Yeni bir Azərbaycan yaradan dahi
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, Ümummilli liderimiz Heydər Əliyevin vəfatı günüdür. Onun fiziki yoxluğundan 19 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Nadir istedada, böyük dühaya, xüsusi təfəkkür və düşüncə tərzinə, böyük ideyaların müəllifi daşıyıcısı keyfiyyətinə, qeyri-standart qərarlar qəbul etmək bacarığına sahib olmaq tarixi şəxsiyyətlərə xas xüsusiyyətdir. Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev də məhz belə tarixi şəxsiyyətlərdəndir.
Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Bu gün bizlər əminliklə deyə bilərik ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Sovet dönəmində rəhbərlik etdiyi 14 ilə yaxın dövr ərzində Heydər Əliyev Azərbaycana tamamilə yeni nəzərlə baxmış və yeni bir Azərbaycan yaratmışdır. 1969-1982-ci illərdə respublikamız geridə qalmış aqrar diyardan qabaqcıl sənaye ölkəsinə çevrilmiş oldu. Bu illər ərzində respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verildi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Azərbaycana rəhbərlik etdiyi dövr ərzində gördüyü genişmiqyaslı işlər və əldə etdiyi uğurların nəticəsində 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
Sovet İttifaqının liderlərindən biri olduğu dövrdə də müdrik siyasətçi respublikamızın inkişafı üçün öz qüvvə və bacarağını əsirgəmirdi. Lakin sonralar baş verən məlum hadisələr, Mixail Qorbaçovun siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı həsəd və qısqanclıq hisslərinin baş qaldırması, Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsi Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verdi. Məhz bundan sonra mərd, məğrur, əyilməz Heydər Əliyevin, eyni zamanda Azərbaycan xalqının ən ağır və sarsıntılı günləri başladı.
Azərbaycan xalqı SSRİ-nin dağılmasından sonra 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etmiş oldu. Lakin xalqımız üçün müstəqilliyin ilk illəri olduqca ağır və keşməkeşli keçmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Bir tərəfdə Surət Hüseynovun qiyamı, digər tərəfdə Əlikram Hümbətovun Talış-Muğan respublikası yaratmaq iddiası, ölkənin şimalında sadvalçıların separatçılıq meylləri, həmçinin mənfur düşmənimizin torpaqlarımıza təcavüzü və işğalı, hakimiyyət başındakıların səriştəsizliyi və özbaşnalığı ölkəni uçuruma aparırdı. Şəhidlərimizin qanı hesabına qazandığımız müstəqilliyimiz itirilmək təhlükəsi qarşısında qalmışdı. Belə bir vaxtda cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Milli dövlətçiliyimizin itirilmək təhlükəsi qarşısında qaldığı və ölkənin ağır günlərini yaşadığı bir zamanda xalqımız 1993-cü ilin iyun ayında mövcud hakimiyyətin dəyişməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə bir dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdır. Xalqın təkidli tələbindən sonra 1993-cü ilin 9 iyununda Heydər Əliyev Bakıya gəlmiş və dövləti mövcud bəladan xilas etmək yolunda bir sıra görüşlər və məsləhətləşmələr aparmışdır. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış və iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçilmişdir ki, həmin gün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə əbədi olaraq yazılmışdır.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdışından dərhal sonra vaxt itirmədən ağır vəziyyətdə olan respublikanın qarşısında duran problemləri həll etməyə başladı. Gəncədəki hadisələr dinc yolla nizamlanma axarına düşdü. Əlikram Hümbətovun elan etdiyi “Talış-Muğan Respublikası” Heydər Əliyevin xalqa müraciəti və bölgə zəhmətkeşlərinin təzyiqi ilə ləğv olundu. “Sadval”çıların separatçı hərəkətlərinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı birləşmələr məhv edilməyə başlandı. Cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Ölkədə əmin-amanlıq siyasi sabitlik yarandı. Məhz intibah və milli şüurun oyanışı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Sevindirici haldır ki, Ulu Öndərin bu müdrik və uzaqgörən siyasəti hazırda onun siyasi varisi və layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Aparılmış müdrik siyasətin nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf yolu keçərək regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Xüsusilə ölkə başçısının fəaliyyətinin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız isə qalib xalqa çevrildi.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri