Suyun keyfiyyəti ürəkaçan deyil - Komitə sədri
Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədi ilə bilavasitə respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında il ərzində müayinə edilmiş 763 su nümunəsinin 0,7%-i (2022-ci ildə 1,2%) kimyəvi göstəricilərinə, 3,9%-i (2022-ci ildə 7,9%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar mövzusunda” dinləmədə Aqrar siyasət komitəsinin sədri Sadiq Qurbanov deyib.
Komitə sədr bildirib ki, suyun keyfiyyəti ilə bağlı məsələ ürəkaçan deyil: “Bakı şəhəri üzrə mövcud olan 94 mərkəzi və məhəllədaxili su anbarlarının “Azərsu” ASC tərəfindən yuyulub zərərsizləşdirilməsi təmin edilib, bu tədbirlərdən sonra sanitariya nəzarəti zamanı laboratoriya müayinəsi üçün götürülmüş 112 su nümunəsindən 9,8 %-nin bakterioloji göstəriciləri qeyri-kafi olub, fiziki-kimyəvi göstəriciləri isə norma daxilində olub. Dövlət standartının tələblərinə uyğun gəlməyən nəticələr üzrə müvafiq tədbirlər görülmüş, təkrari müayinələr aparılıb.
Göstərilən müddət ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında ayrı-ayrılıqda müayinə olunmuş 473 (2022-ci ildə 402) su nümunəsinin 33%-i (2022-ci ildə 41,2%) fiziki-kimyəvi və 12%-i (2022-ci ildə 19,6%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
Respublikada yerli su təchizatı mənbələri üzərində nəzarət tədbirlərinin həyat keçirilməsi məqsədilə respublikanın 16 rayonunda yerləşən 460 su mənbəyi laborator tədqiqat üsulunun tətbiqi ilə müayinə olunub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında müayinə olunmuş 529 nümunədən 23,2%-i orqanoleptik, 11,8%-i kimyəvi, 40,3%-i bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
Yevlax şəhərinin içməli su təchizatı ilə bağlı aparılmış müayinələr zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib”.
Komitə sədri həmçinin qeyd edib ki, Cənubi Qafqazdakı ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə Azərbaycanın payına düşür. Orta illik yerüstü su ehtiyatı isə 32,3 milyard kubmetrdir.
Komitə sədr bildirib ki, respublikamızın ərazisinin dörddə üç hissəsi Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbəyidir:
“Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır. Təəssüf ki, bu sular da qonşu ölkələr tərəfindən daim çirkləndirilir. Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil. Proqnozlara görə ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var. 2070-ci ilə qədər isə həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir. Torpaqlarımızın şoranlaşmasında da su itkilərinin xüsusi payı var.
Bu məsələdə obyektiv və subyektiv səbəblər var. Başqa bir misal, sayğaclaşma hələdə başa çatmayıb, 90 faizdir. Bu səbəbdən abonentlərə verilən su adambaşı kvota ilə hesablanır, yəni bir nəfərə 5 kub su hesablanır”.