Qlobal güclərin çəkişməsi...
Hazırda dünyada gedən qlobal güclərin çəkişməsi fonunda Əfqanıstan–Pakistan arasındakı gərginlik təkcə iki dövlətə aid qarşıdurma deyil. Əfqanıstanla Pakistan arasında sözügedən daxili sərhəd məsələsinin bir əsrdən çox tarixi olsa da, yenidən canlanması təbii olaraq 2025-ci il Pakistan–Hindistan müharibəsinin nəticələri ilə bağlıdır.
Pakistanın Hindistan üzərində qələbəsi faktiki olaraq Pakistan–Çinin Hindistan–ABŞ üzərində hərbi qələbəsi idi. Pakistanın yeni, üzücü və həlli mümkünsüz, ideoloji yüklü müharibəyə çevrilmə ehtimalı yüksək olan müharibəyə cəlb olunması Çin müttəfiqi Pakistanı zəiflətmək və qlobal siyasətdə təsirini azaltmaq məqsədi daşıya bilər.
2021-ci ildə ABŞ-ın Əfqanıstanda hakimiyyətin Talibana təhvil verilməsi, söz yox ki, ABŞ–Taliban arasında müəyyən razılaşmanı özündə ehtiva edir. Əfqanıstanda Taliban hakimiyyətinin Pakistana qarşı təhrikedici toqquşmaya getməsinin ABŞ-la bağlılığı ehtimalı yüksəkdir.
Əlaqəli və ardıcıl proses kimi ABŞ–Çin qarşıdurması bu günlərdə rəsmiləşən Hindistan–İsrail hərbi əməkdaşlığı ilə genişlənir.
Azərbaycan–Pakistan arasında real müttəfiqlik münasibətləri də Hindistanı Ermənistanla hərbi əməkdaşlığa sövq edən siyasi şərtlərdəndir. Hindistan üçün Ermənistanın əhali və ərazi baxımından iqtisadi cəlbediciliyi müzakirə mövzusu belə ola bilməz.
Bu günlərdə Ermənistanın hücum dronlarının istehsalına başlamasında Hindistanın rolunun, xüsusən də İsrail texnologiyasının Ermənistana ötürülməsi ətrafında şübhələrə Hindistan–İsrail arasında razılaşmaların özü aydınlıq gətirir.
Bu baxımdan, bir tərəfdə ABŞ, İsrail, Hindistan, Ermənistan, digər tərəfdə isə Çin, İran, Pakistan xətti özünü açıq göstərir. Cənubi Qafqazda TRIPP layihəsinə ABŞ-ın ciddi marağı Çinin Avropa və Afrikaya "Bir kəmər, bir yol" çıxışının qarşısını almaq niyyətinin bir hissəsidir. ABŞ-ın Çinə Venesuela, İran və Rusiya tərəfindən enerji təchizatının dayandırılması üzrə də planları mərhələli şəkildə həyata keçirilir.
Qaldı ki, ABŞ–İran münasibətlərinə və ABŞ-ın İranı vurmaqda tərəddüd etməsi bir neçə amillə bağlıdır.
ABŞ hərbi cəhətdən üstün olsa da, İranın ideoloji müqavimət gücü ondan daha təsirlidir. İranın böyük ərazisi, Çinin və Rusiyanın İrana dəstəyi ABŞ üçün ciddi və əsaslı risk vəd edir. ABŞ-ı İranla daha ehtiyatlı davranmağa məcbur edən islam və ərəb dövlətləri faktoru da var. Əsas şərtlərdən biri İrana hərbi müdaxilənin onun parçalanması və yeni dövlətlərin yaranması ilə nəticələnmə ehtimalıdır ki, bu da İranın Türkiyə riski və türk dünyasına qarşı Qərb üçün strateji çəkindirici rolunu aradan qaldıra bilər.
Ancaq ABŞ-ın böyük hərbi hazırlıqları ABŞ-ın İranı vuracağından imtina edəcəyinə inamı zəif saxlayır. Çox güman ki, İrana hücumlar əsasən İsrailin iştirakı ilə baş tuta və İranın siyasi, hərbi rəhbərlərinin məhv edilməsi 12 günlük müharibədən fərqli olaraq daha uğurlu nəticələr verə bilər.
Ancaq ABŞ-ın İrana hücuma çox ciddi hazırlaşması uğursuz nəticələnmə ehtimalının da nəzərə alınmasından irəli gəlir ki, bu da ABŞ-ın qlobal güc imicinə xələl gətirə bilər. İndi ABŞ-ın İranla bağlı düşdüyü vəziyyət Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə üzləşdiyi nəticəni - "sindromu" ortaya çıxara bilər.
Vüqar Dadaşov
