İlham Əliyev İran prezidentinə başsağlığı verdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisiyə başsağlığı ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Ehtiyatda olan polkovnik-leytenant faciəvi şəkildə öldüGəncədə avtomobilin vuraraq öldürdüyü şəxs Azərbaycan Ordusunun ehtiyatda olan hərbçi olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə iyunun 8-i saat 22 radələrində Gəncə şəhəri ərazisində Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini R.İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Ş.Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısı olub.

Allah rəhmət eləsin!
Dörd min şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi təklif olunan işdən imtina edib"Bu günə qədər 1 000-dən artıq şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub".

Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Sədr bildirib ki, 805 nəfər ictimai işlərə cəlb olunub:

"4 000-ə yaxın şəxs müxtəlif səbəblərdən onlara təklif olunan işlərdən imtina edib. 1 500-dən artıq şəxs peşə təliminə cəlb olunub. İlin sonuna qədər 4000, gələn il üçün 7 000-ə, sonrakı il üçün 10 000-ə çatdırmağı hədəfləyirik. Son üç ildə 1 026 peşə kvalifikasiya standartları hazırlanıb. İlin sonuna 1 500-ə yaxın standartların yekunlaşdırılması nəzərdə tutulub".
"Təkcə cəza və cərimələr yetərli deyil"Ağac əkmək də, ağac kəsmək də birbaşa mədəniyyətlə, tərbiyyə ilə bağlı məsələdir. Söhbət ekoloji mədəniyyətdən, tərbiyyədən gedir. Bu keyfiyyətlərdən məhrum olan bəzi vətəndaşlarımızın, eləcə də bəzi məmurlarımızın və işbazlarımızın ağaclara, paytaxtın "ağ ciyər"lərinə qənim kəsilməsi bir yandan mədəniyyətsizlik, tərbiyyəsizlik göstəricisidirsə, digər yandan isə ağaclara qarşı təşkil olunan bu “səlib yürüşü” şəhərimizin ümumi görünüşünə ciddi xələl gətirir, eyni zamanda insanlarımızın sağlamlığına və xalqımızın genefonduna ağır zərbə vurur.

Biz bir faktı nəzərə almalıyıq ki, hazırda dünyanın əksər ölkələrində yer səthinin təxminən 30 faizi meşəliklərlə örtülüdür, Azərbaycanda isə bu cəmi 11-12 faiz təşkil edir. Yəni ki, ərazilərimizin olduqca az bir qismi meşəliklərlə örtülüb. Bunun da nəticəsində Azərbaycan dünyada ən az oksigen istehsal edən ölkələrdən biri hesab olunur. Belə bir kritik durumda onsuz da yaşıl örtüyü az olan paytaxtımızın olan-qalan ağaclarına da düşmən kəsilmək, onları müxtəlif bəhanələr əsasında kəsib, yerində isə binalar, marketlər tikmək, parklanmalar və s. yaratmaq həqiqətən də əsl cinayətdir.

Bu cinayətə yol verən bəzi görməmiş “iş adamları” da, onlara şərait yaradan bəzi rüşvətxor məmurlar da həm Tanrı qarşısında, həm xalq qarşısında, həm də qanun qarşısında məsuliyyət daşıyırlar. Yaşıllıqları məhv edən həmin “qatil”lər, “səlib”çilər xüsusi nəzarətə götürülməyəndə, onlar cəzasızlıq mühitindən sui-istifadə edib bu cür qeyri-humanist əməllərini, təbiətə qarşı barbarlıqlarını daha da genişləndirirlər.

Şəxsən mənim nəzərimdə Bakıda ağaclara qənim kəsilən bəzi məmurlar və işbazlarla işğal dönəmində Qarabağımızı viran qoymuş, abidələrimizi və məzarlıqlarımızı dağıtmış, evlərimizi yandırmış, meşələrimizi qırıb məhv etmiş erməni vandallarının heç bir fərqi yoxdur. İkisinin də hərəkəti düşmənçilikdir. Paytaxtda ağacları kəsib yerində parkinq və ya digər obyektlər yaratmaq da açıq-aşkar düşmənçilikdir. Ona görə də həmin şəxslər bu addımlarına görə həm ictimai qınağa məruz qalmalı, həm də ki, qanunun bütün gücüylə cəzalandırılmalıdırlar. Əminəm ki, belə də olacaq.

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və onun əvəzində qeyri-qanuni parklanma yerinin yaradılmasına Prezident İlham Əliyevin operativ reaksiya verməsi, məsələni öz nəzarətinə götürməsi də bizdə bu əminliyi daha da qüvvətləndirir. Dövlət başçısının göstərişi ilə, dərhal sözügedən qanunsuz parklanma yeri sökülüb, piyada səkisi isə artıq əvvəlki vəziyyətinə gətirilib. Təqsirkarların müəyyən edilməsi istiqamətində də araşdırmalar aparılır. Yəqin ki, onlar da cəzasız qalmayacaq. Əlbəttə, belələri mütləq cəzalandırılmalıdır ki, bu digərlərinə də görk olsun.

Lakin təkcə cəza və cərimələr yetərli deyil. Bu işlərlə paralel olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi də olduqca vacibdir. İctimai fəallarla, qeyri-hökumət təşkilatlarla yanaşı media da təbiətin mühafizəsi və ekoloji mədəniyyətlə bağlı geniş maarifləndirici işlər aparmalıdır. Hətta siyasi partiyalar da bu mövzuya dair dəyirmi masalar təşkil etməli, həm öz üzvləri arasında, həm də bütövlükdə cəmiyyət üçün maarifləndirici aksiyalar, tədbirlər həyata keçirməlidirlər.

Bir sözlə, toplum olaraq hamımızın paytaxtımızda və bölgələrimizdə təbiətə münasibətimiz dəyişməlidir. Məmləkətimizin hər bir daşını, hər ağacını göz bəbəyimiz kimi qorumalıyıq. Bilməliyik ki, bura bizim hamımızın ümumi evimizdir. Biz ümumilli əhəmiyyətli hər bir məsələdə olduğu kimi təbiəti qorumaq işində də əsl milli həmrəylik nümayiş etdirməliyik. Yol qıraqlarındakı ağaclara, parklardakı güllərə yad münasibət bəsləməməli və özgələrinə də onları məhv etməyə əsla imkan verməməliyik. Yad münasibət göstərsək, laqeydlik nümayiş etdirsək, bunun acı nəticələri bir müddətdən sonra bumeranq kimi özümüzə qarşı çevriləcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Ərdoğandan Yunanıstana xəbərdarlıq: "Zarafat etmirəm"Türkiyə Egey dənizindəki haqlarından geri çəkilməycək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Yunanıstan 1 əsr öncə olduğu kimi peşmanlıqla nəticələnəcək xəyallardan əl çəkməlidir. Ağlını başına topla, özünə gəl. Mən zarafat etmirəm, ciddiyəm.Türkiyə beynəlxalq razılaşmaların ona verdiyi səlahiyyətləri istifadə edəcək”,- Ərdoğan bildirib. 
Rusiya xəritələri təqdim etməyə hazırdır – LavrovErmənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın ilk iclası artıq baş tutub və ikinci iclası olacaq. Rusiya xəritələr təqdim etmək də daxil olmaqla, məsləhətçi yardım göstərməyə hazırdır.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransı zamanı bildirib.

O, həmçinin regionda kommunikasiyaların qarşısının alınması üzrə üçtərəfli komissiyanın işinə diqqət çəkib. Rusiyalı nazir bütün məsələlərin sonda öz həllini tapacağına əmin olduğunu qeyd edib.

Rusiyanın xarici işlər naziri əmindir ki, münasibətlərin tam normallaşmasından başqa yol yoxdur. O əlavə edib ki, şərti sülh müqaviləsi Azərbaycanın təkliflərinə əsaslanır və buna cavab olaraq Ermənistan öz baxışını təqdim edib.

“Öz növbəsində Rusiya vasitəçi, məsləhətçi kimi iştirak etməyə hazırdır”, - deyə Lavrov fikirlərini yekunlaşdırıb.
500-ə yaxın alim Şuşaya səfər adı ilə aldadılıb - DİN araşdırma aparırBir qrup alimə Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edildiyi iddia olunur.

Bu barədə tarixçi alim Arif Gürşadoğlu öz "Facebook" hesabında bildirib.

A.Güşadoğlu qeyd edib ki, Şuşa adına çox saxtakarlıqlar olub, ancaq beləsi hələ olmamışdı:

“Demək, Əlvan Cəfərov adlı bir nəfər - “İksad Azərbaycan”ın baş koordinatoru Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi Şuşa adıyla aldadıb. Konfransa qatılanların az olduğunu bilərək belə bir çirkin oyun qurulub. Bəlkə də Əlvan Cəfərovluq deyil, ancaq istənilən halda bir çirkin oyun qurulub.

Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün gediblər. Kim seçib, necə seçib, bu, başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər və alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin! Xeyirdimi? Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı? 370 nəfərdən 70 manat alanda 25.900 manat edir”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, həmin faktla bağlı hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Uşağa qarşı zorakılıq: Bağça müdiri və aşpaz cəzalandırıldıŞamaxıda uşağa qarşı zorakılığa görə bağça müdiri və aşpaz cəzalandırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Şamaxı şəhər 3 saylı bağçasında tərbiyəçinin uşağın saçının dartılması ilə bağlı sosial mediada yayılan görüntüyə əsasən İdarə müvafiq araşdırma aparıb:

"Araşdırma zamanı bağça müdirinin, tərbiyəçinin, aşpazın və uşaq Gülarə Əsədovanın (ad və soyad şərti verilir) valideyninin izahatları alınıb. İzahatlardan müəyyən edilib ki, çəkiliş bağçada uşaqlardan birinin ad gününün qeyd edilməsi zamanı baş verib. Tədbir zamanı aşpaz tortu otağa gətirib və bu zaman torta yaxınlaşan uşağın saçından arxaya doğru çəkib. Bağça müdiri aşpazın izahatını alıb və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib. Aşpaz hadisənin istəmədən baş verməsini bildirib və buna görə üzr istəyib. G.Əsədovanın valideyni izahatında heç kimdən, o cümlədən aşpazdan da şikayəti olmadığını bildirib. Bağçanın müdirinə əmək funksiyasını yerinə yetirərkən yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib".
Ləğv prosesində olan 2 bankın əmlakı hərraca çıxarılırİyunun 22-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin, iyunun 29-da isə “Texnikabank” ASC-nin daşınar və daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

Bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Bildirilib ki, söhbət “Atabank”a məxsus 1 ədəd "ProLiant DL360 Gen9" markalı server avadanlığından və “Texnikabank”a məxsus Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən 284,4 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Əmlaklara müvafiq olaraq 1,6 min manat və 60 min manat qiymət qoyulub.

Xatırladaq ki, “Atabank”ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarları ilə 2020-ci ildə, “Texnikabank”ın lisenziyası isə 2016-cı ildə ləğv edilib.

Qeyd edək ki, “Texnikabank” 1994-cü ildə dövlət qeydiyyatına alınıb. “Atabank” isə 2000-ci ildə yaradılıb.
Şəmkirdə şok: sevgililər kişini döyüb, təcavüz etdiŞəmkir rayonuna istirahətə gələn kişi döyülüb, daha sonra ona təcavüz edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:

"Araşdırmalar zamanı məlum olub ki, Gədəbəy rayon sakini Orxan Şahbudalov tanışı Həcər Məmmədova ilə tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə ilə qabaqcadan əlbir olaraq Şəmkir rayonuna istirahət üçün gəlmiş Ə. Qədirovun mobil telefonunu əlindən almaq üçün silah qismində dəmir parçasından istifadə edərək hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tədbiq ediblər.

Araşdırmalar zamanı şübhəli şəxslərin zərərçəkmiş şəxsə müxtəlif bədən xəsarətləri yetirmələri və cinsi təcavüz göstərmələri də sübuta yetirilib.

Həmin şəxslərdən Orxan Şahbudalov həbs olunub, Həcər Məmmədova barəsində isə ev dustaqlığı həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir".