star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Zərifə müəllimənin xatirələri

Yaxşı insanlar unudulmurlar. Çünki onlar insanlığın bütün müsbət cəhətlərini öz xasiyyət və davranışlarında, alicənablıqlarında göstəriblər.
Bu yaxşı insanlar gözəl adətləri, xoş əməlləri ilə könüllərdə taxt qurublar. Belələrindən söz düşəndə adam dərindən köksünü ötürür:
– Kaş sağ olsaydı! Sözünü-söhbətini bir də eşitsəydim daha dərdim olmazdı.
Belə unudulmaz şəxslərdən biri də Qəşəmdi.
Qəşəm Vəliyev. Əslən Ağbabanın Sultanabad kəndindəndi. Mən ondan cəmi dörd yaş döyük idim. Qəşəm filologiya üzrə fəlsəfə doktoru idi. Olduqca abırlı, sadə, utancaq bir insan idi.
Aşıq yaradıcılığına, aşıq sənətinə vurğun idi. Ustad sənətkarlara qulaq asmaqdan xüsusi həzz alar, çox mütaliə edər, toplayıcılığa da vaxt ayırardı.
İş elə gəlmişdi ki, dostumla ancaq bir təsadüfü hallarda görüşürdüm. Əvvəllər Bakıdan uzaqda, rayonda işləyirdi. Daha sonra Sumqayıta qayıtmışdı. Yenə də arada bir görüşürdük. Nəhayət, bir gün də bir acı xəbər eşitdim: Qəşəm vəfat edib. İnsan ömrü həm qısadır, həm də bilinmir. Daha doğrusu, ömrü verəndə, alan da Allahdır. Sözüm onda deyil, aradan uzun illər keçdi, az qala otuz il olur. Nə yaxşı ki, bu yaxınlarda Allahverdi müəllimlə bir telefon görüşməsində rəhmətlik Qəşəmdən söz saldıq. O da mənə Qəşəmin oğlu Ozalın telefon nömrəsini verdi. Dostum Qəşəmin ailəsini ziyarət etdim. Məni Ozalla bərabər Qəşəmin ömür-gün yoldaşı Zərifə müəllimə qarşıladı. Ev sahibi həyat yoldaşını həyəcanla andı, onunla bağlı xatirələrini dilə gətirdi.
– Yadımdadır, ikimizin də təyinatı rayona verilmişdi. Elə ilk gündən bizim baxışlarımız, sözümüz bir-birimizə xoş gəldi. Az keçmədi ki, bizə elçiliyə gəldilər. Xeyir iş baş tutdu, ailə qurduq. Qəşəmin olduqca gözəl xasiyyəti vardı. Səsini qaldırmaz, boş danışmaz, mənə qayğı ilə yanaşar, qonşulara, adamlara qarşı diqqətli idi.
Çox savadlı idi. Yadımdadır, ali məktəbi bitirdikdən bir il sonra onu məktəb direktoru təyin etdilər.
Qəşəm çox işgüzar idi. O üstəlik Bakı Dövlət Pedaqoji Universitetinin Quba filialında da müəllim işləyirdi. Baxırdım işi çoxdur, evə gələndə də işləyir. Nə isə yazır, çalışır. Arada bir deyirdim:
– Ay Qəşəm, özünü çox yorursan. Sən həm orta məktəbdə, həm də ali məktəbdə işləyirsən. Bəlkə ali məktəbdə işləməyəsən.
Qəşəm mənim dediyimi qəbul etmədi. Amma bunu sərt şəkildə deyil, anlayışlı bir şəkildə, asta səslə bildirdi:
– Görmürsənmi, mən müəllimlik işindən zövq alıram. Orta məktəb bir başqadır, ali məktəb bir başqa. Elə də şagirdlər də, tələbələr də... Bir iş ki, adamı yormaya, bezdirməyə onu niyə davam etdirməyəsən.
Əlbəttə, bu sözdən sonra ona təkrar heç nə deyə bilməzdim.
Vaxtsız vəfat etməsi məni çox sarsıtsa da özümü ələ aldım. Axı uşaqlarım da balaca idilər. Yəni böyük oğlum beşinci sinifdə, ondan kiçik qızım üçüncü sinifdə oxuyurdu, son beşiyim lap balaca idi. Dörd yaşı vardı, məktəbə getmirdi.
Bəli, özümü itirmədim. Ailənin ağırlığı mənim çiyinlərimə düşmüşdü. Əvvəlcə rayondan Sumqayıta pənah gətirdim. Burda evimiz vardı. Ailəmi daha yaxşı dolandırmaq lazımdı deyə düşünüb iki orta məktəbdə müəllimə işləməyə başladım.
Beləcə Qəşəmin olmadığını uşaqlarıma unutdurdum. Onlar atalarının sağ olduğu qənaətində böyüdülər, atalıq borcunu da götürdüm. Yeri gələndə də uşaqlarıma məsləhət verdim:
– Yolunuzu özünüz seçin, amma bir sənət, peşə seçin. Halallığı, doğruluğu da özünüzə yol yoldaşı edin, düz yolla gedin.
Nəsihətlərim yerini aldı. Böyük oğlum, Xarici Dillər Universitetini, kiçik oğlum İqtisad Universitetini bitirdilər.
Yenə deyirəm, bu evdə Qəşəm unudulmayıb. Divarlarda şəkilləri var. Həmişə bizə gələndə kiçik nəvəm onun şəklini mənə göstərib deyir:
– Bu Qəşəm babadı.
Qəşəmin əl yazmaları, kitabları, şəxsi əşyaları evdə saxlanılır. Belə xeyirxah, səmimi, xoşrəftar, nəcib ailə başçısı unudularmı? Həmişə onu söz-söhbətdə yada salırıq. Düşünürəm bu söz-söhbətin səsi-sədası evimizin divarlarına, tavanına, içinə hopub – bizə firavanlıq, bol-bərəkət gətirib. Ailəmizin düzəni-nizamı yerindədir, yerində də olacaq.

Tacir Səmimi,
Filologiya üzrə fəlsəfə doktoru, dosent



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər