"Minsk Qrupunun vasitəçilik institutu tamamilə iflasa uğradı"ATƏT-in Minsk Qrupununun de-fakto fəaliyyətini (daha doğrusu, olmayan “fəaliyyət”ini) dayandırması gözlənilən idi. Odur ki, 30 ilə yaxın nəticəsiz fəaliyyəti və ermənipərəst mövqeyi ilə özünü proseslərdən kənarlaşdırmış bir qrupun indi tarixin arxivinə köçməsinə sensasiyalı hadisə kimi baxmamalıyıq. Tarixi ədalət gec də olsa öz yerini tapır. Minsk Qrupunun 44 günlük müharibədən sonra prosesdən tamamilə kənarlaşması ya bu qrupun buraxılmasıyla nəticələnməli, yadaki bu qrupda transformasiya baş verməli, prosesdə iştirakı davam etdirmək üçün yeni format təklif edilməli, yeni yanaşma ortaya çıxmalıydı.

Rusiyanın Ukraynada törətdiyi vəhşiliklərdən sonra ABŞ və Fransanın Rusiya ilə birgə Minsk Qrupunda təmsil olunmaqdan imtina etməsi bu qrupun tarixə çevrilməsinə son nöqtəni qoydu. Bunun ardınca Kreml Azərbaycan və Ermənistanla danışıqlar aparmaq üçün İqor Xovayevi xüsusi nümayəndə təyin etdi. Rusiyanın bu addımı ABŞ-ı da dərhal hərəkətə keçməyə sövq etdi. Belə ki, Birləşmiş Ştatlar da Minsk Qrupunda fəaliyyətini dayandıraraq, bu qrupdakı amerikalı həmsədr Endru Şoferi Qafqazda danışıqlar üzrə baş müşavir təyin etdi. Bu təyinatların mürəkkəbi qurumamış, Endryü Şofer və İqor Xovayevin Cənubi Qafqaza səfərləri başladı. ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer bu həftə regiona səfəri çərçivəsində Ermənistanda olub.

Maraqlıdır ki, Ermənistan mətbuatı E.Şoferi erməni ictimaiyyətinə köhnə qayda ilə həmsədr kimi təqdim etməyə çalışsa da, lakin ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu Tvitterdə onu Qafqazda danışıqlar üzrə baş müşavir kimi təqdim edərək Ermənistan KİV-nin həqiqəti təhrif etməsinə imkan vermədi. Beləliklə, ATƏT-in Minsk Qrupunun taleyinə də son nöqtə qoyulmuş oldu. Həmsədrlərin xüsusi nümayəndələrlə əvəzlənməsi labüd idi və bununla da tərəflər həmsədrlik formatından birdəfəlik imtina etdilər. Minsk Qrupunun vasitəçilik institutu tamamilə iflasa uğradı.

İndi bu qrupun mövcudluğuna nə vaxt de-yure son qoyulacağı Azərbaycan üçün elə də prinsipial əhəmiyyət kəsb eləmir. Əsas odur ki, Azərbaycan öz cari hədəflərindən birinə nail oldu, Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu yenidən prosesə cəlb etmək niyyətlərinin üzərindən həmişəlik xətt çəkdi. Artıq beynəlxalq qurumların, eləcə də Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində təşkil etdiyi görüşlərdə ATƏT-in Minsk Qrupunun adı qətiyyən çəkilmir. Bu isə heç şübhəsiz ki, birmənalı olaraq Azərbaycanın diplomatik-siyasi uğuru kimi qiymətləndirilməlidir.

İndi Minsk Qrupunun həmsədrlərini prosesdə xüsusi nümayəndələr əvəz edir. Hazırda ABŞ-dan və Rusiyadan olan xüsusi nümayəndələrin Bakıya ayrı-ayrılıqda səfərləri gözlənilir. Maraqlıdır ki, ABŞ öz xüsusi nümayəndəsi vasitəsilə Ermənistan-Azərbaycan münasibətlərinin məhz Brüssel razılaşmaları əsasında tənzimlənməsinə üstünlük verir. Lakin Rusiya lideri Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla son görüşündə səsləndirdiyi ikibaşlı fikirlər isə onu göstərir ki, Rusiya sülh prosesini də öz monopoliyası altına almağa, Avropa İttifaqını prosesdən kənarda saxlamağa və yalnız rusiyalı xüsusi nümayəndənin təkbaşına vasitəçiliyinə can atır. Kreml bu məqsədinə məhz Ermənistanı öz basqısı altında saxlamaqla, eləcə də Qarabağdakı separatçı ermənilərin əliylə nail olmağa çalışır.

Putinin Paşinyan ilə imzaladığı bir sıra sənədlər indi Rusiyaya Ermənistanı öz nəzarət orbitində saxlamağa daha çox imkan verir. Kremlin rəsmi saytının məlumatına əsasən, tərəflər 30 bənddən ibarət əməkdaşlığa dair bəyannamə imzalayıblar. Sənəddə tərəflər yenə də “Dağlıq Qarabağ” ifadəsini işlədiblər. Halbuki, rəsmi Bakı “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidini artıq çoxdan ləğv edib. Putin sözügedən görüşdə həmçinin vurğuladı ki, “Qarabağda hələ çox problem var”. Əlbəttə, Putin bununla bir tərəfdən ermənilərin rəğbətini qazanmaq məqsədini güdürdü, digər tərəfdən isə bu ifadə Azərbaycana ünvanlanmışdı. Yəni ki, Rusiya lideri ismarıc vermək istəyirdi ki, Qarabağa dair heç bir məsələ Moskvanın vasitəçiliyi olmadan tənzimlənə bilməz. Bu Rusiyanın ənənəvi hegemonluq siyasətinin təzahürü idi.

"Amma Azərbaycanın Rusiyanın diktəsi ilə hərəkət etmək fikri yoxdur. Azərbaycan Ermənistan ilə münasibətləri ikitərəfli qaydada nizama salmağa, normallaşdırmağa üstünlük verir. Vasitəçilik etmək istəyənlər isə buyurub bu prosesə öz töhfələrini verə, sadəcə köməklik göstərə bilərlər. Bunu Prezident İlham Əliyev də bu yaxınlarda çıxışlarından birində qeyd etdi. Bizim heç kimə xüsusi vasitəçilik səlahiyyətləri vermək fikrimiz yoxdur. Azərbaycan bu prosesdə eyni zamanda həm Brüsselin (ABŞ-Avropa İttifaqı tandeminin), həm də Moskvanin vasitəçilik təşəbbüslərindən yararlanmağa çalışacaq. Hesab edirəm ki, hazırkı situasiyada bu ən optimal taktikadır.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
QHT-nin layihəsi çərçivəsində aparılan çəkilişlər yekunlaşıbİnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Şəhid və qazilərin həyat yolunu işıqlandıraraq gənc nəslin maarifləndirilməsi” layihəsinin icrası davam edir.

Layihə çərçivəsində nəzərdə tutulan rayonlarda 25 mart 2022-ci ildə Quba, 26 mart 2022-ci ildə Qusar, 28 mart 2022-ci ildə Bakı, 1 aprel 2022-ci ildə Gəncə, 3 aprel 2022-ci ildə Daşkəsən rayonlarında şəhid ailələri və qazilərlə görüşlər keçirildi və çəkilişlər aparıldı. Bununla da, layihə çərçivəsində nəzərdə tutulan bütün çəkilişlər aparıldı və yekunlaşdı. Videoroliklər hazırlanıb növbə ilə “Öndər TV” internet kanalında paylaşılır.

Qeyd edək ki, layihə çərçivəsində 11 regionda- Balakən, Zaqatala, Bakı, Qax, Astara, Cəlilabad, Gəncə, Daşkəsən, Qusar, Quba və Sumqayıtda 20 şəhid və 10 qazinin tanıdılması məqsədilə çəkilişlər apararaq videoroliklər hazırlamaq və “Öndər TV” internet kanalında yayınlamaq nəzərdə tutulur.

Putinin "şeytanı" artıq sınaqdan keçibRusiya “Sarmat” qitələrarası raketinin ilk buraxılışını edib.

Raketə NATO tərəfindən "Şeytan" adı verilib.

Müdafiə Nazirliyi və Putin prosesi şəxsən yox, videobağlantı vasitəsilə izləyib.

Raketin buraxılışını şərh edən Putin Rusiya Federasiyasını təhdid etməyə çalışan ölkələri növbəti dəfə hədələyib.

“Bu həqiqətən unikal silah Silahlı Qüvvələrimizin döyüş potensialını gücləndirəcək, Rusiyanın təhlükəsizliyini xarici qüvvələrdən etibarlı şəkildə təmin edəcək və ölkəmizi təhdid etməyə çalışanları düşündürəcək”.
Yoluxanların bugünkü STATİSTİKASIAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792445 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 603 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib, aktiv xəstə sayı 135 nəfərdir.

Ölkədə son sutka ərzində 4 472, hazırkı dövrədək isə 6 785 398 test aparılıb.
Ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası mövcuddurDini radikalizm bu gün ən aktual problemlərdən biridir. Din ideoloji sahədə ən həssas və incə mahiyyətə sahibdir. Təəssüf ki, ondan siyasi, qrup, şəxsi maraqlar naminə istifadə edən, yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlərə yönələn insanlar da tapılır. Belə insanlar azsaylı qruplar təşkil edərək digər vətəndaşların hüquqlarını pozmağa, inanc kimi saf və ülvi duyğulardan istifadə edərək öz məkrli məqsədlərini həyata keçirtməyə cəhdlər göstərirlər. Aparılan araşdırmalar göstərir ki, həmin qruplar birmənalı şəkildə xaricdən idarə olunurlar.
Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Ölkədə mövcud dini etiqad azadlığından sui-istifadə edən belə radikal ünsürlərin fəaliyyətinə hüquqi qiymət verilməsi, ümumiyyətlə, mübarizə mexanizminin həyata keçirilməsi üçün ötən dövrdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən lazımi işlər görülmüşdür.

Xüsusilə, 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsi analoji problemlərlə mübarizədə çevik fəaliyyət üçün geniş imkanlar yaratmışdır. Bu qanun dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının, eləcə də vətəndaşların hüquq və vəzifələrini təsbit edir.

Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, həmçinin, “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq əlavələrin edilməsi dövlətin dini radikalizm və ekstremizmlə mübarizə sahəsində konkret taktikasını müəyyənləşdirməklə yanaşı, problemin çözümü istiqamətində təkmil mexanizm formalaşdırmışdır. Hazırda mövcud olan qanunvericilik bazası dini radikalizmlə mübarizə sahəsində yetərli qiymətləndirilir.

Sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev deyib ki, dini radikalizm yeni ictimai hadisə deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb. Varfolomey gecəsi, səlib yürüşləri və digər tarixi hadisələr bunun bariz nümunəsidir. Son əsrlər bəşəriyyətin elmi-texnoloji, siyasi-iqtisadi cəhətdən sürətlə irəliləməsinə, yer kürəsinin kiçik bir kəndə dönməsinə baxmayaraq, dini radikalizm aktuallığını itirməyib, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükəyə çevrilib. Günümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir. “Radikalizm” və “ekstremizm” sozləri sinonim kimi işlədilsə də, onlar arasında terminoloji cəhətdən fərqlər mövcuddur. Ekstremist fəaliyyət hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini – etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətləri özündə əks etdirir. Bu dini radikalizmin ən təhlükəli formasıdır: “Dini-siyasi motivli ekstremist və terroristlərin əsas hədəf kütləsi, inandırmağa çalışdıqları əsasən 20- 40 yaşlarında, kişi cinsinə mənsub, orta savada malik, dini bilgiləri az olan yaxud heç olmayan, işsiz və ya az məvaciblə çalışan, himayəsində bir neçə nəfər olan şəxslərdir. Belə demək mümkündür ki, qadınlar dini radikal-ekstremist tipli cərəyanlarla adətən əsas yox, köməkçi rolunu oynayırlar. Bunun səbəblərini daha çox dindar cəmiyyətlərin patriarxal əsasda formalaşması ilə izah etmək mümkündür. Yuxarıda qeyd edilmiş özəlliklərə məxsus insanlarla daha çox işlənilməsinin səbəbi ondan ibarətdir ki, digərləri ilə müqayisədə daha çox təbliğata meyl göstərmələri mümkündür . Həmçinin müəyyən maddi çətinlikləri olan şəxs də digərlərindən daha asan olaraq cərəyanın işinə cəlb edilə bilər. Belə ki, maddi çətinliklərini həll edən insana qarşı hər şəxs müəyyən borc və minnət duyğusu daşıyır və onun apardığı fəaliyyətə yardımçı olmağı da özündə mənəvi bir yük kimi görür”.

Dini ekstremist təşkilatlar isə dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təşkilatdır. Müasir dövrdə ekstremist qruplaşmaların əsas təbliğat məkanı sosial şəbəkələrdir. Onlar əsasən “YouTube” və “Facebook” kimi sosial şəbəkələrdə yerləşdirdikləri postlar vasitəsilə öz ideyalarını qlobal miqyasda yayır, habelə onlardan öz sıralarına yeni davamçılar cəlb etmək məqsədilə istifadə edirlər. Bu qruplaşmalar milli-mənəvi dəyərlərin gözdən salınmasına çalışır, birbaşa, yaxud dolayı yolla zorakılığa çağırırlar. Belə bir təbliğatın təsiri altında formalaşmış gənclər ümumi dəyərlərdən imtina edir, təhsil və özünü təkmilləşdirmədən uzaqlaşırlar: “Təbliğatçılar bundan əlavə tərəfdarlarına geyimlə və zahiri görkəmlə seçilməyi də təlqin edirlər. Lakin qeyd etmək lazımdır ki, heç də bütün ekstremizmə meyilli insanlar bu detala diqqətlə yanaşmır. Onların bir çoxu görünüşə görə digərlərindən çox da fərqlənməməkdədir ki, bu da öz növbəsində onları seçmək işində müəyyən qədər problem yaradır.

Radikallar xalq arasında yayılmış ənənəvi, öz dinləri xaricində olan inanclara qarşı çıxır, Bəzi inançıar isə elm və texnologiyanın, qloballaşmanın gətirdiyi hər cür yeniliyi rədd edir, yalnız öz inanclarının doğruluğunu müdafiə edir, öz “həqiqətlərini” isbatlamaq üçün müqəddəs kitablarından iqtibaslar gətirir, ayələri, hədisləri öz məqsədlərinə uyğun şərh edirlər. Dini radikalizm də bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe mənimsəyən, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorist qrupların fəaliyyətlərə şamil edilir. Qərbdə radikal dini qruplar "yeni dini hərəkatlar" kategoriyası arasında müzakirə edilir. Din sosiologiyası sahəsində bu mövzuda geniş bir ədəbiyyat yaranıb.Yeni dini hərəkatlar ənənəvi dinlərin xaricində inkişaf edən və ya sonradan ayrılan cərəyanlar üçün istifadə olunan termindir”.
Dini radikalizmin yaranma səbəblərinə gəldikdə müəllif qeyd edib ki, sosial ədalətsizlik dini radikalizmin inkişafı üçün münbit mühit yaradır. Cəmiyyətdə baş verən mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif radikal qruplar tərəfindən bacarıqla istifadə edilərək ictimai-siyasi hadisələrin axarına öz təsirini göstərir. Bunun səbəblərini aşağıdakı kimi ifadə edilir:

- Psixoloji problemlər. Ailədə, məktəbdə, universitetdə, yaxud iş yerində laqeydlik və diqqətsizliklə üzləşən, təzyiqlərə məruz qalan insanlar, xüsusilə də psixoloji cəhətdən hələ tam formalaşmamış gənclər getdikcə özlərinə qapanır, cəmiyyətə yadlaşırlar. Bu yadlaşma onlarda mənəvi yoxsulluq doğurur, empatiya, yəni özünü başqalarının yerinə qoya bilmə duyğusunu məhv edir. Həmçinin, problemlərin həll edilə bilməməsi insanlarda natamamlıq kompleksi yaradır və belə bir psixoloji durumda onlar asanlıqla radikalların təbliğatının qurbanına çevrilirlər. Çünki radikallar qarşılarındakını ələ keçirmək üçün ilk növbədə ona özünəinam hissi aşılayır;

- İşsizlik və yoxsulluq radikal qrupların təbliğatına mənfi tərəfdən öz qatqısını əlavə edir. Onlar formalaşmamış, həyat təcrübəsi və dini bilikləri az olan, emosional, sosial statusundan narazı bəzi gəncləri mövcud sosial problemlərə qarşı dini etiraz aləti kimi istifadə edirlər. Cihad, “şəhid olmaq” və ya “əbədi qurtuluş”a çatmaq kimi ekstremist ideyalar da bu zaman onlar üçün dünyəvi məhrumiyyətləri kompensasiya edən rolunu oynayır;
- İqtisadi məhrumiyyətlər dini radikalizmə zəmin hazırlayan ən mühüm amildir. Diqqətlə nəzər edəndə radikalların cərgəsinə daha çox gənclərin cəlb edildiyini görürük. İqtisadi cəhətdən təmin edilməyən gənc nəslin radikal və ekstremist ideyalara meyl etməsi yayqın bir fenomendir. Cihad, "şəhid olma" və ya "əbədi qurtuluş"a çatma kimi ekstremist ideyalar, bu halda dünyəvi məhrumiyyətləri konpensasiya etmə rolunu oynayır. Buna görə də, radikalizmlə mübarizə edərkən sadəcə mötədil dini marifləndirmə ilə yetinməyib, gənclərin və ümumi olaraq cəmiyyətin iqtisadi fürsətlərini artırmaya da əhəmiyyət verilməli.

Təşkilati struktur, eləcə də məqsədyönlü təbliğat və maliyyələşdirmə dini radikalizmin yayılmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, nəsil dəyişmə prosesinin də rolu burada az deyil. Bu proses, xüsusilə MDB ölkələrində kommunizm ideologiyasının hökm sürdüyü SSRİ dövründə doğulan nəslin sayının çoxalmasında müşahidə olunur. Belə ki, gənclərin dini savadının az olmasından istifadə edənlər bu boşluğu müxtəlif radikal inanclar və xurafatla doldururlar. Xüsusilə, sosial ziddiyyətin və sosial iqtisadi problemlərin kəskin olduğu regionlarda bu proses daha intensiv cərəyan edir.

Radikalizmdən dini arındırmaq üçün nə etməli?: Din insan mənəviyyatının əsasında durmaqla, sosial münasibətlərin tənzimlənməsində xüsusi rol oynayır. Mahiyyətinə nəzər saldıqda dinin insanlara xoşbəxtlik gətirdiyi, ədaləti, digərlərinin hüquqlarına hörməti və hər kəsin haqqının təmin olunmasını təbliğ etdiyi açıq-aydın özünü büruzə verir. Lakin real həyatda din pərdəsi altında qeyri-humanist ideyaların tətbiqi də müşahidə olunur. Din adından həyata keçirilən hər hansı subyektiv fəaliyyət dinin naqisliyindən qaynaqlanmır. Problem dini hökmlərin tətbiqində qeyri-obyektiv mövqe nümayiş etdirilməsindən, dinin əsas mahiyyətini və məqsədini nəzərə almamasından qaynaqlanır.

Savadsızlıq – xüsusilə də dini savadsızlıq və cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçınılmazdır. Dini radikalizmin kökündə xurafat elementlərinə rast gəlinir. Məişət müstəvisində dəyərləndirdiyimiz xurafat dini radikalizmin özəyini təşkil edir. Odur ki, dində əsli olmayan düşüncələr mövhumat və xurafatı, bunlar isə öz növbəsində cəhalət ilə üsyanları doğurur. Bunların arxasında isə insanların inanclarını istismar edərək böyük gücə çevrilməyə çalışan qanuntanımaz adamlar dayanır. Belə mühitin yaranmaması üçün isə elm, təhsil mütləqdir. Ancaq təəssüf ki, bu gün bəzi cəmiyyətlər getdikcə elmdən, təhsildən, araşdırmadan uzaqlaşırlar. Ona görə də mövhumat və cahillikdən doğan radikalizm dünyada meydan sulayır. Dininin təməl prinsiplərindən xəbərsiz, zəif iradəli insanların dini savadsızlığı da burada öz sözünü deyir. Dini təhsilin istənilən səviyyədə olmaması və ya bu yöndə təhsil almış kadrların düzgün istiqamətləndirilməməsi də dini düzgün anlamama və anlatmamağa gətirib çıxarır.

Dünyaya inteqrasiya proseslərində zəif iştirak edən kütlələrin çoxluq təşkil etdiyi regionlarda əhali ənənəvi – patriarxal həyat tərzi sürür. Bu faktor radikal sektalar üçün çox əlverişlidir, çünki onların irəli sürdüyü dini konsepsiyalar konservatizm üzərində qurulub. Din ve siyasətin birləşməsi birinci növbədə dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə gətirib çıxarır. Dinin ilkin hədəf və məqsədi insanların ruhi saflığı və mənəvi tərbiyə vasitəsi olduğuna görə, onu siyasətə alət etməyə yol vermək olmaz. Buna görə də liberal demokratik siyasi quruluşlar, inanc və etiqad azadlıqlarını qanunlarla təminat altına alır, digər tərəfdən isə dini siyasətdən və dövlətdən ayırmaqdadır.

Azərbaycan Respublikası dünyəvi, demokratik dövlətdir. Ölkə Konstitusiyasına görə din dövlətdən ayrıdır. Xalq milli ənənələrini, milli-mənəvi dəyərləri yaşatmağa çalışır, multikultural dəyərlərə böyük hörmətlə yanaşır. Azərbaycanda heç bir din nümayəndəsinin başqaları ilə problemi yoxdur. Azərbaycan tolerant ölkə kimi tanınıb. Hər zaman bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərib. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi Azərbaycanı da narahat edir. Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, bu və ya digər məsələyə yanaşmada elmə üstünlük verməklə yanaşı, milli-dini dəyərlərə əsaslanmaq vacibdir. İnsanlar təhsil almaqla təbiət və cəmiyyət hadisələrinin mahiyyətini anlaya bilirlər. Məhz təhsil vasitəsilə insan milli və bəşəri dəyərləri mənimsəyir, cəmiyyətin inkişaf xüsusiyyətlərini öyrənə bilir, özünü dərk edərək həqiqəti anlamağa, cəmiyyətə fayda verməyin məsuliyyətini hiss etməyə başlayır. Bu yanaşma həm də onu deməyə əsas verir ki, təhsil bilik, bacarıq və vərdişlərin məcmuyu olmaqla yanaşı prosesdir, nəticədir, dəyərdir, vasitədir.

Dini radikalizm və ekstremizmə qarşı mübarizədə ailədə aparılan tərbiyə işi ilə bərabər, məktəbdə təlim-tərbiyə işinin məqsədəuyğun təşkili mühüm əhəmiyyət kəsb edir. Təhsil prosesində milli-dini dəyərlərin elmi-pedaqoji tələblərə uyğun öyrədilməsi böyüməkdə olan nəsilləri tarixi köklərinə, türkçülüyə, Azərbaycançılığa möhkəm tellərlə bağlayır, onlar milli ruhlu şəxsiyyətlər kimi yetişir, multikultural dəyərlərə, digər xalqların da inanclarına, mədəniyyətlərinə hörmətlə yanaşır, ümummilli birliyin möhkəmləndirilməsində torelantlığın əhəmiyyətini dərk edirlər. Bunun üçün aşağıdakı meyarların nəzərə alınması zərurəti meydana çıxır;

• Təlim və tərbiyənin keyfiyyət baxımından yüksəldilməsinə təsir edən müvafiq dəyərlərin düzgün seçilməsi;
• Dəyərlərin cəmiyyətin milli mənlik şüurunun formalaşdırılması kontekstində izah edilməsi;
• Cəmiyyətdə məntiqi, tənqidi, yaradıcı təfəkkürün inkişaf etdirilməsi;
• Cəmiyyətdə vətəndaşlıq keyfiyyətlərinin formalaşdırılması və inkişafı;
• Cəmiyyətdə Azərbaycan dövlətçiliyinə sədaqət hissinin formalaşdırılması.
Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin yaranmaması, yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası mövcuddur.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb
Prezident diaspor nümayəndələrini təltif etdi - SİYAHIPrezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Dostluq” ordeni ilə

Əliyev Eldar Ağabala oğlu

Əliyeva Adilə Seyfulla qızı

Krapivin Oleq Andreyeviç

Məmmədov Əmirullah Məmmədəli oğlu

Nisanov Qod Semyonoviç

Şıxlinski Şahin Mütvəli oğlu



“Tərəqqi” medalı ilə

Abdullayev Çingiz Əli oğlu

Abdullazadə Xatirə Sərdar qızı

Avşarov Rauf Muxtar oğlu

Bağırova Frəngiz Arif qızı

Cavadova-Spitsberq Cəmilə Cəlil qızı

Əhmədov İlham Ənvər oğlu

Həsənov İmamyar Fikrət oğlu

Qayıblı Xaqani İsmayıl oğlu

Qonçarova-İoffe Kamelliya Kamal qızı

Muradov Nazim Zirəddin oğlu

Nəcəfov Hacalı Nəcəf oğlu.
İstehlakçılara polietilen torbalardan istifadənin azaldılması vərdişləri aşılanıbAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə,«Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi (EMİB) tərəfindən həyata keçirilən “Vətəndaşlarda plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişlərinin aşılanması” layihəsinin icrası davam edir.

Avrasiya.net xəbər verir ki, EMİB-dən verilən məlumatda bildirilib ki, 4 ay müddətində icra olunan layihənin əsas məqsədi vətəndaşlarda plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişlərinin aşılanmasıdır. Belə ki, araşdırmalarla təsdiq edilib ki, dünya ölkələri üzrə plastik və polietilen tullantıların yalnız 20 faizi təkrar emal olunur. Qalan hissə kortəbii surətdə ətraf mühütə atılır ki, bu da sonradan fauna və floraya çox ciddi zərər vurur.

Sübut olunub ki, insan orqanizminə zərərli maddələrin 80 faizi məhz plastik tullantılar vasitəsi ilə daxil olur. Odur ki, bərk məişət tullantılarının düzgün emalı bu gün dünya dövlətlərini narahat edən ən mühüm məsələlərdəndir.Döğrudur, Azərbaycan hökuməti tərəfindən də bu istiqamətdə müəyyən qərarlar qəbul edilib, bəzi tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Ardınca isə Azərbaycan Respublikasının Milli Məclisi “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edərək 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsini qadağan edib. Ötən müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləsə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu sahədə hər hansı ciddi irəliləyişə nail olunmayıb. Bütün ticarət və ictimai iaşə obyektlərində istehlakçılara polietilen torbalar və plastik qablar satılmaqdadır. Baxmayaraq ki, qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri ( inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə olunurlar) nəzərdə tutulur.

Elə «Ekoloq-2010» EMİB də sözügedən layihəni icra etməklə bu sahədəki boşluqları aradan qaldırmaq, vətəndaşları da çox maarifləndirməyi qarşısına məqsəd qoyub.

Bu məqsədlə EMİB tərəfindən hazırlanan və üzərində “Polietilen torbalardan imtina edək, sağlamlığımızı və təbiəti qoruyaq! ” şüarı yazılan parça bazarlıq torbaları paytaxtdakı iri supermarketdə- “NEPTUN” və “BOLMART” mağazalarında istehlakçılara pulsuz olaraq paylanılıb, onlarla maarifləndirmə söhbətləri aparılaraq, gələcəkdə alış-veriş zamanı polietilen torbalardan deyil, məhz ekoloji təmiz parça torbalardan istifadə edilməsinin vacibliyi vurğulanıb.

Keçirilən aksiyalar istehlakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Heydər Əliyev və dil mədəniyyətimizHeydər ƏLİYEV: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik".

Dil mədəniyyətin bünövrəsidir, çünki dilin köməyi ilə ünsiyyət qurulur, mədəni normalar müəyyən edilir, bir sözlə, onsuz insanın cəmiyyətdə həyatı mümkün deyil. Məhz dilin sayəsində mədəniyyətlər nəsildən-nəslə ötürülür və uşaqlar öz ana dillərini mənimsəyərək əvvəlki nəsillərin ümumiləşdirilmiş təcrübəsini də mənimsəyirlər. Dil obyektləri, hadisələri və onların əlaqəsini düzgün qiymətləndirməyə kömək edir, insan fəaliyyətinin təşkili və əlaqələndirilməsini şərtləndirir.

Eyni zamanda dil təfəkkürə və mədəniyyətə münasibətdə müəyyənedici vasitə olaraq dünyanın spesifik mədəni simasını dərk edən insanın şəxsiyyətini formalaşdıran amildir. Hər bir xalqın, hər bir millətin var olmasının ən başlıca səbəbi özünəməxsus dilinin olmasıdır. Biz də fəxrlə deyə bilərik ki, bir xalq, bir toplum kimi zamanın bütün sınaqlarından ləyaqətlə keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxara bilmişik. Şükürlər olsun ki, dərin tarixi kökləri olan dilimiz, mədəniyyətimiz və öz tariximiz var. Qürurluyuq ki, bu dildə danışan 50 milyondan çox həmvətənimiz dünya mədəniyyətinə böyük şairlər, yazıçılar, alimlər, siyasətçilər və dahilər bəxş etmişdir.

Məşhur etnoqraf Lev Qumilyov etnosun qorunmasında dil ünsürünün ən vacib amil olduğunu qeyd edirdi. Bu konteksdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin yaşadılması və inkişafı uğrunda apardığı mübarizənin mahiyyətini dərk etmək o qədər də çətin deyil. Dil mədəniyyətinə münasibət barədə Ulu Öndər deyir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur".

Heydər Əliyev bu dahiyanə fikri ilə dili əyilməzliyin, ölməzliyin simvolu sayır, onu milli sərvət adlandırır, bu müqəddəs mirasın babalarımızın əmanəti olduğunu, qorunmasını isə vətəndaşlıq borcu hesab edir.

Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adam adlandırmaqla millətin bütövlüyünün milli dildən keçdiyini çatdırır. Bütün bu göstərilənlər uzun illər Azərbaycana rəhbərlik etmiş böyük dövlət adamının mübarizələrlə dolu həyatının əsas leytmotivini təşkil edir. Ulu Öndər dil məsələsində mövqeyini hələ Azərbaycan Konstitusiyası hazırlanmazdan əvvəl, SSRİ Konstitusiyası barədə cəsarətlə söylədiyi fikirlərində bildirmişdi. Azərbaycanın rəhbəri SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Belə mövqe, əslində, dil məsələsi ilə bağlı gözlənilən təhlükənin qarşısını almaq, çətin şəraitdə ana dilinin dövlət dili statusunu qorumaq məqsədı güdürdü.

Tarixə nəzər salaq. Respublikanın SSRİ-nin tərkibində olduğu vaxtda, 1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Rus dilinin hakim dil olduğu Sovetlər Birliyi dönəmində buna nail olmaq qeyri-real görünürdü, lakin Heydər Əliyev dühası və cəsarəti bu məsələdə həlledici rol oynadı. Burada xüsusi vurğulamalıyıq ki, Sov.İKP MK-nın bu sahəyə məsul olan katibi Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya layihəsinə salınmasına etiraz edirdi. Hətta bəzi müttəfiq respublikaların rəhbərləri də bu məsələdə Heydər Əliyevə qarşı idilər. Tarixçi-alim M.Qasımlı öz kitabında qeyd edir ki, Ukrayna MK-nın birinci katibi Şerbitski Heydər Əliyevə qarşı çıxaraq deyirdi ki, siz konstitusiyanıza belə bir maddə yazdıqda gərək biz də dövlət dili haqqında maddə əlavə edək. Lakin Azərbaycanın rəhbəri ona bildirir ki, sizə heç kim mane olmur, böyük respublikasınız, ölkədə sizin xüsusi çəkiniz vardır, istəsəniz yaza bilərsiniz, kimsə sizə mane olmaz. Ulu Öndərin o dövrdə xalqımız üçün necə böyük, müqəddəs iş görməsi bu gün Rusiya-Ukrayna münasibətləri fonunda daha aydın görünür. Heydər Əliyev L.İ.Brejnevə problemi əhatəli, dərin məntiqi ilə əsaslandırır və bu məsələni Azərbaycan xalqının xeyrinə həll edir. Azərbaycan dilinin Konstitusiya layihəsində əksini tapması ilə yanaşı, bu layihənin 73-cü maddəsində yazılan, hüquqi cəhətdən SSRİ-nin federativ dövlətdən unitar dövlətə keçməsinə zəmin yaradan "SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir" maddəsi də layihədən çıxarılır.

2 aprel 1978-ci ildə IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-in Konstitusiya layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə yeni redaksiyada verilir: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 21 aprel 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Qeyd etməliyik ki, 1921-ci ildə Azərbaycan SSR Konstitusiyasında dilimiz haqqında heç bir maddə salınmamışdır. 1937-ci ildə isə Azərbaycan SSR Konstitusiyası layihəsində nəzərdə tutulur ki, dövlət dili türk dilidir. Moskvadan tapşırıq gəlir ki, həmin maddə çıxarılsın. Belə də olur, sonra isə bu məsələ tamamilə unudulur.

Ulu Öndər Heydər Əliyev "xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir" söyləyərək bu məsələdə müstəsna xidmətlərinin olmasına baxmayaraq, bu tarixi uğuru xalqımızın böyük qələbəsi kimi qiymətləndirirdi. Əlbəttə, Heydər Əliyevin ana dili məsələsində prinsipial, qəti və barışmaz mövqe tutması rus dilinin tam əleyhinə getməsi demək deyildi. O yaxşı başa düşürdü ki, Sovet İttifaqı xalqlarının elmi, mədəni tərəqqisi, dünyaya çıxışı əsasən rus dili vasitəsilə həyata keçirilir. Dünyanın ən son elmi və mədəni nailiyyətləri ölkədə məhz ilk olaraq rus dilinə, sonra isə milli dillərə çevrilirdi. Buna görə də Ulu Öndər azərbaycanlıların ikinci dil kimi rus dilini mükəmməl bilmələrinin qəti tərəfdarı kimi çıxış edirdi. Böyük rəhbər azərbaycanlıların yalnız ana dili çərçivəsində məhdudlaşıb qalmasının da əleyhinə idi.

Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsi xüsusi yer tuturdu. Ümummilli Lider ana dilinin saflığına çalışaraq bunu alim, şair, yazıçılardan, bütövlükdə, ziyalılardan qətiyyətlə tələb edirdi. Azərbaycanın rəhbəri, hətta rəsmi toplantılarda bu məsələ barədə öz prinsipial mövqeyini açıq-aydın, birbaşa bildirirdi. Məsələn, Azərbaycan yazıçılarının VII qurultayındakı nitqində Heydər Əliyev ana dili haqqında uca səslə, çəkinmədən deyirdi: "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. ...Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır".

Məhz Ümummilli Liderin sayəsində ilk dəfə olaraq bir neçə dilçi alimə dövlət mükafatı verildi. Azərbaycan dilçilərinin nüfuzu qalxdı. Mükafatların verilməsi ana dilinin istifadə dairəsinin genişlənməsinə kömək edirdi. Heydər Əliyev yalnız bununla kifayətlənmir, əvvəlki illərdə müəyyən təzyiqlərə məruz qalmış alimlərə qayğı göstərirdi. Azərbaycanın rəhbərinin ana dilinə diqqət və qayğısı nəticəsində respublikada ana dilində nəşr edilən kitabların tirajı artırılırdı. Məsələn, 1979-cu ildə Azərbaycanda nəşr edilən 1300 adda 13 milyon 800 min nüsxə kitabın 11 milyon 100 min nüsxəsi ana dilində idi.

Heydər Əliyevin ana dilinə və doğma torpağa sıx bağlılığı Azərbaycanın yeni himninin müzakirəsi zamanı özünü bir daha büruzə verdi. O, Azərbaycana diyar, region kimi deyil, SSRİ-nin bərabərhüquqlu müttəfiq respublikası kimi baxır, onun hüquqlarını qətiyyətlə qoruyur, hətta hər ifadə üstündə təkidlə israr edirdi. Onun sədrliyi ilə keçirilən Azərbaycan KP MK-nın 1978-ci il 14 aprel tarixli iclasında respublikanın yeni himni haqqında məsələ müzakirə edilərkən məlum oldu ki, himnin mətnində "respublika" sözü yoxdur. Müzakirə zamanı Heydər Əliyev mətnə "respublika" sözünün salınmasının vacibliyini söyləyir. Çıxış edən bəzi şəxslər himnin mətninə "respublika" sözünün salınmasının heç cür alınmadığını deyirlər. Azərbaycanın rəhbəri isə israrla və açıq şəkildə bildirir: "Mən çox istərdim ki, "respublika" sözü mətndə olsun. Mənə deyirlər ki, heç cür alınmır. Mən hesab edirəm ki, belə sözün olmasına nail olmaq lazımdır. Biz Azərbaycan, dövlət, diyar haqqında danışırıq, amma bura respublikadır. Yaxşı olardı ki, burada "respublika" sözü olsun".

Təkidlərdən, məntiqli izahlardan sonra mətnə "respublika" ifadəsi daxil edildi və bəyənilərək Azərbaycan Ali Soveti Rəyasət Heyəti tərəfindən təsdiq olundu. Bununla bağlı Azərbaycan rəhbəri deyirdi: "Himn bizim ümumi iftixarımız, ümumi qürurumuzdur, sərvətimizdir. Mən özümü də hansısa dərəcədə bu himnin müəllifi hesab edirəm".

Azərbaycan dilinin inkişafından, qorunmasından danışarkən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi zamanı dil məsələsinə necə həssaslıqla yanaşmasının bir daha şahidi olduq. Məhz Konstitusiyanın dillə bağlı maddəsinin televiziya ekranlarından canlı yayımda ziyalıların iştirakı ilə müzakirə edilməsi də bunun bariz nümunəsi idi. Demokratik düşüncəyə malik böyük dövlət adamı Heydər Əliyev Konstitusiyanın həmin maddəsini müzakirə edərkən öz fikrini sonda deyəcəyini, heç kimi təsir altına salmaq istəmədiyini bildirir və ziyalılara öz düşüncələrini müstəqil ifadə etmək üçün şərait yaratdı. Müzakirələr zamanı dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.

Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Əsas qanunumuz qəbul edildikdən sonra bu sahədə məqsədyönlü strateji siyasət özünü göstərdi. Dövlət başçısı ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayaraq bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail oldu. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır.

İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən fərmanla həmçinin Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından çox mühüm addımlar atılmaqla bərabər dilimizin daha da inkişaf etdirilməsi və gənc nəslə sevdirilməsi ilə bağlı tədbirlər sırasında Ulu Öndər 9 avqust 2001-ci il tarixli fərmanı ilə Azərbaycan əlifbası və Azərbaycan dili gününü təsis etmişdir. Bu fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Sözsüz ki, bu istiqamətdə aparılan siyasətin ən vacib tərkib hissələrindən biri də "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir.

30 sentyabr 2002-ci ildə qəbul edilmiş qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Bütün sahələrdə olduğu kimi, Heydər Əliyevin uğurlu siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyev bu strategiyanı davam etdirir. Prezident İlham Əliyevin bu sahədə apardığı siyasətə qiymət verərkən onun latın qrafikası ilə Azərbaycan və dünya klassiklərinin əsərlərinin kütləvi tirajla Azərbaycan dilində çap olunmasını qeyd etmək lazımdır. Ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanı ana dilimizin inkişafına dair mühüm əhəmiyyət kəsb edən vacib sənədlərdən biridir. Prezident Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında qeyd etmişdir ki, "Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir".

Prezident İlham Əliyevin qeyd edilən çıxışında əsas məqamlardan biri də dilin qorunması və inkişafının məhz mədəniyyətlə dilin vəhdətində öyrənilməsinin vacibliyidir. Bu prizmadan baxdıqda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın folklorumuzun, aşıq musiqisinin, muğamlarımızın, maddi və qeyri-maddi mədəni irsinin inkişafında göstərdiyi misilsiz xidmətlər ana dilimizin qorunması üçün ən vacib amillərdən biri kimi dəyərləndirilməlidr.

Heydər Əliyev və dil mədəniyyətimiz haqqında yazını böyük şairimiz B.Vahabzadənin "Ana dili" şeiri ilə tamamlamaq istəyirik.

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir...onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.


Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Təlimçiləri bir çətir altında birləşdirən sayt fəaliyyətə başlayıbAzərbaycan Menecment və İnvestisiya Korporasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Quliyevin Avrasiya.net-ə verdiyi məlumata görə, ölkəmizdə fəaliyyət göstərən təlimçi, konsultant, mentor, kouç və peşə təlimçilərini birləşdirən bu saytda hər kəs qeydiyyatdan keçə və göstərdiyi xidmətlər və mövzuları qeyd edə bilər.

Zənnimizcə, bu sahədə özünü peşəkar təlimçi vəzifəsində görmək istəyən şəxslərlə çalışaraq uğur qazana və işin perspektivlərini ortaya çıxara bilərik. Bildiyimiz kimi, Azərbaycanda bu sahədə kadr azlığı var, başqa sözlə desək, öz işində müvəffəq təlimçilər azlıq təşkil edir. Eyni zamanda, sözügedən təlimçilər çox az sayda tanınır və yaxud tanınmır.

Eyni zamanda təlimçi, mentor, konsultant, kouç və peşə təlimçilərinə ehtiyacı olan hər bir fiziki və hüquqi şəxs bu platformadan rahatlıqla istəklərinə uyğun ekspert tapa bilərlər.

Bizim də əsas məqsədimiz, bu kimi problemləri aradan qaldıraraq, peşəkar təlimçiləri birləşdirən platforma, təlimçilər, məsləhətçilər və şirkətlər arasında şəbəkələşmə, qarşılıqlı əlaqə və məlumat mübadiləsi üçün şərait yaratmaqdır. Əsasən, bu platforma müxtəlif sahələrə xidmət edən məsləhətçilər, biznes təlimçilər, mentorlar, kouçlar, peşə təlimçiləri və bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçündür

Bir sözlə, hər kəsin faydalanacağı bir saytı sizlərə təqdim edirik: https://telimciler.az/

Qeyd edim ki, Azərbaycan Təlimçi və Məsləhətçilərin Platformasının fəaliyyətindən istifadə tamamilə ödənişsiz tənzimlənir.
Rusiya bu ölkələrin konsulluqlarını bağlayırRusiya Latviya, Estoniya və Litvanın Sankt-Peterburq və Pskovdakı konsulluqlarını bağlayır.

Bu barədə Rusiya Xaric İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya ölkədəki Latviya, Litva və Estoniya konsulluqlarının bütün əməkdaşlarını arzuolunmaz şəxs elan edib. Latviya, Estoniya səfirləri və Litvanın müvəqqəti işlər vəkili bu gün Xarici İşlər Nazirliyinə çağırılıb, onlara etiraz notaları təqdim edilib”, - məlumatda qeyd olunub.