İctimai Şura sədri: İnzibati məsələlərlə bağlı təklifləri hazırlayıb təqdim edəcəyikSosial şəbəkələrdə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 112 saylı orta məktəbdə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb.

Görüntülərdə bir məktəblinin digərinə qarşı fiziki təzyiq göstərdiyi, başqa birinin isə hadisəni videolentə aldığı məlum olur.

Hadisə ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şurasının nümayəndələri də həmin məktəbdə olublar.
Bu barədə İctimai Şuranın sədri Günel Səfərova öz facebook səhifəsində məlumat verib.
QHT.az həmin açıqlaması təqdim edir:

“Bildiyiniz kimi baş verən hadisə ilə bağlı 112 saylı məktəbdə olduq və Sizə söz verdiyim ( İctimai Şuranın ictimaiyyəti maraqlandıran və onun diqqətində olan məsələdə cəmiyyətə hesabat vermək vəzifəsini əldə əsas tutaraq) kimi ilkin araşdırmamızı və monitorinqimizi diqqətinizə çatdırıram.

Məlumat Ictimai Şuraya bu gün səhər saatlarında daxil oldu və İctimai Şuranın üzvü hörmətli Məleykə Əlizadə ilə birlikdə məktəbə getdik. Orda həm məktəb rəhbəri, həm DİN nümayəndələri, həm BŞTİ-nin nümayəndələri, həm də Ailə, Qadın və Uşaq məsələləri üzrə dövlət komitəsinin nümayəndəsi iştirak edirdi. İctimai Şura olaraq valideynlərlə, uşaqlarla, məktəb psixoloqu ilə görüşüb danışdıq. İlk növbədə onu qeyd etmək lazımdır ki, məsələnin iştirakçılarının uşaqlar olduğunu və istənilən məsələdə uşaq rifahının əsas olduğunu unutmamalıyıq.

Hadisə 30 sentyabr 2022-ci il tarixində məktəbdə tənəffüs zamanı baş verib. Lakin eyni zamanda həmin uşaqların aralarında yaranan anlaşılmazlığın hadisə baş verməzdən öncə olması digər mənbələr tərəfindən verilib. Məktəb rəhbərliyi və uşaqlar şiddətin yalnız həmin günə məxsus olduğunu vurğulasalar da, araşdırma zorakılığın təkrarlanmış formada olduğunu göstərir.

Hadisədə ictimaiyyəti narahat edən əsas hallardan biri digər uşaqların zorakılığa mane olmamalarıdı. Uşaqlar bunun səbəbini şiddətin qurbanı olmaqdan qorxmaları ilə izah etdilər. Bu isə bir daha şiddətin təkrarlanan hal olduğunu təsdiq edir.

Valideynlərlə görüş zamanı (həm videonu çəkən, həm də zorakılıq qurbanı olan) müəyyən edilib ki, uşaqlar heç bir psixoloji yardım almayıb və valideyn olaraq onları kifayət qədər müşahidə altına almayıblar. Valideynlərlə bağlı ciddi iş aparılmalı və valideyn məsuliyyəti məsələsi bir daha gündəmə gəlməlidir.

Eyni zamanda məktəb rəhbərliyi və müəllimlərin hadisənin baş verməməsi üçün kifayət qədər preventiv tədbirlərin görmədikləri, məktəbdə bununla bağlı mexanizmin olmadığı müəyyən edilib. Məktəbdə psixoloq fəaliyyət göstərir və tanış olduğumuz sənədlərə əsasən uşaqlarla məhdud formada olsa da psixoloji danışıqlar aparılır. Lakin, yalnız bu məktəbin timsalında deyil, ümumilikdə psixoloqlar üçün hər hansı bir dərs saatının olmaması, məktəbin özünün psixoloji xidmətin təşkili ilə bağlı metodlar formalaşdırmaması, psixoloji diaqnostikanın kifayət qədər aparılmaması müşahidə edildi.

Lakin bir daha qeyd edirəm ki, bu ilkin nəticələrdir və Sizinlə paylaşmalı idim.

Eyni zamanda Elm və Təhsil Nazirliyinə məktəblə və inzibati məsələlərlə bağlı təklifləri hazırlayıb təqdim edəcəyik. Qeyd edim ki, bütün təkliflər ictimailəşdiriləcək."
Prezident Bərdə-Ağdam yolunda görülən işlərlə tanış olduAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri və görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir.

Məlumat verildi ki, yol boyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanıb.

Qeyd edildi ki, layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi iş həcminin 75 faizi icra olunub.
Misirdə azərbaycanlı alimin qiymətli tədqiqat əsəri çapdan çıxıbUzun illərdir ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparan Qahirə Universitetin doktoru və Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun "Ərəb elminin inkişafında azərbaycanlı alimlərin səyləri" adlı kitabı ərəb ölkələrində ən məşhur nəşriyyatlardan olan "Dar Alsalam" Kitab Evi tərəfindən çap olunub.

Ərəb ölkələrinin elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan bu qiymətli tədqiqat əsəri ərəb dünyası ilə bağlı olan Azərbaycan tarixinin uzun bir dövrü haqqında Qahirə və İslam mədəniyyətinin mərkəzi hesab olunan digər şəhərlərin kitabxanalarında, o cümlədən Əl-Əzhər Universitetində İslam dininin tədrisi üzrə ixtisaslaşmış elm mərkəzlərinin arxivlərində ölkəmizə aid çoxsaylı mənbələrin tədqiqinin məhsuludur. Bu məxəzlərin yenidən tədqiqi Azərbaycan tarixinə və ədəbiyyatına bəlli olmayan adları və faktları ortaya çıxara və yaradıcılığı haqqında səthi məlumatlar olan Azərbaycan alimlərinin yeni əsərləri və ya onlara istinadları aşkarlaya bilər.

Müəllif Əl-Əzhər Universitetində təhsil aldığı müddətdə ərəb mənbələrində Azərbaycana aid olan yeni tarixi həqiqətlərin üzə çıxarılması və bununla da tariximizin bəzi naməlum səhifələrinin yenidən öyrənilməsi işinə töhfə vermək arzusu ilə bu sahədə araşdırmalara başlayıb. O, iyirmi ildən artıq davam edən bu fəaliyyəti çərçivəsində minlərlə müxtəlif mənbələrə müraciət edərək hər bir azərbaycanlıya fəxarət hissi verəcək şanlı tariximiz və görkəmli şəxsiyyətlərimiz barəsində yeni faktları üzə çıxarmağa müvəffəq olub.

Kitabda orta əsərlərin ərəb alimləri və mütəfəkkirlərinin sitatları yer alıb. Belə ki, XIII əsr ərəb alimi İmam Cəzəri Azərbaycanın Mərənd şəhərindən bəhs edərkən yazırdı: “Azərbaycan elmin hər bir sahəsində dahi alimlər yetişdirib”. Digər orta əsr ərəb mütəfəkkiri İmam Səməani isə “Əl-Ənsab” əsərində qeyd edib: “Azərbaycan qədimdən ta bu günə qədər alimlərin yetişdiyi bir diyardır”.

Müəllif diqqətə çatdırıb ki, XI əsr ərəb alimi Əbu Tahir Əs-Siləfi isə Azərbaycan ilə Əndəlüs (İspaniya) arasında müqayisə apararaq, Şərqdə Azərbaycanın, Qərbdə isə Əndəlüsün elm və ədəbiyyatda xüsusi rolunu qeyd edib. Bundan başqa, mötəbər alim İbn Aşur “Təhrir və Tənvir” kitabında müqəddəs Qurani-Kərimin “Ğaşiyə” surəsinin 16-cı ayəsində cənnət təsvirindən bəhs olunarkən Azərbaycan adlı xalçaya eyham edildiyini bildirir. O, ayəni şərh edərkən yazır ki, burada işlənən “zərabiy” “zərbiyə” kəlməsinin cəmi olaraq, boyanmış, yumşaq yundan toxunmuş kilim və ya xalça nəzərdə tutulur. Xalçanı varlı və maddi imkanı yüksək olan insanların bəzək və üzərində oturmaq üçün yerə sərdiklərini yazan İbn Aşur “Zərbiyə” kəlməsinin ərəb dilinə xas inversiya olunmuş formada Azərbaycana işarə edildiyi qənaətindədir.

Tədqiqat əsərində qeyd olunub ki, Azərbaycanın qədim xalçaçılıq sənətinin dünyada şöhrət qazandığını və bu ənənələrin günümüzə qədər gəlib çıxdığını nəzərə alsaq, burada güclü əsasın olduğunu görərik. Daha sonra müəllif Qurani-Kərimin “əl-Kəhv” surəsinin 86-cı ayəsini şərh edərkən buyurur: “Bu ayədəki “Əynin Həmiətin” sözlərinin mənası qara palçığa qarışmış çeşmədir. Görünür ki, bu quyular Xəzər dənizi sahilində, Bakı şəhərindəki və hal-hazırda da orada mövcud olan neft quyularıdır. Təbii ki, müqəddəs Quranda bu cür pozitiv anlamda Azərbaycana istinad hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.
Kitabda diqqətə çatdırılıb ki, XV əsrdə Misirin baş həkimi əslən Azərbaycandan olan həkim Fəthullah İbn Nəfis olub. Azərbaycanlı hüquqşünas–alim Əfdələddin Əl-Xunci XIV əsrdə Misirin Qazilər qazisi, yəni baş hakimi vəzifəsini tutub.

XIV əsrdə Qahirədə yazıb-yaratmış azərbaycanlı ərəbşünas dilçi alim Cəmaləddin İbn Həcibin ərəb dilinin qrammatikasına həsr olunmuş kitabı bu günə qədər Misirin ali təhsil müəssisələrində tədris vəsaiti kimi istifadə olunur.

Müəllif vurğulayıb ki, Azərbaycan tarixşünaslığında rast gəlinməyən digər maraqlı məqam ərəb tarixi mənbələrində “Səlib yürüşləri”nin qarşısının alınmasında, İslamın xilas edilməsində və müsəlmanların torpaqlarının işğaldan azad edilməsində əvəzsiz xidmətləri olan sərkərdə Sultan Səlahəddin Əyyubinin Azərbaycandan olması barədə söylənilən fikirlərdir. XVI əsrin əvvəllərində yaşamış ərəb alimi İbn Xəllikan “Vəfuyyat əl-Əyan” əsərində yazılır ki, tarixi mənbələrə görə, Sultan Səlahəddin Əyyubi və əyyubilər ailəsi Azərbaycanın şimalında yerləşən gürcülərin ölkəsinə yaxın Duvin şəhərindəndir və tarixçilərin bu barədə yekdil rəyi var. Bundan əlavə, XIII əsrin ikinci yarısında yaşamış tarixşünas alim İbn əl-Əsir (Əl-kamil fi əl-tarix), XIV əsrdə yaşayıb yaratmış İmam Zəhəbi (Siyər- əl-ələm əl- nubələ), XV əsrin əvvəllərində yaşamış Təğribərdi (“Məradd əl-lətafə”) və başqaları da Səlahəddin Əyyubinin Azərbaycandan olduğu qənaətindədirlər.

Kitabda ərəb mənbələrində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı tədqiqatların nəticələri də yer alıb. Qeyd olunub ki, XIII-XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini “Əsar əl-biləd və əxbar əl-ibəd” əsərində Azərbaycanın qədim şəhəri Gəncə haqqında yazarkən dahi Azərbaycan şairi Əbu Məhəmməd Nizamidən – Nizami Gəncəvidən- bəhs edir. Gəncənin coğrafiyası, tarixi və sakinlərinin əsas məşğuliyyətindən bəhs edən alim Əbu Məhəmməd Nizaminin dahi və müdrik şair olduğunu, onun “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” kimi əsərləri yazdığını diqqətə çatdıraraq, şairin hicri tarixi ilə 590-cı ildə vəfat etdiyini bildirir.
Qeyd edək ki, bu, müəllifin ikinci kitabıdır və burada ərəb mənbələrinə istinad edərək iki yüzə yaxın azərbaycanlı ədib və alimdən bəhs olunub.

Misir, Əlcəzair, İordaniya, İraq, Livan, Sudan və digər ərəb ölkələrinin kütləvi informasiya vasitələri azərbaycanlı tədqiqatçı-alimin yeni kitabı haqqında geniş məqalə və xəbərlər dərc ediblər.
"Ordumuz həmişə qürur və fəxarət mənbəyimiz olaraq qalacaq"Bu gün yaxın tariximizin ən əlamətdar günlərindən biridir. Belə ki, bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 2 il ötür. Mən bu münasibətlə iki il əvvəl olduğu kimi yenə də həm Cəbrayıl camaatını, həm də bütövlükdə xalqımızı təbrik edirəm. Çünki məhz həmin gün hər il Cəbrayılın işğal ildönümünün dərin kədər hissilə qeyd edilməsinə son qoyuldu və eyni zamanda digər torpaqlarımızın da mənfur erməni işğalından azad edilməsi üçün əlverişli əməliyyat şəraiti yaranmış oldu. Odur ki, biz bu tarixi günü qətiyyən unutmamalı və Şanlı Ordumuzun Cəbrayılı işğaldan azad etməsini gənc nəsilə, məktəblilərə qürur hissilə təbliğ etməliyik.

Gəlin əvvəlcə o günlərə qısa bir ekskurs edək. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsinə məhz Füzuli-Cəbrayıl istiqamətindən başlamışdı. Və bu da dahiyanə düşünülmüş taktiki plan idi. 2020-ci ilin sentyabrın 27-də başlayan əks-hücum nəticəsində Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları nəticəsində öncə rayonun Böyük Mərcanlı, Nüzgar kəndləri, daha sonra 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri düşməndən təmizləndi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləri də erməni işğalından azad edildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad edilməsini oktyabrın 4-də xalqa müraciətində elan etdi. Bütün xalqımız həmin xəbəri ayaqda və sevinc gözyaşları ilə qarşıladı. Bu, Qələbəyə köklənmiş bir xalqın, torpaqlarını azad görmək istəyən bir toplumun gələcək zəfərlərinin ilk müjdəsi idi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edilmiş ilk rayon kimi tarixə düşdü.

Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikasının məhv edildiyi Cəbrayıl əməliyyatı nəticəsində Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Məhz buna görə də Cəbrayıl əməliyyatı hərbi-taktiki nöqteyi-nəzərdən xüsusi əhəmiyyət daşıyan əməliyyat kimi yadda qalıb. Cəbrayılın mərkəzinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin dönüş nöqtəsi oldu, sonrakı döyüş əməliyyatlarının taleyini həll etdi. Məhz Cəbrayıl əməliyyatından sonra artıq hər gün yeni-yeni ərazilərin işğaldan azad edilməsi ilə bağlı xəbərlər almağa, məşhur “tvit”ləri izləməyə vərdiş etdik. Bir sözlə, Cəbrayıl əməliyyatınının uğurla başa çatması Ermənistan silahlı qüvvələrinin “məğlubedilməz”liyi barədə mifləri darmadağın etdi, Azərbaycan Ordusunun döyüş əzmini və böyük potensialını üzə çıxartdı. Ordumuz bu qələbəsi ilə düşmənin mənəvi-psixoloji cəhətdən sınmasının, çöküşünün əsasını qoydu.

Müharibələrin bütün sonrakı taleyi demək olar ki, ilk döyüşlərdə həll olunur. Bu mənada, 44 günlük İkinci Qarabağ müharibəsinin taleyi də məhz Cəbrayıl döyüşlərində qazanılan qələbə ilə həll olundu. Biz bu qələbəni şəhidlərimizə, qəhrəman əsgər və zabitlərimizə borcluyuq. Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu medal bu gün bir çox igidlərimizin yaxasını bəzəyir.

Cəbrayıl əməliyyatının uğurla başa çatması bu torpaqlarımızda Azərbaycan bayrağının yenidən dalğalanması üçün zəmin yaratdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması müasir tariximizin ən parlaq səhifələrindən biridir. Məhz Xudafərində üçrəngli bayrağımızın ucaldılmasının mühüm tarixi və siyasi əhəmiyyəti var. Bu, müharibənin ilk günlərində öz qoşunlarını Arazın bu tayına keçirən və bizim Ordumuzun yolunu kəsməklə geri çəkilməkdə olan Ermənistan silahlı qüvvələrinə nəfəsini dərməyə, özünü toparlamağa macal verən qonşu İranın namərd hərəkətinə cavab kimi də çox önəmli hadisə idi. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması məhz Azərbaycan xalqının bu torpaqların həqiqi sahibi olduğunu dostlarımıza da, düşmənlərimizə də nümayiş etdirdi. Azərbaycan xalqı bundan sonra bu torpaqlarda əbədi yaşayacaq. Ordumuz isə həmişə qürur və fəxarət mənbəyimiz olaraq qalacaq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Məktəblinin döyülməsinə görə icraat başlanıb - PROKURORLUQProkurorluq və polis orqanları tərəfindən azyaşlıların hüquqların müdafiəsi, xüsusilə onların məişətdə ailə üzvləri tərəfindən və ictimai yerlərdə, o cümlədən təhsil ocaqlarında digər uşaqlar tərəfindən zorakılığa (bullinqə) məruz qalmasının qarşısının alınması və bu cür qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üçün məqsədli tədbirlər davam etdirilir.

Baş Prokurorluqdan verilən məlumata görə, sosial şəbəkələrdə Sabunçu rayonunda orta məktəbdə azyaşlı uşağın həmyaşıdı tərəfindən zorakılığa məruz qalmasına dair yayılmış videogörüntü ilə bağlı daxili işlər, aidiyyəti digər dövlət qurumları tərəfindən görülmüş tədbirlərlə yanaşı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində də araşdırma aparılıb.

"Araşdırma nəticəsində İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsi ilə yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin (və ya onları əvəz edən şəxslərin) məsuliyyətə cəlb olunması üçün əsas müəyyən edildiyindən, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib.

Eyni zamanda, hadisənin baş verdiyi təhsil ocağında qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilib", - rəsmi məlumatda bildirilib.

Baş Prokurorluq vətəndaşlara müraciət edərək uşaqların təlim-tərbiyəsində aidiyyəti təhsil ocaqlarının vəzifəli şəxslərinin məsuliyyəti olması ilə yanaşı valideynlərin də məsuliyyətli olduğunu xatırladaraq bu mühüm məsələyə lazımi diqqətin göstərilməsinin vacibliyini vurğulayır.
5 ay 15 gün ermənilərlə eyni kənddə keçən qorxu dolu anlar – “Zar mağarası”nın sirli keçmişi“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ermənilərdən qaçaraq Zar mağarasına sığınmış şəxslərin xatirəsinə həsr olunmuş sənədli film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, sənədli film 1993-cü ildə düşməndən qorunmaq üçün 6 aya yaxın Kəlbəcərin Zar mağarasında gizlənən 3 kişi və 1 qadının həmin mağarada yaşadıqlarından bəhs edir.

4 kəlbəcərli 1993-cü il aprelin 2-dən sentyabrın 15-nə kimi Zar mağarasında yaşayıb. Belə ki, ermənilər Kəlbəcəri işğal edəndə hamı kənddən çıxıb, üç qadın və bir kişi kəndi vaxtında tərk edə bilməyib. Onlar sağ qalmaq üçün çıxdıqları yolda erməni silahlıların atəşinə tuş gəliblər, daşların-qayaların arxasına sığınaraq sağ qalıblar və gecə geriyə - kəndə qayıdıblar. İşğalçılar bu kəndə gəlib çatanda isə sözügedən 4 nəfər çox az adama bəlli olan Zar mağarasına sığınıblar. Onlar gündüzlər mağarada qalıb, gecələr mağaranın üstündəki evlərə gedib ərzaq, pal-paltar, qab-qacaq götürüb geri qayıdıblar. Tez-tez mağaranın üstündə atəşfəşanlıq edən, oynayıb-oxuyan ermənilərin kənddə hələ də kimlərinsə qaldığından xəbəri olmayıb. Onlar kənddə post qurmuş erməni əsgərlərin, mülki şəxslərin kəndi necə qarət etdiklərinin şahidi olublar, təlim keçmiş itlərin dəfələrlə gəlib mağaranın ağzında hürmələrinin, erməni əsgərlərin mağaranın girişini axtarmalarının qorxusunu yaşayıblar.

Filmin 4 saatdan çox çəkən çəkilişləri Ermənistanla sərhəd ərazidə Zar kəndindəki sözügedən mağarada çəkilib.

“Zar mağarası” filminin quruluşçu rejissoru Hüseyn Kazımov, ssenari müəllifi isə Almaz Mahmuddur.
Rejissor Hüseyn Kazımov bildirib ki, film yerli audotiriya ilə yanaşı, beynəlxalq ictimaiyyətə də hesablanıb:
“Film çətin relyefdə və bir o qədər çətin şəraitdə çəkildi. Düşmənlə sərhəd ərazidə filmin çəkilişlərini 4 saata bitirdik. Filmdə mağarada 5 ay 15 gün qalmış şəxslərin ailə üzvləri, yaxınları və başqaları yer alıblar”.
Sənədli filmin ssenari müəllifi Almaz Mahmud isə qeyd edib ki, mağarada yaşayan 4 insan çox əzablı günlər keçiriblər:

“Onlar düşməndən qaçaraq sağ qalmaq üçün mübarizə aparıb, 6 aya yaxın davam edən bu mübarizədən qalib ayrıla biliblər”.

Sənədli film 5 oktyabr saat 22:30-da AzTV-də yayımlanacaq.

Sənədli filmin anonsu
Şagird sinifdə intihar etdiAzərbaycanda məktəbdə intihar hadisəsi olub.

Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Kültəpə kənd orta məktəbində baş verib.

Orada təhsil alan, 10-cu sinif şagirdi Nəcəfov Xəyal Sərxan oğlu sinif otağında özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Babək rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Mətbuat Şurası sədrinin müavinləri seçildiMətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, iclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib.

Səadət Məmmədova və Vüqar Zifəroğlunun namizədlikləri dəstəklənib.

Eyni zamanda, Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri, Əvəz Rüstəmov isə icraçı katib seçilib.

İclasda Mətbuat Şurasının komissiyalarının da tərkibi müəyyən edilib.
Qərb İrəvanı silahlandırır, savaş başladacaq – Rus ekspertAzərbaycan əsgərlərinin guya erməni hərbçilərini güllələdikləri videosunun dünya KİV-lərində bu qədər tez yayılması Ermənistanın Qərbdə, ilk növbədə, Fransa və ABŞ-da çox ciddi lobbiyə malik olduğunu göstərir.

Bu fikirləri Axar.az-a açıqlamasında Rusiyanın tanınmış siyasi şərhçisi Aleksandr Razuvayev bölüşüb.

“Şərq həmişə Qərb üçün yaddır və yad olaraq qalacaq. Türk ölkələrinə mənfi təsir edə biləcək hər şey Qərb üçün prioritetdir. Bu, artıq təbii haldır ki, Qərb Cənubi Qafqazda tamamilə sülh istəmir. Bu gün Qərbin əsas məqsədi Rusiyanın zəifləməsidir. Ona görə də ABŞ və onun “köməkçiləri” Qafqazda da vəziyyəti gərginləşdirmək, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmaq üçün bütün vasitələrdən istifadə edirlər.

Təbii ki, aparıcı Qərb KİV-ləri də bu istiqamətdə işləyir. İndi İrəvan artıq Qərb dəstəyinə əmindir. Onlar silah tədarükünü gözləyirlər. Ermənistan səmimi düşünür ki, Fransa və ya NATO ermənilərin maraqları uğrunda vuruşacaq. Necə ki, bir müddət öncə ruslar haqqında bu cür düşünürdülər... Təbii ki, ermənilərin absurd ideyaları uğrunda heç bir dövlət vuruşmayacaq. Lakin Qərb Ermənistanı silahlandıracaq və onu Azərbaycana qarşı itələyəcək ki, Rusiyanı bu münaqişəyə cəlb etsin”, - deyə rusiyalı ekspert vurğulayıb.
Bakıda şagirdlərə şəhid ehsanı adı ilə narkotik paylanılırSosial şəbəkələrdə Xətai rayonu 95 nömrəli məktəbdə şagirdlərə konfet adı ilə narkotik maddə paylanılması haqqında məlumat paylaşılıb.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, məlumatı paylaşan valideyn iddia edib ki, dərsdən çıxan şagirdlərə məktəbin qarşısındakı naməlum şəxs konfet paylayıb. Uşaq götürmək istəmədikdə isə o, "şəhid üçün verilən ehsandır, əgər götürməsən şəhidin ruhu səndən inciyər" deyib. Şagird konfeti evə gətirərək anasına verib. Konfeti açanda məlum olub ki, onun içərisindəki narkotik maddədir.

Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.