10 yan 15:08musahibe

"ABŞ regionu mütləq tərk etməlidir" - Sabiq səfir

"ABŞ regionu mütləq tərk etməlidir" - Sabiq səfirƏfşar Süleymani: “ABŞ öz və müttəfiqlərinə dəyəcək ziyanları göz önünə aldığından İranla müharibəyə girmək istəmir”

ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində İranın qüdrətli generalı, “Əl-Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin Bağdad aeroportu rayonunda öldürülməsi beynəlxalq medianın bir nömrəli müzakirə mövzusudur. Bu hadisədən sonra illərdir bir-birinə düşmən kəsilən həm iki ölkə arasında, həm də Yaxın Şərqdə vəziyyət daha da gərginləşdi.

Xatırladaq ki, Qüds Qüvvələri İran təhlükəsizlik qüvvələrinin xaricdə əməliyyatlara məsul qanadıdır. Süleymani İranın nüfuzunu Livan, İraq, Suriya və digər ölkələrdə hücumlar və ya Tehranın müttəfiqlərini dəstəkləmək yoluyla genişləndirən bir hərbçi idi. Vaşinqton üçün isə o, əlinə ABŞ qanı bulaşmış bir qatil idi. Ancaq o İranın özündə də böyük rəğbət sahibi idi. O Tehranın ABŞ sanksiyaları və təzyiqinə qarşı mübarizəsinə rəhbərlik edən biri idi.

Süleymaninin öldürülməsi rəsmi Tehranın ABŞ-a hiddətini artırdı. İranın dini lideri Əli Xameneyi dövlət televeziyasındakı çıxışında Süleymaninin "cənnətə getdiyini, günahkarların çox sərt bir intiqamla cəzalandırılacağını" bildirib:"Süleymaninin öldürülməsi ölkədə İsrailə və ABŞ-a qarşı mübarizə stimulunu ikiqat artıracaq. Dünən gecəki hadisədə əllərini onun və digər şəhidlərin qanlarına bulayan günahkarları çox sərt intiqam gözləyir".

İran parlamenti ABŞ-a cavab olaraq əvvəlcə ABŞ-ın bütün komandanlarını terrorçu elan etdi. Parlament həmçinin Pentaqonu da terrorçu kimi tanıdı.

Qeyd edək ki, bundan öncə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran tərəfindən terrorçu elan edilib. Tehran bu addımı ABŞ-ın SEPAH-ı terrorçu elan etməsi qarşılığında atıb.

İraq şiələrinin liderlərindən biri, "Mehdi ordusu"nun rəhbəri Müqtəda əs-Sədr isə şiələri beynəlxalq alyansda birləşərək, İranı dəstəkləməyə çağırdı.

Qasım Süleymaninin öldürülməsindən dərhal sonra Müqtəda əs-Sədr 2008-ci ildə buraxılan “Mehdi ordusu”nu yenidən quracağını bəyan etdi.

SEPAH-ın keçmiş rəhbəri, İran Ali dini lideri yanında Məsləhət Şurasının katibi Möhsün Rzayi isə deyib ki, Tramp və əsgərlərindən intiqam alacağıq, buna şübhə yoxdur. O, ABŞ Prezidenti Donald Trampın dediyi kimi, İrana hücum edərsə, o halda Hayfa və İsrailin əhəmiyyətli mərkəzlərini yerlə-yeksan edəcəklərini bildirdi.

Bundan öncə isə ABŞ Prezidenti Donald Tramp İranın mədəniyyət abidələri də daxil olmaqla, 52 obyektinin hədəfə alındığı barədə açıqlama yayıb.

O da söylənildi ki, İran Amerika prezidenti Donlad Trampı öldürənə 80 milyon dollar mükafat verəcək. Sui-qəsdi törədən şəxs bu mükafatı qəbul etməlidir.

Mükafatın 80 milyon dollar olması da təsadüfi deyil. Çünki İranda 80 milyon insan yaşayır. Ona görə də bu mükafatı yığmaq üçün xüsusi fond yaradılmalıdır və hər bir iranlı o fonda 1 dollar ödəməlidir.

Dövlət Televiziyasında belə çağırışların səslənməsi Qərbdə ağlasığmaz hadisə kimi qarşılandı.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın İraqdakı Eyn əl-Əsəd və Ərbil hərbi bazalarına 15 ballistik raket atılması və aviazərbələr nəticəsində 80 amerikalı əsgərin öldüyü xəbəri isə vəziyyəti daha da ağırlaşdırdı.
SEPAH tərəfindən verilən açıqlamada bazaların qurudan-quruya ballistik raketlə vurulduğu, ABŞ-ın hücuma cavab verəcəyi təqdirdə, daha sərt və əzici addımların atılacağı bildirildi.

Bunun ardınca isə İran hökuməti nüvə razılaşmasındakı öhdəliklərinin heç birinə əməl etməyəcəyini açıqladı.
İraq hökuməti xarici hərbi qüvvələrin ərazisindən çıxarılması qərarını verdi. Bir sıra ölkələr Süleymaninin öldürülməsindən sonra öz qüvvəsini İraqdan geri çəkdi. İran və İraqa olan uçuşlar təxirə salındı. İraqda olan bəzi xarici ölkələrin səfirlikləri fəaliyyətlərini müvəqqəti olaraq dayandırdı. Vəziyyətin daha da aöırlaşdığını və müharibə riskinin artdığını görən Tramp ABŞ-ın İranla barışmağa hazır olduğu açıqlamasını verdi. Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında bildirdi ki, ölkəsi sülh istəyən bütün ölkələrlə sülhə hazırdır.

Bundan sonra regionda nə baş verə biləcəyini indidən proqnozlaşdırmaq çətindir. Amma müxtəlif aspektlərdən ehtimallar söylənilməkdədir. Hətta o da iddia olundu ki, Süleymaninin öldürülməsindən sonra baş verən hadisələr hazırlanan ssenarinin bir tərkib hissəsidir.

Avrasiya.net İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ilə söhbəti də bu ehtimallar və proqnozlar üzərində qurdu.

- Əfşar bəy, ABŞ-ın Qasim Süleymanini öldürməsi niyə bu qədər İranı qəzəbləndirib. Axı Yaxın Şərqdə İran çox generalını itirdi. Amma heç birinə bu qədər yas saxlamadı...


- O səbəbdən ki, Qasim Süleymani regionda İŞİD-lə mübarizədə və Suriyada, İraqda, Livanda, Yəməndə, Fars körfəzində, Asiyanın qərbində, Afrikada İranın siyasətinin əsas aparıcısı və maraqlarının qorunmasının başında olan, plan hazırlayan, strateji bir komandan idi.

- Süleymaninin öldürülməsinə cavab olaraq İranın ABŞ hərbi bazalarını raket atəşinə tutması, Trampın isə bu iddiaları rədd etdiyi söylənildi. Əgər doğrudan da zərbələr nəticəsində 80 amerikalı əsgər məhv olubsa nədən Pentaqon susdu?

- Bu suala cavab vermək çətindir, çünkü dəqiq məlumat bizim əlimizdə yoxdur. Amma bir şey tam qətidir ki, iki tərəf də müharibə istəmir, çünkü bilirlər ki, muharbənin ziyanlari iki ölkə, region və dünya üçün hesabsız və bitməzdir. Əlbəttə, İrana da daha çox ziyan vura bilər. Ona görə də region ölkələri bunu istəmir.

- Dünya birliyi ABŞ-ı bu olaylarda ittihamladı, amma ona dəstək verən ölkələr də oldu. İranın ABŞ-ı dəstəkləyən ölkələrə münasibəti dəyişəçəkmi?

- İran ümumiyyətlə, ölkələrlə diplomatik əlaqələrini itirmək istəmir. Hətta ABŞ-ın müttəfiqlərini də, o cümlədən Səudiyyə Ərəbistanını da danışıqa dəvət edir. Avropanın bəzi ölkələri də İranın mövqeyini dəstəkləyir və dünya səviyyəsində nüfuza malikdilər. BMT Təhlükəsizlik Şurasında olan iki ölkə ilə də İranın əlaqələri mövcuddur. İran xarici siyasətində əslində siyasi və hərbi imkanlarından paralel və balansdırılımış şəkilində bəhrələnmək istəyir.

- İran-ABŞ müharibəsini istəyən ölkələrin əsas maraqları nə ola bilər? Və daha çox hansı ölkələr müharibənin başlanmasını arzulayırlar?

- Ümumiyyətlə, o ölkələr ki, regiondan uzaqdadırlar, regionda hansısa hərbi və iqtisadi bazaları və maraqları yoxdursa, özlərinin iqtisadi, hərbi və enerji imkanları vardır belə müharibələrdən istifadə və su-istifadə edə bilələr. Bu müharibənin başlanmasından sui-istifadə edib silah, neft və qazını daha baha qiymətə satmaqda maraqlı olarlar. Onların əsas marağı müharibə aparan ölkələrin geriləməsi, zəifləməsi, özlərinin isə inkişaf etməsi, irəliyə getməsidir. Bunlardan biri Rusiya ola bilər.

- Müharibə başlayarsa, fikrinizcə, NATO üzvü olan Türkiyənin mövqeyi necə ola bilər?

- Baxmayaraq ki, artıq müharibə ehtimalı son hadisələrdən sonra azalıb, amma əgər baş verərsə Türkiyə ona qarışmaz, nə öz adıyla, nə də NATO naminə.

- İki ölkə arasında müharibə ehtimalı İrana düşmən mövqeyində duran ərəb dövlətlərinə nə qazandıra bilər?

- Heç nə verməz, əksinə onlara ziyan vurar. Onlar bunu yaxşi bilirlər və müharibənin başlanmasını istəmirlər.

- Necə fikirləşirsiz, ABŞ-la İran arasında "sülh" razılaşması hansı hallarda əldə oluna bilər?

- Təbii ki, ABŞ regiondan uzaqlaşmalıdır, amma bunun tezliklə və tam şəkildə olmasi hələlik şübhə altındadır. Trampın NATO-ya Orta Şərqdə daha da aktiv olması mesajı o deməkdir ki, ən azından o ABŞ naminə regionda qalmaq istəmir. Hərçənd, NATO-nun bu çağırışa tam şəkildə razılıq verməsi güman olunmur. Əslində əgər Tramp regiondan çıxacağı ilə bağlı verdiyi vədələrinə öncədən əməl etsəydi son hadisələr də baş veməzdi. İran elan edib ki, ABŞ sanksiyaları dayandırsa, danışıqlara hazırdır. Əlbəttə, danışıqlar başlasa belə, problemlərin həlli üzün çəkər, amma tədricən məsələlərin çoxunu həll edə bilərlər.

- İraq hakimiyyəti də ölkəsində xarici hərbi qüvvənin olmaması qərarını verdi. Bu qərar İraqa nə verəcək?

- Əgər İraqda xalqın əksəriyyəti tərəfindən bir parlament və dövlət qurulsa və o dövlət demokratiyanı, ədaləti təmin edə bilsə İraqın problemləri ardıcıl olaraq öz həllini tapar və xarici həri quvvələrin ordan getməsinə zəmin yaradar. Bir ölkənin ərazi bütövlüyünün, milli hakimiyyətinin tam təmin olması üçün xarici quvvələr oradan çıxarılmalıdır.

- ABŞ-ı Yaxın şərqdən çəkmək üçün hansı addımlar atılmalıdır?

- Bunu əldə etmək üçün bütün ölkələr və dövlətləri demokratik olmalıdırlar, xalqların istəklərini təmin etməlidirlər, ölkəni ətraflı inkişafa aparmalıdırlar. Regionda əməkdaşlıq etməlidirlər, aralarındakı ixtilafları çözməlidirlər.

- İran dünyanın hegemonu olan ABŞ qarşısında duruş gətirə bilərmi?

- Əlbəttə ki, ABŞ öz və müttəfiqlərinə dəyəcək ziyanları göz önünə aldığından İranla müharibəyə girmək istəmir. Çin və Rusiya Amerika ilə düşmən olduğu halda onunla əlaqələrini kəsmirlər, qarşısında da durmurlar. Avropanın da ABŞ-la bəzi ixtilafları olmasına baxmayaraq onun yanındadır. Bu o deməkdir ki, hələ çox ölkələr inanmırlar ki, ABŞ-ın qarşısında duruş gətirə bilərlər. Amerika İrana qarşı sanksiyalarını onlara tətbiq etsəydi və bu vəziyyətdə ayaq üstə dura bilsəydilər, bəlkə o zaman bir ümid yarana bilərdi ki, ABŞ-ın qarşısında duranlar da var.
XƏBƏR LENTİ
SORĞU