Azərbaycan gəncləri azad, özünə güvənən ölkədə yaşayırCavid Hüseynov
ADPU-nun mətbuat katibi


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan forumdakı çıxışında və müzakirələr zamanı səsləndirdiyi fikirlərdə ölkə həyatının bir çox sahələrində, eləcə də iqtisadiyyatda mövcud vəziyyəti dəyərləndirdi. Bu görüş bütün gənclərə yeni stimul verir, eyni zamanda, öhdəliklər müəyyənləşdirir. Azərbaycan gənclərinin innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışı təşviq olunur. Gənclərə göstərilən diqqət və qayğı onların dövlət quruculuğu prosesinə cəlb edilməsini, eləcə də icra orqanlarında təmsil olunmalarını təmin edir. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır.
Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır.

Yetişməkdə olan nəslə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bundan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində, gənclərimiz bir çox sahələrdə böyük nailiyyətlər qazanırlar. Bütün bu uğurlarla yanaşı, müasir Azərbaycan gənci həm də Vətənə və dövlətə bağlılığı ilə seçilir. Onların vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunə olmalı, eyni zamanda, bütövlükdə cəmiyyətimizin və dövlətimizin uğuru kimi qiymətləndirilməlidir.

Vətən müharibəsi zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar.
Hazırda işğaldan azad edilən ərazilərimizin bərpa və yenidən qurulması, həmin ərazilərdə iqtisadi inkişafın formalaşması ilə bağlı sistemli və kompleks tədbirlər həyata keçirilir və bu zaman Dördüncü Sənaye İnqilabının çağırışları diqqətdə saxlanılır. Layihələrin gerçəkləşdirilməsi zamanı müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqinə mühüm önəm verilir. Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalandı. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur.

Bu gün bütün dünya etiraf edir ki, Prezident İlham Əliyevin ən böyük dayağı doğma xalqı və cəmiyyətin aparıcı qüvvələrindən biri olan Azərbaycan gəncliyidir. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs vahid amal uğrunda, möhtərəm Prezidentimizin də söylədiyi kimi, “dəmir yumruq” kimi birləşdi. Bundan sonra da gənc nəslin nümayəndələri, qalib dövlətin təmsilçiləri kimi, heç kimdən çəkinməyən, hər zaman milli və dövlətçilik maraqlarını müdafiə edən müzəffər liderin ətrafında daha sıx birləşəcəklər.
Əliyev və Paşinyanın videoformatda görüşü oldu - FotoFevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulanıb.

Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğulayıb.

Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verib.

Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb.

Prezident İlham Əliyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

Görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib.
MEDİA AŞDİİ-yə cavab verdiMedianın İnkişafı Agentliyi (MEDİA) yanvarın 26-da Avropa Şurasının Demokratik İştirak İdarəsinin (Directorate of Democratic Participation) tabeliyində olan Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasının rəsmi səhifəsində “Azərbaycanda yeni media məhdudiyyətləri qəbul edilir” başlığı altında yerləşdirilən məlumatda “Media haqqında” qanun layihəsinin məzmunu və mahiyyətinə dair bir sıra əsassız iddialara cavab verib.

Agentlikdən bildirilib ki, MEDİA bununla bağlı cavab hüququndan istifadə edərək, Avropa Şurasının Demokratik İştirak İdarəsinin direktoru Matias Qrudenə məktub göndərib.

Məktubda qeyd olunub ki, qanun layihəsi Azərbaycanın beynəlxalq öhdəlikləri nəzərə alınmaqla hazırlanıb və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının hər kəsin öz fikrini ifadə etmək azadlığı hüququnu nəzərdə tutan 10-cu maddəsinin tələbləri əsas götürülüb, layihənin ideya və məqsədləri müvafiq maddənin məzmununa uyğun olaraq formalaşdırılıb.

Agentlik Matias Qrudenin nəzərinə çatdırıb ki, qanunda tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhəd müəyyən edilib.

Xüsusi olaraq vurğulanır ki, qanun layihəsinin müddəaları sosial şəbəkələr, video paylaşım platformaları, internet televiziyaları, habelə blogger və bu kimi digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur. Layihə jurnalist anlayışını daha geniş mənada istifadə edərək, rəsmi olaraq hər hansı media subyektində işləyən şəxslərlə yanaşı, “freelancer” kimi fəaliyyət göstərən şəxsləri də jurnalist adlandırır, yalnız qəzet, jurnal, televiziya və radiolarda deyil, veb-saytlarda fəaliyyət göstərən jurnalistlərə də jurnalist statusu və bu statusdan istifadə hüququ tanınır.

Jurnalist vəsiqəsi məsələsinə aydınlıq gətirən Agentlik qeyd edib ki, beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərə vəsiqənin könüllülük əsasında verilməsi nəzərdə tutulub. “Vahid jurnalist vəsiqəsi” deyil, sadəcə “jurnalist vəsiqəsi” adlanan bu vəsiqə şəxsin həqiqətən jurnalist olduğunu deyil, ona dair məlumatların həqiqətən reyestrə daxil edildiyini təsdiq edən sənəddir və onu əldə etmək üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur”, deyə məktubda vurğulanır.

Həmçinin qeyd olunur ki, qanun layihəsində reyestrə daxil edilməmiş jurnalistlərə münasibətdə heç bir məhdudiyyət nəzərdə tutulmayıb: “Jurnalistlər adıçəkilən vəsiqəni əldə etmədən də peşəkar fəaliyyətlərini maneəsiz və yeni qanun layihəsi ilə müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və onların bu sahədə fəaliyyətinin inkişaf etdirilməsi məqsədi daşıyır”.

Məktubda, həmçinin media subyekti təsis etmək üçün dövlət orqanlarından icazə tələbinin olmadığı, jurnalistlərin üzərinə fakt və hadisələrin obyektiv şərhinə dair hər hansı bir öhdəlik qoyulmadığı, qeyri-rəsmi mənbədən əldə edilən məlumatın yayımlanmasına qadağanın nəzərdə tutulmadığı vurğulanır: “Əksinə informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi məqsədilə dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyulub”.

Bununla yanaşı, gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə və ya onları yaymağa yol verilən halların dairəsi müəyyənləşdirilərkən də Avropa Konvensiyasının 10-cu maddəsinə istinad edilib:

“Layihənin müvafiq norması hər hansı şəxsə xəbərdarlıq etmədən onun barəsində audio və ya video yazı, foto çəkilişin aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilmə üsuluna, yəni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir. Yəni, hansısa görüntünün yayımlanması üçün yazılı icazənin alınması tələb olunmur”.

Məktubun sonunda qeyd olunur ki, qanun layihəsinə əsasən media sahəsində dövlət senzurası qadağandır: “Layihə dövlət senzurasını qadağan etməklə media sahəsindəki münasibətlərin müasir çağırışlara və tendensiyalara uyğun nizama salınmasına, bu sahədəki fəaliyyətin dairəsinin genişləndirilməsinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində meydana çıxan subyektlər də daxil olmaqla media subyektlərinin hüquqlarının qorunmasına yönəlmişdir və media azadlığını təmin edir”.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin cavab məktubu Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasında yerləşdirilib.
İşçiləri Vilyam Hacıyevin üzünə durdu - Özü etiraz etdiİmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində elan olunmuş Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə bağlı ittihama aydınlıq gətirib. Vəkil bildirib ki, orada söhbət bir neçə ov tüfəngi barıtından gedir.

Daha sonra məhkəmədə şahidlər ifadə verib. Şahid qismində ilk olaraq, İmişli Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri olan Rahim Zahidov ifadə verib. R.Zahidov bildirib ki, işini itirməmək üçün qanuni və qanunsuz bütün tapşırıqları yerinə yetirməli olub: "Vilyam Hacıyev tərəfindən vətəndaşlara mənzillərin verilməsi və torpaqların icarəyə verilməsi ilə bağlı tapşırıqlar verilirdi. Mənzillərin verilməsi zamanı qanunsuzluqlar olurdu. Mənzil növbəsində olan adam qalırdı kənarda, başqa adamlara ev verilirdi. Dəfələrlə başçının özünə də deyirdim ki, növbədə dayanan adamlar var, onların hüququ pozulur. Cavabı da belə olurdu ki, mən deyirəmsə, edilməlidir. Mənzillərin satış qiymətləri isə otaq sayına görə dəyişirdi. Məsələn, yadımdadır ki, 2 otaqlı mənzilə görə 10 min manat, 3 otaqlıya görə 18 min manat alınırdı."

Şahid torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı da danışaraq bildirib ki, İcra Hakimiyyəti tərəfindən müəyyən torpaq sahələri də rüşvət müqabilində satılırdı: "Məsələn, bir nəfərə 70-80 min manata torpaq sahəsi satılmışdı. Torpaq satışı ilə bağlı məsələlər dövlət torpaq şöbəsi ləğv olunana qədər davam etdi".

Məhkəmədə müdafiə tərəfi vəsatət qaldıraraq şahidin ifadəsində səsləndirdiyi epizodlara görə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: "Bu şəxs hələ də icra hakimiyyətində eyni vəzifədə işləyir, demək dediyi əməlləri indi də davam etdirir. Həmçinin, özünün dediyinə əsasən, qanunsuzluqları görsə də, susub. Xahiş edirik tədbir görülsün".

Vəsatətə münasibət bildirən Vilyam Hacıyev şahidə ondan əvvəl işləmiş icra başçılarının vaxtında qanunsuzluqlar olub-olmadığını soruşub. Şahid isə ona “Xeyr, sizdən əvvəl olmayıb. Çünki onlar qanunsuz tapşırıqlar vermirdi", cavabını verib.

İmişli Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəhbəri Nazim Rəsulov da məhkəmədə şahid qismində ifadə verib. Şahid V.Hacıyevin ondan həftəlik hesabatlar tələb etdiyini deyib: "Görülən işlər haqqında yox, həftə ərzində yığılan rüşvətlə bağlı ona hesabat verilirdi. Soruşurdu nə qədər rüşvət toplanıb, rüşvət daxil olmayanda deyirdi ki, isləmirsiz də".

Proses fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.
Vəzifədən azad olunacağımı gözləmirdim – Viktor QasımovSəhiyyə nazirinin müavini vəzifəsindən azad olunacağımı gözləmirdim.

Avrasiya.net xəbər verir ki, bu sözləri Qaynarinfo.az-a bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Viktor Kərimoviç Qasımov deyib. Viktor Qasımov bildirib ki, bu vəzifəsindən azad olunsa da, hər hansısa bir işə təyin edilməyib:

"Bilmirəm bundan sonra hansı işlə məşğul olacam. Həkim kimi də fəaliyyətimi nəzərdən keçirəcəm. Baxacam vəziyyətə. Görüm nə olacaq. Vəzifəmdən azad olunacağımı gözləmirdim. Bunu mən də sizin kimi bu gün öyrəndim. Dörd müavin vəzifəsindən azad olunub. Heç birimizə hər hansısa bir vəzifə verilməyib".

Viktor Qasımov qərara hörmətlə yanaşdığını bildirib və ölkə başçısı İlham Əliyevə ona göstərdiyi yüksək ehtimada görə təşəkkür edib:

"Mənə böyük etimad göstərilmişdi, nazir müavini təyin edilmişdim. Bu təyinat ağır dövrdə oldu. Etimadı doğurtmağa çalışdım, işlədim. Allah prezidentimizə, birinci vitse-prezidentimizə can sağlığı versin. Hamımız ağır dövürdə əl-ələ verib işlədik".

Sabiq nazir müavini vurğulayıb ki, səhiyyə sistemi vahid olmalıdır:

"Səhiyyə Nazirliyinə yeni tərkib gəldi, yeni müavinlər təyin olundu. Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər. Mən bir mütəxəssis kimi demək istəyirəm ki, səhiyyə sistemi vahid olmalıdır. Səhiyyəni parçalamaq olmaz”.
İraqdan İŞİD liderinin öldürülməsi ilə bağlı açıqlamaİŞİD lideri Əbu İbrahim əl-Haşimi əl-Qüreyşinin ABŞ əməliyyatı ilə öldürülməsi İraqın bu təşkilata qarşı son əməliyyatının bir parçasıdır.

Bunu İraqın Baş naziri Mustafa Kazımi deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Suriyadakı əməliyyat zamanı İŞİD terror təşkilatının liderlərindən biri Əbu İbrahim əl-Haşimi əl-Qüreyşinin məhv edildiyini açıqlamışdı.
Ərdoğdu Bakıdan üzr istəməlidir - Hulusi KılıçCümhuriyyət Xalq Partiyasının İstanbul millət vəkili Aykut Ərdoğdunun ittihamlarını ən sərt şəkildə pisləyirəm. Bu ittihamların heç biri doğru deyil, yalandır, məqsəd isə Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. TANAP-la bağlı iddialar da yalandır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç deyib. Keçmiş səfir rəqəmlərlə məsələni izah edib:

“TANAP-ın gerçəkləşməsi üçün 6,3 milyard dollar sərmayə yatırılıb, buradan Türkiyə podratçıları 4,5 milyard dollar gəlir əldə edib və layihədə ölkəmiz 30%-lik paya sahibdir. Ayrıca TANAP-la bağlı Azərbaycanın “Şahdəniz” yatağındakı qaz payından bir hissəsini Türkiyəyə verməsi nəticəsində ölkəmizin payı 9%-dən 19%-dək artıb. Bu layihə çərçivəsində 15 min insan hazırda işləyir.

Digər tərəfdən, 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51%-i açıq şəkildə tender yolu ilə 2 milyard 40 milyon dollara Azərbaycana satılıb. Azərbaycan daha sonra sözügedən şirkətə əlavə sərmayə qoyub. Bu çərçivədə Azərbaycanın sərmayələri ilə Türkiyə üçün böyük əhəmiyyətə malik olan STAR neft emalı zavodu və “Petkim” neft-kimya kompleksi açılıb. Ümumilikdə bu günədək Azərbaycan Türkiyəyə 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 12-13 milyard civarında sərmayə qoyub. Görülən bu qədər işləri heçə saymaq, yalan danışmaq olmaz. Aykut Ərdoğdu Azərbaycan Xarici İşlər Nazirliyinin ona cavabını çox yaxşı oxumalıdır. Həm özü, həm də mənsub olduğu partiya Azərbaycandan üzr istəməlidir”.

Hulusi Kılıç Ərdoğdunun onun haqqında olan iddialarına cavab verərək açıqlamanın tarixinə diqqəti çəkib:

“Dünən bir müzakirə proqramında bu gün sizə sadaladığım rəqəmləri eyni ilə hər kəsin diqqətinə çatdırdım. Bu gün isə Aykut Ərdoğdu mənim haqqımda “SOCAR-ın İdarə Heyətinin üzvü olan səfir” sözlərini Tvitter səhifəsində yazıb. Mən on il bundan əvvəl “Petkim”in İdarə Heyətinin üzvü olmuşam. “Petkim” isə Azərbaycanın da payının olduğu Türkiyə şirkətidir. Ayrıca həmin vaxtı mən artıq səfir deyildim.

Bir də açıqlamanın zamanına diqqətinizi çəkmək istəyirəm. Aykut Ərdoğdu Şuşa Bəyannaməsinin TBMM-də təsdiq edildiyi və cənab Ərdoğanın Ukraynaya tarixi səfər etdiyi gün sözügedən açıqlamanı verdi. Səbəb, məqsəd və hədəf bəllidir. Ancaq hər kəs bilməlidir ki, heç kim belə açıqlamalarla bizim qardaşlığımıza zərbə vura bilməz. Bizim qardaşlığımız belə maneələri və daha böyük zərbələri dəf edə biləcək qədər dərin kökə və gücə sahibdir”.
Bakıda avtobus sürücüsü bu hərəkəti ilə hər kəsi heyrətləndirdi - VİDEOBu görüntülər 2 fevralda “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusda çəkilib.

Avrasiya.nrt trend-ə istinadla xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, avtobus dayanacaqda olan vaxt sürücü Oqtay Novruzov körpənin dayanmadan ağladığını görüb və valideynlərinin icazəsi ilə onu sakitləşdirmək üçün qucağına alıb.

"Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib. Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir.

“Müntəzəm marşrut xətti üzrə avtobus sürücüsünün təlimatına aid bir hal olmasına baxmayaraq, sürücünün xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir", - deyə M.Ağayev bildirib.
“Avropa İttiafqı ilə əməkdaşlığın davam etdirilməsinə hazırıq”Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar ötən gün Avropa Komissiyasının Struktur İslahatlara Dəstək Baş direktoru Mario Navanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə onlayn görüş keçirib.

Avrasiya.net xəbər verir ki, görüş zamanı müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Tatar görüş zamanı Kıbrıs türk tərəfinin Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa hazır olduğunu bildirib.

KKTC Prezidenti "AB-nin Kıbrıs türklərinə qarşı hər hansı ayrı-seçkilik etməsinin qarşısını alması vacibdir. Bizim mövqeyimiz AB ilə ətraf mühit, təhsil, ticarət və turizm kimi müxtəlif mövzularda əməkdaşlığımızı davam etdirmək və inkişaf etdirməkdir", deyib.

İki xalq arasında əməkdaşlıq və normal münasibətlərin yaradılmasına maneənin Kıbrıs türklərinə qarşı davam edən ədalətsiz təcrid olduğunu vurğulayan Ersin Tatar, Aİ-nin iki tərəf arasında iqtisadi bərabərsizliyi aradan qaldıracağına dair vədini xatırladıb.

Prezident Quzey Kıbrsın infrastrukturunun inkişafı da daxil olmaqla, iqtisadi və sosial sərmayələrlə iki tərəf arasındakı balanssızlığın aradan qaldırıla biləcəyini və bunun balanslı bir uzlaşmaya təkan verə biləcəyini ifadə edib. O, Kıbrıs türk xalqının Aİ-nin bərabərsizliyi qidalandıracaq siyasətlərdən əl çəkərək, vədlərinə əməl etməsini gözlədiyini bildirib və münaqişəyə deyil, həllinə töhfə verməyə çağırıb.
Rasim Məmmədovun saxlanma xəbəri yayıldı - VİDEOÖzünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun saxlanılma anının görüntüləri yayılıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Rasim Məmmədovdan hüquq-mühafizə orqanlarına bir neçə vətəndaş şikayət edib. Saxlanma əməliyyatını ərazi üzrə Sumqayıt polisi həyata keçirib.

Xatırladaq ki, Rasim Məmmədov daha əvvəl məktəb direktoru olan bacısının qalmaqalı ilə gündəmə gəlmişdi. Belə ki, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalisti təhqir etməsi ilə bağlı səs yazısı yayımlanmışdı. Bundan sonra Rasim Məmmədov bacısını müdafiə edən çıxışlar etməyə başlamışdı. Bir müddət sonra Nailə Məmmədova işdən çıxarıldı.

Rasim Məmmədovun saxlanma anının əməliyyat görüntülərini təqdim edirik