Zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləyib
Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.
Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Ulu Öndər Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda güvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur.
Bildiyimiz kimi artıq uzun illərdir ki, ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, suveren hüququndan istifadə edərək demokratik prinsipləri fəaliyyətinin əsas istiqaməti kimi qəbul etmişdir. Konstitusiyamızda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsi və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi niyyətlər təsbit olunmuşdu. Bundan əlavə əsas qanunumuzda dilindən, dinindən və irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
Müstəqil Azərbaycanın yeni Konstitusiyası ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. Artıq zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmiş və o, demokratik sənəd kimi özünü doğrultmuşdur.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru