Azərbaycan 32 erməni hərbçinin meyitini təhvil verdi
Azərbaycan Ermənistanın 32 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.
Bu barədə Avrasiya.net-ə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
“Məlum olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilmişdir. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki vermişdir.
Həmçinin bildiririk ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməmişdir. Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilmişdir.
Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcəkdir”, - Dövlət Komissiyasından bildirilib.