"Ravvinin bu addımı Azərbaycan xalqı ilə əsl həmrəylik nümunəsidir"Almaniya Ravvinlər Konfransının prezidenti Avixal Apel Strasburqda Avropa Şurasının Beynəlxalq Holokost qurbanlarının anım gününə həsr olunmuş mərasimindəki çıxışında bütün dünyanı İranda nüvə silahının yayılmasının qarşısını almağa çağırarkən, Azərbaycanın bu prosesdə xüsusi rol oynaya biləcəyini ayrıca vurğulamaqla göstərdi ki, o, bir din xadimi kimi Qərbin bir çox siyasi liderlərindən, parlamentarilərindən fərqli olaraq daha düzgün qiymətləndirə bilir.

Avixal Apel çıxışında qeyd etdi ki, Azərbaycan əhalisi şiə olan, lakin yəhudilərə əsrlər boyu qayğı ilə yanaşılan, antisemitizmin olmadığı, İranın qarşısını alan yeganə ölkədir.

Yəhudi din xadimi Azərbaycana qarşı ədalətsiz münasibət sərgiləyən bəzi Avropa ölkələrinin, xüsusən də Fransanın ünvanına haqlı olaraq tənqidi fikirlər səslləndirdi.

“Təəssüf ki, ürəyini yəhudilərə açan və İsraildə səfirliyi olan bu müsəlman ölkəsi Avropa İttifaqı ölkələrindən lazımi dəstək almır, əksinə, Fransa Senatı Avropanın təhlükəsizliyini qoruyan və sərhədlərini qoruyan vicdanlı mövqeyi ilə seçilən ölkədən neft və qaza embarqo qoyulmasına çağırıb”, deyə etirazını bildirən yəhudi ravvinin bu sözləri həqiqətən də təqdirəlayiqdir.

Biz cənab Avixal Apelə ölkəmizə verdiyi belə bir səmimi və obyektiv dəstəyinə görə təşəkkür edirik. Ravvinin bu addımı Azərbaycan xalqı ilə əsl həmrəylik nümunəsidir.

Azərbaycana qarşı ard-arda qətnamələr qəbul edən Fransa Senatının, Avropa Parlamentinin üzvlərini, habelə Laçın yolundakı vəziyyətlə bağlı qərəzli, həqiqəti əks etdirməyən və öz mandatına aid olmayan məsələlərlə bağlı absurd bəyanat yayan BMT-nin Əhali Fondunun rəsmiləri də əslində bu cür obyektiv və müdrik din xadimlərindən nümunə götürməli və Azərbaycan kimi önəmli bir ölkəyə düzgün münasibət sərgiləmək yolunu tutmalıdırllar. Bir din xadiminin Azərbaycanla bağlı səsləndirdiyi həqiqətlər Qərbin dar düşüncəli və ermənipərəst siyasətçilərini utandırmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
"Sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır""Sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır".

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşir deyib.

O bildirib ki, sosial şəbəkələrdə insan hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bununla bağlı geniş müzakirələr aparılmalıdır:

"Yaxın gələcəkdə sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlananda təndiqdlər olmamalıdır. Bu istiqamətdə cəmiyyətin sifarişini müəyyən edən və sosial şəbəkələri tənzimləyən layihə hazırlanmalıdır. Çünki sosial şəbəkələr cəmiyyətimizin gələcəyinə böyük zərbə vurur. Sosial şəbəkələrdə azyaşlı uşaqlarla bağlı videolar adamı dəhşətə gətirir. Bu məsələləri ciddi şəkildə müzakirə etməliyik".
ETTELAAT İsrailə “işləyən” 12 qrupu ifşa etdiİranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi “İsraillə bağlılığı olan” 12 qrupun ifşa edildiyini və üzvlərinin saxlanıldığını iddia edib.

Axar.az xəbər verir ki, bu barədə yanvarın 25-də SEPAH-a yaxın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib isə verdiyi açıqlamada xəbəri təsdiq edib və saxlanılanların kimliyi və sayına toxunmadan onların ölkədə təxribat törətmək niyyətində olduqlarını iddia edib.
Cahangir Əsgərov müamması: AZAL hara “qaçır”?Artıq bir müddətdir ki, AZAL prezidenti Cahangir Əsgərovun vəzifədən çıxarılması ilə bağlı informasiyalar gündəmə gəlir. Ən son belə bir məlumat ötən gün yayılıb.

Axar.az xəbər verir ki, AZAL-da ciddi yoxlamalar başladığı, C.Əsgərovun isə faktiki olaraq rəhbərlikdən uzaqlaşdırıldığı bildirilir.

Bu informasiyaların vaxtaşırı olaraq tirajlanması təsadüfi deyil: Azərbaycan hələ də quru sərhədlərini açmayıb, xaricə gediş-gəliş yalnız təyyarə vasitəsilədir. Gürcüstanla quru yol açıq olarkən, Azərbaycan vətəndaşları daha çox Tiflis aeroportundan istifadə edirdilər: Tiflisə avtobusla, oradan isə ucuz təyyarə bileti əldə etməklə uzaq səfərlərini gerçəkləşdirirdilər.

AZAL-ın sayəsində Tiflisə möhtac qoyulan azərbaycanlılar indi bu imkandan da sərhədin bağlı olmaslı səbəbindən məhrumdurlar. Bu isə narazılığı artırır.

AZAL-ın tətbiq etdiyi qiymətlərdən nəinki sadə insanlar, millət vəkilləri, hətta məmurlar belə narazılıq edirlər. Şirkətin monopoliya yaratdığı, ucuz daşımalar həyata keçirən hava yolları şirkətlərini Azərbaycan bazarına buraxmadığı və yaxud öz şərtləri ilə buraxdığı iddiaları var. Üstəlik, kifayət qədər yüksək bilet qiymətlərinə rəğmən, AZAL-ın rentabelli olmaması da ciddi şübhələrə yol açır.

Əlbəttə, ədalət naminə AZAL təyyarələrinin yeni, komfortlu, pilotlarının peşəkar, təyyarədə xidmətin və servisin isə yüksək səviyyədə olduğu birmənalıdır. AZAL dünyanın bir çox keyfiyyətli hava yolları şirkəti ilə rəqabət aparmaq qabiliyyətindədir. Ancaq Azərbaycan vətəndaşlarını zorla “müasir, qət-təzə və yüksək servisli” hava nəqliyyatından yararlanmağa məcbur etmək doğru deyil. İnsanlara seçim imkanı vermək lazımdır: yüksəkkeyfiyyətli xidmət üçün bahalı AZAL, yaxud daha aşağı xidmətlə ucuz biletlər...

AZAL həmçinin arzulanan səviyyədə şəffaf da fəaliyyət göstərmir: 2022-ci ildə hansı istiqamətlərə nə qədər daşıma həyata keçirib; nə qədər sərnişin aparıb-gətirib; qazancı-xərcləri, büdcə ödənişi və s. barədə müfəssəl məlumatı hələ yaymayıb. Halbuki Ermənistan və Gürcüstan hava yollarının bu barədə hesabatı artıq tirajlanıb.

Bütün bunlar 30 ilə yaxındır vəzifədə olan Cahangir Əsgərovun personasını daim diqqətdə saxlayır və dünənki xəbər də bu baxımdan diqqət mərkəzindədir. Ona görə də: AZAL-da hansı qurum yoxlama aparır, nə zaman başlayıb, nə vaxta qədər davam edəcək, doğrudanmı C.Əsgərov yoxlama müddətində şəffaflıq üçün rəhbərlikdən müvəqqəti kənarlaşdırılıb, onu kim əvəzi edir... kimi suallar ortaya çıxır.

Təəssüf ki, bu suallara AZAL cavab verməkdən imtina edir və mediadan qaçır. AZAL-ın bu suallara cavab verməməsi təkcə qanunlara hörmətsizlik deyil, həm də ciddi informasiya çatışmazlığı yaratmaqla şayiələrə əsas yaradır. AZAL özü və Cahangir Əsgərovla bağlı ən ağlagəlməz xəbərlərin tirajlanmasına legitimlik qazandırmaqla məşğuldur.
Vasif Talıbovdan AĞLASIĞMAZ TƏLƏB: İcra başçıları toya gedəndə…Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra onunla bağlı maraqlı məlumatlar yayılıb. Bu məlumatlar arasında V.Talıbovun qoyduğu qadağalar daha çox diqqət cəlb edib.

Avrasiya.net yenisabah.az-a istinadən xəbər verir ki, Muxtar Respublikada Talıbovların hakimiyyətinə son qoyulandan sonra həmin qadağaların əksəriyyəti aradan qalxıb. Qəribə görünsə də, hazırda Naxçıvanda hər kəs həyətində təndir çörəyi bişirə bilir. Naxçıvanlı taksi sürücüləri muxtar respublikanın ərazisində sərbəst fəaliyyət göstərir, heç bir maneə olmadan şəhər və kəndlərə müştəri apara bilirlər. Naxçıvanda mağazaların, iaşə obyektlərinin açılması ilə bağlı tətbiq edilən qadağa da aradan qalxıb. Hazırda muxtar respublikanın kəndlərində bir deyil, bir neçə mağazanın açılmasına icazə verilir.

Vaxtilə Naxçıvan rayonlarının birinə rəhbərlik etmiş sabiq icra başçısı indiyə kimi cəmiyyətə məlum olmayan maraqlı bir qadağadan danışıb. Onun sözlərinə görə, Vasif Talıbovun tətbiq etdiyi qadağalar təkcə sıravi insanları əhatə etməyib. Keçmiş Ali Məclis Sədri Naxçıvan rayonlarının icra başçılarına da bəzi qadağalar qoyub. Onun sözlərinə görə, bu məhdudiyyətlərdən biri toylarla bağlı olub.

Həmsöhbət deyib ki, V.Talıbovun hakimiyyətdə olduğu dövrdə öz övladına toy etmək istəyən icra başçısı mütləq ondan icazə almalı imiş. Hətta qonaq sayı da onunla razılaşdırılmalı imiş.

İcra başçıları qohumlarının, yaxınlarının, tanışlarının toy məclislərinə qatılarkən də bəzi qaydalara əməl etmək məcburiyyətində olublar. Bunlardan ən gülməlisi vaxtla bağlı məhdudiyyət olub. V.Talıbov icra başçılarına hətta ən yaxın qohumlarının toylarında belə 2 saatdan artıq iştirak etməyinə icazə vermirmiş.

Digər bir qadağa isə nəmərlə bağlı olub. V.Talıbov icra başçılarına toylara 100 manatdan artıq pul yazdırmağı qadağan edib. O, bunu vəzifəli şəxslərin sadə xalqdan seçilməməsi ilə əlaqələndirib.

Ali Məclis sədrinin üçüncü qadağası isə spirtli içkilərlə bağlı olub. Vasif Talıbov icra başçılarına və digər vəzifəli şəxslərə toyda spirtli içki qəbul etməyi də yasaqlayıb.

Həmsöhbətimizin dediyinə görə, Naxçıvan “xan”ı bu tələbə xüsusi olaraq nəzarət edirmiş.
Xəzər TV-nin efirində BİABIRÇILIQ: Lalə Azərtaşın verilişində ƏLBƏYAXA DAVA - VİDEO"Xəzər" TVdə yayımlanan "Təsir dairəsi” verilişində iştirakçılar arasında dava düşüb.

Proqrama gələn Tərtər sakini Tariyel adlı şəxs həmyerlisi Rasim haqda xoşagəlməz sözlər işlədib.

Tarıyelin sözlərinə görə, həmin şəxs onların hamamlarında gizlənib və daha sonra oradan qaçıb. Həmin anlar müşahidə kameraları tərəfindən qeydə alınıb. Sözügedən görüntüləri Tarıyel verilişə təqdim edib.

Proqramın yayımı bitdikdən sonra tərəflər arasında söz savaşı başlayıb. Onlar daha sonra əlbəyaxa dava ediblər. (axşam.az)
Zaur Mirzəzadənin işi yenidən araşdırılacaqDünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda məhkum şəxs barəsindəki qərar ləğv edilib.

Zaur Mirzəzadənin vəkili Kamran Musayev APA-ya bildirib ki, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Baxış iclası yaxın günlərdə keçiriləcək.

Xatırladaq ki, Zaur Mirzəzadə və daha 4 nəfər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.

Zaur Mirzəzadə həm də "bakutime.az", "xalq.az" saytının rəhbəri idi.
May ayında böyük əfv olacaqUlu öndərin 100 illiyi ilə əlaqədar böyük əfv olacaq.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Əfv Komissiyasının üzvü Zahid Oruc deyib.

"Əfv Komissiyasında artıq 360-a yaxın sənəd müzakirə edilib. Müraciətlərə baxılması may ayına qədər davam edəcək", - o əlavə edib.
Talıbovun Tiflisdə 270 milyonluq imperiyası - Şok faktlarTürkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında sərvət qazanıb. Yeni sənədlər və müsahibələr onun Naxçıvanı 27 il idarə etmiş Vasif Talıbovun ailəsinə bağlılığını, onun əlaltısı olduğunu üzə çıxarıb.

Avrasiya.net xəbər verir ki, Araşdırmanı Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi (OCCRP) yayıb.

Araşdırmaya görə, Türkiyə vətəndaşı Uçar son illər Gürcüstanda 270 milyon dollarlıq biznes və mülkiyyət imperiyası qurub. Onun şirkətinin Fransanın “Accor” şirkətilə birgə idarə etdiyi üç otel də bu sıradadır.

“Accor” əlaqələrə yenidən baxır

OCCRP Uçarın Vasif Talıbov və ailəsini təmsil etdiyini, onun şirkətlərinin Talıbov ailəsinə bağlı böyük holdinqlərlə açıq əlaqələri olduğunu qeyd edir. Uçarın vəkilləri onun sərvətini istiqrazlardan qazandığını desələr də, biznesmenin idarə etdiyi şirkətlər Azərbaycanda dövlət kontraktları əldə edib.

Araşdırmada deyilir ki, Gürcüstanın paytaxtı Tiflisdə opera binası yaxınlığındakı “Dinehall” restoranı, Fransanın “Accor” şirkəti ilə birlikdə tikilən beşulduzlu otel Uçarın biznes imperiyasına daxildir. “Accor”dan OCCRP-yə bildirilib ki, Uçarın Talıbovlarla iddia olunan münasibətləri fonunda Uçarla əlaqələrə yenidən baxılır.

Dövlət kontraktları

OCCRP hələ 2022-ci ilin fevralında Uçarın Talıbov ailəsinə bağlarını aşkarlayıb. Jurnalistlər Talıbovun illik 26 min dollar məvacib almasına baxmayaraq, hakimiyyəti dövründə sərvət yığdığını üzə çıxarıblar.

Araşdırmaçı jurnalistlər indi isə Talıbovun holdinqlərinin çoxunun Uçarın şirkətləri tərəfindən maskalandığını ortaya qoyublar. Azərbaycanda “Gəmiqaya”, Gürcüstanda “Maqro Group” kimi şirkətlərin daxil olduğu şəbəkə 2000-ci illərin əvvəllərindən Azərbaycanda onlarla dövlət kontraktı əldə edib.

Hazırda “Gəmiqaya”nın sahibliyi məsələsi qaranlıq qalır. Talıbov istefa verəndən bir həftə sonra “Gəmiqaya”nın adı dəyişdirilərək “Arkoz” olub. Bu isə Uçara bağlı başqa bir şirkətin adıdır.

İnsan haqları təşkilatları Talıbovların “Gəmiqaya”nı idarə etdiyini desələr də, bu informasiya açıq olmadığından onu təsdiqlətmək çətindir. Ancaq şirkətin keçmiş işçisi OCCRP-yə deyib ki, Uçar göstərişləri Talıbovlardan alırdı.

Ziddiyyətli açıqlamalar

Uçarın Gürcüstanda Talıbovun oğlu Rzanın adından əmlak alması, onların şirkətlərə birgə sahibliyinə dair sənədlər aşkarlanıb.

Rza Talıbov suallara cavab verməyib. Ancaq Uçarın şirkəti “Maqro”nun və Talıbovu kiçik oğlu Seymurun vəkilləri Uçarla bu ailənin biznes əlaqələri haqda ziddiyyətli açıqlamalar səsləndiriblər.

Seymurun vəkili deyib ki, Rza Talıbov və Uçar “Naxçıvanda “Gəmiqaya” adını daşıyan müxtəlif şirkətlərin həmtəsisçiləridir”. Maqro və Uçarın vəkili isə bildirib ki, onlar “iddianı birmənalı təkzib edirlər”.

Uçarın vəkili onun “nə keçmişdə, nə də indi özündən başqa kimsənin biznesi üçün” saxta təmsilçilik etdiyini, həmişə qanuni davrandığını bildirib. O, biznesmenin investisiyasının banklardan gələn faizlərdən qaynaqlandığını vurğulayıb.

Ancaq OCCRP Rza Talıbovun Uçara 2012-ci ilin fevralında bir ay müddətinə verdiyi etibarnamənin fotosunu yayıb. Talıbov biznesmenə Gürcüstanın Batumi şəhərində onun adına mülk almağı etibar edib. Həmin ilin iyunundan isə Rza Uçara bu dəfə iki ay müddətinə etibarnamə verir. Bu dəfə tarixi binaya bitişik 1.2 milyon dollarlıq mülk alınır, Uçar təmsilçi kimi satış sənədlərini imzalayır.

“Maqro”dan OCCRP-yə deyilib ki, o zaman Rza Talıbovla Uçar biznes ortağı idilər və belə məsələlərdə bir ortağın digərindən kömək istəməsi tamamilə təbiidir.

İki il sonra, 2014-cü ildə Rzanın aldığı binalarda “Divan Suites Batumi” beşulduzlu oteli açılıb. O zaman Rza Talıbov “Gəmiqaya Holdinq”in sədri kimi mərasimdə qırmızı lenti kəsib.

Talibov istefa verdiyi ərəfədə isə Rza “Divan Suites” otelini 18 milyon dollara satışa çıxarıb.

Bir il öncə OCCRP-nin açıqladığı hesabatda deyilirdi ki, Rza və Seymur Talıbov qardaşları “Credit Suisse”, “Barclays" və digər xarici banklarda müxtəlif hesablar açaraq, atalarının avtoritar hakimiyyəti altında Naxçıvan əhalisinin əziyyət çəkdiyi bir dönəmdə şübhəli pul köçürmələri vasitəsilə 20 milyon dollardan çox pul qazanıblar.
Özünü güllələdiyi deyilən əsgərin FOTOSUSosial şəbəkələrdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin özünü güllələdiyi deyilən hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun fotosu yayılıb.

Mərhum Salahov Əkram Asim oğlunun 6 ayın əsgəri olduğu bildirilir.

2004-cü il təvəllüdlü Qazax rayon sakini olan hərbçinin Laçındakı “N” saylı hərbi hissədə qulluq etdiyi söylənilir.

Rəsmi məlumata görə, hadisə 2023-cü il yanvarın 24-də baş verib.

Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyevin mətbuata bildirdiyinə görə, Salahov Əkram Asim oğlu odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.