Sizin Reklam Burada

"İlham Əliyevin hər çıxışı Ermənistanda qızğın müzakirələrə səbəb olur"

"İlham Əliyevin hər çıxışı Ermənistanda qızğın müzakirələrə səbəb olur"Hər şeydə ifratçılığa varan və səbəbsiz yerə xoflanan Ermənistan adlı təcavüzkar ölkənin gündəmi son günlər yenə alt-üst olub. Daha doğrusu, bizim dövlət başçımızın məlum çıxışı Ermənistan gündəmini qarışdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvü olan bir qrup ziyalı ilə görüşü zamanı səsləndirdiyi fikirlər, verdiyi mesajlar qonşu ölkənin baş nazirindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəsin düşüncəsində, əhval-ruhiyyəsində həm panika, həm də bədbinlik qarışıq isterika yaradıb.

Əslində bu çox yaxşı haldır ki, Ermənistanın gündəmini bu ölkənin baş naziri, prezidenti və ya siyasi qüvvələri yox, məhz Azərbaycan liderinin verdiyi açıqlamalar formalaşdırır. İlham Əliyevin hər çıxışı Ermənistanda günlərlə davam edən qızğın müzakirələrə səbəb olur. Bu dəfə də eyni reaksiya, eyni nəticə ilə üzləşdik. Azərbaycan Prezidentinin Qərbi Azərbaycanın dünəni və gələcəyi ilə bağlı dediyi sözlər, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində verdiyi tövsiyyələr Ermənistanda sözün əsl mənasında isteriyaya səbəb oldu. İndi Ermənistan toplumunu revanşizmə sürükləyən radikal müxalifət də (yəni ki, sabiq prezidentlər və hərbi canilər Robert Köçəryan və Serj Sərkisyana bağlı siyasi qüvvələr), sülh prosesini qəsdən ləngidən Nikol Paşinyan iqtidarı da bütün diqqətini bizim Qərbi Azərbaycanla bağlı yeni hədəflərimizə cəmləşdirib. Və əfsuslar olsun ki, hamı aqressiya püskürür.

Başqa sözlə, indi Ermənistanda hamı danışır, amma heç kim düşünmür. Daha doğrusu, heç kim dərindən düşünməyə cəhd belə göstərmir. İrəvanda Azərbaycan Prezidentinin son fikirlərinə adekvat reaksiya verən, bu fikirlərə ənənəvi erməni düşüncə tərzi ilə deyil fərqli prizmadan yanaşma ortaya qoya bilən konstruktiv düşüncəli siyasi liderlər yox dərəcəsindədir. Məhz bu səbəbdəndir ki, Ermənistanın hazırkı siyasi elitası Azərbaycanın dövlət başçısının xoşməramlı açıqlamalarını, onun sülhə və dinc qonşuluğa, birgəyaşayışa çağırışlarını misli görünməmiş hikkə ilə, aqressiya ilə qarşılayır.
Ancaq Prezident İlham Əliyev isə dekabrın 24-də Qərbi Azərbaycanla bağlı açıqlamaları ilə təkcə bizi – yerli auditoriyanı və Qərbi Azərbaycandan olan soydaşlarımızı deyil, həmçinin ermənilərin özlərini də düşünməyə, son 200 ildə erməni terror təşkilatlarının, eləcə də çar Rusiyası və sovet imperiyasının Qərbi Azərbaycandan (indiki Ermənistan) olan insanlarımızın başına gətirdikləri faciəli hadisələri, tarixin acı həqiqətlərini yenidən gözdən keçirməyə dəvət etdi. Erməniləri narahat edən, xoflandıran, qorxuya salan da məhz budur. Onlar öz qaranlıq keçmişləri ilə üzləşmək, azərbaycanlılara qarşı zaman-zaman törətdikləri vəhşilikləri indi yada salmaq və etiraf etmək istəmirlər. Birdəki, onlar Qərbi azərbaycanlıların faciələri üzərində qurduqları müasir Ermənistan dövlətçiliyinin laxlamasına, darmadağın olmasına psixoloji olaraq hazır deyillər. Bu mənada, İlham Əliyevin Qərbi Azərbaycana Qayıdışın anonsunu verməsi erməniləri qəfil yaxalayıb. Onların aqressiv reaksiyası da məhz bütün bunlardan qaynaqlanır.

Ancaq gəlin görək bəs, Azərbaycan Prezidenti sözügedən çıxışında həm bizə, həm ermənilərə, həm də dünya birliyinə yönəlik hansı mesajları verdi.

Cənab Prezident öz çıxışında bunları vurğuladı:

- Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Tarix təhrif olunmamalıdır.

-Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir.

-Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

-Rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır. İrəvanın tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi idi, Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb.

-Qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bunu sülh yolu ilə etmək istəyirik.

-Eləcə də Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır.
-Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. -Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır.

Göründüyü kimi Cənab Prezidentin bu tövsiyyə və mesajlarında heç bir militarizm cəhdi, yeni hərbi münaqişələrə hazırlaşmaq əlamətləri , Ermənistan ərazilərini zəbt etmək kimi planların işartıları yoxdur. Və masada belə bir planlarımızın mövcud olmadığını da Prezident açıq şəkildə səsləndirdi. O, qeyd etdi ki, “tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik”.

Baxın, Azərbaycan Prezidenti birmənalı olaraq vurğulayır ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Elə isə, bu gün Ermənistanın hakimiyyət dəhlizlərində, siyasi kuluarlarında və xüsusən də erməni KİV-də dövlət başçımızın Qərbi Azərbaycan İcması ilə görüşündə tarixi yurd yerlərimizə Qayıdışla bağlı səsləndirdiyi fikirlər nə üçün bu qədər geniş rezonans doğurur, ajiotaja səbəb olur? Axı İlham Əliyev həmin çıxışında bir neçə dəfə açıq mətnlə qeyd etdi ki, biz Qərbi azərbaycanlıların hüquqlarının bərpa edilməsini və onların öz doğma torpaqlarına qayıtmasını sülh yolu ilə etmək istəyirik. Həmçinin onu da vurğuladı ki, yaxın gələcəkdə hazırlanmalı olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da məhz sülhsevər konsepsiya olmalıdır. Paşinyan iqtidarının və erməni müxalifətinin, erməni mediasının, erməni ekspert camiəsinin Azərbaycan Prezidentinin bu qədər dönməz sülhpərvərliyini anlamaları üçün bundan artıq daha nə deyilməliydi ki?

Erməni məmurları arasında da, erməni siyasətçiləri və jurnalistləri arasında da Azərbaycan dilini yaxşı bilən şəxslər çoxdur. Heç olmasa, həmin şəxslər kor gözlərini açıb Azərbaycan Prezidentinin həmin çıxışını bir daha diqqətlə oxumalı və başa düşməlidirlər ki, bizim Ermənistanın üzərinə tanklarla, dronlarla, qırıcı təyyarələrlə gəlmək, İrəvana əfsanəvi xüsusi təyinatlılarımızı göndərmək fikrimiz yoxdur. Biz sadəcə sivil qaydada, beynəlxalq hüququn bizə verdiyi imkanlar çərçivəsində hərəkət edərək vaxtilə Zəngəzur mahalında, Zəngibasar mahalında, Göyçə mahalında, İrəvan mahalında yaşamış Qərbi Azərbaycan türklərinin öz yurd yerlərinə qayıtmaq haqqının bərpa edilməsini istəyirik. Vəssalam, bizim hədəfimiz ortadadır və göründüyü kimi bu hədəfimiz kifayət qədər dinc və sülhsevərdir.

Əslində ermənilər özləri də bunu çox yaxşı bilirlər ki, Azərbaycan Prezidentinin 24 dekabr çıxışı Ermənistanı hədələməyə hesablanmış çıxış deyildi. Və bu çıxışı yeni müharibənin anonsu kimi qiymətləndirmək də sadəcə və sadəcə yaramazlıqdır. Əfsuslar olsun ki, Ermənistan iqtidarları da, erməni siyasi elitası da, erməni mediası da faktları təhrif etməyə, həqiqətləri öz maraqlarına uyğun interpretasiya etməyə vərdiş ediblər. Onlar öz vətəndaşlarını da bu yöndə istiqamətləndirirlər. Ona görə də, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan şəxslər qalmayıb.

Bu gün Ermənistan sakinlərinin bir çoxu revanş fikri ilə yaşayır. Revanşist əhval-ruhiyyə ermənilərin reallıqları düzgün qiymətləndirməsinə mane olur. Ümumiyyətlə, ermənilərin sülhə münasibətində, sülhpərvərlik anlayışında ciddi problemlər var. Ermənilər Azərbaycan liderinin sülh çağırışlarına da düşmən kimi reaksiya verirlər. Dünya birliyi bax bu acı həqiqəti də görməlidir. Aqressiyaya köklənmiş erməni xalqının qarşı tərəfin sülhsevərliyini görməzdən gəlməsini dünya birliyi özü açıb ifşa etməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər