Rusiya mediası Ermənistanın təxribatından yazıb
Tanınmış jurnalist, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev Rusiyanın nüfuzlu PolitRus.com ekspert-analitik portalında ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribat barədə bəhs edib.
C.Şahverdiyev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını aldı və düşmənə növbəti dəfə ağır, sarsıdıcı elə bir zərbə vurdu ki, bu gün Paşinyan hökuməti hələ də təşviş içindədir. İşğalçı ölkənin yüzlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib.
Yazıda müəllif onu da qeyd edib ki, beynəlxalq hüquq normalarına, Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyannamənin şərtlərinə əməl etməyərək atəşkəs rejimini dəfələrlə pozan, təxribatlara əl atan Ermənistan satqınlıq keyfiyyətlərinə sadiq qalaraq hərbi cinayətlər törətməkdə davam edir. Görünür, Ermənistan 2020-ci il sentyabrın 27-də şanlı Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən Müharibəsində dəmir yumruqun sarsıdıcı zərbələrindən heç bir nəticə çıxarmır.
C.Şahverdiyev onu da vurğulayıb ki, İrəvan rəsmilərinin baş verənlər, çıxışları, bəyanatları və əsaslandırmaları Ermənistanın regionda və dünyada təhlükəsizlik, sabitlik və əməkdaşlığa qarşı olduğunu təsdiqləyir. Onları buna yalnız Ermənistana qarşı sanksiyalar tətbiq etməklə məcbur etmək olar.
Ona görə də güman etmək olar ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanı sığallamaq dövrü başa çatıb.
Beynəlxalq birlik Ermənistana qarşı sanksiyalar tətbiq etməyənə qədər, o, regiondakı təxribatçı fəaliyyətlərini dayandırmayacaq.
Yazının tam mətni aşağıdakı linkdə:
https://www.politrus.com/2022/09/16/azerbaycan-armenia-48/