Sizin Reklam Burada

Heydər Əliyev qətiyyətinin təntənəsi

Heydər Əliyev qətiyyətinin təntənəsiUlu Öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi: "Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub". Zaman keçdikcə, nəsillər dəyişdikcə xalqımız, xüsusən də gənclərimiz tarixi həqiqətləri öyrənməli və gerçəkləri bilməlidirlər. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifə olaraq hər bir ziyalının fəaliyyətinin mühüm bir hissəsi olmalıdır. Bu baxımdan 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

Heydər Əliyevin həyat fəlsəfəsi - sədaqət və cəsarət

Ulu Öndər demişdir: "Həyatda insan hər şeyi öyrənir, iki keyfiyyətdən başqa: sədaqət və cəsarət, bu keyfiyyətlər insanın qanında olur!" Bu fikirlərə diqqət etsək, Ulu Öndərin nə qədər şəffaf siyasi platformaya malik siyasətçi olduğunu aydın dərk edərik. Heydər Əliyev ona qarşı qarayaxma kampaniyasının arxasında uğursuz siyasətçi adlandırdığı Ə.Vəzirovu, 20 Yanvar hadisələri ilə bağlı isə ovaxtkı SSRİ rəhbəri M.Qorbaçovu günahlandırırdı. SSRİ paytaxtında bu fikirləri səsləndirmək, əlbəttə, cəsarət tələb edirdi.
Həmin hadisəni Prezident İlham Əliyev belə xatırlayır: "Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi".

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tarixi sərəncamında bu məsələyə yenidən münasibət bildirərək qeyd edir: "Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.

Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi".

20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Unutmaq olmaz ki, məhz Ulu Öndərin mərdliyi, cəsarəti, təcrübəsi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır.

20 Yanvar faciəsi ictimai-siyasi kontekstdə

20 Yanvar hadisələri yalnız faciə kimi deyil, eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü kimi də tarixə düşdü. Bu tarix həmçinin yetmiş ildən artıq sovet imperiyasının əsarətində yaşayan bir xalqın azadlıq məfkurəsinin nümayişi, mübarizəsi və öz suverenliyi uğrunda cəsarətinin təntənəsi idi. Həmin gündən başlayaraq xalqımız və ölkəmiz tamamilə yeni mərhələyə qədəm qoydu və dünya azərbaycanlılarının ictimai və siyasi həyatında, mühüm hadisələrin inkişafında öz təsirini göstərmiş oldu. Bu hadisə dünya azərbaycanlılarının faciəmizin tanıdılması naminə təşkilatlanmasına səbəb oldu. Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirərək yeni dövrün başlanmasını şərtləndirdi. Ölkəmizin müstəqilliyi ideyası inkişaf edərək ümummilli məqsədə çevrildi.

20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm ideoloji mahiyyəti, həm də fenomenal rolu oldu. Müstəqil Azərbaycanın sonrakı inkişafını şərtləndirən tarixi proseslərə təkan verdi.
Xalqımız öz cəsarətini, mərdliyini, qəhrəmanlığını, torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu 30 il sonra, 2020-ci ildə də nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində ölkəmiz ədaləti bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Ordumuz düşmənə divan tutaraq işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.

20 Yanvar hadisələri ilə bağlı cinayət işi

Respublika Baş Prokurorluğunun rəsmi məlumatına əsasən, 20 Yanvar hadisələri ilə bağlı cinayət işinin istintaqının ilkin araşdırması zamanı müəyyən olunub ki, istintaq SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş verən hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması səbəbindən 20 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə xitam qərarı ləğv edilərək, həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılıb. İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib. Hadisə baş verən zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib. Cinayətdə təqsirli bilinən, həmin dövrdə Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki cinayət işinə xitam verilib.

Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsiqləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə - 29 mart 1994-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verən qərar qəbul etdi. "Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 1994-cü il 5 yanvar tarixli fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi", - deyə Prezident İlham Əliyev bildirib.

Gecikmiş və mənasız etiraf

1994-cü ilin yanvar ayında bu qanlı cinayətin törədilməsində birbaşa rolu olan SSRİ müdafiə naziri, marşal Yazov bildirmişdir: "1990-cı il yanvarın 19-da Qorbaçov məni, Bakatini və Kryuçkovu yanına çağırıb Bakıda fövqəladə vəziyyət tətbiq etmək əmrini verdi. Mən heç bir yazılı qərar, heç bir fərman görməmişəm".
Daxili işlər naziri Bakatin isə yanvarın 21-də Azərbaycan Daxili İşlər Nazirliyində keçirdiyi görüşdə bəyan etmişdir ki, "əgər siz sovet hakimiyyətini istəməsəniz, sizinlə uzunmüddətli müharibə olacaq".

1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. Bu da dünyanın "ədaləti".
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün yazdığı "Həyat və islahatlar" kitabındakı memuarlarında sovet ordusunun Bakıya qanlı müdaxiləsinə bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub. Sonra bu qanlı hadisələrdən öz yaxasını kənara çəkməyə can ataraq, sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini "fövqəladə şəraitin" məcbur etdiyini yazıb: "1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqəladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı".
Daha sonra o, etiraf edir ki, yanvarın 15-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər barədə qərar qəbul edib, lakin Azərbaycan hakimiyyəti daxilində bölünmə və parçalanma situasiyaya nəzarət etməyə imkan verməyib. "Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırılıb və İranla 200 km sərhəd sökülüb".

Lakin bu lənət olunası adam - M.Qorbaçov 1995-ci ildə İstanbulun Çırağan sarayında çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 Yanvar hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək bildirmişdi: "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi".

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər