Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin qüdrətli memarı və müasir dövrün görkəmli siyasi lideridir. O, Ulu Öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanuna uyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə həyata keçirilir. İlham Əliyev dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, elmi tədqiqat işləri aparmış, dissertasiya müdafiə etmişdir. Beləcə, Azərbaycan xalqına başçılıq edən və dünyanın görkəmli dövlət xadimi olan Prezident İlham Əliyev dərin nəzəri biliklərə və Heydər Əliyevin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçidir.
1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb;
Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.
Prezident İlham Əliyev nəsillərin vəhdətini yaratmış liderdir. O, xalqı şərəfli missiya uğrunda kökləmək məharətinə malikdir. Vətən müharibəsi müddətində hər birimiz bu köklənmiş qürur və fəxarət dolu hadisələrin şahidi olduq.
Xalqın maraqları və təlabatı üzərində qurulan daxili və xarici siyasət digər məsələlərlə yanaşı, cəmiyyətin və dövlətin bütün qüvvələrinin ümumi məqsəd naminə birləşməsinə gətirib çıxarmışdır. Möhtərəm cənab Prezidentin müdrüklüyünə söykənərək Azərbaycançılıq ideyalarından güc alan xalqımızın milli birliyi döyüş meydanında düşmənə endirilən “dəmir yumruğa”çevrilərək qələbənin mühüm amillərindən biri olmuşdur.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.
Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Cənab İlham Əliyevin sədrliyi ilə YAP-ın cəmiyyətdəki nüfuzu daha da möhkəmlənmiş və partiyanın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsində əhəmiyyətli rol oynamışdır. 770 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 6 628 ərazi partiya təşkilatı mövcuddur. Hazırda YAP-ın 773 770 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir.
Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
Hər bir dövlətin, hər bir xalqın müstəqil, suveren hüquqlarına işğalçılıq mövqeyindən yanaşaraq müdaxilə etmək olmaz. Lakin, təəssüflər olsun ki, dünyanın müxtəlif yerlərində bu prinsiplərə riayət olunmur və bunlar baş verir. Azərbaycanda 30 il bu işğalçı siyasətin qurbanına çevrilmişdi. Prezident İlham Əliyev faşist Ermənistanın işğalçı siyasətinə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məsədi ilə bütün beynəlxalq hüquq normalarına riayət etməklə, nüfuzlu, səlahiyyətli beynəlxalq təşkilatlara müraciət etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olumuşdur. Bu qətnamələrdə erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyri- şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. Lakin, bu yerinə yetirilmədi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün bu aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etsələrdə, lakin məsələ öz həllini tapmadı. Bu onu göstərirdi ki, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrası selektiv xarakter daşıyırdı. CənabPrezident İlham Əliyevin xatırlatdığı kimi. BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilirdi, bəzi hallarda isə bir neçə saat ərzində. Amma, bizə münasibətdə isə bu 30 il ərzində yerinə yetirilmədi. Bu ikili standartların bariz nümunəsidir.
Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.
İşğaldan azad olmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ilin 20 oktyabr tarixində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi təşkil olunmuşdur. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. 2022-ci ilin 15 mart tarixində Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.
Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
Şübhəsiz, Möhtərəm Prezidentimizin iti zəkası, geniş dünyagörüşü, siyasi bacarıq və sərişdəsi, diplomatik təcrübəsi, həmçinin şəxsi keyfiyyətlərindən irəli gələn ədalətliliyi, prinsipiallığı, qətiyyəti qazandığımız Qələbəni, həm siyasi, həm də iqtisadi sahədəki uğurları şərtləndirən amillərdir.
Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.
Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri