"Yeni qanun həm yeni reallıqlar, həm də yeni imkanlar yaradır"Başa çatmaqda olan həftənin əsas hadisələrindən biri də “Siyasi partiyalar haqqında” qanunun dövlət başçısı İllham Əliyev tərəfindən təsdiqlənməsi oldu. Bu, siyasi partiyalar üçün həyati əhəmiyyətli hadisədir. Yeni qanunun qüvvəyə minməsi ölkəmiz üçün, siyasi mühitimiz üçün xeyirli-uğurlu olsun. Yeni qanun həm yeni reallıqlar, həm də yeni imkanlar yaradır. Odur ki, sədri olduğum Milli Həmrəylik Partiyası başda olmaqla bütün partiyalara uğurlar diləyirəm.

Yeni qanunun layihə variantının Milli Məclis tərəfindən təşkil edilmiş ictimai müzakirəsində digər partiyalarla bərabər bizim partiya da təmsil olunub. Dinləmələr kifayət qədər açıq və demokratik keçib. Layihə variantında yer almış ayrı-ayrı məhdudlaşdırıcı məqamlarla bağlı partiyaların tənqidi reaksiyaları, iradları nəzərə alınıb. Həmçinin təkliflərə də diqqətlə yanaşılıb və bir sıra təkliflər qanunun yekun variantında öz əksini tapıb. Odur ki, yeni qanunun bir çox hallarda siyasi partiyaların tələblərinə cavab verəcəyini düşünürəm.

Əlbəttə, əvvəlki qanunun da öz müsbət cəhətləri vardı. Lakin bununla belə, 1992-ci ildə qəbul edilmiş həmin qanunun bir çox müddəaları artıq 21-ci əsrin üçüncü onilliyinin reallıqlarına, çağırışlarına uyğun gəlmirdi. Odur ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyətini yeni dövrün şərtlərinə, diktələrinə uyğun tənzimləyə bilən yeni qanunun qəbul edilməsinə ehtiyac vardı. Ümid edirəm ki, yeni qanun bu ehtiyacı bir xeyli dərəcədə qarşılaya, ödəyə biləcək.

Yeni qanun iqtidar-müxalifət münasibətlərinə də, siyasi dialoq prosesinə də, partiyalararası əməkdaşlığa da yeni məzmun və dinamika gətirəcək. Partiyalar arasında sağlam rəqabət mühiti formalaşacaq. Əlbəttə, bütün bunlar sadəcə olaraq pozitiv təxminlərimiz və gözləntilərimizdir. Biz bu qanunun mövcud siyasi partiyalar üçün faydalı olacağını düşünürük. Ən doğru olanını isə inşAllah real proseslərin gedişində görəcəyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Ordumuzun hərbçisi vəfat etdi - MNAzərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mətin İsrəfil oğlu Xankişiyevin “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat etməsi barədə məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, - məlumatda deyilir.
Yevlaxda həkimi öldürənlər həbs olunduYevlax rayonunda həkimi öldürməkdə təqsirləndirilən şəxslər həbs edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun öldürülməsinə dair cinayət işinin istintaqı Yevlax rayon prokurorluğunda davam etdirilir.

İstintaqın gedişində 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) maddələrilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.
Rəisi Türkiyəyə gedirİran Prezidenti İbrahim Rəisi yaxın günlərdə Türkiyəyə səfər edə bilər.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışı zamanı məlumat verib.

“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüş keçirmişik və yanvarın 17-də daha bir görüş keçirəcəyik. İran prezidentinin də yaxın günlərdə Türkiyəyə səfəri gözlənilir”, - Çavuşoğlu bildirib.
Ermənistan Hindistandan “MRSAM” sistemləri alırErmənistan Hindistandan “MRSAM” zenit-raket kompleksləri almaq niyyətindədir.

Bu barədə Hindistanın “IDRW” portalı yayıb.

Məlumata görə, Ermənistan bununla arsenalında olan sovet istehsalı S-125 “Peçora” zenit-raket komplekslərini əvəzləmək istəyir.

Xatırladaq ki, ötən il noyabrında Ermənistanın Hindistandan 155 millimetrlik “ATAGS” adlı yerli istehsal olan haubitsalar (artilleriya sistemləri) alacağı barədə məlumat yayılıb. Müqavilənin dəyərinin 150 milyon dollar təşkil etdiyi məlumdur. Sözügedən sistemlər 3 il ərzində Ermənistana göndəriləcək. Bundan əvvəl, 2022-ci ilin sentyabrında Ermənistanın Hindistanın “Solar Group” şirkəti ilə “Pinaka” adlı reaktiv yaylım atəşi sistemlərinin alışı ilə bağlı müqavilə bağlaması məlum olub. Bu müqavilənin dəyəri isə 250 milyon dollardır. Ermənistan bununla da Hindistandan “Pinaka” sistemlərini alan ilk ölkə olub.

Çin dünyanın ilk pilotsuz tədqiqat gəmisini istismara verdiÇin dünyanın ilk pilotsuz tədqiqat gəmisi olan "Zhuhaiyun"u istismara verib.

Axar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, gəmi avtonom naviqasiya sisteminə və uzaqdan idarəetmə texnologiyasına malikdir. Bütün əsas sistemlər, o cümlədən güc və hərəkət sistemləri Çində hazırlanıb.

Gəminin uzunluğu 88,5 metr, eni 14 metr, hündürlüyü isə 6,1 metrdir. O, adi rejimdə 18 düyün, qənaət rejimində 13 düyün sürətə malikdir.

Bildirilir ki, gəmi okeanoqrafik tədqiqatlar, kartoqrafiya, nümunə götürmə və patrul kimi müxtəlif okean kəşfiyyatı tapşırıqları üçün istifadə edilə bilər.
Bakıda oğul atasını döyüb öldürdüBakıda oğul atasını döyərək ağır xəsarətlər yetirib.

DİN-in Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə sakini İbrahim İbrahimov döyülməsi nəticəsində aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. O, huşsuz vəziyyətdə olduğu üçün dindirilməsi mümkün olmayıb.

Polisin apardığı araşdırmalarla məlum olub ki, oğlu əvvəllər məhkum olunmuş Azər İbrahimov sərxoş vəziyyətdə atasını döyüb. İ.İbrahimov yanvarın 12-də xəstəxanada ölüb.

Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.


İranın keçmiş müdafiə nazirinin müavini edam edildiİranın keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbəri bu gün səhər saatlarında edam olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə “Khabar Online” saytı məlumat yayıb.

Əkbərinin İranda uzun illər ərzində Britaniya kəşfiyyatına İranın hərbi, nüvə, diplomatik və regional siyasəti ilə bağlı vacib məlumatlar ötürürdüyü iddia edilir.
İranın Azərbaycana qarşı daha bir məkriİran hakimiyyəti və fars şovinist dairələrinin Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin edilməsinə münasibəti necədirsə, mədəni abidələrinə, tarixinə də münasibəti eynidir.

Bu sözləri Axar.az-a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Güney Azərbaycandakı abidələrin məhvi ilə bağlı danışarkən deyib.

O bildirib ki, güneydə bütün ərazilərdə yer adları, coğrafi və tarixi adlar farslaşdırılır:

“Farslaşdırılmayan adlar isə eybəcər hala salınır. Bununla da Azərbaycan tarixi saxtalaşdırılır. İranda əsas hakim fikirlərdən biri guya Azərbaycan türklərinin indi İran adlanan coğrafi məkana gəlmə olduğunu bəyan etməkdir. Bu fikrin gerçək olduğunu beynəlxalq aləmə və İran cəmiyyətinə qəbul etdirməyə çalışırlar. Ona görə də tarixi yer adları dəyişdirilir, mədəniyyət nümunələrimiz dağıdılır. Buna Təbriz ətrafındakı Qoç abidələrini misal göstərmək olar. 1990-cı illərdə abidələrin buynuz hissəsində qızıl olduğunu bəhanə edərək, qədim tarixə malik olan bu abidəni dağıtdılar. Qoç abidələri isə türklərə aiddir - bu ərazilərdə qədim türklərin yaşadığını təsdiqləyirdi. Yaxud da Ərk qalasının ətrafında dini məqsədlə tikinti həyata keçirərək, abidəni gözdən salmağa çalışdılar. Bu, Ərkin tarixini və aid olduğu dövrü təhrif etmək deməkdir. Elə islamla bağlı abidələrin - Göy məscidin, yaxud başqa yerlərdəki məscidlərin dağıdılması da dediklərimin sübutudur. Miyanədə Qaplan dağın zirvəsində Qız qalası var. Qalanın qapıları baxımsız olduğundan əcnəbilər tərəfindən oğurlanıb. Zəncanda, Ərdəbildəki qalalar, digər yerlərdəki kurqanlardan da danışmaq olar. Qızılaxtaranlar bunları dağıdıb, oradakı tarixi yaddaşdan silməyə çalışıblar”.

Sədrəddin Soltan Güney Azərbaycandakı alban kilsələrinə də rejimin eyni münasibəti sərgilədiyini bildirib:

“Azərbaycan bir zamanlar xristian dininə sitayiş edib. Bizdə olduğu kimi, o ərazilərdə də alban kilsələri olub. İran hakimiyyəti həmin kilsələri erməni kilsəsi kimi qeydiyyata alıb. Bunları ermənilər öz kilsələri hesab edirlər. İranda çox sayda erməni yaşamayıb ki, bu qədər də kilsəsi olsun. Son dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan abidələri də farslar öz istədiyi kimi tədqiq edir. Bu addımlar türkün tarixini silməyə xidmət edir. Azərbaycanın İranla birgə tarixin araşdırılması istiqamətində hansısa müqavilə, yaxud sənəd imzalaması məqsədə uyğun olar. Mədəni və tarixi abidələrin varlığı Güney Azərbaycan türkünün milli varlıq şüuruna müsbət təsir edən amildir. Fikrimcə, İran fars-şovinizminin hədəflərindən biri oradakı azərbaycanlıları manqurtlaşdırmağa çalışmaqdır”.

Güney azərbaycanlı araşdırmaçı-yazar Qacarlardan qalan tarixi abidələrin daha çox vandalizmə məruz qaldığını vurğulayır:

“Qacarlardan yadigar qalan tarixi abidələrin dağıdılması siyasəti Pəhləvilər dövründə də məqsədli şəkildə aparılıb. Çünki Qacardan heç nə nişanə saxlamaq istəməyiblər. Yalnız Tehranda Qacarlar dövrünə aid bəzi abidə və saraylar var ki, onları qismən saxlayıblar. Amma Təbrizdə olan abidələri tamamilə yox ediblər. Əlimizdə olan köhnə video və şəkillər bu abidələrin bir vaxtlar mövcud olduğunu təsdiqləyir. Dərsliklərdə, kitablarda tariximizi uydurub, saxtalaşdırdıqları üçün dəlilləri – abidələri yox edirlər. Məsələn, Miskinşəhrdə bir tarixi abidə vardı. Təbriz yaxınlığında tarixi qəbiristanlıq olan bu abidənin daşları çox önəmli idi. Əski çağlara aid olan bu abidə olduqca əhəmiyyətli və əzəmətli bir yer hesab olunurdu. Abidə məscidi, hamamı, kitabxanası, teatr salonu ilə birgə böyük bir kompleksdən ibarət olub. Bu nəhənglikdə tarixdən indi sadəcə darvazalar qalıb. Ətrafını isə sitayiş etmək üçün dini məkana çeviriblər. Qaraqoyunlulardan yadigar qalan Təbrizdəki Göy məscid də eyni aqibəti yaşadı. Ətrafında alış-veriş mərkəzi yaratdılar. Yaxud Təbriz bazarı... UNESKO-nun siyahısına salınıb, amma dəfələrlə orada yanğınlar baş verib. Hələ bu Təbrizdir və bazar dünya camiəsinin diqqətindədir. Görün, gözdən uzaq şəhərlərdəki abidələrin vəziyyəti necə acınacaqlıdır. Gözdən pərdə asmaq üçün bir-iki abidəni nümunə üçün qoruyublar, amma bütövlükdə bizim abidələr qorunmur. Bu böyük bir fəlakətdir. Məqsədli şəkildə edirlər ki, taiximizi unudaq”.
Kimin müavinəti nə qədər artdı - RƏSMİPrezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və b. yönələn sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Bununla da son beş ildə artıq dördüncü sosial islahat paketi reallaşır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avrasiya.net-ə verilən xəbərə görə, imzalanmış yeni Fərman və Sərəncamlara əsasən, 2023-cü ilin 1 yanvarından:

• Şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü — 600 manata çatdırılır;

• Müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:

- 81-100 faiz pozulmasına görə (I dərəcə) — 500 manata,
- 61-80 faiz pozulmasına görə (II dərəcə) — 400 manata,
- 31-60 faiz pozulmasına görə (III dərəcə) — 330 manata çatdırılır;

• Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 500 manata çatdırılır;

• Dəfn üçün birdəfəlik müavinət — 500 manata çatdırılır;

• Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət — 300 manata çatdırılır;

• Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:

- 81-100 faiz pozulmasına görə (I dərəcə) — 270 manata,
- 61-80 faiz pozulmasına görə (II dərəcə) — 220 manata,
- 31-60 faiz pozulmasına görə (III dərəcə) — 150 manata çatdırılır;

• Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü —300 manata çatdırılır;

• Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü —200 manata çatdırılır;

• 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü —330 manata çatdırılır;

• Yaşa görə müavinət — 220 manata çatdırılır;

• Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) — 120 manata çatdırılır;

• Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət — 100 manata çatdırılır;

• Beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət — 105 manata çatdırılır;

• Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 100 manata çatdırılır;

• Əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü:

elmlər doktoru elmi dərəcəsinə görə — 500 manata,

fəlsəfə doktoru elmi dərəcəsinə görə — 300 manata çatdırılır;


• Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:

- “Xalq” fəxri adına görə — 200 manata,

- “Əməkdar” fəxri adına görə — 150 manata çatdırılır;


• Prezidentin fərdi təqaüdü — 1500 manata çatdırılır;

Yeni Fərman və Sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial ödənişlərin artırılması təmin edilir.

Qeyd edək ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.