"Global Research” Layihəsi çərçivəsində Qahirədə keçirilən beynəlxalq konfrans başa çatıb
Misirdə Qlobal Tədqiqatlar “Global Research” beynəlxalq elmi-innovativ layihəsi çərçivəsində azərbaycanlı alimlərin də iştirak etdiyi beynəlxalq konfrans uğurla yekunlaşmışdır. Səfər müddətində iştirakçılar Misirin aparıcı elmi müəssisələri ilə tanış olmuş, bir sıra mühüm akademik və mədəni əməkdaşlıq münasibətlərinin təməli qoyulmuşdur.
Əsas məqamlarından biri “Ethical Issues in AI: Navigating Risks and Responsibilities” adlı beynəlxalq konfrans olan səfər çərçivəsində nümayəndələr “DSC MENA” Sammitində, Qahirə “Knowledge City” texnoparkında, Qahirə İnformatika Univeristetində (Egypt University of Informatics) keçirilmiş “Data Science & AI” konfransında, həmçinin innovativ startapların təqdim olunduğu sərgidə iştirak etmişlər.
Tədbirlər süni intellektin etik çərçivədə inkişafı, potensial risklərin azaldılması və bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi baxımından əhəmiyyətli müzakirə platformasına çevrilmişdir. Burada bir çox ölkəni təmsil edən tanınmış alimlər, sənaye liderləri və innovatorlar çıxış edərək süni intellektin gələcək inkişafı, tənzimləmə zərurəti və ictimai təsirləri ilə bağlı mühüm məsələlərə toxunmuşlar.
Egypt University of Informatics-də keçirilmiş tədbirdə çıxış edən Misirin Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Amr Ahmed Samih Talaat süni intellektin yaratdığı təhlükələrlə mübarizəyə gələcəkdə deyil, elə bu gündən başlanmasının zəruriliyini vurğulamışdır. O, həmçinin məlumat təhlükəsizliyi və texnoloji idarəetmənin prioritet istiqamətlərdən biri olduğunu xüsusi qeyd etmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli “Süni intellektin siyasi qərarların qəbulu prosesinə təsiri” mövzusuna dair çıxışında “Süni intellekt siyasi qərarların qəbulunda böyük məlumatların təhlilini asanlaşdıraraq daha dəqiq və sürətli qərarlar verməyə kömək edir. O, ictimai rəyin analizindən tutmuş risklərin qiymətləndirilməsinə qədər müxtəlif sahələrdə siyasətçilərə dəstək ola bilər Süni intellekt düzgün istiqamətləndirildikdə qərarvermə prosesində faydalı bir alətə çevrilə bilər” deyə qeyd etmişdir.
Konfransda “Global Research” layihəsinin rəhbəri və MIE Azerbaijan MMC-nin direktoru Mehriban Məlikova da çıxış edərək süni intellekt sahəsində risklərin azaldılması və idarə olunmasında milli səviyyədə intellektual idarəetmə sistemlərinin (National Intelligence – NI) formalaşdırılmasının vacibliyinə diqqət çəkərək “Qürurla bildirirəm ki, 19 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nı təsdiqləmişdir. Bu strategiya ölkəmizdə süni intellektin məsuliyyətli inkişafı istiqamətində atılmış mühüm addımdır. “Global Research” layihəsinin rəhbəri kimi bu çıxışımı süni intellekt strategiyalarının əhəmiyyətinə və onun etik və təhlükəsiz gələcəyin formalaşmasındakı roluna həsr edirəm” deyə bildirmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Misirin bir sıra nüfuzlu ali təhsil müəssisələrində, Xarı Bülbül Mərkəzində və Misir Azərbaycan Dostluq Cəmiyyətində görüşlər keçirmiş, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirəsi aparmış və müxtəlif təşəbbüslərlə çıxış etmişlər.