Prezident: Orada "Dağlıq Qarabağ" adı yoxdur!Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

“Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir. Əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Şöbədə arvadını güllələyən serjanta hökm oxunduBakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Prokuror İ.Məmmədovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, İ.Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

İstintaq dövründə İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
Bakıda nəvə nənəsinin boğazını KƏSDİAprelin 11-i saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
“Zəfərin fatehləri” layihəsi çərçivəsində Quba şəhərində intelletual turnir keçirilbAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Zəfərin fatehləri” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Quba şəhərində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında intellektual oyun keçirilib.

Turnirdə Quba rayonunun Qəçrəş və Küpçal kəndlərində, eləcə də Quba şəhərində yaşayan və təhsil alan yeniyetmə və gənclərdən ibarət 10 komanda iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin gənc nəsil arasında 30 illik Vətən həsrətinə son qoyaraq zəfərimizlə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətinin və onun qazanılmasında şəhid və qazi olan qəhrəman eloğullarımızın təbliği olduğunu qeyd etmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Fuad Rzazadə çıxışında agentliyin fəaliyyət istiqamətləri və bu tip qrant müsabiqələrinin əhəmiyyət barədə məlumat verib.

Rəsmi hissə başa çatdıqdan sonra “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilmiş Elvin Seyfəddinovun aparıcılığı ilə turnirə start verilmişdir.

Yekunda Quba şəhərində yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin “Carpe Diem” komandası turnirin qalibi adını qazanıb.

Qəçrəş kəndinin “Uğur” komandası ikinci, Texniki Təmayüllü Liseyin “Zəfər” komandası üçüncü mükafata sahib olub.

Qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla, bütün iştirakçılar isə Quba şəhidləri haqqında hazırlanmış “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı kitabla təltif edilmişdir.

Qeyd edək ki, mart ayından start götürən layihə müddətində Quba rayonunun Alekseyevka və Məckə-Xacə kəndlərində vətən müharibəsi iştirakçıları ilə yeniyetmə və gənclərin görüşləri, Zərdabi, Qaraçay qəsəbələrində, Çartəpə və Qımılqışlaq kəndlərində intellektual oyunlar, Qəçrəş kəndində təşkil edilən atıcılıq üzrə turnirlərdə ümumilikdə 300 nəfər yeniyetmə və gənc iştirak edib.

Azərbaycanlı tələbə girovluqdan azad olunurUkraynada Azərbaycanın Neftçala rayonundan olan tələbə Hüseyn Abdullayev girovluqdan azad edilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a istinadən onun atası Amil Abdullayev məlumat verib.

Onun sözlərinə görə, oğlu Hüseyn girov saxlandığı yerdən 130 km kənarda yerləşən Zaporojya şəhərində, Azərbaycan diaspor nümayəndələrinə təhvil verilməsi ilə bağlı razılıq əldə edilib.

Qeyd edək ki, H. Abdullayev ötən ay sığınacaqdan çıxaraq Mariupol şəhərini tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə girov götürülmüşdü.
Almaniya 68 Azərbaycan vətəndaşının sığınacaq istəyini rədd edib2022-ci ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları tərəfindən Almaniya miqasiya orqanlarına 267 sığınacaq ərizəsi daxil olub.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.

Məlumatda deyilir ki, sığınacaq müraciətlərindən 185-i ilk dəfə, 82-i isə ikinci və üçüncü dəfə olan müraciətlər olublar.

“Bu ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları ilə bağlı ümumilikdə 213 qərar qəbul edilib. Sığınacaq müraciətlərinin yalnız 12,2 %-nə müsbət cavab verilib. 68 iş üzrə mənfi qərar çıxarılıb, 119 işə digər prosedurlar səbəbindən baxılmayıb”, - BAMF-dan bildirilib.

Federal idarənin son statistik məlumatına görə, ötən ay federal idarəyə ümumilikdə 51 589 sığınacaq ərizəsi daxil olub.
Abşeron İH-in xalqa danışdığı yalan - VideoXəbər verdiyimiz kimi, fevral ayında Yeni Saray yaşayış massivi, Ziya Bünyadov küçəsindəki ümumi istifadədə olan ana yolda qanunsuz obyektin tikintisinə başlanılmışdı.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin Axar.az-a şikayəti əsasında məsələ geniş işıqlandırılmışdı.

Bundan sonra fevralın 8-də Saray bələdiyyəsinin sədri Mehi Həsənov tikilinin sökülməsinə başlandığını bildirmiş, faktı təsdiqləyən foto göndərmiş, bizə izah etmədiyi özünəməxsus səbəbə görə bunun işıqlandırılmamasını xahiş etmişdi. Lakin yazı işıqlandırılmışdı.

Amma olayın üzərindən 3 gün keçməmiş sökülən qanunsuz tikili gecə ilə yenidən bərpa olunmuşdu. Abşeron Rayon İcra Hakimiyyətinə saytımız tərəfindən dəfələrlə müraciət olunmuş, məsələ barədə məlumat və videomaterial təqdim edilmiş, cavab istənilmişdi. İH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsi Müşfiq Abbasov qanunən obyekt sahibinə xəbərdarlıq edildiyini bildirmiş, lakin söküntü üçün texnika və işçi qüvvələrinin olmadığı yalanını uydurmuş, işi FHN-in üzərinə atmışdı.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə bəlkə də Azərbaycanda bir ilkə imza atdı: o, ictimai maraqlar naminə Abşeron rayon İcra Hakimiyyətini məhkəməyə verdi və qanunsuz tikintini sökmədiyi üçün “vəzifəli şəxsin hərəkətsizliyindən” şikayətçi oldu.

Ötən gün Xəzər TV məsələni yenidən gündəmə gətirib. Məlum olub ki, qanunsuz tikili Azər Rəşidov adlı şəxsə məxsusdur və obyektin heç torpaq sənədi də yoxdur. O, Abşeron Rayon İcra Hakimiyyətindən qeyri-rəsmi şəkildə rüşvət verərək, öz dili ilə desək, “xahiş edərək” tikintiyə icazə aldığını efirdə etiraf etdi.

Abşeron İH-in Memarlıq və tikinti şöbəsinin müdiri Elvin Quliyev isə Xəzər TV-nin efirində xalqa sözün bütün mənalarında əndazəni aşan yalan püskürməklə məşğul oldu. O dedi ki, guya məsələdən xəbərdar olmayıblar və bu qanunsuz tikinti ilə bağlı “ciddi” addımlar atılacaq. Sonra isə əlavə etdi ki, obyekt sahibinə İH tərəfindən heç bir icazə sənədi verilməyib.

E.Quliyevin sözündən belə çıxdı ki, xəbərləri olmadığına görə qanunsuz obyekt tikilib, indi isə “sənədləşmə aparıb”, ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət edəcəklər.

Halbuki 15 fevral tarixində saytımız rəsmi sorğu verərkən İH-dən araşdırılacağı bildirilmişdi. Necə araşdırma aparıblarsa, 15 fevraldan indiyə qədər qanunsuz tikilinin üstü də örtülüb, üzərinə də suvaq vurulub və guya bunu rayonun baş memarı görməyib.

Əgər bu qədər müraciətlərdən, hüquq professorunun birbaşa şikayətindən, bizim dəfələrlə verdiyimiz sorğudan sonra da baş memar o tikilidən “xəbərdar deyilsə”, onda ya xalqı ələ salır və yalan deyir, ya da o vəzifədə oturmağa qətiyyən layiq deyil.

Yeri gəlmişkən qeyd edək ki, məsələ ilə bağlı ötən gün Fərhad Mehdiyevin müraciəti əsasında Sumqayıt İnzibati Məhkəməsində hazırlıq iclası olub. Fərhad Mehdiyevin sözlərinə görə, həlli İH-in səlahiyyətində olan bir məsələnin məhkəməyə qədər gəlib çıxaması hakimə qəribə gəlib...
Azərbaycanda şirkət rəhbərləri həbs edildiSahil-S İnşaat Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə “Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Taley Şamil oğlu Alaverdiyevin GG Company MMC-nin direktoru Pənah Sudeib oğlu Kərimov ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanna kifayət qədər sübutlar əsasında Taley Alaverdiyev və Pənah Kərimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

"Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara 961 nömrəli “Çağrı Mərkəzi” və “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir", - məlumatda qeyd olunub.
Özünü öldürmək istəyən qız xəstəxanaya yerləşdirildiDağüstü parkda özünü hündürlükdən atan qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, 1999-cu il təvəllüdlü gənc qız aprelin 11-də saat 11:15-də təcili olaraq KTM-in Reanimasiya şöbəsinə yerləşdirilib.

"Müayinələri aparılıb. Diaqnozu sağ bazu sümüyünün orta üçdə birinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdə birinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travmanın olması olub. Hazırda huşu aydındır, vəziyyəti isə ağır-stabil olaraq qalır", - məlumatda deyilir.
Pandemiya dövründə yazılan cərimələr ləğv edilsin - TəklifAzərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir.

Avrasiya.net xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.

Qeyd edək ki, deputat həmçinin PCR testinin ləğv edilməsini və Azərbaycanın quru sərhədlərinin açılmasını da təklif edib.