Nərminin valideynləri Bakıda: Baş Prokurorluq belə məlumatların yayılmasına qarşıdı
Saytlarda Tovuzun Dondar Quşçu kəndində amansızlıqla qətlə yetirilmiş Nərminin valideynlərinin və bacılarının ekspertiza üçün Bakıya gəldiyi haqda xəbər yayılıb.
Nərminin atası Şərif Quliyev news24.az saytına qan analizi vermək üçün Baş Prokurorluqdan çağırıldıqlarını deyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Modern.az-a açıqlamasında belə xəbərlərin yayılmasının istintaqın gedişinə mane olduğunu bildirib:
“Yüzlərlə istintaq hərəkatı aparılır. Hər bir istintaq hərəkatı ilə bağlı mətbuata, ictimaiyyətə məlumat vermək olmur.
Zərurət yarandıqca ictimai maraq kəsb edən məsələlər üzrə ictimaiyyətə müvafiq açıqlamalar verilir. Kiminsə analiz üçün, yaxud ifadəsini almaq üçün çağırılmasını ictimailəşdirməyə zərurət yoxdur”.
Eldar Sultanov jurnalistləri belə məsələlərdə diqqətli olmağa çağırıb:
“Biz dəfələrlə demişik ki, bu məlumatları açıqlamayın. Validendir, qohumdur, nəsə deyə bilər. Bunun ictimailəşdirilməsi nə dərəcədə düzgündür?! Ona görə bu barədə açıqlamanın verilməsi yersiz olar”.