Ermənistan ordusunun iki əsgəri ÖLDÜ - YENİLƏNİBKəlbəcər istiqamətində baş verən toqquşmada Ermənistan ordusunun iki hərbi qulluqçusu ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölən erməni hərbi qulluqçuların adları Artur Mxitaryan və Rudik Qaribyandır.

Daha iki erməni hərbçinin yaralandığı qeyd olunur.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

***

19:25

Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyət davam edir.

Avrasiya.net xəbər verir ki, Azərbaycan ordusu cavab tədbirləri görür.

Ermənistan Müdafiə Nazirliyi itkilərin sayının dəqiqləşdirildiyini bildirib. Məlumata görə, indiyədək üç erməni hərbi qulluqçunun yaralandığı təsdiqlənib.

***

18:47

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribat törədib. Təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri təxribata cavab olaraq müvafiq tədbirlər görüb.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cavab tədbirləri zamanı təxribata cəhd edən erməni hərbi qulluqçulardan biri yaralanıb.



Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan varPaytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Avrasiya.net BNA-ya istinadən xəbər verir.

Daşıyıcının verdiyi məlumata görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqforun qırmızı işığında keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.

Vüqar Səfərli Əli Həsənov və oğlunu məhkəməyə verdiLəğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinin detalları məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, onun şikayətində KİVDF-in həqiqətən Mətbuat prospektidə yerləşən binada icarə haqqı müqabilində icarəçi kimi fəaliyyət göstərdiyi bildirilib.

Bildirilib ki, Fondla icarəyə verən arasında bağlanan rəsmi müqavilələr mövcuddur:

“Həmin müqavilələr üzrə ödəniş sənədləri də cinayət işinin materiallarına əlavə edilib”.

Şikayətdə qeyd edilib ki, V.Səfərli tərəfindən ödənilmiş icarə haqqı üzrə hər hansı məbləğ mənimsənilməyib:

“İcarə sahəsinin yerləşdiyi binada dövlət hesabına maliyyələşən digər qurumlar, QHT fondu və digər fondlar fəaliyyət göstərib. Bina əlverişli məkanda, nəşriyyata və redaksiyalara yaxın mövqedə yerləşir. Fondun fəaliyyət göstərdiyi ünvan üzrə ödənilən icarə haqqının dövlət tərəfindən müəyyən edilən standartdan artıq olmasına dair dövlət orqanlarından heç vaxt irad bildirilməyib”.

Eyni zamanda apellyasiya şikayətində icarə haqqının bazar qiymətlərindən artıq olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın da təyin edilməsi tələb olunur:

“Bu hal məhkəmə iclasında şahid qismində dindirilən Azərmətbuatyayım ASC-nin nümayəndəsinin ifadəsi ilə də öz əksini tapıb. Hadisənin mexanizmindən görünür ki, müqavilə əsasında pul vəsaiti Fonda ayrılıb və eyni qaydada da “icarə haqqı” təyinatı ilə Həsənli Şamxal Əli oğlunun hesabına transfer edilib. Belə olan halda həmin pul vəsaitlərinin ayrıldığı və çatdığı yer bəllidir. Göründüyü kimi, icarə haqqı üzrə hər hansı məbləğdə pulun Vüqar Səfərliyə qaytarılmaması və yaxud bu epizod üzrə onun hər hansı formada bəhrələnməməsi onun qeyd edilən epizod üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə məsuliyyətini istisna edir”.

Müdafiə tərəfi həmçinin apellyasiya şikayətində jurnalistlər üçün inşa edilən binaların tikintisi zamanı yol verilən qanunazidd əməllər nəticəsində dövlətə məxsus 16 928 086,44 manat məbləğində pul vəsaitinin talanması epizodu üzrə də aparılan məhkəmə istintaqından narazı olduğunu qeyd edib:

“Həmin epizod üzrə Vüqar Səfərlinin əməlində talama cinayətinin tərkibini yaradan heç bir fakt yoxdur. Həmçinin qeyd edilməlidir ki, tikinti üzrə ziyan Vüqar Səfərli tərəfindən deyil, Ədalət Vəliyev (Əli Həsənovun bacanağı) tərəfindən ödənilib. Belə ki, Ədalət Vəliyev Portos MMC-də vəzifəyə münasibətdə formal bir şəxs olmasını bildirsə də, 36 000 000 manat dəyərində olan əmlakı ziyanın əvəzini ödəmək üçün təqdim edib. Həmçinin iş materiallarından görünür ki, Portos MMC Əli Həsənovun oğlu Şamxal Həsənova məxsus olub. Tikintinin əvvəldən axıra qədər aparılmasında bütün göstərişlər Əli Həsənov tərəfindən verilib (şahid ifadələrinə əsasən). Vüqar Səfərli Əli Həsənovun göstərişlərini mübahisələndirmək iqtidarında olmayıb”.

Şikayətdə qeyd edilib ki, bu epizod üzrə V.Səfərli günahkar deyil, onun barəsində bəraət hökmünün çıxarılması istənilir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin hökmə əsasən, keçmiş icraçı direktorun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.
Düşmən Kəlbəcəri atəşə tutdu: Şəhidimiz varAzərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ayaz Azər oğlu Nəzərov şəhid olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
"Azərsu" 47 Vətən müharibəsi iştirakçısını işə götürüb"Azərsu" ASC ötən il 47 Vətən müharibəsi iştirakçısını və 3 şəhid ailəsi üzvünü işlə təmin edib.

Bu barədə Avrasiya.net-ə qurumdan bildirilib.

Məlumata görə, işlə təmin olunmuş Vətən müharibəsi iştirakçısının 2-si döyüşlərdə yaralanıb.

Hazırda “Azərsu”da müharibə iştirakçısı olmuş 900 nəfər çalışır. Onlardan 590-ı I Qarabağ, 309-u II Qarabağ, 1-i isə aprel döyüşlərinin iştirakçısıdır.

“Azərsu”yun 188 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan 3 nəfəri şəhid olub, 23 nəfəri yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivin 21 işçisinin ailə üzvü şəhid olub, 46 ailə üzvü isə yaralanıb. Eyni zamanda səhmdar cəmiyyətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub və onlardan 1-i xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb.

Qurum son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailəni içməli su ilə təmin edib.

Ekspert akkumulyator batareyalarının təhlükələrindən bəhs edibMüasir dünyanın ən mühüm problemlərindən biri ekoloji problemlər və onların törətdiyi fəsadlardır. Ekoloji problemlərin yaranma səbəbləri geniş spektri əhatə edir. Bu səbəblərin ən önəmlilərindən biri akkumulyator batareyaları kimi təhlükəli məişət tullantılarının düzgün utilizasiya olunmamasıdır.

Bu fikirləri Müvəkkil Hüquq Mərkəzinin Ekologiya Derartamentinin rəhbəri, ekologiya üzrə ekspert Mirvari Vəkilova İDEA İctimai Birliyinin işləmiş batereyaların qəbulu üçün məntəqələr yaradılmasına münasibət bildirərkən söyləmişdir.

Ekspert M.Vəkilova bildirib ki, akkumulyator batareyalarının tərkibində olan civə, qurğuşun, nikel, sink, maqnezium, kadmium kimi ağır metallar torpağa, suya düşdükdə ətraf mühitə ciddi ziyan gətirir.

Belə ki, bir ədəd atılmış batareya 20 m2 ərazini zəhərli maddələrlə çirkləndirə bilir. İstifadə olunmuş akkumulyator batareyaları təkcə ətraf mühitə deyil, insan orqanizminə də böyük zərər gətirir. İşlənmiş batareyaların evdə, torpaqda, suda qalması ilə zəhərli maddələrin insan orqanizminə keçməsi nəticəsində onkoloji xəstəliklər, görmənin zəifləməsi, dəri xəstəlikləri, ağciyər xəstəlikləri, əsəb pozğunluğu, yorğunluq, halsızlıq, və s. kimi fəsadlar yarana bilir. Bu səbəbdən də həmin tullantıların düzgün idarə olunması, təşkil olunması və utilizasiyasının təmin edilməsi ətraf mühitin və insan sağlamlığının qorunmasına kömək edir.

Ekspertin sözlərinə görə işlənmiş akkumulyator batareyalarının atılması nəticəsində zərərli maddələrin insan orqanizminə və ətraf mühitə təsirlərinin azaldılması üçün bir çox ölkələr öhdəliklər götürmüşdür. Belə ki, Avropa İttifaqında 27 ildən artıqdır ki, akkumulyatorların məcburi utilizasiyası haqqında qanun var. Avropa İttifaqı ərazisində akkumulyator batareyalarının atılması qadağandır, bu səbəbdən onların utilizasiyasında 40-dan artıq şirkət iştirak edir. Batareyaların çeşidlənməsinə xüsusi diqqət yetirilir.

M.Vəkilova: “Azərbaycanda işlənmiş batareya tullantılarının utilizasiyası məsələsini ilk dəfə İDEA İctimai Birliyi gündəmə gətirib və onların Bakı şəhəri üzrə təhsil müəssisələrində qəbul məntəqələri quraşdırılmışdır. Ölkəmizdə ekoloji durumu yaxşılaşdırmaq məqsədilə işlənmiş batareyaların toplanması və gələcəkdə utilizasiya edilməsi ətraf mühitə mənfi təsirləri mininmuma endirilməsinə gözəl tövhə olacaq”.
İran sərhədlərini açdıİran koronavirusla əlaqədar qonşu ölkələrlə quru sərhədlərdən vətəndaşların keçidinə tətbiq etdiyi məhdudiyyəti ləğv edib.

Avrasiya.net-in məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi jurnalistlərə açıqlamasında deyib.

Ə.Vəhidinin sözlərinə görə, qonşu ölkələrə vətəndaşların gediş-gəlişi PCR testi və iki doza vaksinlə mümkündür. Bundan başqa bəzi Afrika ölkələri ilə də tətbiq olunan məhdudiyyətlər ləğv edilib:

“Lakin bəzi Avropa ölkələri, o cümlədən Fransa və İngiltərə ilə tətbiq olunan məhdudiyyətlər öz qüvvəsindədir. Digər ölkələrə aid məhdudiyyətlər isə araşdırılmaqdadır”, - deyə o bildirib.

Qeyd edək ki, 25 dekabrda İran qonşu ölkələrlə quru sərhədlərinin vətəndaşlar üçün 15 gün müddətinə bağlı olduğunu elan etmişdi.

Tayvan qırıcısı qəzaya uğradıTayvan Hərbi Hava Qüvvələrinə məxsus F-16V qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, Çzyai aerodromundan havaya qalxdıqdan 30 dəqiqə sonra qırıcı ilə əlaqə itib.

Şahidlərin məlumatına görə, təyyarə Dunşi qəsəbəsi yaxınlığında dənizə düşüb.

Dərhal xilasetmə əməliyyatına başlanılıb.
Azərbaycanda çox sayda şəxsdə "Omikron" ştamı aşkarlandıAzərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir: "Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "Omikron" variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır".

Birgə məlumatda bildirilib ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12-də SARS-CoV-2 21K "Omikron" variantı aşkarlanıb: "Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamnan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".

Kamran Ağayev məşqçiliyə başlayırAFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq qapıçısı Kamran Ağayevlə görüşüb.

Avrasiya.net xəbər verir ki, E.Məmmədov futbolçu karyerasını başa vuran Kamran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

K.Ağayev karyerası ərzində Türkiyə, Portuqaliya, Çexiya klublarında çıxış edib və Azərbaycan milli komandasının heyətində 79 oyun keçib. AFFA-nın təklifi ilə Kamran Agayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.

Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.