"Ermənistan dövlətinin gələcək taleyi məhz Azərbaycanla sülh anlaşmasından asılıdır"Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşünü birmənalı olaraq uğur saymaq olar. Bu uğurdan Ermənistanın özünə də pay düşür. Çünki yekun sülh müqaviləsinin imzalanmasına dair prosesə start verilməsi son nəticədə Ermənistanın da maraqlarına uyğundur. Bu mənada görüşdən sonra bəyanat yayan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel danışıqların müsbət keçdiyini bildirəkdə tamamilə haqlıdır.

Onun bəyanatından aydın oldu ki, görüşdə sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar verilib. Həmçinin ən həssas məsələlərdən biri olan delimitasiya və demarkasiya ilə bağlı işçi qrupunun, birgə komissiyanın yaradılması ilə bağlı razılığa gəlinib. Dörd saatdan artıq davam edən Brüssel görüşündə regional kommunikasiyaların açılması məsələləri də ətraflı müzakirə edilib.

Maraqlıdır ki, bu gün Nikol Paşinyan da hökumətin iclasında İlham Əliyevlə görüşündən danışarkən bir daha sülhə hazır olduqlarını qeyd edib və bildirib ki, Brüsseldə keçirilən danışıqlarda iki cəbhədə, iki istiqamətdə irəliləmək barədə razılığa gəliblər. Söhbət sərhədlərin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması, eləcə də İrəvanla Bakı arasında sülh danışıqları üçün ilkin şərtlərin formalaşdırılması haqqında razılaşmadan gedir. Bu məsələlərin hər ikisi də taleyüklü məsələlərdir və Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi ilk növbədə məhz bu iki məsələ üzrə müsbət nəticələrin əldə edilməsindən asılıdır.

Şarl Mişelin bəyanatından görünür ki, 44 günlük müharibənin bitməsindən keçən il yarım ərzində bu istiqamətlərdə hökm sürən durğunluğa Brüssel görüşündə son qoyulub və necə deyərlər, proses “ölü nöqtə”dən tərpənməyə başlayıb. Sözügedən hər iki məsələ üzrə işçi qrupunun və birgə komissiyanın yaradılması barədə razılığa gəlinməsi artıq sözdən əməli işə keçmək üçün real zəmin yaradır. Hiss olunur ki, əvvəlki dövrlərdən fərqli olaraq hazırkı mərhələdə Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün də olduqca mühüm prioritet məsələlərə çevrilib və buna görə də Şarl Mişel bəyan etdi ki, görüşdə razılaşdırılan məsələlər üzrə növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün tərəflər arasında güclü kommunikasiya və koordinasiya olacaq. Bu çox ciddi və prinsipial yanaşmadır.

Bu açıqlama onu göstərir ki, Moskvadan fərqli olaraq Brüssel Ermənistan ilə Azərbaycan arasında real sülhün əldə olunması istiqamətində görüləcək işlərdə və aparılacaq danışıqlarda süründürməçiliyə, süni əngəllərə yol vermək, “ikili standart”lardan çıxış etmək niyyətində deyil. Bu, Moskva formatı ilə Brüssel formatı arasında prinsipial fərqlərdən biridir. Deməli, bu görüşdən sonra qeyd edilən təməl məsələlər – yekun sülh sazişinin imzalanması və sərhədlərin delimitasiyasının həyata keçirilməsi istiqamətində qarşıdakı günlərdə və həftələrdə hər iki tərəfdən ciddi hərəkətlənməni müşahidə edəcəyik.

Beləliklə, bu görüş nəticəsində Brüsseldə belə demək mümkünsə, sülh gündəliyi, “yol xəritəsi” formalaşdırıldı və Şarl Mişelin bəyanatından da məlum oldu ki, Azərbaycan tərəfinin bu görüş ərəfəsində irəli sürdüyü 5 maddədən ibarət sülh təklifi paketi rəsmi İrəvan tərəfindən artıq qəbul edilib. Deməli, sülh sazişi və delimitasiya istiqamətində işlər də məhz bu paket əsasında aparılacaq. Bu baxımdan, bəzi erməni siyasətçilərinin "milli maraqlarımızı Brüsseldə basdırdılar” kimi bədbin açıqlamaları nəyə görə vermələrinin səbəbi də elə burdan aydın olur. Görüş zamanı və eləcə də Şarl Mişelin bəyanatında qondarma “"Artsax"ın statusu haqqında heç bir söz deyilməməsi və ATƏT-in Minsk Qrupunun həmsədrləri institutunun gündəmə gətirilməməsi, daha doğrusu, faktiki olaraq ləğv olunması erməniləri ciddi şəkildə məyus edib.

Heç də təsadüfi deyil ki, Ermənistan müxalifəti Brüssel görüşü ilə bağlı yayılan bəyanatı İrəvan üçün arzuolunmas sənəd sayıb. Ermənistanın "Respublika" partiyasının sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyanın “Brüssel görüşü göstərdi ki, Azərbaycan böyük diplomatik qələbəyə çox yaxındır" deyə açıqlama verməsi ümumiyyətlə, erməni müxalifətinin məğlubiyyət psixologiyasına kökləndiyini göstərir. Bu da erməni müxalifətinin proseslərə məhdud çərçivədən yanaşmasının təsdiqidir. Ermənistan müxalifəti bu cür ənənəvi-revanşist yanaşmadan əl çəkməli və Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə edilməsində öz hökumətinə kömək etməlidir. Çünki erməni xalqının və Ermənistan dövlətinin gələcək taleyi məhz Azərbaycanla sülh anlaşmasından asılıdır. Bunu görməmək siyasi korluq olardı.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Qruzeviç: Kiyevə hücum gözlənilirRusiya qoşunlarının Ukraynanın şərqinə yerləşdirilməsi, Donetsk və Luqansk vilayətlərinə nəzarəti ələ keçirmək cəhdindən sonra Kiyevə qarşı ikinci hücum gözlənilir.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.

"Vəziyyət gərgin olaraq qalır. Düşmən istiqamətini dəyişib və yaxın gələcəkdə Donetsk və Luqansk vilayətlərini nəzarətə götürməyə çalışacaq, bundan sonra paytaxta ikinci hücum gözlənilir", - Qruzeviç bildirib.
“Şərurlu İsfəndiyar” və sabiq klub prezidenti məhkəməyə verilib“Azərbaycan Beynəlxalq Bankı” ASC “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov, onun şirkəti “Stil Tikinti” MTK və fəaliyyəti dayandırılmış “Bakılı” futbol klubunun sabiq prezidenti Misir Əbilovu məhkəməyə verib.

“Report”un əldə etdiyi məlumata görə, bank kredit müqaviləsi iddiası ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

İddia hakim Nigar Nəbizadənin icraatına verilib. Məhkəmənin vaxtlı hələlik məlum deyil.
Eynulla Fətullayevə 4000 avro təzminat ödəniləcəkAvropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, aprelin 7-də jurnalist, “Haqqin.az” saytının rəhbəri “Eynulla Fətullayev Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

AHİM-in qərarı haqda hüquq müdafiəçisi Xalid Ağalıyev xəbər verib.

Məhkəmə ərizəçinin vəkillərinin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb.

“Bu iş Eynulla Fətullayev “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru kimi həbsdə olarkən üzərindən narkotik tapılması ittihamları ilə bağlı idi. AİHM hesab etdi ki, bu işdə jurnalistlə bağlı bütün məhkəmə prosesləri ədalətsiz olub, Konvensiyanın 6.1-ci maddəsi pozulub”,- deyə hüquq müdafiəçisi bildirib.

AHİM-in qərarına əsasən, hökumət jurnalistə 4000 avro təzminat ödəməlidir.
BMT-nin 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdiMahirə Hüseynova
ADPU-nun Beynəlxalq əlaqələr
üzrə prorektoru, professor


Azad seçki fəaliyyəti bəşər sivilizasiyasının nailiyyətləri sırasında xüsusi yer tutur. Müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünütəşkil mexanizmlərinə malik cəmiyyətin mövcudluğunu azad və ədalətli seçkilərsiz təsəvvür etmək mümkün deyildir.

1993-cü ildə Ümummilli lider Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü illərdə keçirilən prezident seçkilərində də Ölkə başçıcı cənab İlham Əliyev yenidən inamlı qələbə qazandı.

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74,3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.
Ölkə başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçmiş, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənmiş, onun qüdrəti və iqtisadiyyatı daha da artmış, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.

Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

Tarixə nəzər salsaq görərik ki, ötən 18 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prezidentliyi dönəmində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir. Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın 2018-ci ildə keçirilən prezident seçkilərində Ölkə rəhbəri cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə düzgün mövqe tutduğunu bir daha sübut edir.
Kreml Brüssel görüşünə belə REAKSİYA verdiRusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Aydındır ki, proses çox uzundur, lakin belə bir sənədin bağlanması istiqamətində irəliləyiş çox müsbət faktdır və alqışlanır", - Rusiya prezidentinin sözçüsü deyib.

Peskov Azərbaycan və Ermənistanın sülh danışıqlarına hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Görüşdən sonra bəyanat yayan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel danışıqların müsbət keçdiyini bildirib.
Bakıda şirkət sahibinin meyiti tapıldıSalyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.

Hələlik onun ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.
Türkiyə Qaşıqçı cinayəti işini Ərəbistana ötürdüTürkiyə jurnalist Camal Qaşıqçının qətli ilə bağlı məhkəmə prosesini dayandıraraq onu Səudiyyə Ərəbistanına təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Qaşıqçı 2018-ci ilin oktyabrında İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunda öldürülüb. 2020-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı məhkəməsi Qaşıqçı qətli işi üzrə yekun hökm çıxarıb. Səkkiz müttəhimdən beşi 20 il, biri 10 il, daha ikisi isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
"AzerGold”un nümayəndə heyəti Tülallar kəndində sakinlərlə görüşüb “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) mövcud istehsalat sahələrinin inkişaf etdirilməsi, genişləndirilməsi, o cümlədən yeni mədənlərin yaradılması istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə Göygöl rayonunun Tülallar kəndi yaxınlığındakı eyniadlı geoloji kəşfiyyat sahəsində də müvafiq işlər görülür. Cari ildə istismara verilməsi planlaşdırılan “Tülallar” mədənində hasil ediləcək filizlərin də Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində (ÇİRES) hazırda inşa edilməkdə olan filiz emalı zavodunda maksimum səmərəliliyi təmin edən çən aşındırma (CİL) metodu ilə emal edilməsi hədəflənir.

Xatırladaq ki, 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Tülallar”la yanaşı onun cinah sahələri, “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh”, “Ağyoxuş 2”, eləcə də ötən il Cəmiyyətimizin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində aşkarlanan “Nərimanlı” potensial qızıl yatağından çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Tülallar geoloji kəşfiyyat sahəsi və ətraf ərazilərdə yerləşən xüsusi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin Cəmiyyət tərəfindən istifadəyə götürülməsi üzrə “AzerGold” QSC-nin, Göygöl Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinin və Zurnabad bələdiyyəsinin təmsilçilərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərfindən zəruri addımlar atılır.

Belə ki, Tülallar kəndinin sakinləri ilə xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində istifadə hüquqlarının əldə edilməsi istiqamətində növbəti görüş keçirilib. “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Cəmiyyət tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin torpaq və digər əmlakların qiymətləndirilməsinə dair apardığı təhlillər barədə sakinlərə məlumat verib, prosesin məhz vətəndaşların maraqlarının qanunvericiliyin tələbələrinə uyğun qaydada nəzərə alınmaqla həyata keçiriləcəyini bir daha qeyd edib.

X.Fərzəliyev “Tülallar” mədəninin işə salınması ilə əhalinin, xüsusilə də gənclərin məşğulluğunun artırılacağını, ümumilikdə bölgənin iqtisadi inkişafına, rifah səviyyəsinin yüksəldilməsinə böyük töhfə veriləcəyini görüş iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra kənd sakinlərinin təklifləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ilkin plana əsasən, geoloji kəşfiyyat sahəsinin əhatə dairəsinə düşən və ətrafında yerləşən fərdi yaşayış evlərinin və yarımtikililərin yerləşdiyi ərazilərdən istifadə hüququnun əldə edilməsi, növbəti mərhələdə isə torpaqların mövcud kateqoriyalarının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinat kateqoriyasına keçirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı Cəmiyyətin rəhbərliyi, həmçinin İşçi Qrupun üzləri kənd sakinləri ilə mütəmadi olaraq görüşür, fərdi qəbullar təşkil edilir. Müvafiq qiymətləndirmə işləri çərçivəsində vətəndaşlarla yenidən görüşlər keçiriləcək növbəti addımlar barədə geniş məlumat təqdim ediləcək.