"Bu mesajla rəsmi Bakı öz qəti mövqeyini ortaya qoydu"Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycan üçün aktuallıq kəsb edən məsələlər barədə tam açıq mətnlə danışması təqdirəlayiq haldır. Şuebel-Əliyev görüşünün əsas müzakirə mövzularından biri də Rusiyanın milyarder Ruben Vardanyan üzərindən Xankəndidəki separatçı ermənilərlə bağlı qurduğu oyunun faş edilməsi oldu.

Prezident bu məsələyə indiyə qədər heç vaxt münasibət bildirməmişdi. Rəsmi Bakının bu məsələyə təmkinlə yanaşması bir tərəfdən ictimai rəydə arxayınçılıq yaradırdısa da, lakin Vardanyanın Xankəndiyə gəlişinin sıradan bir köç hadisəsi olmadığını düşünən, onun birbaşa Kremlin maraqlarına xidmət etdiyini bildirənlər və bununla əlaqədar narahatlığını dilə gətirənlər də vardı. Dövlət başçımızın Dirk Şuebel ilə söhbət zamanı Vardanyan haqda söylədikləri də sözügedən narahatlıqların heç də əbəs olmadığını təsdiqləyir.

Cənab Prezident açıq şəkildə bildirdi ki, rəsmi Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma Moskvanın göndərdiyi Vardanyan kimi insanlarla yox. Niyə Vardanyan kimilərlə yox? Çünki Prezident İlham Əliyev Kremlin divarları arasında cızılan “Vardanyan planı”nın sülhə deyil, separatçılığın daha da körüklənməsinə və son nəticədə Rusiyanın bölgədə mövcudluğunun təmin edilməsinə, eləcə də rus sülhməramlılarının mandatının uzadılmasına xidmət etdiyini çox gözəl anlayır.

İlham Əliyev Vardanyanın Xankəndinə "xüsusi təyinat"la göndərilməsi ilə bağlı bu mənhus planı bir neçə cümlə ilə tamamilə darmadağın etdi: "O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi".

İlham Əliyevin bu mesajının həm Moskvada, həm də İrəvanda "soyuq duş" effekti yaratması gözlənilən idi. Bu mesajla rəsmi Bakı öz qəti mövqeyini ortaya qoydu və bununla da Vardanyanın Qarabağın erməni əhalisinin rəsmi təmsilçisi kimi masaya əyləşdirilməsi planının Azərbaycan üçün qəbulolunmazlığı birmənalı surətdə bəyan edildi.

Artıq rəsmi Bakı Qarabağda yaşayan erməni vətəndaşları ilə kiminsə məkrli planı əsasında yox, yalnız özünün məqbul hesab etdiyi şərtlər əsasında danışmağa hazır olduğunu əminliklə nümayiş etdirir. Moskva Bakının diplomatik məharət və siyasi uzaqgörənliklə hesablanmış belə bir çevik gediş edəcəyini yəqin ki, gözləmirdi. Azərbaycan Prezidentinin milli maraqlarımıza təhdid yaradan planları vaxtında bloklamasını alqışlayırıq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Prezidentdən qərar: Aslan Aslanov işdən azad olunduPrezident İlham Əliyev A.Ə.Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda qeyd olunur:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin”.
İranda təhlükəsiz qüvvələrinin 14 əməkdaşı öldürülübNoyabr ayı ərzində İranda davam edən iğtişaşlar zamanı təhlükəsiz qüvvələrinin 14 əməkdaşı qətlə yetirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Məşhəd, İsfahan, Kirmanşah və digər şəhərlərdə aksiya iştirakçıları tərəfindən qətlə yetirilənlər əsasən “Bəsic” təşkilatının üzvləridir.

Sözügedən təşkilat könüllülərdən ibarətdir və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yanında fəaliyyət göstərir.

Xatırladaq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məsiha Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranın bütün şəhərlərini bürüyən kütləvi aksiyaların yatırılmasında “Bəsic” üzvləri polis və digər təhlükəsizlik qüvvələri ilə birlikdə hərəkət edib. Təşkilat üzvlərinin aksiya iştirakçılarına qarşı qəddar davranışı diqqətdən yayınmayıb.
Almaniya 319 azərbaycanlının sığınacaq istəyini rədd etdiAlmaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının yeni statistikası məlum olub.

Avrasiya.net-in məlumatına görə, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) Report-a bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları ilə əlaqədar ümumilikdə 792 işlə bağlı qərar qəbul edilib.

Qeyd olunub ki, sığınacaq müraciətlərindən 319-na rədd cavabı verilib və yalnız 53 nəfərin Almaniyada qalması məqbul hesab edilib.

Bundan əlavə, BAMF Azərbaycan vətəndaşları tərəfindən daxil olan 420 ərizəyə baxılmasını dayandırıb.

Federal İdarədən həmçinin vurğulanıb ki, sığınacaq ərizəsi rədd edilən şəxslərə ölkəni könüllü tərk edmələri ilə bağlı xəbərdarlıq olunub.
Şabranda gənclər arasında vətənpərvərlik mövzusunda tədbir keçirilibŞabran rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq ə tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği layihə çərçivəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən layihə rəhəri, təşkilatın sədri Ramin Mahmudov bu layihənin əsas məqsədinin gənclər arasında cətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək vermək olduğuni bildirib.

Tədbirdə qonaq qismində iştirak edən Şabran Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Nurəli Ağabalayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran Rayonu üzrə Təhsil Sektorunun əməkdaşı Rəşad Məmmədov, Şabran rayonu Ağalıq kənd tam orta məktəbinin direktoru Aysel Quliyeva, Şabran rayonu Uzunboyad kənd tam orta məktəbinin direktor müavini Nail Niftəliyev bu əhəmiyyətli tədbiri Şabran gəncləri üçün təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Rəsmi hissədən sonra keçirilən bilik yarışında Şabran rayonunun müxtəlif məktəblərində təhsil alan şagirdlərdən və gənc müəllimlərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda Rəhimli kəndinin yeniyetmə və gənclərindən ibarət “Rəhimli” komandası birinci, Padar kəndini təmsil edən eyniadlı komanda ikinci, Ağalıq kəndinin bilicilərindən ibarət “Zərbə” komandası üçüncü yeri tutub.

Qalib və mükafatmılar diplom, kubok və medallarla təltif edilib.

Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan 185 nəfər Vətən müharbəsi şəhidi haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.
Layihə çərçivəsində növbəti tədbirlərin Xaçmaz və Quba rayonlarında da keçirilməsi nəzərdə tutulub.



AZƏRTAC-da şok rüşvət...– Aslanov işdən çıxarılırAzərbaycan Dövlət İnformasiya Agentliyində (qısa adı AZƏRTAC) yoxlamalar başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Globalinfo.az-a etibarlı mənbədən məlumat daxil olub.

Bildirilir ki, dövlətin rəsmi informasiya agentliyi olan bu qurumda ciddi yeyintilər aşkarlanıb. Büdcə pulları rüşvət və korrupsiya yeminə çevrilib. Əməkdaşların materialların hazırlanmasında, yayılmasında rüşvətə yol verdikləri barədə də informasiyalar var.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun yaxın günlərdə baş verən bu hallara görə işdən çıxarılacağı gözlənilir. Onun istintaqa cəlb olunub-olunmayacağı barədə isə hələlik məlumat yoxdur.

AZƏRTAC dövlət büdcəsindən maliyyələşən informasiya agentliyidir. Onun illik büdcəsi 10 milyon manata yaxındır. Təkcə bu fakt deməyə əsas verir ki, qurumdakı korrupsiyanın miqyası kifayət qədər çoxdur. Korrupsiya və talançılığın illərdir davam etdiyi, çox böyük məbləğlərdən söhbət getdiyi deyilir.

"Rusiya, İran və Fransa oyun arxasınca qaçmaqdadırlar"Ermənistanla bağlanması gündəmdə olan sülh müqaviləsinin şərtlərini müəyyən etmək ancaq Azərbaycanın müstəsna hüququ olmalı və ancaq Azərbaycan tərəfinin təklif etdiyi şərtlər daxilində həyata keçirilməlidir.

Bunu Avrasiya.net-ə politoloq Azər Qasımov deyib.

Politoloqun fikrincə, Ermənistan tərəfi öz şərtlərini irəli sürə bilər, amma onlarda israr edə bilməz. Onların şərtlərinə isə Azərbaycan tərəfi məqbul olarsa, baxıla bilər. Bu, qalıb və güclü tərəfin kim olduğunu göstərmək baxımından vacibdir:

"Amerika tərəfinin sülh müqaviləsində ancaq Azərbaycan tərəfinin istəklərinin əsas götürülməsi ABŞ-ın güclü dövlət kimi qalıb və məğlub tərəf arasındakı fərqi başa düşməsindən irəli gəlir. Bu, sadəcə iki müharibə edən tərəflərdən birinin qalib gəlməsi kimi sadə məsələ deyildir, bu, eyni zamanda, beynəlxalq geosiyasi durumda hegemon güclərin müxtəlif təzyiq və ya razılıqları fonunda baş verən müharibə və qələbədir ki, bunun siyasi çəkisi çox ağır və mürəkkəbdir. Bu baxımdan, ABŞ bu qələbəni qəbul edir və şərtlərin diktə edilməsini də Azərbaycan tərəfinin öhdəsinə buraxır. Rusiya, İran və Fransa kimi dövlətlər isə həmişə hər şəkildə oyunbazlığı özünə rəva bilən ikiüzlü dövlətlər kimi yenə də oyun arxasınca qaçmaqdadırlar".

A.Qasımov deyib ki, Ermənistan çərçivə sülh müqaviləsi haqda danışır və problemlərin həllini və detalları sonraya saxlamaq təklifini verir. Bura sərhəd məsələləri və Qarabağ ermənilərinin statusu da daxildir. Bu, qəbul edilməzdir. Azərbaycan konkret olaraq bəyan edilən şərtlər daxilində Ermənistanı sülhə məcbur etməlidir, ya da ümumiyyətlə, sülhdən imtina etməlidir.
SEPAH-dan xəbərdarlıq: Quru əməliyyatına başlayacağıqİraq hökuməti ölkənin şimalında yerləşən kürd silahlı təşkilatlarını tərki- silah etməsə, SEPAH quru əməliyyatlarına başlayacaq.

Bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri İsmayıl Qaani İraqın paytaxtı Bağdadda olarkən deyib.

Ölkənin prezidenti və baş naziri ilə görüşən İ.Qaani Bağdad rəsmilərindən İraq Kürdüstanı ilə İran sərhədində iraqlı əsgərlərin yerləşdirilməsini tələb edib.

SEPAH-ın daha bir polkovniki öldürülübNoyabrın 18-i axşam saatlarında İranın Kermanşah əyalətinin Səhnə şəhərində İran İnqilabının Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin rəisi polkovnik Nadir Beyrami öldürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Səhnə şəhərinin fərmandarı Cahanbəxş Zəngənətəbar mediaya verdiyi açıqlamada polkovnikin soyuq silahla öldürüldüyünü deyib.

Onun sözlərinə görə, qətli törədənlər həbs edilərək aidiyyatı qurumlara təhvil veriliblər.

Qeyd edək ki, noyabrın 17-də Kürdüstan əyalətinin Sənəndəc şəhərində polis polkovniki Hüseyn Yusifi, İsfahanda isə polis qüvvələrinin xüsusi bölməsinin polkovniki İsmayıl Çıraği də öldürülüb.
Bir sıra binaların tikintisi dayandırıldı - VideoBir sıra binaların tikintisi dayandırılıb.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin apardığı monitorinqlər zamanı ayrı-ayrı şəhər və rayonlarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması ilə inşası aparılan tikintilərə rast gəlinir. Belə ki, bir sıra hallarda layihə sənədlərinin aidiyyəti nəzarət orqanları ilə razılaşdırılmadığı, yaxud tikinti işinin təyinatı üzrə aparılmadığı və ya sonradan təyinatı dəyişdirilməklə aparıldığı, ara məsafəsinin gözlənilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, tikinti işinin gedişi zamanı vacib yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığı və digər ciddi qayda pozuntuları aşkar edilir. Təəssüflə qeyd edilməlidir ki, belə tikinti obyektlərində yanğın baş verdiyi halda, adətən ilkin müdaxilə də böyük çətinliklərlə müşayiət olunur, habelə inşaat işləri yekunlaşdıqdan sonra bir sıra çatışmazlıqların aradan qaldırılması texniki cəhətdən qeyri-mümkün olduğundan istismar müddətində baş verən yanğınlar faciələrə yol açmış olur.

Qeyd olunanlar nəzərə alınaraq, Xidmət tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunan qayda pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi, o cümlədən inşaat işlərinin dayandırılması tədbirləri həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək inşaat işlərinin bütün mərhələlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır və xatırladır ki, qayda pozuntuları aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun daha sərt tədbirlərin görülməsi təmin ediləcək.