Göyçayda yas mərasimində 15 nəfər zəhərləndiGöyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.

Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15 nəfərin halı qəfildən pisləşib.

Həmin şəxslər ishal və qusma əlamətləri ilə təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür. Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır.

Zəhərlənmə hadisəsinin dəqiq səbəbi hələlik bilinmir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
ABŞ-da daşqınlar: 44 nəfər itkin düşdüABŞ-ın Virciniya ştatının Byukenen dairəsində baş verən daşqınlar zamanı 44 nəfər itkin düşüb.

Bu barədə CNN məlumat yayıb.

Təbii fəlakət zamanı ölənlərin olması ilə bağlı hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, iki gündür yağan aramsız yağışlar bölgədə daşqınlara səbəb olub. Ardınca isə başlayan qasırğa yollarda gediş-gəlişi tamamən dayandırıb.

Ştat qubernatoru fövqəladə vəziyyət elan edib.
Azərbaycanda su bahalaşır? - Rəsmi açıqlamaAzərsu ASC 2021-ci ili 552,23 milyon manat xalis zərərlə başa vurub.

Avrasiya.net Cəbhə.info-ya istinadən xəbər verir ki, qurumun maliyyə hesabatına görə, bu, 2020-ci illə müqayisədə 70,9% çoxdur. Son nəticədə səhmdar cəmiyyətin yığılmış zərəri 7,6 % artaraq 7 855,686 milyon manata çatıb.

Ötən il “Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 262,947 milyon manat (əvvəlki ilə nisbətən 42,7% çox), satışlarının maya dəyəri 128,729 milyon manat (2,1% az), inzibati xərcləri 28,756 milyon manat (28,9 % az), satış və paylanma xərcləri 146,607 milyon manat (25,3 % çox), digər əməliyyat xərcləri 549,528 milyon manat (2,6 dəfə çox), məzənnə fərqindən gəliri 10,315 milyon manat (əvvəlki il zərər olub), digər gəlirləri 32,236 milyon manat (4,1 dəfə çox), maliyyə xərcləri 3,450 milyon manat (22,2% çox), icarə öhdəlikləri üzrə faiz xərcləri 60 min manat (4,8% az), mənfəət vergisi ödəmələri isə 598 min manat (7 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsu”yun aktivləri 1 021,630 milyon manat olub ki, bu da illik müqayisədə 2,1 % çoxdur. 2021-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 0,7 % azalaraq 578,444 milyon manata düşüb, balans kapitalı isə 6 % artaraq 443,186 milyon manata çatıb.

Xatırladaq ki, “Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır.

Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.

Qeyd edək ki, qurumun ötən ili böyük həcmdə zərərlə başa vurması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, əhali həmin zərərin aradan qaldırılması üçün yenidən qiymət artımına gediləcəyini düşünür.

Əslində zərərin yaranma səbəbi nə ilə bağlıdır və qiymət artımına gediləcəkmi?

Məsələ ilə bağlı AzərsuASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, baş vermiş ziyanın əsasını amortizasiya ayırmaları, yəni əsas vəsaitlərin köhnəlməsi təşkil edir:

“Amartizasiya xərclərini nəzərə almasaq, gəlirlər xərcləri tam bağlayır. Tariflərə isə dəyişiklik gözlənilmir”.
Polis rəisi Bakıda binanın giriş-çıxışını hasarladı – VideoBakıda Binəqədi rayonu ərazisində, 22-ci Dağlı küçəsində “MAP MMC” şirkətinə məxsus olan binanın girişi polis müdaxiləsi nəticəsində bağlanıb.

Bina sakinləri Yenisabah.az-a bildiriblər ki, bir neçə gündür binanın həyətinə gedən piyada yolu tam başlanıb, maşın yolunda isə hasarlama işi aparılır.

Sakinlərin iddiasına görə, binanın yaxınlığında Sumqayıt polis idarəsinin rəisi Fəqan Azadəliyevin atası Cəbrail Azadəliyevə məxsus 2.4 sort torpaq sahəsi mövcuddur. Lakin həmin ərazini polis rəisinin göstərişi ilə genişləndiriblər və nəticədə də binaya gedən bütün yollar bağlanıb.

Şikayətçilər F. Azadəliyevin tapşırığı ilə Binəqədi mühafizə polisinin əməkdaşlarının əraziyə cəlb olunduğunu və tikinti işinin də polisin mühafizəsi altında aparıldığını bildirirlər.

Tikinti işlərinə və həmçinin əraziyə cəlb olunmuş polis əməkdaşlarına isə F. Azadəliyevin qardaşı, vəkil Elxan Azadəliyev rəhbərlik edir: “Vəzifəsi sadəcə vəkil olan və polis orqanlarında heç bir məsul vəzifəyə sahib olmayan Elxan Azadəliyevin mühafizə polisinə rəhbərlik etməsinin qanuniliyi heç kəsə bəlli olmasa da görüntülərdən də göründüyü kimi həmin şəxs hazırda bu səlahiyyətə sahib şəxs kimi özünü aparmaqla məşğuldur”.

Binanın yeganə girişinə isə polisin mühafizə budkası qoyulub.

Şirkət baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, digər aidiyyatlı qurumlara müraciət edib.

Hadisə ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq…
“Mən də Qarabağ müharibəsi veteranıyam” – Siyavuş Novruzov“Qazinin intihar etməsi Azərbaycanın hər bir vətəndaşını narahat edir. Özünü yandıraraq intihar edən qazimiz Elvin Cəfərova, şəhidlərimizə Allah rəhmət eləsin, qalanlara da sağlam can versin. Onların çəkdikləri əziyyət, torpaqlarımızın azad olunmasında göstərdikləri qəhrəmanlıqlar xüsusilə dövlətimiz, hər bir vətəndaşımız tərəfindən qiymətləndirilir, bundan sonra da qiymətləndiriləcək. Qazilərimizə hansı güzəştlər edilməsi lazımdırsa, bu, dövlət tərəfindən müəyyən olunub. Qanunvericiliklə də hər biri təsdiqlənib. Söhbət icradan gedir. Nəyinsə düzgün olmaması və ya yanlış yanaşma forması belə problemlərə gətirib çıxara bilər. Artıq hadisə olub. Hüquq-mühafizə orqanları məsələni araşdırır. İstintaqın gedişatına hər hansı bir təsir göstərmək olmaz. Təqsirkar kimdir, səbəb nədirsə, nəticələr ortaya çıxdıqdan sonra, təbii ki, məsələyə hüquqi qiymət verilər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat qazilərlə bağlı yaranan problemlərdə, intihar hallarının çoxalmasında məmurların günahlandırılmalarına da münasibət bildirib:

“Bilirsiniz, problemə yanaşmanın müxtəlif formaları var. Bu, bütün müharibələrdən sonra yaranan bir sindromdur. Əfqanıstan, Vyetnam, Çeçenistan, Birinci Qarabağ müharibəsindən sonra da belə hallara rast gəlinib. Yəni bu, ümumi müharibə sindromudur. Müharibə istənilən insan üçün çox çətindir. 18 yaşında bir gənc döyüş zamanı yanında hərbçi dostunu, yoldaşını itirir, qan, yaralı, ölü görür...

Ona görə də bütün bunlar onun psixologiyasına ciddi təsir göstərir və bu hal insan psixologiyasında uzun müddət davam edir. Birinci Qarabağ müharibəsi veteranıyam. Ona görə bu şeyləri çox yaxşı başa düşürəm. Müddət, zaman lazımdır ki, bu hal keçsin. Hər hansı ani bir hadisə qazilərin psixologiyasına ciddi təsir edir.

Bu gün Heydər Əliyev Fondu, ayrı-yarı strukturlar tərəfindən qazilərimizin müalicəsi ilə bağlı kifayət qədər işlər həyata keçirilir. Heydər Əliyev Fondu Türkiyədən psixoloqlar gətirmişdi. 70-ə yaxın psixoloq Azərbaycanda 1 ildən artıq qazilərimiz, onların ailələri, şəhid ailələri ilə bağlı iş apardı. Hesab edirəm, bu, davamlı olmalıdır. Kiminsə laqeydliyi nəticəsində qazilərimizin intihar halları baş verirsə, dərhal bu, aradan qaldırılmalıdır”.
Ali məhkəmə jurnalistin şikayətini təmin etdiHəbsdə olan jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baş tutan iclasda məlum olub ki, Mahir Ələkbərov kasassiya şikayətinə öz iştirakı ilə baxılmasını istəyir.

O, hakimə bununla bağlı məktub ünvanlayıb.

Bundan başqa, Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov vəsatətlə çıxış edib. O, Mahir Ələkbərovun məhkəmədə işirakının təmin olunmasını istəyib.

Hakim vəsatəti təmin edib və kasassiya şikayətinə Mahir Ələkbərovun iştirakı ilə baxılması barədə qərar qəbul edilib.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” xəbər paylaşımı platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə iki min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət versə də, adıçəkilən məhkəmə hökmü qüvvədə saxlayıb.
Erməni əsgər postda öldüErmənistan Silahlı Qüvvələrinin döyüş mövqeyində bir hərbçinin meyiti tapılıb.

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, meyiti tapılan sıravi əsgər 2003-cü il təvəllüdlü Arsen Manukyandır.

Onun cəsədi baş nahiyəsindən aldığı güllə yarası ilə iyulun 14-də saat 10:25 radələrində bölmənin şərq istiqamətində yerləşən döyüş mövqeyində aşkar edilib.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Rus polkovnikin arvadı ilə şok yazışması yayıldıUkrayna Teleqram kanallarında rus polkovnikin gizli yazışması paylaşılıb.

Axar.az xəbər verir ki, Rusiya silahlı qüvvələrinin polkovniki Yevgeni Aleksandrov xanımına yazdığı mesaj gündəmə çevrilib.

“Bizi məcbur burada saxlayıblar. Bizim briqada komandiri cəbhə xəttini 2 dəfə tərk edib. Guya iki dəfə yaralanıb. Əslində isə o sap-sağlam Rusiyada kef edib. Araq vurub, istirahət edib... Mən də belə edəcəm. Yazacam ki, guya məni də vurdular”, - o bildirib.
Rusiya Ukraynanın mərkəzini raket atəşinə tutub, 12 nəfər ölüb, 30 nəfər yaralanıbRusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitse şəhərini raket atəşinə tutması nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

“Report” “RBK-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar üzrə Xidmətindən bildirilib.

Xilasedicilərin məlumatına əsasən, raket 9 mərtəbəli “Yubiley” məişət evinin yaxınlığına düşüb. Raket hücumu nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici fəaliyyət göstərir.

Məlumata görə, ölənlər dinc sakinlərdir. Onların arasında uşaq da var.
Əqli mülkiyyət hüquqlarının qorunması sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığıƏqli mülkiyyət hüquqlarının qorunması Azərbaycanda dövlətin prioritet hesab etdiyi mühüm istiqamətlərdən biridir. Bu məqsədlə, ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi 2018-ci ildə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ötən zaman kəsiyində əqli mülkiyyətin qorunması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində önəmli irəliləyişlərə nail olub, bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün mühüm lahiyələr həyata keçirib.

Bu günlərdə Bakıda müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi sahəsində imzalanan niyyət protokolunu da Əqli Mülkiyyət Agentliyinin bu istiqamətdə həyata keçirdiyi mühüm tədbirlərdən biri kimi qiymətləndirmək olar.

Qeyd edək ki, niyyət protokolunu Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev, “Müəlliflik hüququ uğrunda” (MHU) İctimai Birliyinin sədri bəstəkar Gövhər Həsənzadə, “Rəqəmsal və audiovizual yayım sənayesi” (RAYS) İctimai Birliyinin icraçı direktoru Əli Əliyev və Türkiyənin Musiqi Əsəri Sahibləri Qrupu Məslək Birliyinin (MSG) İdarə Heyətinin sədri Ferhat Göçer imzalayıb.

Sənədi imzalayan tərəflərin birgə səyləri ilə müəlliflərin və ifaçıların əqli mülkiyyət hüquqlarının qorunması nəzərdə tutur. Onlar arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə, müəllif hüquqları sahiblərinin və onların varislərinin müdafiəsinə töhfə verən bu sənəd Azərbaycan müəlliflərinin hüquqlarının qorunması istiqamətində səylərini dəstəkləməklə yanaşı, həm də ölkəmizin dünya birliyində imicinin yüksəldilməsinə xidmət edəcək.

Gələcək əməkdaşlıq çərçivəsində əqli mülkiyyət hüquqlarının kollektiv idarə olunması sahəsində təcrübə mübadiləsi məqsədilə beynəlxalq seminarların, dəyirmi masaların və forumların, tematik ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, müəllif qonorarının toplanması və bölüşdürülməsi üçün Azərbaycan ərazisində texnoloji xidmətlərin tətbiqi üzrə birgə işlərin aparılması nəzərdə tutulur.

Türk həmkarları ilə hüquqların kollektiv idarə olunması sahəsində təcrübə mübadiləsi Azərbaycan müəllifləri və hüquq sahibləri üçün çox vacibdir. Azərbaycanda açıq və şəffaf əqli mülkiyyət bazarının inkişafını təmin etmək, müəlliflərimizə beynəlxalq platformalara və təşkilatlara çıxış imkanı verir. Ümid edirik ki, əməkdaşlığımız ölkədə müəllif hüquqlarının müdafiəsi mexanizmlərini gücləndirməklə yanaşı, yaradıcı peşələrin nümayəndələrinə öz işlərinə görə layiqli mükafat almaq üçün yeni imkanlar açacaq.

Xatırladaq ki, Azərbaycan və Türkiyənin kollektiv idarəetmə təşkilatları arasında imzalanmış sənəd tarixən bir-biri ilə sıx bağlı olan iki qardaş xalqın şairlərinin, bəstəkarlarının, yaradıcı insanlarının və digər sənət adamlarının müəllif hüquqlarının etibarlı müdafiəsinə xidmət edəcək.

İmzalanan niyyət protokolu Azərbaycan və Türkiyə arasında dostluq qarşılıqlı fəaliyyət nümunəsi olmaqla, tərəflər arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənəd eyni zamanda Azərbaycanla Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanmış tarixi Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində atılan addımlardan biri kimi də dəyərləndirilə bilər. Sözügedən Bəyannamədə qeyd olunur ki, Azərbaycan və Türkiyə hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər.