Dilimiz kimliyimizdir
Türkiyə Cümhuriyyəti Türk Dil Kurumunun devizlərindən biri – “Dilimiz – Kimliyimizdir” ifadəsidir. Biz kimliyimizi beşikdən anlamağa başlasaq da, Ana dilimizə ilk elmi yanaşmamız orta məktəbdən başlanır. Bu baxımdan orta məktəbdəki “Ana dili” dərsliklərimiz hamımız üçün irsi əhəmiyyət kəsb edir.
Azərbaycan türklərinin maariflənməsi, onları dünyanın ən öncül xalqları sırasına çatdırmaq məsələsi ortaya çıxanda adlarını tarixi kitablardan oxuyub öyrəndiyimiz R.Əfəndiyev, M.Şəfi Vazeh, S.Ə.Şirvani, M.Mahmudbəyov, A.Bakıxanov, professor Mirzə Kazımbəy, Krım tatarı İsmayıl Qaspıralı və Ziya Göyalp yadımıza düşür. Mənsub olduğu xalqın övladlarının hərtərəfli yetişməsi və inkişafına öz fəaliyyəti də daxil olmaqla təşəbbüs göstərən ziyalılar - görkəmli şəxsiyyətlər keçmişdə də olub, bu gün də var, gələcəkdə də mütləq olacaqdır.
Bu cür yanaşma, təhsilə yüksək qiymət, xalqın, millətin sabahı düşünülməsəydi, onda Azərbaycan türklərinin ziyalı övladlarının sədası dünyanın ən qabaqcıl və inkişaf etmiş dövlətlərinin müqəddəs təhsil ocaqlarının auditoriyalarından, təhsil müəssisələrindən, elm mərkəzlərindən gəlməzdi.
Belə şəxsiyyətlərdən biri də orta məktəblər üçün kamil dərsliklərin hazırlanıb nəşr edilməsinə çalışan, uzun illər dərslik müəllifi kimi fəaliyyət göstərən, türk dünyasının görkəmli alimi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Türkiyə Cümhuriyyəti Atatürk Kültür Dil və Tarix Yüksək Qurumunun fəxri üzvü, akademik Tofiq Hacıyevdir. Akademikin yaradıcılığı çoxşaxəlidir. O, həm ədəbiyyat, həm də dil tarixi ilə bağlı olan qaranlıq məsələlərin işıqlandırılmasına çalışmış, həm də gələcək nəslin geniş elmi dünyagörüşə sahib bir şəxsiyyət kimi yetişməsində orta məktəblərdə tədris edilən dərsliklərin kamil nümunələrinin hazırlanmasında öz səylərini əsirgəməmişdir.
Geniş auditoriyalarda xalqın gələcəyi olan tələbələr qarşısında mühazirələr oxuyan alim təcrübədən hiss edirmiş ki, kamil, məzmunlu, dərin elmi faktlarla zəngin orta məktəb dərslikləri olmadan, ali məktəblərdə savadlı kadrların yetişdirilməsi qeyri-mümkündür. Elə ona görə də elmi yaradıcılığının ilk illərindən orta məktəblər üçün yazılan dərsliklərin dilinin sadə, məzmununun elmi, həcminin yığcam, orada özünə yer tutan fikirlərin daha konkret olması məsələləri onun diqqət mərkəzində olmuş və bu cür məsələlərə, öz məqalələrində və əsərlərində xeyli yer ayırmışdır.
Akademik 1985-ci ildə “Dil mədəniyyəti” (VII buraxılış, Bakı, Elm, səh.72-79) jurnalında nəşr olunan “Ana dili dərsliklərinin dili haqqında” məqaləsində bu sahə ilə bağlı öz fikirlərini cəmləşdirərək yazır : “İbtidai siniflərin dərsliklərinin, xüsusilə “Ana dili” kitablarının dilindən bütövlükdə tədris prosesi ilə bağlı çox şey asılıdır. Bu siniflər gələcəkdə onilliyi başa vuranlar üçün sanki bünövrədir, onillik təhsilə fon verir. Ümumiyyətlə, uşaqların başqa elmləri öyrənmələri də onların dil səviyyələri ilə bilavasitə bağlıdır”. (Şeirimiz, nəsrimiz, ədəbi dilimiz: Bakı, Yazıçı, 1990, səh.36)
Tofiq Hacıyevin orta məktəb dərsliklərinin dili ilə bağlı irəli sürdüyü fikirlər bu gün də öz aktuallığını itirməmişdir. Alim dərsliklərin dilinin iki cəhətinə diqqət yetirməyi tövsiyə edərək yazır: “Bu dərsliklərin dilinə iki cəhətdən fikir verməliyik. Əlbəttə, birinci növbədə, dəqiqliyə, sərrastlığa, səlisliyə və aydınlığa... Uşaqlar üçün ana dili dərsliklərində bu cəhətə də diqqət yetirmək lazımdır: unutmamalıyıq ki, uşaqlar dərsliyə ana laylasının birbaşa müşayiətindən gəlirlər. Yəni onlarda poetik əhval-ruhiyyə, nəğmə və nağıl dilinin sehri hakim olur... Bu dərsliklərdə dilin emosionallığına təkcə şeir və hekayələrdə yox, müəllif mətnlərində də fikir vermək lazımdır”. (Yenə orada səh.37)
Görkəmli dilçi alim dərsliklərin hazırlanmasında dərslik müəlliflərinin böyük məsuliyyət daşıdıqlarını diqqətə çatdırır. Qeyd edir ki, müəlliflər dərslik hazırlayarkən həmin dərsliklərə daxil edilən elmi və bədii mətnlərin dilinə, elmi dəyərinə məsuliyyətlə yanaşmaqla yanaşı, öz yazılarında da bu tələbləri gözləməyə məsuldurlar. Əgər belə olmasa, tərtib edilən dərsliklərin dilində bir hərcmərclik, bir dolaşıqlıq özünü göstərər. Dərsliklərə daxil edilən mətnlərin dili, elmi dəyəri, səviyyəsi dərsliyi tərtib edənin dilinə, onun fikirlərini ifadə edən cümlələrdəki məzmuna və ideyaya uyğun olmalıdır. Belə olmasa, dərslik alabəzək bir məzmun daşıyar, onunla tanış olan şagirdlər elə ilk baxışdan dərslikdən bezib uzaqlaşmağa çalışarlar.
Akademikin dediyi kimi, uşaq-şagird kitabı müqəddəs sayır, müəllimin dediyindən çox, kitabdan oxuduqlarına inanır. Elə buna görə də dərsliyin dili müəllimin nitqindən daha çox diqqətçəkən, orada öz əksini tapan mətnlərdəki məzmun daha çox inandırıcı və qəbuledilən olmalıdır. Bütün bunları nəzərə alaraq alim yazır: “Uşaq hamıdan çox kitaba inanır və onda kitaba qarşı şübhə yaratmaq çox təhlükəlidir. Bir dəfə bir qeyri-dəqiq şey gördümü, sonra hər sözə, hər ifadəyə qulp qoymağa çalışacaq”. (Yenə orada, səh.38)
Tofiq Hacıyev dərsliklərin hazırlanmasında milliliklə bağlı məsələlərin də diqqətdə saxlanmasını ön plana çəkir. Dərsliklərə daxil edilən ədəbi-bədii nümunələrin daha çox milli səciyyə daşıyan materiallarla təmin edilməsini məsləhət görür və yazır: “Dildə milliliklə əlaqədar onu da deyim ki, dərsliklərdə tərcümələr həddindən artıq çoxdur: III sinfin “Ana dili”ndə ümumi materialın dörddə biri tərcümədir. Bu tərcümə bolluğunda bir cəhət odur ki, uşaqlar üçün əcnəbi anlayışlar çoxdur. Həmçinin tərcüməçilərin dili həmişə təmiz azərbaycanca səslənmir”. (Yenə orada, səh.39)
Görkəmli alim dərsliklərdən danışarkən təkcə həmin dərsliyə daxil edilən mətnlərin məzmunu, ifadə tərzi, milli səciyyə daşıması məsələləri ilə bağlı fikirlər söyləməklə kifayətlənmir, eyni zamanda, şagirdlərin yaş səviyyəsini nəzərə alıb sadə, primitiv məzmun daşıyan mətnlərin daxil edilməsinin də əleyhinə çıxır və bu məsələni nəzərə alaraq yazır: “Dərsliklərin hazırlanmasında şagirdlərin yaş səviyyəsini nəzərə almaq lazımdır. Bu düzdür. Ancaq bu prinsipdən sui-istifadə etmək də olmaz. Uşaq hesab eləyib, uşaqlara bəsit şeylər danışmaq yaramaz. Təbiət, cəmiyyət haqqında uşaqlarda yaş səviyyəsinə uyğun, lakin bəsit yox, dolğun məzmunlu məlumat yaratmağın qayğısına qalmaq lazımdır. Bütün bu işlərdə dərsliklərin dili mühüm, bəlkə də, əsas faktordur. Həm də uşaqlar buradan ana dilini öyrənirlər”. (Yenə orada, səh.44)
Akademikin orta məktəb dərslikləri ilə bağlı yazdığı məqalənin digəri onun 1994-cü ildə (kollektivlə birgə) yazıb nəşr etdirdiyi dərslikdən bir il sonraya təsadüf edir. “Türk dili: dərslik, şagird və qavrayış” adlı bu məqalə Xəzər Universitetində keçirilən, konfransın (27-28 yanvar 1995) materialları sırasında çap edilmişdir.
Akademik Tofiq Hacıyev orta məktəb dərsliyinin müəllifi olana qədər Azərbaycan dili ilə bağlı bir neçə kitabın həm həmmüəllifi, həm də tək müəllifi kimi çıxış etmişdir. “Azərbaycan ədəbi dili tarixi” (kollektiv müəllif, Bakı, Elm-1991), “Azərbaycan dili” (Z.Budaqova ilə birgə, Bakı, Elm-1992) bu qəbildən olan kitablar sırasına daxildir. Bundan sonra isə professor 1994-cü ildə “Öyrətmən” nəşriyyatında çap olunmuş “Türk dili” (orta ümumtəhsil məktəblərin IX sinifləri üçün dərslik) dərsliyinin müəlliflərindən biri kimi çıxış etmişdir. 1994-cü ildə “Türk dili” dərsliyi ayrılıqda həm orta ümumtəhsil məktəblərinin IX sinifləri, həm də X və XI sinifləri üçün birlikdə çap olunmuşdur.
XX əsrin 90-cı illərinə qədər Azərbaycan dili bir fənn kimi son olaraq 8-ci siniflərdə tədris olunurdu. Lakin buna baxmayaraq, şagirdlər institutlara qəbul olunmaq üçün Azərbaycan dilindən də imtahan verirdilər. Arada qalan iki illik fasilə şagirdləri həm Azərbaycan dili ilə təmasdan uzaqlaşdırır, həm də öyrənilən elmi materialın unudulmasına şərait yaradırdı. Arada olan bu ikiillik boşluğu aradan qaldırmaq və Azərbaycan dili dərsləri ilə ünsiyyəti sona qədər davam etdirmək üçün 1994-cü ildən başlayaraq həm orta məktəblərin 9-cu, həm də, 10-11-ci sinifləri üçün dərsliklər nəşr olunmağa başladı: 1994-cu ildə nəşr olunan bu “Türk dili” dərslikləri həm 9-cu həm də 10 və 11-ci siniflər üçün hazırlanmışdır. 9-cu siniflər üçün ayrıca, 10-11-ci siniflər üçün isə bir dərslik hazırlanmışdır. 9-cu siniflər üçün hazırlanan “Türk dili” dərsliyi Tofiq Hacıyev, Əsgər Quliyev, Nizami Cəfərov, X-XI siniflər (iki sinif bir dərslik şəklində) üçün “Türk dili” (“Öyrətmən” - 1994) dərsliyi isə yenə də Tofiq Hacıyev, Nizami Cəfərov tərəfindən hazırlanıb nəşr edilmişdir.
Dərslik hazırlanarkən akademik öz əqidəsinə sadiq qalaraq ilk olaraq yad xalqların dilçilərinin fikirlərini yox, Azərbaycan dilinin inkişafı və püxtələşməsində rolu olan görkəmli şəxsiyyətlərin dil haqqındakı fikirlərini dərslikdə əks etdirmişdir. Dərsliyə daxil edilən ilk mətn müəllifi görkəmli şəxsiyyət Firudin bəy Köçərli olan “Ana dili haqqında” (səh.3) mətnidir. Onun ardınca isə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran Şah İsmayıl Xətai (1487-1524) haqqında yığcam məlumat verilmişdir.
Bunun ardınca isə iki bədii mətn: Məmməd Səid Ordubadinin “Ana dili” və dahi sənətkar Cəlil Məmmədquluzadənin ana dilinin saflığı və ona olan sevgini əks etdirən “Anamın kitabı” əsərindən bir parça verilmişdir. Bu mətnlərin hər birində dilə olan münasibət məsələləri əks olunduğundan, müəllif bu mətnləri bilərəkdən dərsliyin əvvəlinə daxil etmişdir.
90-cı illərdən əvvəl nəşr olunan “Azərbaycan dili” dərsliklərində dilə məhəbbət və sevgi aşılayan mətnlərlə qarşılaşmaq mümkündür. Düzdür, 1948- ci ildə nəşr edilən “Azərbaycan dilinin sərfi” (sövtiyyat və şəkliyyat) dərsliyində də bu cür yanaşmadan istifadə olunmuşdur. Dərsliyin ilk səhifəsində M.Kazımbəy, M.F.Axundov, C.Məmmədquluzadə və C.Cabbarlının şəkilləri verilsə də, onların dillə bağlı söylədikləri hər hansı bir fikir, yaxud, dilin taleyi ilə bağlı yazılmış hər hansı bir əsərdən heç bir nümunə verilməmişdir. Dərsliyin “ Dil və dilçilik” adlanan birinci bölməsində “Dil nədir ?” (səh.19), “Yazı” (səh.22), “Dilçilik” (səh.25), “Etimologiya” (səh.27), “Lüğətçilik” və “Dialektologiya” (səh.29-30) başlıqlı mətnlər verilmiş və izahı nümunələrlə aydınlaşdırılmışdır.
Dərsliyin ikinci bölməsi “Azərbaycan dilinin quruluşu və tarixi” (səh.35-97), üçüncü bölməsi isə “Nitq mədəniyyəti” (səh.96-100) adı altında verilmişdir. Birinci bölmədə Azərbaycan dili, onun türk dilləri içərisində yeri, dilimizin morfoloji quruluşu, ədəbi dilimizin fəaliyyət dairəsi, Azərbaycan dilinin Şimal və Cənub normaları, Azərbaycan Respublikasının dövlət dili kimi məsələlər öz əksini tapmışdır.
“Nitq mədəniyyəti” (səh.98-140) adlanan üçüncü bölmədə isə nitq mədəniyyəti anlayışı, ədəbi dil, nitq normaları, müasir Azərbaycan dilinin normaları və sair məsələlər işıqlandırılmış, çox düzgün olaraq, gələcəkdə ali təhsil alacaq tələbələrin öyrənmək məcburiyyətində qalacaqları “Dilçilik”, “Nitq mədəniyyəti” kimi fənlərlə tanışlıq məqsədilə onlar haqqında yığcam da olsa məlumat verilmişdir, bu yığcam tanışlıqla onların bünövrəsi qoyulmuşdur.
Akademik Tofiq Hacıyev öz əziz tələbəsi Nizami Cəfərovla birlikdə həmin ildə orta məktəblərin X-XI siniflərində tədris ediləcək “Türk dili” dərsliyini də yazıb nəşr etdirmişlər (Tofiq Hacıyev, Nizami Cəfərov “Türk dili” XX-XI siniflər üçün dərslik, “Öyrətmən” nəşriyyatı, Bakı-1994). 151 səhifədən ibarət olan bu dərsliyin 75 səhifəsinə daxil edilən elmi material və tapşırıqlar orta məktəbin X sinifləri, 75-ci səhifədən 150-ci səhifəsinə qədər daxil edilən elmi material isə orta məktəblərin XI sinifləri üçün nəzərdə tutulmuşdur. Dərsliyə X və XI siniflər üçün daxil edilən elmi məlumatın hamısı birlikdə üslubiyyat fənninin orta məktəblər üçün hazırlanmış yığcam variantını təşkil edir.
Dərsliyin 10-cu sinifdə tədris olunması nəzərdə tutulan hissəsi “IX sinifdə keçilmişlərin təkrarı” (səh.3-9) və “ Üslubiyyat” (səh.17-75) bölmələrindən ibarətdir. “Üslubiyyat” bölməsində (X sinifdə tədris olunması nəzərdə tutulan hissədə) Üslubiyyat və “Türk ədəbi dilinin üslubları” (səh.12-17) haqqında geniş məlumat verilmişdir. Digər bölmələrdə isə bədii üslub, elmi üslub, publisistik üslub və fərdi üslub ayrı-ayrı bölmələr şəklində dərsliyə daxil edilmiş, orada əksini tapan qrammatik elmi məlumatları möhkəmləndirmək üçün bədii əsərlərdən seçilən parçalardan ibarət tapşırıqlar verilmişdir. Bu tapşırıqlara daxil edilən bədii parçaların əsasını Anarın, Elçinin, İ.Şıxlının və digərlərinin əsərlərindən seçilən bədii nümunələr təşkil edir. Bunlarla bərabər, yeri gəldikcə Azərbaycan dilçiliyinin görkəmli simaları Ağaməmməd Abdullayev, Zərifə Budaqova, Abdulla Şərifov, Paşa Sultanov, Zeynal Tağızadə və digərləri haqqında yığcam da olsa məlumat verilmişdir.
Müəlliflərin dərsliyi bu cür tərtib etmələri bir tərəfdən ali məktəbdə öyrəniləcək “Üslubiyyat” fənni ilə ilkin tanışlıq, digər tərəfdən dilçiliyimizi çiyinlərində bu yüksəkliyə qaldıran görkəmli dilçilərə hörmət və ehtiram ifadəsi idi. Dərsliyin tədrisi XI sinifdə nəzərdə tutulan hissəsi isə üslubiyyatın digər bölmələrini təşkil edir.
Üslubiyyatda öyrənilən üslublardan ikisi – “Məişət üslubu” və “Rəsmi-işgüzar üslub” da dərsliyin XI siniflər üçün hazırlanan bölməsinə daxil edilmişdir. “Məişət üslubu” adlanan birinci bölmədə, “Məişət üslubu nədir?”, “Məişət üslubunun yaranma şəraiti” (səh.84-88), “Dialoji nitq” (səh.87-91), “İntonasiya və jest hərəkət” (səh.92-96), “Məişət üslubunda dil qatlarının təzahürü” (səh.97-100) və “Məişət üslubu bədii ədəbiyyatda” (səh.101-103) mətnləri daxil edilmişdir. Bu mövzularla bağlı bədii əsərlərdən seçilmiş mətnlərdən də istifadə edilmişdir.
Bu bölmədə çox doğru olaraq türk terminalogiyasının yaradıcılarından biri Məhərrəm Kamil (1897-1938), Rəsul Əlabbas oğlu Rüstəmov (1914-1943) haqqında çox yığcam şəkildə məlumat verilmişdir. Bölmədə verilmiş tapşırıq mətnləri isə əsasən C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Sabir, C.Cabbarlı və digər ədiblərin əsərlərindən seçilmişdir.
Dərsliyin XI siniflər üçün nəzərdə tutulmuş bölməsinin ikinci hissəsini isə “Rəsmi-işgüzar üslub” (səh.104-125) təşkil edir. Bu hissəni isə rəsmi-işgüzar üslub, rəsmi və işgüzar sənədlərin dili, rəsmi-işgüzar üslubun təzahür formaları, sənəd dilində rəsmi və qeyri-rəsmi ifadələr, üslubların ayrılması və birləşməsi kimi məsələlər təşkil edir. Daha sonra Azərbaycan dilinin bütün bölmələrini əhatə edən “V-XI siniflərdə keçilənlərin təkrarı” (səh.134-150) başlıqlı bir hissə daxil edilmiş, Azərbaycan dilində öyrənilməsi lazım bilinən bütün qanun-qaydalarla bağlı çalışmalar verilmişdir.
Hər bir dilçiyə məlumdur ki, Azərbaycan dilinin bütün bölmələrinin (fonetika, leksika, morfologiya, sintaksis) öyrədilməsinə hələ orta məktəbin aşağı siniflərindən başlanılır. Asandan çətinə, sadədən mürəkkəbə gedən bu yol hər bir şagirdin dilçiliyin qanun-qaydalarının hərtərəfli və elmi şəkildə öyrənməsinə şərait yaradır. Ali məktəbə qəbul olunan abituriyentlər institutda oxuduğu illərdə, hələ orta məktəbdə öyrəndikləri qayda-qanunları ətraflı öyrənib möhkəmləndirməkdə heç bir çətinlik çəkmir. Bu sahədə böyük nailiyyətlərin əldə edilməsində heç bir maneə ilə qarşılaşmırlar.
O təcrübəni nəzərə alaraq deyə bilərik ki, akademik Tofiq Hacıyevin də həmmüəllifi olduğu 9-10 və 11-ci siniflər üçün hazırladıqları Azərbaycan dili dərslikləri də ali məktəblərdə tədris edilən “Nitq mədəniyyəti” fənninin əsasını təşkil edir. Çəkinmədən demək olar ki, pedaqoji institutların elə bir fakültəsi yoxdur ki, orada “Nitq mədəniyyəti” fənni tədris edilməsin. Gələcəkdə siniflərə daxil olub fənlərin tədrisi ilə məşğul olan hər bir kadr gözəl nitq qabiliyyətinə malik olmalıdır.
Məlumdur ki, bu gün yazılıb nəşr edilən bütün dərsliklərin hamısı kurikulumun tələbləri əsasında hazırlanır. Bu kitablarda, demək olar ki, qrammatik qaydaların öyrənilməsi üçün o qədər də material verilmir. Məsələn, orta məktəblərin 9-cu sinifləri üçün nəşr edilmiş “Azərbaycan dili” dərsliyinə təqribən 27 yığcam mətn daxil edilmişdir. Bu mətnlərin tədrisinə ayrılan saatların miqdarına diqqət yetirdikdə, onların öyrənilməsinə ayrılan saatların dərslikdə qrammatik qaydaların öyrənilməsinə ayrılan saatlardan bir neçə dəfə çox olduğunun şahidi oluruq.
Məsələn, IX sinif dərsliyinin 26-cı səhifəsində yazılır: “Tamamlıq haqqında öyrəndiklərinizi yadınıza salıb sualları cavablandırın. Fikirlərinizi nümunələrlə əsaslandırın”. Dərsliyin 38-ci səhifəsində isə yazılır: “Nitqdə söylənilən hər hansı bir fikri daha qabarıq və canlı vermək üçün, jest və mimikalardan istifadə olunur”. Əgər şagird jest və mimikanın nə olduğunu öyrənməyibsə bu tələbi necə yerinə yetirə bilər? Əgər bu siniflərdə jest və mimikanın nə olduğunu şagirdə öyrətmək lazım idisə, onda bu cür materiallar dərsliklərdən niyə çıxarılırdı?
Orta məktəblərin XI siniflərində bu gün tədris edilən “Azərbaycan dili” dərsliklərinə üslubiyyatla və digər sahələrlə bağlı yalnız 8 yığcam elmi məlumat daxil edilib. Tədrisinə bu qədər saat ayrılan Azərbaycan dilinə 8 elmi qrammatik anlayışın daxil edilməsi az deyilmi?
Əgər 9,10,11-ci siniflər üçün hazırlanan “Azərbaycan dili” dərslikləri dilimizin qanun-qaydalarının öyrədilməsində əsas vəzifəni yerinə yetirə bilmirsə, onda bu dərsliklər ibtidai siniflər üçün hazırlanan dərsliklərdən nə ilə fərqlənir.
Qəbul imtahanları üçün Azərbaycan dilindən hazırlanan suallar mətnlər üzərində iş aparmaqla bağlıdırmı?! Elə başa düşürəm ki, vaxt gələcək, akademik Tofiq Hacıyevin həmmüəllifliyi ilə nəşr olunan dərsliklərə yenidən ehtiyac duyulacaq və dərsliklərdə özünü göstərən bu boşluqlar aradan qaldırılacaqdır.
Sərdar Zeynal,
fiologiya elmləri doktoru