Hədəf  bölgədə sabitliyin möhkəmləndirilməsidir! May ayının 28-də Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan da iştirak etmişdilər.

Qeyd etməliyik ki, keçirilmiş bu festival yüksək texnologiyalarla yanaşı Azərbaycan və Türkiyə qardaşlığının bütün dünyaya nümayişi idi. Məlumat üçün bildiririk ki, “TEKNOFEST” artıq uzun müddətdir ki, qardaş respublikada keçirilməkdədir. Bu festivalın bu il özüdə may ayında Azərbaycanın Müstəqillik Günü ərəfəsində təşkili və keçirilməsi isə xüsusi əhəmiyyət kəsb etməkdədir. Xalqımız üçün əhəmiyyətli olan bu bayramda qardaş Türkiyə Respublikasının Prezidentinin ölkəmizə gəlişi xalqımız üçün ikiqat bayram sevinci olmuşdur. Bu festival xalqlarımız arasındakı münasibətlərin nə qədər möhkəm təməllər üzərində qurulduğunu, eyni zamanda “Türkün gücünü, qüdrətini və birliyini” dosta və düşmənə göstərmiş oldu.

Festivalda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitq söyləmiş və Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlərin yaxınlığından geniş söhbət açmışdır. Cənab Prezident xüsusi olaraq vurğulamışdır ki, Türkiyə Respublikasının son illərdə artan qüdrəti eyni zamanda bizi də gücləndirir və biz bir-birimizə güc qataraq dünya çapında böyük bir güc mərkəzinə çevrildik. Ölkə başçımız qeyd etmişdir ki, Türkiyənin uğurlu inkişafı, regionda və dünyada güc mərkəzinə çevrilməsi ilk növbədə Prezident Rəcəb Tayyib Ərdoğanın genişmiqyaslı fəaliyyəti ilə bağlıdır.

Məhz bu gücün və qüdrətin nəticəsidir ki, Türkiyə böyük nüfuz sahibi kimi dünyanın istənilən bölgəsində siyasi proseslərə təsir etmək imkanına malikdir. İki dövlət başçısı arasında mövcud olan qardaşlıq münasibətləri hər iki dövlətin və xalqın maraqlarına xidmət etməkdədir. Əminliklə deyə bilərik ki, bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan ikinci dövlət yoxdur. Bu qardaşlıq münasibətləri dostlarımızı sevindirir, düşmənlərə isə qorxu salmaqdadır.

“Bir millət, iki dövlət” prinsipi üzərində qurulmuş Azərbaycan-Türkiyə qardaşlığı İkinci Qarabağ müharibəsi dövründə ən yüksək zirvəsinə çatdı. Əldə edilmiş qələbədə qardaş Türkiyə Respublikasının hərtərəfli dəstəyi önəmli rol oynamışdı. Postmüharibə dövründə də Azərbaycan dövləti hər zaman Türkiyə Respublikasının dəstəyini hiss etməkdədir. “Böyük Qayıdış”ın və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə dövləti yaxından iştirak etməkdədir. İnanırıq ki, Azərbaycan və Türkiyə Prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı dünyada, regionda və ölkələrimizdə sülhün, təhlükəsizliyin, inkişafın və həmrəyliyin qarantı olacaqdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Ruslar geri çəkilir, türk ordusu əməliyyata başlayırƏrdoğan bir neçə dəqiqə öncə açıqladı: Türkiyə ordusu Tel-Rıfat və Menbiç bölgələrini PKK terrorçularından təmizləmək üçün əməliyyata başlayır.

Bu barədə fikirlərini Axar.az-la bölüşən siyasi şərhçi Ruslan Bəşirli bildirib ki, Tel-Rıfat bölgəsi Türkiyənin nəzarətində olan “Fərat qalxanı” bölgəsi ilə Afrin bölgəsinin arasındadır.

“Türkiyə Afrin əməliyyatı zamanı bu bölgəni də terrorçulardan təmizləmək istəyirdi, lakin ruslar mane oldular. Hazırda Tel-Rıfatda PKK/YPG terrorçuları ilə birgə rus hərbçiləri də var. Çox böyük ehtimalla rus hərbçiləri Tel-Rıfatı tərk edəcəklər.

Əməliyyatın əsas hissəsi Menbiç uğrunda olacaq. Fərat çayının şərqində yerləşən Menbiçin strateji mövqeyi var. Suriyanın əsas su anbarları məhz bu bölgədə yerləşir. Türkiyə buranı azad etməklə su ehtiyatlarına da nəzarəti ələ alacaq. Hazırda Menbiçdə PKK terrorçuları ilə birgə onlara dəstək verən ABŞ hərbi birləşmələri də var. Eyni zamanda bu bölgədə ABŞ-ın bir neçə hərbi bazası mövcuddur. Türkiyənin əməliyyatı an məsələsidir və ABŞ-ın bölgədən çəkilməkdən başqa yolu yoxdur. Ehtimal edə bilərik ki, Türkiyə ilə ABŞ arasında amerikan əsgərlərinin geri çəkilməsi ilə bağlı bir razılaşma da olub”, - R.Bəşirli qeyd edib.
19 yaşlı qızın intiharına səbəb olan şəxs: “Videolarını əylənmək üçün yaydım”Ötən il noyabrın 27-də Yasamal rayonunda yerləşən “Qələbə Residence” yaşayış kompleksindən 19 yaşlı Fatimə Nemətovanın (ad və soyad şərti) özünü ataraq intihar etməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gənc qızın telefonunu oğurlayan və daha sonra onun açıq-saçıq görüntülərini sosial şəbəkələrdə yayan 2004-cü il təvəllüdlü Nadir (şərti) həbs edilib. Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Nadir Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (Oğurluq -zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) və 242-ci-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə təqsirləndirilib. Ona yekunda 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmə prosesində məlum olub ki, intihardan əvvəl Nadir sosial şəbəkədə universitetlərdən birinin memarlıq fakültəsinin 2-ci kurs tələbəsi olan Fatimənin profilini taparaq ona yazıb. Onlar bir müddət yazışdıqdan sonra parkda dostları ilə birlikdə görüşüblər.

Belə ki, 21 noyabr 2021-ci il tarixdə saat 18 radələrində “AF Mall” ticarət mərkəzinin qarşısında baş tutan görüş zamanı 18 yaşlı oğlan onun gödəkçəsinin cibindən dəyəri 1829 manat dəyərində “Apple Iphone 11” markalı mobil telefonu oğurlayıb. Bundan sonra Nadir qızın telefonunda olan çoxsaylı açıq-saçıq foto və videoları başqa telefona köçürüb, oğurladığı telefonu isə dostunun şəxsiyyət vəsiqəsi ilə 800 manata satıb. Bu satışdan o, özünə 120 manat dəyərində geyim əşyaları və ayaqqabı, eləcə də 600 manat dəyərində “Apple Iphone X” markalı mobil telefonu alıb. Daha sonra isə Fatimənin telefonundan köçürdüyü açıq-saçıq görüntüləri 22 noyabr 2021-ci il tarixdə saat 16 radələrində çoxsaylı izləyiciləri olan “Telegram” sosial şəbəkəsində “Dirçəliş 22/30” adlı səhifədə yayıb.

Bundan sonra dostları Fatiməyə onun pornoqrafik görüntülərinin sosial şəbəkələrdə yayıldığını bildiriblər. Fatimə isə həmin görüntülərin oğurlanmış telefonundan götürüldüyünü deyib. O, daha sonra dostuna: “Hər şey üçün çox sağ ol, məni yaddan çıxart, çox təəssüf edirəm ki, sonluq belə oldu, biz onunla səni həmişə sevəcəyik, artıq heç nəyin mənası qalmayıb”, - sözlərini yazıb və yaşadığı çoxmərtəbəli binadan özünü ataraq həyatına son qoyub.

Məhkəmədə təqsirləndirilən Nadir törətdiyi əmələ görə özünü təqsirli bildiyini deyib. O, Fatimənin görüntülərini əylənmək məqsədilə yaydığını qeyd edib:

“Həmin videoları paylaşmaqda məqsədim əylənmək idi. Hər-hansı maddi və sair nemət qarşılığında bunu etməmişəm”.

Məhkəmədə Fatimənin atası da ifadə verərək qızının ölümündən əvvəl anasına mesaj yazdığını bildirib:

“Fatimə ölümündən öncə anasının istifadəsində olan, lakin hazırda bütün əlaqəli məlumatları silinmiş kompüter vasitəsilə yaşamaq istədiyini, sevmək istədiyini, lakin pis insanların buna imkan verməməsi, anasını çox sevməsi barədə sosial şəbəkələrin birində yazı yazmışdı”.

Qeyd edək ki, Nadir ona verilmiş 4 il 6 aylıq cəzanı ümumi rejimli müəssisədə çəkəcək.
Şeyxin qudasının həccə getməsinə İCAZƏ VERİLMƏDİ“Bu il Həcc ziyarətinə getmək istəsəm də, icazə verilmədi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası hacı Qalib Salahzadə deyib.

O, bildirib ki, bu il Həccə yaşı 65 yaşdan yuxarı olanlar buraxılmır:

“Mən bu il Ümrə ziyarətinə gedəcəyəm, təxminən noyabr, dekabr aylarına təsadüf edəcək. Bu il yaşı 65-dən yuxarı olanları Ümrəyə qoyurlar, ancaq Kəbə ziyarətinə yox. Ümrə özü də elə kiçik Həcc ziyarəti hesab olunur”.

Sabiq deputat Həcc ziyarətinin müzakirələrə səbəb olan qiymətindən xəbərsiz olduğunu söyləyib: “Bu il qiymətlərin nə qədər olduğunu bilmirəm, yəqin ki, çəkilən xərcə uyğun olacaq”.

Qeyd edək ki, 68 yaşlı Qalib Salahzadə 1990-cı ildən başlayaraq hər il Həcc ziyarətinə gedib.

Xatırladaq ki, bu gün Azərbaycanda Həcc ziyarətinə gediş üçün sənəd qəbulu başa çatıb, qısa müddət ərzində 680 nəfərlik kvota yeri dolub. Pandemiya şəraiti davam etdiyindən 65 yaşdan yuxarı vətəndaşların ziyarətə getməsinə icazə verilməyib. Bu il Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən edilib.
Ramin Hacılı barədə təkrar həbs qətimkan tədbiri seçildiBakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz miqrasiyayada ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İstintaqla müəyyən edilib ki, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Prosesdə vəsatət qaldıran təqsirləndirilən şəxs Ramin Hacılı bildirib ki, o, hazırda başqa maddə ilə təqsirləndirilir və Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir: "Mən hazırda həbsdəyəm və barəmdə olan hökmdən verilmiş apellyasiya şikayəti də təmin edilməyib. Ona görə də cəza çəkdiyimi nəzərə alaraq xahiş edirəm ki, məhkəmə istintaqı barəmdə həbs qətimkan tədbiri seçilməsin. Mənimlə birlikdə tutulan şəxslər hazırda azadlıqdadır".

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra hazırlıq iclası başa çatıb və iş üzrə məhkəmə baxışı iyunun 8-nə təyin olunub.

Məhkəmə, həmçinin, R.Hacılının hazırda cəza çəkdiyi üçün onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Gənclər üçün ödənişsiz ilk yardım təlimləri keçiriləcək“İrəli” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclər üçün “Qızıl Yardım” layihəsinə start verilir.

Birliyin Mətbuat xidmətindən Avrasiya.net-ə məlumat verilib ki, 5 gün davam edəcək layihə xüsusi proqram çərçivəsində seçilmiş gənclər ilk yardım təlimləri, müxtəlif simulyasiya və praktiki sessiyalarda iştirak edəcəklər. Xüsusi proqram mövzularına həmçinin ümumi ilk yardım, hadisə yerinin dəyərləndirilməsi, qanaxma, şok, huşunu itirmə, koma, yaralanmalar və kəllə-beyin travmaları, zəhərlənmələr, yanıq, donma, günvurma, epileptik tutmalar və s. aiddir.

“İrəli” İctimai Birliyinin ofisində keçiriləcək bütün təlimlərdə iştirak edən iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İrəli” İctimai Birliyi tərəfindən beynəlxalq ilk yardım sertifikatı ilə təltif ediləcəklər. Bununla yanaşı, təlim proqramını uğurla başa vurmuş gənclər növbəti fəaliyyət müddətində təlimçi kimi formalaşacaq, habelə Birliyin hərbi vətənpərvərlik istiqamətində həyata keçirdiyi düşərgələrdə Sağlamlıq Mərkəzinin təlimatçısı kimi iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, “Qızıl Yardım” layihəsinin keçirilməsində əsas məqsəd gənclər və gənclərlə işləyən şəxslərin ilk yardımla bağlı bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə baş verə biləcək bədbəxt hadisələrə hazırlıqlı olmasını təmin etməkdir. Habelə layihənin məqsədləri sırasına zərərçəkmişə təcili və təxirəsalınmaz ilk yardım müdaxiləsi etmək vərdişlərini aşılamaq, o cümlədən “İrəli” Sağlamlıq Mərkəzi üzvlərinin sertifikatlaşdırılması daxildir.

Layihədə iştirak etmək istəyən motivasiyalı, həvəskar və məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3PMOt5c
Kreml Putinlə Zelenskinin görüşünün şərtini açıqlayıbKreml Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenskinin görüşünün şərtini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov belə bir görüşün istisna olunmadığını söyləyib.

“Lakin bu görüş yalnız hansısa sənədlə bağlı yekun razılıq əldə olacağıq təqdirdə mümkündür. Lakin bu istiqamətdə iş çoxdan dayanıb və hələ də bərpa olunmayıb”, - o bildirib.
Dövlət sərhədini pоzan 41 nəfər saxlanıldıÖtən ay Azərbaycan dövlət sərhədini pоzan 41 nəfər saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, оnlardan 27 nəfəri Azərbaycan vətəndaşı, 2 İran İslam Respublikası, 2 Ukrayna, 1 Hindistan, 1 Özbəkistan, 2 Tacikistan, 2 Mərakeş, 2 Pakistan, 1 Kot Divuar, 1 Litva vətəndaşları оlub.

Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 23 halda 25 nəfər Avropa İttifaqı üzv ölkələrinin saxtalaşdırılmış pasportu, daimi yaşayış kartı, şəxsiyyət vəsiqəsi, Şengen vizaları və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıblar.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 85 halda 123 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 230 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olan 357 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 27 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin daşınması ilə mübarizə tədbirləri nəticəsində 316 kq 240 qram narkоtik vasitəyə və 8010 ədəd psixotrop həbə bənzər maddələr qanunsuz dövriyyədən çıxarılıb. Narkotik qaçaqmalçıları 1 halda sərhəd naryadlarına silahlı müqavimət göstərən, qanunvericiliyə uyğun olaraq sərhədçilərin silah tətbiq etməsi nəticəsində cinayətkarların əraziyə atdıqları 1 ədəd atışa hazır vəziyyətdə olan AKM-74 markalı avtomat götürülüb.

Qaçaqmalçılıqla mübarizə çərçivəsində ümumi dəyəri təqribən 15 milyon 842 min 429 manat оlan qaçaqmal, o cümlədən tütün məlumatları, spirtli içki və əntiq əşyalar saxlanılıb.
Əcnəbilərin inteqrasiyası ilə bağlı icra olunan layihənin yekun tədbiri keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsinin yekun tədbiri keçirilib.

Dövlət Miqrasiya Xidmətinin inzibati binasında təşkil olunan tədbirdə miqrasiya sahəsində təcrübəsi olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov əcnəbilərin cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən dövlət siyasəti haqqında danışıb və bu sahədə həyata keçirilən tədbirlər və gələcəkdə icra olunacaq fəaliyyətlər barədə məlumat verib.

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov layihənin nəticələri barədə məlumat verib. Qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi sayəsində icra olunan layihə çərçivəsində əcnəbilərin inteqrasiyasının müxtəlif aspektləri ətrafında silsilə müzakirələr keçirilib və bu müzakirələrin nəticələri barədə məlumat sosial media və kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Eyni zamanda vurğulanıb ki, ictimai müzakirələr zamanı əldə olunan nəticələr əcnəbilərin inteqrasiyasının effektivliyini təmin etmək üçün yeni təkliflərin irəli sürülməsinə səbəb olub. Bundan başqa layihə çərçivəsində məlumatlandırıcı buklet və maarifləndirici metodik vəsait çap olunub və aidiyyəti üzrə paylanılması məqsədilə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib. Layihə icra olunan zaman yüzə yaxın miqrantın Azərbaycan cəmiyyətinə inteqrasiyasını sürətləndirmək məqsədilə zəruri dəstəklər göstərilib.

Tədbirdə iştirak edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Zaur İbrahimov, Telman Məmmədov, Ramil İsgəndərli, Nəsimi Həsənov və digərləri layihənin müasir dövrdə aktuallığı ilə xarakterizə edilən miqrasiya proseslərlərinin vacib komponentinə həsr olunduğunu və bu kimi fəaliyyətlərin gələcəkdə daha geniş miqyasda keçirilməsinin vacibliyini qeyd ediblər.
Sabirabadda məktəbli qız ərə verildiSabirabad rayonunda 9-cu sinif şagirdinin toyu olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, məktəbli qızın toy məclisi ötən gün baş tutub:

"Sabirabad rayonunun Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə oğlan toyu olacaq və o da müdafiə gününə təsadüf etməyəcək. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir".