İnfrastruktur layihələrinin icrası dayanıqlı inkişaf üçün əsasdır
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strrategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Ölkəmizin enerji sektorunda, həmçinin neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafında əldə etdiyi nəticələr bunun bariz nümunəsidir. Son 20 ildən artıq dövrdə atılan addımlar neft kapitalının insan kapitalına çevrilməsinin zərurət olduğunu ortaya qoydu. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər enerji sektorundan asılılığı minimuma endirir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoydu. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadəyə çağırış edildi. Regional inkişaf Proqramlarının qəbulu və onların uğurlu icrası hər bir bölgənin həyatında yeniliklərlə müşayiət olunur. Belə ki, icra edilən dörd sənədin hər birində ayrı-ayrı bölgələr üzrə görüləcək işlər və onlara nail olmaq üçün icra mexanizmləri öz əksini tapdı. Dövlət başçısı İlham Əliyevin görülən işlərlə yaxından tanış olmaq məqsədilə regionlara davamlı səfərləri bugünkü uğurlarda əhəmiyyətli rol oynayır. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.
Dövlət başçısı İlham Əliyevin aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirakı da bu tərkibdəndir. Qeyd edək ki, hər bir bölgənin inkişafında infrastruktur layihələrinin önəmini xüsusi vurğulayan Prezident İlham Əliyev onların icrası istiqamətində davamlı addımlar atır və uğurlu nəticələr göz qabağındadır. Dövlət başçısının təməlqoyma mərasimindəki çıxışında qeyd etdiyi kimi, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək.
Cənab İlham Əliyev bu məqamlara da diqqəti yönəltdi ki, Hacıqabul gölü 10 ildən çoxdur tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq. Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaq. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək.
Qarabağ kanalının inşası isə gələn il başlayır. Qarabağ kanalı 115 min hektarı əhatə edəcək. Orada əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, 10 rayon Şirvan, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq.
Bu layihələr bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. “Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edildi. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Taxtakörpü su anbarının tikintisi, Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihələri idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırıldı.
Atılan hər bir addım hədəfə tez və yüksək səviyyədə nail olmağa xidmət edir. Kənd təsərrüfatının inkişafı hazırda əsas hədəflər sırasındadır. İdxaldan asılılığın azaldılmasına xüsusi diqqət göstərilir. Bu gün qürurla işğaldan azad edilmiş ərazilərdə geniş miqyas alan bərpa-quruculuq işlərindən, onların malik olduqları potensialdan bəhs edirik. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bütün bölgələrin gələcək inkişafını özündə ehtiva edən sənəddir. Bütün bunlar bir məqsədə xidmət edir ki, Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənsin, əhalinin sosial müdafiəsi gücləndirilsin.