Sizin Reklam Burada

Mürvətə yetməyən ömür

Mürvətə yetməyən ömürErməni girovluğunda dəhşətli işgəncələrə məruz qalan ana-bala düz 32 ildən sonra faciələrinin başlandığı yerə qisasları alınmış xocalılılar kimi döndülər

"Girovluqda düşmən bizə torpaq yedizdirdi. "Qarabağ Azərbaycanın deyil" sözünü dedirtmək, bizi mənən sındırmaq istədi. Biz xocalılılar orada bütün işgəncələrə qatlaşdıq, amma heç birimiz demədik ki, torpaq sizindir. Əqidəmizdən dönmədik, vətənə xəyanət etməkdənsə ölümü üstün tutduq... Ötən illərdə heç zaman ümidimizi itirmədik, bildik ki, bir gün mütləq torpaqlarımız azad olunacaq, biz xocalılıların qisası alınacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq...
Allahın bu gününə şükür, biz yenidən Vətəndə, Xocalıdayıq..."

Ailə tabloları çilik-çilik oldu

Xocalı soyqırımı zamanı girov düşərək 6 gün erməni vəhşiliyi ilə üz-üzə qalmış 45 yaşlı Mürvət və 77 yaşlı anası Narxanım Məmmədovlar düz 32 ildən sonra - 2024-cü il yanvarın 29-da Xocalıya dönmüşdülər. Vaxtilə işgəncə gördükləri, şəhidlərimizin qanları ilə suvarılan müqəddəs torpağa yenidən qədəm basmağın təsvirəgəlməz hisslərinə bürünmüşdülər. Ağrı-acıdan, iztirabdan, kədərdən, özləmdən, qəhərdən doğan göz yaşları içərisində Xocalının dağlarına, düzlərinə, meşələrinə, bir zamanlar xoşbəxt yaşam sürdükləri boz dağın ətəyindəki evlərinə baxmışdılar...
Ötən günlərini, itirdikləri doğmalarını yenidən görmək ümidi ilə...

Heyhat...

Həmin tarixdə Mürvətlə Narxanım ana hələ 14 və 45 yaşları olduğu zaman faciələrə tuş gəldikləri daha bir ünvana - Əsgəran polis şöbəsinin keçmiş qanlı təcridxanasına, lakin bu dəfə girov kimi yox, zalım qədərin inadına, düşmənin acığına bütün ağrı-acılarının üzərinə məlhəm çəkilmiş, qisasları alınmış xocalılılar kimi ayaq basmışdılar...
Lakin istər-istəməz o faciəvi günlərinə bir daha qayıtmış, dəhşətli xatirələri gözlərinin önündən kino lenti kimi keçib getmişdi...

1992-ci il fevralın 26-da Əsgəran polis şöbəsinə gətirilmiş xocalılı girovlar arasında Məmmədovların da səkkiz nəfərlik ailə üzvü vardı. Gənc ata-ana və onların ən böyüyünün 17, ən kiçiyinin isə 3 yaşı olan altı övladı...

O gün ora gətirilən bir çox xocalılı ailə kimi, Məmmədovlar ailəsinin xoşbəxtliyinə də elə bu qanlı təcridxanada son qoyulmuş, bütöv ailə tabloları çilik-çilik olmuşdu. Erməni qaniçənləri ailənin başçısı 47 yaşlı Məmmədlə iki oğlu 17 yaşlı Söhbət və 16 yaşlı Möhləti digər ailə üzvlərindən zorla ayıraraq hara isə aparmış, Məmmədovların qalan üzvləri bir daha onları görməmişdilər... İllər boyu onlar əzizlərinin naməlum taleyindən bir xəbər almaq ümidi ilə gözləmiş, bir gün dönərlər deyə hər açılan qapının arxasında doğmalarının üzünü axtarmışdılar... Ta ki 2007-ci ilə, Məmməd, Söhbət və Möhlətin faciəvi taleyi ilə bağlı qara xəbər alana qədər... Amma bunlar çox sonra olmuşdu... Həmin dəhşətli zamana qədər hələ Məmmədovlar ailəsi çox zülmlərə sinə gərməli olmuşdular...

"Zalım tale ürəyimə dağ çəkdi"

"Nə uşaqlığımı doyunca yaşaya bildim, nə də gəncliyimi. 14 yaşındaykən cəmi bir günün içində Xocalıda zalım tale həm ürəyimə dağ çəkdi, həm də çiyinlərimə dağdan ağır bir yük qoydu. Özüm ata-ana qayğısına möhtackən darmadağın olmuş, başsız qalmış ailəmizə, yoldaşını, üç övladını itirmiş anama, azyaşlı qardaşlarıma dayaq durmaq kimi çətin bir vəzifə verdi mənə...", - deyə Xocalı faciəsinin canlı şahidi Mürvət Məmmədov "Biz qayıtdıq, Vətən!" rubrikasında üzərindən sadəcə zaman keçən, ağrı-acısı isə ilk gündəki kimi təzə qalan Xocalı soyqırımında yaşadığı, şahidi olduğu dəhşətli həyat gündəliyini ürək ağrısı ilə vərəqləyir...

- 1988-ci ildə ailəmiz Qərbi Azərbaycanın Göyçə mahalından qaçqın düşdü. Erməni zülmündən baş götürüb qaçan zaman böyük qardaşım 1973-cü il təvəllüdlü Sərvər çayda boğularaq şəhid oldu...
Qardaşımın ölümündən dəhşətli sarsıntı keçirən ailəmizin digər 8 nəfərlik üzvü Xocalı şəhərinə pənah gətirdi. Amma Xocalıda da rahat yaşaya bilmədik. Demə qara günlərimiz hələ qabaqda imiş...

1992-ci ilin fevralına qədər Xocalı blokadada qaldı. Erməni vəhşiliyinin şahidi olan atam Məmməd, böyük qardaşlarım Söhbət və Möhlət də Xocalıdakı könüllü batalyonlara qoşularaq postlarda keşik çəkirdilər. Yadımdadır, Xocalıya gələn sonuncu vertolyot vurulandan sonra hər yerlə hava əlaqəmiz tamamilə kəsildi. Xocalı əhalisi işıqsız, qazsız, susuz, ərzaqsız şəraitdə, düşmənin atəşi altında birtəhər yaşayırdı, amma bir nəfər də şəhəri tərk etmirdi.

Ermənilər demək olar ki, hər gün şəhəri atəşə tuturdular və bu, bizim üçün adi hala çevrilmişdi. İkimərtəbəli evimiz paneldən idi. Atışma olanda adətən qonşu qadınlar, uşaqlar da bizə yığışırdılar ki, mərmi düşsə, çardaq yanana qədər çıxıb qaça bilək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə atışma heç səngimədi...

"Bizi yandırmaq istəyirdilər"

- Səhərə yaxın qardaşım Möhlət gəldi ki, "ana, ermənilər şəhərə giriblər evləri yandırırlar, qız-gəlinin səsi dünyanı götürüb başına. Hazırlaşın, əyninizi isti geyinin, meşəyə qaçıb camaata qoşulaq".

Bu zaman o biri qardaşım Söhbət gəlib dedi ki, qonşumuz Vidadi dayı ayağından yaralanıb. Gedib onu da evimizin yaxınlığındakı postdan gətirdilər bizə. Vidadi dayının ayağını möhkəm sarıdılar ki, qanaxmanın qarşısını alsınlar. Bu zaman ermənilər evimizi mühasirəyə aldılar və hər tərəfdən atəşə tutdular, pəncərələrimiz sındı, atam qolundan yaralandı. Atamın ov tüfəngi var idi, onunla, Vidadi dayının avtomatı ilə qardaşlarım bütün mərmilər qurtarana qədər düşmənlə döyüşdülər. Birdən evin qarşısından içəri əl qumbarası atdılar, mən ayağımdan, anam kürəyindən yaralandı. Bizdə olan qonşumuz Sara xala, o da Ermənistandan qaçqın düşmüşdü, onun Natəvan adlı 3 yaşlı körpəsi dünyasını dəyişdilər. Ermənilər bizim təslim olmağımızı istəyirdilər. Azərbaycan, rus dillərində bizi aldadırdılar ki, "qorxmayın, sizi öldürməyəcəyik..." Amma biz təslim olmurduq. Bundan sonra qapını qırıb içəri girdilər. Evdə avtomatın qundağı ilə yaralı, qadın, uşaq, körpə bilmədən başımıza, gözümüzə vururdular. Sonra bizi tərk-silah edib bir otağa yığdılar. Ermənilər istəyirdilər ki, hamımızı evin içərisində yandırsınlar. Onlardan biri gedib maşından benzin gətirdi, töküb bizi yandırmaq istəyəndə 3 yaşlı qardaşım Ruslan, heç normal danışa da bilmirdi, düşmənə dedi ki, "əmi, qurban olum, məni öldürməyin..."

Həmin vaxt ermənilər tərəfdən döyüşən "366-cı motoatıcı alay"ın rus zabiti kapitan rus dilində dedi ki, "hətta faşist belə bu rəftarı etməzdi. Bu körpənin günahı nədir?!" Beləliklə, o bizi yandırmağa qoymadı. Əvvəl elə bildik ki, bizə ürəyi yandığı üçün belə edib, amma sonradan başa düşdük ki öz maddi marağı üçün edirmiş... Evdəki bütün qızıl zinət əşyalarının hamısını bizdən aldıqdan sonra dedilər ki, yaralıları alın qucağınıza, çöldə təcili yardım maşınına yaxınlaşın. Bizi maşına yığmaq istəyəndə Sara xala və körpə uşağının meyitini sürüyüb çölə atdılar. Yazıq qadının ağzı açıq qalmışdı, qızıl dişləri görünürdü. Vəhşi ermənilər elə orada meyitin qızıl dişlərini kəlbətinlə söküb çıxardılar. Demə, Sara xalanın həyat yoldaşı Pənah dayı bizə köməyə gəlirmiş və çöldəki tikinti daşlarının arxasından bizi izləyirmiş. Həyat yoldaşına, övladına qarşı edilən vəhşiliyi görəndə dözməyərək başladı düşmənə atəş açmağa. O zaman ermənilər tərəfindən vuruşan iki nəfər muzdlunu yaraladı, bir nəfər erməni isə yerə yatdı, bilmədik ki öldü, yoxsa yox... Pənah dayı döyüşə-döyüşə meşəyə girdi. Evimiz Əsgəran tərəfdən meşənin 100 metrliyində idi. Düşmənin yarısı Pənah dayının dalınca getdi, yarısı da bizi döyə-döyə təcili yardım maşınına yığdı...

"Balaca qardaşımın əlini güllələdilər ki..."

Fevralın 26-sı səhər bizi gətirdilər Əsgəran rayon polis şöbəsinə. Baxdıq ki, burada xeyli insan var. Kimisini meşədə don vurub, kimisinin yanında mərmi partlayıb qolu yoxdur, kimisinin də güllə başına girib beyninin qapağını qaldırıb can verir... İnsan naləsi hər yeri bürümüşdü, qan, irinləmiş yaraların üfunət iyindən baş çatlayırdı...

Ermənilər içəri girərək başladılar qadınların, qızların boynundan, qulaqlarından qızıl zinət əşyalarını vəhşi kimi dartıb qoparmağa. Buna dözməyən qardaşım Möhlət erməninin birini itələyərək dedi ki, "onsuz da özləri nə qır-qızıl varsa, verirlər də, niyə belə vəhşilik edirsən?" Bundan sonra onlar atamı, qardaşlarım Söhbət və Möhləti bizdən ayırıb harasa apardılar...
Sonra seçim edərək əli silah tutanları bir, cavanları bir, yaralıları, vəziyyəti pis olanları isə, 80-90 nəfərə yaxın yaralı var idi, digər otağa yığdılar. Onların arasında mənim də 5 nəfərlik ailə üzvlərim var idi. Yaralıların çoxu ölümcül idi. Uşaq idim, anlamırdım, amma görürdüm ki, qadınlar yanlarında kiminsə gözünü bağlayır, sığayır...

Ermənilər açıq nəfəslikdən avtomatı içəri salıb divarlara atəş açırdılar, oradan qopan toz-torpaq yaralarımıza dolur, yandırırdı. Vəhşilər bundan zövq alırdılar. Bir gün biz uşaqları bayıra çıxarıb sıraya düzdülər və dedilər ki, hamınız dik baxın. Xocalıda axısqa türkləri var idi, onlar da qaçqın kimi gəlmişdilər. Onlardan Əhməd adlı döyüşçünü də əsir tutmuşdular və başını kəsmişdilər. Deyirdilər ki, ona baxaq. Torpaq gətirib yedizdirir, məcbur etmək istəyirdilər deyək ki, bu torpaq onlarındır... Bizə bu cür psixoloji işgəncələr verir, mənən də sındırmaq istəyirdilər...

Ermənilər bildilər ki, balaca qardaşım, o zaman 11 yaşı olan Əhmədin doğum günüdür. Dedilər ki, "silah versək, atarsan?" O dedi ki, hə... Avtomatın lüləyini uşağın əlinin içinə qoyub güllələdilər ki, "qoy bu sənə bizdən ömürlük ad günü hədiyyəsi olsun". Güllə uşağın əlinin üstünü parça-parça elədi. Çay dəmləyib içirdilər, onu götürüb Əhmədin yaralı əlinə tökürdülər ki, o daha da əzab çəksin...

Anam yaralı idi, qan aparırdı, amma o girovluqda özünü bizə sipər edirdi, balalarını qorumağa çalışırdı... Düz bir həftə Əsgəran polis şöbəsində ermənilər tərəfindən insanlığa xas olmayan işgəncələr gördük...

Bir həftədən sonra girov saxlandığımız otağın qapısını açdılar, bizi təpikləyərək çölə çıxarıb düzdülər sıraya. Orada Əsgəran rayonunun erməni sakinləri var idi, onlar başladılar əllərindəki yaba, bel, daşla bizi vurmağa...
Sonra bizi qan-rəvan içində avtobusa mindirib gətirdilər Ağdamla Əsgəran arasındakı sərhədə. Orada rəhmətlik şəhidimiz Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə, ermənilər tərəfdən döyüşərək öldürülən muzdlu qaradərilinin meyiti ilə 80 nəfər azərbaycanlını dəyişdilər. Həmin 80 nəfər yaralı azərbaycanlıdan 5 nəfəri mənim ailə üzvüm idi.

Sonra Ağdam rayon xəstəxanasına gətirildik. Ermənilər xəstəxanaya da raket atdılar. Həmin vaxt cərrahiyyə əməliyyatında idim, işıqlar söndü, hərə bir yana qaçdı...
Elə bil hara getsək, faciələr bizi qarabaqara izləyirdi...
Girovluqdan qayıtdığımız zaman Ağdam xəstəxanasında mərhum telejurnalist Çingiz Mustafayev və hərbi operator Seyidağa Mövsümlü bizim ailəmizi də lentə aldı. Anam, mən, qardaşım Əhməd baş verən faciələrlə, girovluqda üzləşdiyimiz işgəncələrlə bağlı danışdıq...

1992-ci ildə Qobustan rayonunda məskunlaşdıq. Ötən illərdə Qobustan camaatı bizə əmi, ata qayğısı göstərdi, Xocalı dərdimizi unutdurmağa çalışdı. Bu qayğını, diqqəti heç zaman unutmayacağıq.

"Atamın və iki qardaşımın başlarını erməni qəbri üstündə kəsiblər"

- Atamla iki qardaşımı isə ilk gündən bizdən ayırdıqları üçün talelərinin necə olduğunu bilmirdik... Düz 15 il atamdan, qardaşlarımdan bir xəbər almaq üçün hər yerə müraciət etdik. Qırmızı Aypara Cəmiyyəti, mətbuat vasitəsilə ilə onları axtardıq, amma heç bir xəbər ala bilmədik. 2007-ci ildə Xocalı şahidlərinin iştirakı ilə televiziya kanallarımızdan birinin Milli Təhlükəsizlik Nazirliyi ilə birgə hazırladığı sənədli film çəkilirdi. Bizi də dəvət etmişdilər. O zaman bir Xocalı şahidinin dediklərindən məlum oldu ki, atamı və iki qardaşımı apararaq erməni qəbri üstündə başlarını kəsiblər... Bizim girovlara da deyiblər ki, burada bir xəndək qazın, onların üstünü basdırın...
İllər idi ki, azacıq da olsa, ümidlə atamın, qardaşlarımın yolunu gözləyirdik, amma aldığımız bu dəhşətli xəbərlə dünyamız birdəfəlik qaraldı...

Xocalıdan sonra anam Narxanım bir daha özünə gələ bilmədi, biz onun göz yaşının quruduğu, üzünün güldüyü bir günü də görmədik... Elə hey nalə çəkdi, itirdiyi balalarına, ömür-gün yoldaşına ağı dedi...
İndiyə kimi də onların meyiti bizə verilməyib. Doğmalarımızın heç olmasa ziyarət edəcəyimiz, baş daşlarını qucaqlayıb hönkür-hönkür ağlayacağımız, dərdləşəcəyimiz məzarlarının belə olmaması bizi daha çox yandırırdı...

İllər boyu Allahdan ən böyük arzum atamın, qardaşlarımın gəzdiyi, ruhu dolaşan torpaqları görmək olub. Sonuncu gün bir-birimizə sarılıb necə ayrılmağımız heç zaman gözümün önündən getmir...
Allah o gün orada olan xocalılara nə körpəlik, nə uşaqlıq, nə yeniyetməlik, nə də gəncilk qismət etdi. Mənim də nə uşaqlığım oldu, nə böyüklüyüm. Bir acını unutmamış o biri acını yaşatdı... İllər keçdikcə bu ağrıları daha dərindən hiss edirəm. Elə bilirəm bütün hadisələr dünən olub və bu, mənə çox acı verir. İki övladım var, biri oğlan, biri qız. Oğlum atam Məhəmmədin adını daşıyır. Uşaq olsa da, televiziyadan Xocalı müsibəti, ailəmizin faciəsi ilə bağlı hər şeyi öyrənib, bilir. Həmişə gəlib deyirdi ki, "ata, mən böyüyəndə "komutan" olacam. Gedib babamın, əmilərimin qisasını alacam..."

Narxanım ananın fəryadı

2024-cü il yanvarın 29-da Mürvət anası Narxanımı da götürüb Xocalıya ziyarətə gedir. Ana-bala əvvəlcə Ağdamda onları girovluqdan azad edən Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət edir, ruhuna dualar oxuyurlar. Sonra isə ürəklərində dərin yara buraxan, doğmalarını itirdikləri Xocalıya üz tuturlar...
O gün ağlaya-ağlaya "Sərvər, Söhbət, Möhlət, Məmməd..." deyə itirdiyi övladlarını, həyat yoldaşını haraylayan Narxanım ananın ürək parçalayan fəryadı Xocalının dağlarını da, daşlarını da dilə gətirir...

- Gerçəkləri bilə-bilə həmişə bizə elə gəlirdi ki, atamla, qardaşlarımla yenidən Xocalıda görüşəcəyik, elə o inamla, ümidlə də Xocalıya yollanmışdıq, amma... Bilirsiniz, Xocalıda hansı hisslər yaşadığımızı indi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Xocalı bizə ən dəhşətli günlərimizi, doğmalarımızın itkisini xatırladır, bu, ömür boyu belə olacaq... Lakin həm də Xocalıya qayıtmaq bizim üçün böyük qürurdur. Biz bu torpaqların uğrunda şəhidlər verdik, zülmlər çəkdik. Mən üç qardaşımı, atamı itirdim. Amma dəyanətimizlə, vətən sevgimizlə düşmənə qalib gəldik. Hər nə qədər Xocalı bizdə ömür boyu ağrı-acısını unutmayacağımız xatirələri oyatsa da, eyni zamanda ürəyimizdə bir təskinlik də var ki, itirdiyimiz və artıq qanları yerdə qalmayan doğmalarımızın ruhu dolaşan Xocalıya əbədi dönmüşük...

Şükür Allaha, qanımızın yerdə qalmadığını dünya gözü ilə gördük. Allah Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi, Azərbaycan Ordusunun qəhrəman döyüşçülərini qorusun, ömür boyu onlara minnətdar olacağıq. Torpaqlarımız uğrunda şəhid olan vətən övladlarımızın ruhları qarşısında baş əyirəm...
Biz - şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər zaman xüsusi diqqət və qayğı göstərir.
2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Xocalıya ədalət!" kampaniyası aparır, səsimizi dünyaya çatdırır. Allah xalqımıza, dövlətimizə bundan sonra belə faciəvi günlər qismət etməsin. Biz o ağrı-acıları yaşadıq, övladlarımız yaşamasın...
Dövlətimiz işğaldan azad edilən torpaqlarımızda böyük quruculuq işləri aparır. İnşallah, tezliklə biz də Xocalıya dönüb atamın söndürülmüş ocağını yenidən yandıracağıq...

Vəhşət günü

Bu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda olan 14 yaşlı Mürvət və ailəsinin faciəvi qədəri ilə bağlı ürəkdağlayan, gerçək həyat hekayəsi idi.
O gün Xocalıda olan hər kəs fərqli bədbəxtliklərlə, müsibətlərlə sınağa çəkilən faciə qurbanları oldular. Xocalı soyqırımında təməli qoyulan saysız insan faciələri ömür boyu onları adım-addım izlədi. O bir günün içində yaşanan dəhşət xocalılıları ömürlük fiziki, mənəvi məhrumiyyətlərə düçar etdi. Həmin gün xocalılıları bir-birindən ayıran sadəcə müsibətlərinin miqyası oldu... Eləsi oldu ki, ailəsinin bir, iki, üç, eləsi də oldu ki, bütün üzvlərini itirdi. Belə ailələr Yer üzündən birdəfəlik silindi. O gün ata-anaların gözləri önündə balaları süngüyə keçirildi, balalar ata-analarının vəhşicəsinə öldürüldüyünə şahidlik etdilər...

O vəhşət günündə Məmmədovlar ailəsi də ailənin başçısı Məmmədin, övladları Söhbət və Möhlətin itkisi ilə sarsıldı, ürəklərinə ömür boyu sağalmayacaq yara vuruldu...

"Azərbaycan"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər