"İndi ənənəvi inkarçılıq mövqeyindən əl çəkməyin vaxtıdır"Bu gün Milli Məclisdə "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ilk ictimai dinləmə keçirildi. Layihə ilə bağlı müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edirdilər. Mən də Milli Həmrəylik Partiyasının sədri olaraq müzakirəyə qatıldım.

Belə bir müzakirənin təşkil edilməsinə görə Milli Məclisin rəhbərliyinə təşəkkür edirik. Biz Milli Həmrəylik Partiyası olaraq “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını və fəaliyyətdə olan siyasi partiyaların konseptual müzakirəyə dəvət edilməsini yüksək qiymətləndirir, layihənin özünü isə partiyaların güclənməsi üçün yeni imkanlar açan çox önəmli bir sənəd kimi, mütərəqqi məzmunlu layihə kimi təqdir edirik.

Bu baxımdan, biz bəzi opponentlərimizin qanun layihəsinin siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına xidmət etdiyi barədə iddialarla qətiyyən razı deyilik və belələrinə baxış bucaqlarını dəyişməyi təklif edirik. İndi ənənəvi inkarçılıq mövqeyindən əl çəkməyin vaxtıdır. Yeni dövr və yeni çağırışlar heç şübhəsiz ki, partiya sədrlərindən də yeni yanaşmalar tələb edir. Köhnə qanunun nəyə görə yenisi ilə əvəz edilməsinin labüdlüyünə də ilk növbədə məhz bu rakursdan yanaşmaq lazımdır.

Bildiyiniz kimi hal-hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib. Aradan düz 30 il vaxt keçib. Və ötən müddət ərzində həm dünyanın geosiyasi mənzərəsi, həm də ölkəmizin ictimai-siyasi reallıqları kökündən dəyişib. İndi biz yeni çağırışlarla üz-üzəyik. 44 günlük Vətən müharibəsində Qələbə qazanmağımız da ölkənin ictimai-siyasi mühitinə xeyli dəyişikliklər, yeniliklər gətirib, yeni reallıqlar formalaşıb. Köhnə qanunu isə yeni reallıqlara uyğunlaşdırmaq heç cürə mümkün deyil. Ayrı-ayrı maddələrə hər nə qədər düzəlişlər və əlavələr edilsə də belə, lakin bütövlükdə o qanun günümüzün tələblərinə qətiyyən cavab vermir.

Prezident İlham Əliyevin siyasi iradəsi ilə davam etdirilən islahatlar və formalaşmaqda olan yeni siyasi konfiqurasiya istər-istəməz mövcud qanunun da dəyişilməsini qaçılmaz edir. Proseslər onu göstərir ki, hakimiyyət özü də siyasi partiyaların institutlaşmasında, onların fəallığının və siyasi proseslərdəki rolunun artırılmasında maraqlı olduğuna görə partiyaların böyüməsinə və güclənməsinə təkan verən yeni qanunun qəbul edilməsinin vacibliyini qəbul edir. Ona görə də, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi artıq inkarolunmaz bir zərurətə çevrilib.

Bu mənada, yeni qanun layihəsinin müzakirəyə çıxarılmasını qaralamaq yox, alqışlamaq lazımdır. Əlbəttə, cəmiyyətdə və xüsusən də müxalif siyasi qüvvələr arasında sözügedən qanun layihəsinin ayrı-ayrı müddəalarına münasibət birmənalı deyil. Bəzi siyasi partiyalar tərəfindən bu layihə tənqidlə qarşılanmışdı və elə bu günkü müzakirə zamanı da müəyyən tənqidi fikirlər səsləndirildi. Bu da normaldır, təbiidir. Çünki biz demokratik cəmiyyətdə yaşayırıq. Fərqli fikirlərin, fərqli yanaşmaların ortaya çıxmasına normal baxmaq lazımdır. Bizim də bu yeni qanun layihəsində razılaşmadığımız bəzi məqamlar var. Lakin bütövlükdə isə biz bu yeni sənədi demokratiyaya doğru önəmli bir addım kimi qiymətləndiririk.

Elə bu müzakirələrin özü də ölkədə demokratiyanın inkişafına, siyasi dialoqun dərinləşməsinə xidmət edir və bu gün müzakirəyə qatılan bütün siyasi qüvvələr yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını ölkədə həyata keçirilən siyasi islahatların məntiqinə uyğun gələn bir addım kimi qiymətləndirdilər. 44 günlük Vətən Müharibəsinin gedişində Müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandan ilə sıx siyasi birlik, milli həmrəylik nümayiş etdirən siyasi partiyalar, bu gün də sözügedən “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi təşəbbüsünü dəstəkləməklə növbəti dəfə həmrəylik mövqeyini ortaya qoydular. Biz əminik ki, layihə ilə bağlı növbəti müzakirələr daha da səmərəli keçəcək və partiyaların təklifləri də nəzərə alınmaqla sonda mükəmməl bir sənəd kimi Milli Məclisin plenar iclasına təqdim olunacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Layihə çərçivəsində 20 sahibkarlıq subyektində maarifləndirmə işi aprılıbQuba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “COVID-19 postpademiyası dövründə insan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində genişləndirilmiş maarifləndirmə tədbirlərinin təşkili” layihəsini davam etdirir.

Layihə çərçivəsində Quba və Xaçmaz rayonlarının hər birindən 10 sahibkarlıq subyekti ilə (cəmi 20 ) fəaliyyət göstərən kafe, restoran, motel və gecə klubların işçi heyəti və sahibkarları ilə fərdi qaydada görüşlər təşkil edilmiş, maarifləndirmə işləri aparılmış və bukletlər paylanılmışdır.

Tədbirlər çərçivəsində 20 sahibkarlıq subyektində 30 nəfərdən çox işçi heyəti məlumatlandırılmışdır.
Qubadlının azad olunması Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayondan 29 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Qubadlı rayonunun təbiəti olduqca gözəldir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılmışdı. İşğaldan öncə rayonda 13 160 hektar meşə sahəsi vardı. Həmçinin rayon ərazisindən Həkəri və Bərgüşad kimi iki böyük dağ çayı keçir. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.

Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibində yer alan Qubadlı rayonu təbii ehtiyatlar cəhətdən Cəbrayıl və Zəngilanla bir çox ortaq xüsusiyyətlərə malikdir. Hər üç rayonda yerləşən mişar daşı yatağı ölkəmizin tikinti sektorunda tələbin qarşılanmasında birbaşa rol oynacaqdır. Bir hektara yaxın ərazidə 82 ədəd müxtəlif yaşlı, əsasən, 50-60 illik ağaclar, diametri 70-80 sm-ə çatan tut ağacları məhv edilib. Tut ağacları Həkəri çayı boyunca qırılıb, tut bağları yandırılaraq dağıdılıb. Bəzi kəndlərdə 500-ə qədər tut ağacı məhv edilib.

Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.

Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Qubadlı rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlub edilməsi ilə nəticələndi. Vətən müharibəsi zamanı ordumuz tərəfindən düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. 25 oktyabr 2020–ci ildə Qubadlı şəhəri, İkinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Biz bu qələbəyə görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Zəfəri bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik.
30 ildən çoxdur əzablı, məcburi köçkün həyatı yaşayan soydaşlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, işğaldan azad olunmuş ərazilərimizə həyat veriləcək. Qarabağ Azərbaycandır!

Nazilə Əliyeva
Xətai rayonu 17 saylı tam orta məktəbin direktoru
Azərbaycan Rusiyaya nota verdiAzərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar antiazərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib.

Bu barədə Avrasiya.net-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Notada xüsusi vurğulanmışdır ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər.

Səfirlik Nazirliyin diqqətinə çatdırmışdır ki, dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyasının Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir.

Sənəddə qeyd olunmuşdur ki, regionda mövcud olan kövrək sülh şəraitində gərginliyə səbəb ola biləcək və vəziyyəti daha da gərginləşdirə biləcək təxribatların qarşısının alınmasında KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür.

Həmçinin təəssüflə vurğulanmışdır ki, sözügedən tok-şounun aparıcısı və bu “tamaşa”nın birbaşa iştirakçılarından biri “Vahid Rusiya” fraksiyasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vyaçeslav Nikonovdur. Rusiyanın hakim partiyasının nümayəndələrinin bu cür davranışı Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və müttəfiqlik qarşılıqlı fəaliyyətinin ruhuna ziddir, eləcə də ikitərəfli münasibətlərə əhəmiyyətli dərəcədə zərər yetirir.

Səfirlik bir daha Rusiya tərəfinin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müvafiq müddəalarında strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən və dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətdən çəkinməyə çağırış əks olunmaqla, separatizmə qarşı mübarizədə birgə səylər göstərilməsi nəzərdə tutulur.

Azərbaycan tərəfi Rusiyadan Rusiya KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb etmişdir.
"Bütün bunlar Azərbaycanın gücünü və potensialını nümayiş etdirir"44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək qazandığımız qələbə Azərbaycanın gücünü, qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Əldə edilmiş zəfər nəticəsində xalqımız tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi və 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan tarixi torpaqlarımızı mənfur düşməndən azad etdi. Bununla da biz Azərbaycanın öz torpağının və öz taleyinin sahibi olduğuna bütün dünya göstərdik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuz düşmənin “keçilməz” adlandırdığı müdafiə xəttini yararaq uzun illər həsrətini çəkdiyimiz torpaqlara ayaq basaraq xalqımıza sevinc gətirmiş oldu.

Qısa müddət ərzində darmadağın edilən düşmən geri çəkilməyə məcbur olmuş və rəşadətli ordumuz ardıcıl olaraq işğal altında olan rayonlarımızı azad edərək, 30 illik vətən, torpaq həsrətinə son qoydu. 25 oktyabr tarixi xalqımızın yaddaşlarında silinməz iz qoyan günlərdən biri kimi tarixə keçmiş oldu. Belə ki, həmin gün qəhrəman ordumuz 27 ilə yaxın işğal altında olan Qubadlı rayonunu işğaldan azad etdi.

Qeyd etməliyik torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsindən və Qubadlının işğaldan azad olunmasından artıq iki il müddət ötüb. Ötən iki il ərzində görülmüş işlər və əldə edilən nəticələrə baxsaq əminliklə deyə bilərik ki, bütün bunlar Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Erməni vandalları tərəfindən tamamilə dağıdılmış ərazilərə qısa müddət ərzində həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Qubadlının da baş planı hazırlanmış və bu istiqamətdə işlər planlı şəkildə icra edilməkdədir.

Hazırda azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən infrastruktur layihələr bütün regionun gələcək inkişafına hesablanmış tədbirlərdir. İşğaldan azad edilmiş ərazilərimizdə ilk növbədə həyata keçirilən layihə yol infrastrukturunun yenidən qurulması ilə bağlı olmuşdur. Qısa vaxt ərzində bu istiqamətdə əsaslı işlər görülmüş və müasir tələblərə cavab verən yollar, tunel və körpülər inşa edilmişdir. Cənab Prezidentimizin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə o cümlədən Qubadlı rayonunda aparılan tikinti-quruculuq və yenidənqurma işləri bizlərdə böyük sevinc və qürur hissi yaşadır. Cənab Prezidentin vaxtaşırı işğaldan azad edilmiş ərazilərimizə səfərləri, görülən işlərlə yaxından tanış olması və yeni layihələrin təməlqoyma mərasimlərinin keçirilməsi olduqca əhəmiyyətlidir.

Qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 25 oktyabr 2021-ci il tarixində azad olunmuş Qubadlıya səfəri və burada inşa ediləcək Xanlıq – Qubadlı yolunun təməlqoyma mərasimində iştirakı bizlər üçün qürurverici məqamlardan biri kimi yaddaşlarımızdan silinməyəcəkdir. İnşa ediləcək yolun region üçün, o cümlədən Qubadlı rayonu üçün böyük əhəmiyyəti vardır. İnşa edilən hər bir yol və həyata keçirilən tikinti və quruculuq işləri doğma torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz evlərinə qayıtmalarını təmin edəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
İranlı general Avropa İttifaqının sanksiyalarını lağa qoyduİran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Avropa İttifaqının yeni sanksiyalarını lağa qoyub. General deyib, qış yaxınlaşdıqca Avropa vətəndaşlarına kömür almaq üçün onun bütün aktivlərinə həbs qoyulmasına icazə verir.

Məhəmməd Baqiri bu sözləri İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) satmasına cavab olaraq Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib.

İranlı general deyib ki, ABŞ da səhv edərək əvvəllər onun adımı sanksiya siyahısına daxil etmişdi.

O bildirib ki, amerikalıların və Avropa İttifaqının qəzəbi başa düşüləndir.

"İslam İnqilabının qələbəsindən sonra İslam Respublikasının silahlı qüvvələri sanksiyalar siyahısına daxil edilib, lakin silahlı qüvvələrimiz təhdidləri fürsətə çevirib", - Baqiri qeyd edib.

“Bir gün onlar İran qüvvələrinə tikanlı məftil satmaqdan imtina etdilər, bu günisə İran raketləri və pilotsuz təyyarələrini almaq üçün növbəyə düzülürlər...

Avropa İttifaqına humanitar təklifim var. Onlara icazə verirəm ki, general-mayor Məhəmməd Baqirinin bütün dünyadakı bank hesablarının aktivlərini müsadirə etsinlər və Avropa vətəndaşları üçün kömür alsınlar. Çünki qabaqdan çətin qış gəlir!", - Baqiri istehzalı sözlərlə deyib.
“Əgər Ermənistan tərəfi buna hazırdırsa…” – İlham Əliyevdən mesajBu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz də hazırıq.

Avrasiya.net xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında söyləyib.

İkitərəfli gündəliklə bağlı danışan dövlətimizin başçısı deyib: “Ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin doqquz ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir”.
Fransız saytı təəccüblənir: erməni təbliğatını susdurmağın unikal imkanıFransız Caucase de France saytı Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş Petisiyaya səsvermədə azərbaycanlıların kütləvi iştirakını təəccüblə qeyd edir.

Bu Petisiya Senatın Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə layihəsinə cavab olaraq, Mesopinions.com fransız petisiyalar saytında yerləşdirilib. Fransa parlamentariləri ölkəmizi “kütləvi və hərbi cinayətlər”də ittiham etmək, o cümlədən Avropa İttifaqı ölkələrini Azərbaycanın neft və qazının alınmasına embarqo tətbiqinə sövq etmək niyyətindədirlər.

Caucase de France qeyd edir: “Mesopinions.com saytında Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş petisiyanın dərc olunmasından on üç gün keçib, artıq 31 mindən çox insan ona səs verib. Bu petisiyanın altında şərhlərin sayı 3300-dən artıqdır … Müqayisə üçün: Dağlıq Qarabağdakı erməni xristian ziyarətgahlarının mühafizəsi üçün 2020-ci ilin noyabr ayında həmin fransız saytında yerləşdirilən Petisiya o vaxtdan bu günə kimi cəmi 1060 səs və 143 şərh alıb.

Caucase de France-ın məlumatına görə, Fransa Senatına müraciətin yer aldığı petisiya Azərbaycanın müxtəlif şəhərlərinin on sakini tərəfindən imzalanıb. “Bu təşəbbüs qrupunun rəhbəri 2020-ci ildə Azərbaycan-Ermənistan hərbi münaqişəsi zamanı raket atəşlərinə məruz qalmış Gəncə şəhərinin ictimai fəalı, 52 yaşlı Ələkbərova Kubradır”.

Nə qədər çox azərbaycanlı petisiyaya dəstək olmaq üçün səsvermədə iştirak edərsə, fransız və digər Avropa ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən, nəhayət ki, Fransanın birtərəfli, ermənipərəst mövqeyi ilə bağlı bizim fikrimizin eşidilmək ehtimalı bir o qədər də artar. Bu, Avropadakı erməni təbliğatını susdurmaq üçün unikal şansdır!

Həmçinin Caucase de France qeyd edir ki, petisiya və ona dəstək məqsədilə Bakıda, Fransa səfirliyinin önündə keçirilən etiraz aksiyası ilə bağlı ABŞ hakimiyyəti tərəfindən maliyyələşdirilən “Radio Svoboda”-nın bir neçə regional xidmətlər saytı xəbər verib.
Qarabağın dirçəlməsində də Türkiya Azərbaycanın yanındadırDüşmən üzərində qələbənin və torpaqlarımızın işğaldan azad olunmasının 2 ili bir neçə gündən sonra tamam olacaq. Bu torpaqlarda bərpa və yenidənqurma işləri isə surətlə davam edir. Cari ilin oktyabr ayında Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata əyanat verərəkən bildirdi ki ZəngilanHava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.

Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmişdir, Azərbaycan Bayrağı qaldırılmışdır və ondan sonra Ermənistan təslim oldu.

Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərini bir daha xatırlayan dövlət başçısı bu “Şanlı tarix bizim müştərək tariximizdir” deyərək vurğuladı ki, ikinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi.

Türkiyə-Azərbaycan birliyi bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də görünür. Ərazidə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır.

Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.

Erməni vaddallığını bir daha xatırlayan İlham Əliyev söylədi ki, burada yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın.
Amma yurdunu sevən insan üçün quu torpaqlar belə əzizdir. Vətən çəkir və hamımız qayıdacağıq. Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.

Qeyd olundu ki, bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.

Cənab İlham Əliyev Türkiyənin dünyada drumu və səviyyəsini xatırlayaraq bildirdi ki, Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır;Hər kəs bilir ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxdı. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.

Vüsalə Babayeva
147 №li Texniki-humanitar liseyin direktor əvəzi
“AzerGold”da qazaxıstanlı nazir ilə görüş keçirilib“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Serikkali Berekeşefin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu xatırladan Zakir İbrahimov əməkdaşlığa və qarşılıqlı təcrübə mübadiləsinə hazır olduqlarını vurğulayıb.

Z.İbrahimov 2017-ci ildə hasilat işlərinə “Çovdar” qızıl mədənindən başlayan Səhmdar Cəmiyyətin bu illər ərzində paralel olaraq yeni əlvan və qara metal filizi yataqlarının istismara hazırlanması istiqamətində mühüm uğurlar əldə etdiyini bildirib. Cəmiyyətin geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş” qızıl yataqlar qrupuna aid olan “Ağyoxuş 1”, o cümlədən “Mərəh” qızıl yatağının istismarına nail olduğunu xüsusilə qeyd edən Z.İbrahimov icra edilən qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırıldığını, 2025-ci ildən etibarən isə əlvan metal yataqları üzrə də asılılığın aradan qaldırmasının hədəf olaraq müəyyən edildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

İdarə Heyətinin sədri adları çəkilən, eləcə də yaxınlıqda yerləşən digər yataqlarda hasil ediləcək filizlərin mərkəzləşdirilmiş qaydada emalı üçün “Çovdar” qızıl mədənin bazasında inteqrəolunmuş regional emal sahəsinin yaradıldığını bildirib. Sədr istismarına hazırlıq görülən yeni əlvan və qara metal yataqları, həmçinin “Filizçay” polimetal yatağı barədə də məlumat verib. Qeyd edilib ki, dövlət şirkəti regionun və Avropanın ən iri polimetal yataqlarından biri olan “Filizçay”da hasilat işlərinə 2025-ci ildə sınaq rejimdə start verməyi, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınmasını planlaşdırır.

Z.İbrahimov qazaxıstanlı heyətə Azərbaycan Respublikasının prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi zəfər nəticəsində azad edilmiş Kəlbəcər rayonunun mina və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilərində Cəmiyyətin icra etdiyi geoloji axtarış işləri ilə bağlı məlumat verib. Həmin ərazidə daha geniş miqyasda fəaliyyətin aparılmasına məhz Ermənistan Respublikası tərəfindən işğal dönəmində basdırılmış minaların əngəl olduğu və bu günədək mina xəritələrinin tam olaraq təhvil verilmədiyi diqqətə çatdırılıb. Bölgənin minalardan, eləcə də partlamamış hərbi sursatlardan tam olaraq təmizləndikdən sonra daha geniş miqyaslı geoloji kəşfiyyat işlərinə başlanılacağı vurğulanıb.

Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Serikkali Berekeşefi hər iki ölkənin dağ-mədən sektorunda əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu qeyd edib. O, ölkəsinin mineral xammal ehtiyatlarına görə dünya liderlərindən biri olduğunu diqqətə çatdırıb. Qazaxıstanlı nazir Sovet dövrünə aid geoloji məlumatların rəqəmsallaşdırılmasını özündə ehtiva edən və yerin təkindən istifadə üzrə bütün mövcud informasiya sistemlərini birləşdirən vahid “Kaznedra” platformasının yaradılması prosesi barədə məlumat verib. Onun sözlərinə görə, yeni platforma investorların Qazaxıstanda geoloji məlumatlar və interaktiv xəritələrə onlayn girişini təmin edəcək.

Z.İbrahimov geoloji məlumatların rəqəmsalllaşdırılması istiqaməti üzrə də əməkdaşlığa və qarşılıqlı təcrübə mübadiləsinə hazır olduqlarını vurğulayıb. Daha sonra bir neçə il öncə ölkəmiz üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsinə start verildiyini və layihənin uğurla yekunlaşdırıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəal əməkdaşlığı ilə Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanılan məlumatlar elektronlaşdırılıb, beynəlxalq məsləhətçilərlə əməkdaşlıq çərçivəsində beynəlxalq standartlara uyğun olaraq hər bir yataq üzrə rəqəmsal məlumat bazası yaradılıb. Görülən işlərin yataqların iqtisadi və ekoloji cəhətdən daha effektiv idarəedilməsinə kömək edəcəyi, geoloji məlumatların rəqəmsallaşdırılmasının əlvan və qara metal sənayesinin xarici investorlar üçün cəlbediciliyini artıracağı, növbəti mərhələdə iqtisadi səmərəlilik nəzərə alınmaqla yataqların işlənmə prioritetlərini müəyyənləşdiriləcəyi vurğulanıb.

Serikkali Berekeşefi görüşün davamında “AzerGold” QSC-nin və Qazaxıstan şirkətlərinin timsalında yeni mədənlərə qarşılıqlı investisiya qoyuluşu, həmçinin geoloji kəşfiyyat sahəsində əməkdaşlıq perspektivləri istiqamətində bir sıra təkliflərlə çıxış edib. Daha sonra birgə fəaliyyət və təcrübə mübadiləsi təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, atılacaq növbəti addımlar müzakirə olunub.