İdrak liseyində baş vermiş faciə, silah və insan məsuliyyəti...
Həmişə ov tüfəngi almaq istəyim olub. Dəfələrlə mağazada əlimə götürmüşəm, baxmışam, ölçmüşəm, amma sonda yenə yerinə qoymuşam. İçimdə izah edə bilmədiyim bir səs hər dəfə buna mane olub. Zaman keçdikcə başa düşmüşəm ki, o səs qorxu deyil, məsuliyyət hissidir. Çünki silah adi əşya deyil, insan həyatını bir anda geri dönməz şəkildə dəyişdirə bilən vasitədir.
İnsan həyatında bəzən bircə anlıq səhlənkarlıq edir. O an silah nəzarətsiz qalır və artıq sahibinin niyyəti yox, vəziyyətin özü hökm verir. Silah adekvat olmayan bir insanın, yaxud bir uşağın əlinə keçəndə ov aləti yox, ölüm alətinə çevrilir. Hədəf kursunda baş verən faciə də məhz bunu göstərdi: problem təkcə barmaqla tətik arasında deyil, düşüncə ilə məsuliyyət arasındadır.
Bu məqamda “Görüş yerini dəyişmək olmaz” filmində Şarapovla Jeqlovun dialoqu yadıma düşür.
Filmdə Qruzdevin silahı ilə onun keçmiş arvadı öldürülür və o şübhəsi qismində bir neçə müddət həbsdə qalır.Əsl cani Foks həbs olunduqdan sonra Şarapov Jeqlova günahsız bir adamı həbsdə saxlamasına etiraz edəndə aldığı cavab sərt, amma düşündürücüdür:
“Без вины виноватых не бывает, надо было вовремя разобраться между женами и не разбрасывать оружие где попало.”yəni məna beelədir: - “Günahsız günahlandırılan olmur, ailə münaqişələri vaxtında yoluna qoyulmalı, silah isə harada gəldi saxlanılmamalı idi.”
Bu cümlə ilk baxışda amansız səslənir, amma alt qatında ağır bir həqiqət var: məsuliyyətsizlik də günahdır.
Silah sahibi olmaq təkcə hüquq məsələsi deyil, bu, əxlaq məsələsidir. Sən təkcə özünə deyil, ətrafındakı hər kəsə cavabdehsən. Silahın harada saxlanıldığını, kimin ona çata biləcəyini, hansı anda nəzarətdən çıxa biləcəyini düşünmədən onu əldə etmək artıq riskdir. İdrak liseyindəki faciə də göstərdi ki, təhlükə uzaqda deyil, elə gündəlik səhlənkarlığın içindədir.
Bəzən insanlar faciədən sonra “təsadüf oldu” deyir. Amma silahla bağlı təsadüf olmur. Orada ya düşünülməmiş qərar, ya da vaxtında verilməmiş məsuliyyət var. Mənim ov tüfəngini hər dəfə yerinə qoymağım da məhz bu anlayışdan doğur: insan özünü bir dəfə aldada bilər, amma silah səhvi bağışlamır.
Bu faciə bizə bir daha xatırlatdı ki, silah sahibi olmaq güc yox, yükdür. Hər kəs bu yükü daşımağa hazır deyil. Hazır olmayanın əlində isə silah sadəcə dəmir parçası yox, potensial faciədir.
Vasif Əfəndi
