Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub

Ölkəmizin milli maraqlarının əsas prioritet təşkil etdiyi Azərbaycan dövlətinin xarici siyasətində son illərdə mühüm addımlar atılmaqdadır. Vətən müharibəsində əldə edilən tarixi qələbənin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan dövləti postmüharibə dövründə fəaliyyətini yeni reallıqlar və yeni çağırışlar üzərində qurur. Beynəlxalq münasibətlər sistemində layiqli yerini tutan Azərbaycan dövləti dünyanın qabaqcıl dövlətləri ilə münasibətlərini dərinləşdirməkdədir.

Qarşılıqlı əməkdaşlığın dərinləşdiyi dövlətlərdən biri dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatlarıdır. Son illərdə Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Müxtəlif sahələri əhatə edən iki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan-ABŞ münasibətlərində diqqət çəkən əsas məqamlardan biri son illərdə iki dövlət arasında siyasi dialoqun intensivləşməsidir. Xüsusi olaraq qeyd etməliyik ki, ABŞ Azərbaycanın regionda sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımları yaxından izləyir və regionda davamlı sülhün bərqərar olmasını vacib hesab edir.

Yüksək səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq platformalarda aparılan müzakirələr və strateji məsləhətləşmələr tərəflər arasında etimadı daha da gücləndirməkdədir. Belə ki, cari ilin 10 fevral tarixində Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey.Di.Vensin ölkəmizə işgüzar səfərə gəlməsi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması ilə nəticələnmiş və bu səfər diplomatiya tariximizin ən mühüm məqamlarından birinə çevrilmişdir. Səfər çərçivəsində dövlətimizin başçısı və ABŞ-ın Vitse-prezidenti arasında məhdud və geniş tərkibdə görüş keçirilmiş, iki dövlət arasında münasibətlərin inkişaf istiqamətləri, həmçinin regional məsələlər müzakirə edilmişdir.

Səfərin ən mühüm məqamlarından biri isə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasiminin keçirilməsi oldu. Qeyd etməliyik ki, bu sənəd qarşılıqlı ticarət, təhlükəsizlik, enerji sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur və regional sabitliyi gücləndirməyi hədəfləyir.

Mərasimdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış edərək mühüm mesajlar verdi. Dövlətimizin başçısı öz çıxışında səfərin və keçirilmiş görüşlərin əhəmiyyətindən bəhs edərək xüsusi vurğulamışdır ki, ötən ilin avqust ayında Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişinin paraflanması nəticəsində Azərbaycanla Ermənistan artıq altı aydır ki, sülh şəraitində yaşayır. “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” barədə də fikir bildirən cənab Prezident xüsusi vurğulamışdır ki, “bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”.

Cənab Prezident həmçinin Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsi barədə də fikirlərini bildirmiş və qeyd etmişdir ki, bu layihənin reallaşması nəticəsində nəinki Azərbaycanın iki hissəsi birləşəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar həyata keçiriləcəkdir.

Bütün bunların fonunda qeyd etməliyik ki, ABŞ Vitse-prezidenti Cey.Di.Vensin Azərbaycana səfəri hər iki ölkə üçün diplomatik əlaqələrin yeni səviyyəyə qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bu səfər strategiya, təhlükəsizlik və iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanlar açmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülh və sabitlik təşəbbüslərinin möhkəmlənməsinə önəmli töhfə verir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər