına görə , İsrail İrana raket zərbəsi endirib.
Hücumun hədəfinin hara olduğu hələlik məlum deyil, itkilər barədə də məlumat yoxdur. "Reuters" agentliyi hava hücumundan müdafiə sisteminin İsfahan vilayətində işə düşdüyünü təsdiqləyib. Məlumata görə, İran bir neçə şəhər üzərində hava hücumundan müdafiə sistemini işə salıb.
Məlumata görə, Kaxcavaristandan bir qədər aralıda hava limanı və İran Hərbi Hava Qüvvələrinin 8-ci Şəkəri bazası yerləşir.
Agentliyin məlumatına görə, İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb.
"Tasnim" agentliyi bildirib ki, İranın İsfahandakı nüvə obyektləri tam təhlükəsizlikdədir. CNN kanalı da bildirib ki, İrandakı nüvə obyektləri İsrailin zərbələrinin hədəfi olmayıb.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İrandan İsrail ərazisinə 300-dən çox pilotsuz uçuş aparatı və raket buraxılıb.