2 Fevral – Azərbaycan gəncliyi dövlət siyasətinin strateji subyekti kimi
Müasir Azərbaycan dövlətinin inkişaf fəlsəfəsində gənclər xüsusi yer tutur. Bu, təsadüfi deyil, uzunmüddətli və düşünülmüş dövlət strategiyasının tərkib hissəsidir. 2 fevral – Gənclər Günü məhz bu strategiyanın ideoloji və siyasi mahiyyətini əks etdirən əlamətdar tarixdir. Bu gün gənclik yalnız gələcəyin ümidi deyil, həm də bu günün real gücü kimi çıxış edir.
Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla 2 fevral Gənclər Günü elan edilməsi dövlətin gənclər siyasətinin institusional əsaslarının formalaşdırıldığını və gənclərə etimadın və onların potensialına inamın siyasi ifadəsi idi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti həmin strateji xəttin müasir dövrün çağırışlarına uyğun davamıdır. Azərbaycan gəncliyi güclü dövlətçilik ideyaları, milli maraqlara sədaqət və müasir dünyagörüşü əsasında formalaşır. Dövlətin əsas məqsədi gənclərin bilikli, rəqabətqabiliyyətli və eyni zamanda milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişməsidir.
Günümüz dünyasında gənclər müxtəlif ideoloji və informasiya təsirlərinə açıqdır. Bu baxımdan gənclər siyasətinin yalnız sosial layihələrlə məhdudlaşmaması, ideoloji möhkəmlik və milli şüurun gücləndirilməsi üzərində qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan modeli sübut edir ki, müasirlik və milli kimlik bir-birinə zidd deyil, əksinə, paralel şəkildə inkişaf edə bilər. Son illərdə gənclər üçün yaradılan imkanlar bu siyasətin praktik nəticələrini aydın şəkildə göstərir. Gənclərin dövlət idarəçiliyinə cəlb olunması və könüllülük hərəkatının genişlənməsi gənclərin cəmiyyət həyatında fəal rol almasına şərait yaradır. Bu, gənclərin yalnız icraçı deyil, həm də təşəbbüskar qüvvə kimi formalaşmasına xidmət edir.
Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu xüsusilə 44 günlük Vətən müharibəsi zamanı özünü açıq şəkildə göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Qələbədə gənclərin rolu danılmazdır. Döyüş meydanında, arxa cəbhədə və informasiya müharibəsində fəallıq göstərən gənclər sübut etdilər ki, dövlətə sədaqət və milli maraqlar uğrunda mübarizə onların həyat mövqeyidir. Bu fakt gənclər siyasətinin real nəticə verdiyini təsdiqləyən ən mühüm göstəricilərdən biridir.
Qarşıdakı dövrdə gənclər siyasəti daha çevik və nəticəyönümlü mexanizmlər tələb edir. Gənclərin məşğulluğunun artırılması, regionlarda yaşayan gənclər üçün imkanların genişləndirilməsi, intellektual potensialın iqtisadi inkişafa yönəldilməsi əsas prioritetlər sırasında qalmalıdır. Dövlət bu istiqamətdə ardıcıl addımlar atır və gənclər bu siyasətin əsas tərəfdaşına çevrilir. Azərbaycanın gələcəyi təsadüfi proseslərin nəticəsi deyil, planlı və məqsədyönlü siyasətin məhsuludur. Bu siyasətin mərkəzində isə milli maraqlara sadiq, güclü dövlətçilik düşüncəsinə malik gənclik dayanır.
Bu gün Azərbaycan gəncliyi dövlətin etibarlı dayağı, sabahın isə qərarverici qüvvəsidir. Onların inkişafı, möhkəmlənməsi və ideoloji baxımdan sağlam yetişməsi Azərbaycanın güclü və davamlı gələcəyinin əsas təminatıdır.
Əli Səlimov
İctimai fəal
