"Nərman Axundzadə bu gün Azərbaycan futbolu üçün oriyentirdir"

Çempionlar Liqasında Qarabağ” – Ayaks” oyunundan sonra Qarabağ FK -nun hücumçusu Nərman Axundzadəyə qarşı aparılan basqılar, təhqirlər və məqsədli hücumlar Azərbaycan futbolunun real vəziyyətini anlamayan, yaxud anlamaq istəməyən kəsələrin yanaşmasıdır.

Nərmanı hədəfə alanlar, onu aşağılamağa çalışanlar, onun peşəkarlığına və istedadına şübhə yaratmaq istəyənlər, əslində Azərbaycan futbolunun bu günkü acı reallığını ört-basdır etməyə çalışan pafoslu, amma məzmunsuz yanaşmanın daşıyıcılarıdır. Açıq demək lazımdır: bu cür hücumlar futbol təhlili deyil, paxıllığın, kompleksin və futboldan bixəbərliyin məhsuludur.

Bir həqiqəti qəbul etmək lazımdır: Nərman Axundzadə hazırda Azərbaycan futbolunun ən parlaq simalarından biridir. Onu gözdən salmağa çalışanların məqsədi nə obyektiv analizdir, nə də idman məntiqi. Onların istədiyi yalnız istedadı ləkələmək, zəhmətlə qazanılmış mövqeyi şübhə altına almaqdır.

Təsəvvür edin: illərdir Azərbaycan futbolunu sistemli şəkildə geriyə çəkən, inkişafı yox, imitasiya yaradan AFFA reallığında “Qarabağ” klubu və Qurban Qurbanov kimi bir mütəxəssis Nərman səviyyəsində futbolçu yetişdirə bilib. Bu, sadəcə uğur deyil — bu, fədakarlıq, peşəkarlıq və milli məsuliyyət nümunəsidir. Belə bir qaranlıq mühitdə istedad yetişdirmək elə də asan deyil, əksinə, böyük iradə və prinsipiallıqdır.

Bu gün Nərman tək deyil. Onunla yanaşı Bəhlul, Emin, Elvin, Tural, Xəyal və digər gənc futbolçuların üzə çıxması göstərir ki, problem futbolçuda deyil, futbolu bu vəziyyətə salan idarəçilik sistemindədir. Azərbaycan futbolçuları fiziki və oyun baxımından dünyanın aparıcı liqalarındakı həmyaşıdlarından geri qalmırlar. Geri qalan yalnız AFFA - nın illərlə davam edən qeyri-peşəkar, dar çərçivəli və milli maraqlardan uzaq fəaliyyətidir.

Nərman Axundzadə bu gün Azərbaycan futbolu üçün oriyentirdir, gənclər üçün nümunədir. Ona qarşı artan tələblər, əslində, onun peşəkarlığının və potensialının etirafıdır. Əgər Nərman bu səviyyədə olmasaydı, ondan bu qədər gözlənti də olmazdı. Deməli, məsələ futbolçuda deyil - məsələ gözü götürə bilməyənlərdədir.

Ünvanına səslənən təhdid və təhqirlər isə açıq şəkildə paxıllıq və qısqanclıq məhsuludur. Bu, idman tənqidi deyil, psixoloji aqressiyadır.

Bu kontekstdə Qurban Qurbanova xüsusi təşəkkür düşür. Məhz onun futbol fəlsəfəsi, yerli futbolçuya inamı və prinsipial mövqeyi sayəsində bu cür istedadlar üzə çıxır. Qurban Qurbanovun yaratdığı məktəb sübut edir ki, Azərbaycan futbolunun gələcəyi futbol miqrantlarında yox, yerli futbolçuların (Nəriman, vuran ayaqlarına qurban?) ayaqlarındadır.

Təsadüfi deyil ki, son günlər xarici mütəxəssislər belə Azərbaycanlı futbolçuların oyuna buraxılmaması kimi problemlər yaradır. Bu isə bir daha göstərir ki, Azərbaycan futbolunun taleyi öz övladlarının əlindədir - Qurban Qurbanovun, Nərmanın, Elvinin, Bəhlulun və digər gənclərin əlindədir. Biz onlara dəstək verməliyik, sözün əsl mənasında ayaqlarından çəkməli deyilik!!!

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər