Partlayışda yaralanan 23 yaşlı qız öldüSəbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünyasını dəyişib.

O, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.

Sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər vəfat edib.

Hazırda tibb müəssisələrində ümumilikdə, 12 nəfər müalicə alır. Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xatırladaq ki, TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülmüşdür.

Qeyd edək ki, xəsarət alan şəxslərdən hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.
MSK Tahir Kərimlinin hesabatını 3 dəfə geri QAYTARIBMərkəzi Seçki Komissiyası Vəhdət Partiyasının maliyyə hesabatını 3 dəfə düzəlişə qaytarıb.

Bu barədə Modern.az-a Partiyanın sədri, deputat Tahir Kərimli məlumat verib. O qeyd edib ki, partiya 2021-ci il üzrə maliyyə hesabatını martın 29-da təqdim etsə də, MSK qəbul etməyib:

“Komissiya yeni qaydalar qoyub. Bəzi xanaların yeri dəyişdirilib, formatda bir sıra yeniliklər ediblər. Ona görə biz tələb edilən düzəlişləri yerinə yetirib, hesabatı yenidən göndərdik”.

Tahir Kərimli partiyaların Mərkəzi Seçki Komissiyasına hesabat verməsinin əslində doğru olmadığını düşünür:

“Partiyalar Maliyyə Nazirliyinə hesabat verməlidir. Elə partiyalar var, heç seçkiyə qatılmırlar. Onların MSK-ya hesabat verməsi nəyə lazımdır?”.

Partiya sədri onu da vurğulayıb ki, hesabat təqdim etməyən partiyalarla bağlı Ədliyyə Nazirliyi müvafiq addımlar ata bilər:

“MSK bununla bağlı Ədliyyə Nazirliyinə təqdimat verir. Nazirlik buna uyğun partiya haqqında tədbirlər görür. Əvvəl partiyalara ancaq məhkəmə qaydası ilə hansısa cəza tətbiq edilə bilərdi. İndi elə hallar var ki, Nazirlik özü də bunu yerinə yetirə bilər. Xəbərdarlıq etmək, məhkəmə qaydasında məsələ qaldırılması, bunun nəticəsində partiyanın fəaliyyətsizliyi təsdiq edilərsə, prosedurların yekunu kimi qeydiyyatının ləğvi mümkün ola bilər”.

Xatırladaq ki, siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatlarını təqdim etmə vaxtı aprelin 1-də yekunlaşıb. Hesabat verməyən partiyalar arasında Vəhdət Partiyası da yer alır.
Bakı Apellyasiya Məhkəməsində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə baxılan prosesdə təqsirləndirilən şəxsin vəkili Vüqar Babayev çıxış edib.

O bildirib ki, müdafiə etdiyi şəxs dəymiş ziyanın hamısını ödəyib:

"Ziyanın hamısı ödənildiyi halda təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan hökm çıxarılmasını xahiş edirik".

Məhkəminin növbəti iclası aprelin 20-nə təyin edilib.Zakir Sultanov ziyanın hamısı ödədi
Şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya keçirilib“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə aprelin 2-də Ağdam və ətraf rayonlardan olan şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib.

Müayinələr Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasınında paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkimlər tərəfindən aparılıb.

Keçirilən müayinələrin nəticələrdən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, yerində məsləhətlər verilib, digər patologiya müşahidə edilən şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Layihə çərçivəsində, həmçinin zəruri dərman vasitələri ilə təmin olunan xəstəlik aşakarlanmış şəxslərin növbəti mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və ehtiyac olduqda cərrahi əməliyyatları təmin ediləcək.

Qeyd edək ki, RİİB könüllülərinin yaxından dəstək verdiyi bu cür aksiyaların digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

İçməli sudan qanunsuz istifadə halları aşkar edildiPrezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması, içməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə aparılan araşdırmalar nəticəsində Bakıda və regionlarda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Azərsu ASC-dən Avrasiya.net-ə verilən məlumata görə, bu ilin mart ayında içməli sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb. Bunun 704-ü Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, 98-i isə regionlarda qeydə alınıb. Həmin faktlar üzrə 223 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Ümumilikdə, bu ilin I rübündə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 2 093 fakt aşkarlanıb. Ötən müddətdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 1902, regionlarda isə 191 sudan qanunsuz istifadə halı qeydə alınıb. Bununla əlaqədar 566 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-mart aylarında sudan qanunsuz istifadə ilə bağlı 60-dək fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

İçməli sudan uçotsuz və sayğacdankənar istifadə halları Abşeron yarımadası üzrə ən çox Binəqədi, Sabunçu və Xəzər rayonlarında, regionlarda isə Şirvan, Tovuz və İmişli şəhərlərində qeydə alınıb.

"Qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. İçməli sudan səmərəli istifadə ilə yanaşı, uçotsuz və sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülür. Qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Əgər söhbət o dünyadan düşsə...Tutaq ki, bu dünya yox idi. Nə Sən məni görmüşdün, nə də mən Səni… Əgər söhbət o dünyadan düşsə, yəqin ki, Sən cənnətin yeddinci qatında olanda, mən cəhənnəmin ikinci qatına düşmək üçün imtahan verməyə səy göstərəcəkdim… 57 yaşın içindəyəm. Yaxşı bilirəm, qoca dünyanın yanında çox uşağam, lap elə körpəyəm… Amma Sənin bu günkü əlamətdar günündə SÖZ deməyə gücüm çatar: 59 yaşın mübarək, qardaş! Nə olar, çox və sağlam yaşa!..

Elman Eldaroğlu

Ruslar Mariupolda cəsədləri yandırır - ŞokRusiya öz ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətləri gizlətmək üçün Mariupolda səyyar krematoriyaları işə salıb.

Axar.az xəbər verir ki, bu haqda Mariupol Şəhər Şurası açıqlama verib.

“Qatillər izləri gizlədirlər. Mariupolda Rusiyanın səyyar krematoriyaları fəaliyyətə başlayıb. Buçadakı soyqırımın beynəlxalq ictimaiyyətə geniş yayılmasından sonra Rusiya komandanlığı ordunun Mariupolda cinayətlərinə dair sübutları məhv etməyi əmr edib”.
Saatlıda iki uşaq qidadan zəhərlənib, biri ölübQida zəhərlənməsi şübhəsi ilə Bakıdakı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.

Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib.

Qeyd olunub ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il təvəllüdlü X.F saat 13:08-də vəfat edib: "Digəri 2013-cü il təvəllüdlü M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır. Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər".
Rus ordusu 3-4 gün sonra yeni hücuma keçəcəkRus ordusu bölgəyə texnika və canlı qüvvə toplamağa davam edir. Təxminən 3-4 gündən sonra hücuma keçməyə çalışacaqlar, lakin Ukrayna hərbçiləri onlara cavab verməyə hazırdır.

Bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

Qayday əlavə edib ki, bu gün rus ordusu Popasnaya “Qrad” və aviasiya ilə hücumu davam etdiriblər, ona görə də təxliyə düşmən toplarının gurultusu altında baş verir.
Hər bir gənc vətənpərvər olmalıdırAsim Vəliyev: “Hər bir dövlətin varlığı və gələcəyi həm də gənclərin tərbiyəsindən asılıdır”

Milli kimlik, milli mənlik şüuru bugünədək ictimai, siyası və mədəni mövzularda ən çox müzakirə edilən məsələlərdən biridir. Xüsusən də son dövrlərdə baş verən qloballaşma, qərbə inteqrasiya meyilləri millik mənlik məsələsinin önəmini yenidən diqqət mərkəzinə çıxarır. Tarix göstərir ki, öz milli kimliyindən, mənliyindən uzaqlaşmış, uzaqlaşdırılmış millətlər ya tarix səhnəsindən silinmişdir, ya da assimiliyasiya olaraq başqa millətlərə qarışmışdır. Keçmişini, hansı milətə məxsusluğunu unudan bir cəmiyyət məhv olmağa məhkumdur. Bu baxımdan da özəlliklə gənc nəsil arasında millik kimlik, milli mənlik şüurunun inkişaf etdirilməsi ən vacib məsələ olaraq qalmaqda davam edir. Millik kimlik həm də məxsus olduğumuz millətin identifikasiya kodudur.

Mövzu ilə bağlı "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev “Xalq Cəbhəsi”nə bildirib ki, milli kimliyimizin, mənliyimizin əsas sütunlarından biri dilin qorunub saxlanmasıdır: “Tarixdə dilsiz yaşamış heç bir millət yoxdur. Buna hititləri, etruskları, latınları misal göstərə bilərik. Dil bir millətin düşüncə sistemini göstərir. İnsan olaraq düşüncələrimizi dillə söylədiyimiz kimi, bir dil də onu istifadə edən millətin necə düşündüyünü, milli düşüncə tərzini ortaya çıxarır. Millətlərin dünya görüşləri, düşüncə tərzləri, ruhunun dərinliyi o millətin dilində gizlidir. Bu baxımdan atalar sözlərimiz, deyimlərimiz bunun ən bariz nümunələridir. “Dil düşüncənin aynasıdır” sözü də bunu ifadə edir”.

QHT sədri onu da qeyd edib ki, dil həm də bir millət üçün milli mənliyin, milli xatirələrin, duyğuların və düşüncələrin, bütün maddi və mənəvi dəyərlərin ortaq xəzinəsidir. Millət olaraq keçmişdə yaşadığımız bütün hadisələri öz dilimizlə ifadə edirik. Tariximizin, ədəbiyyatımızın ifadə vasitəsi öz dilimizdir. Mustafa Kamal Atatürk də bir millətin varlığını davam etdirməsində dilin vacibliyini gözəl bir şəkildə ifadə edir: “Türk dili, Türk milləti üçün müqəddəs bir xəzinədir. Çünki Türk milləti yaşadığı çox sayda fəlakətlər içində əxlaqını, ənənələrini, xatirələrini, bu gün öz milliyətini formalaşdıran hər şeyini dil sayəsində qorumuşdur. Türk dili, türk millətinin qəlbidir, zehnidir”.

Onun sözlərinə görə, bu gün dövlətimizin də əsas prioritetlərindən biri gənc nəslin milli mənlik şüurunda yetişdirilməsidir. Milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirir. Bu siyasətin əsas mahiyyəti milli xüsusiyyətlərimizin saxlanması, dilimizin saflığının, təmizliyinin, milli dəyərlərimizin, adət və ənənələrimizin, milli dövlətçiliyimizin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsini əhatə edən siyasətdən ibarətdir. Bununla paralel olaraq mənəvi dəyərlərin qorunması siyasəti həyata keçirir ki, onun da kökündə unudulmuş və məhv edilmək təhlükəsi qarşısında qalmış mənəvi dəyərlərin bərpası, İslam normalarının yerli ənənələr və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində faydalanmq durur: “Məhz bunun nəticəsidir ki, millət olaraq dünya birliyinə inteqrasiya prosesində milli kimliyimizi qoruyub saxlaya bilirik. Həmçinin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş dövlət gənclər siyasətinin də əsas istiqamətlərindən biri gənclərin milli-mənəvi dəyərlərə malik, vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir. Ulu öndər Heydər Əliyevin də təbiri ilə desək, "Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik". Milli kimliyi qoruyub saxlayan əsas amillərdən biri də öz tarixini bilən, sevən, biganə qalmayan gənc nəsl yetişdirməkdən ibarətdir. Bu da nəticə etibarilə vətənpərvərlik hissinin inkişafına gətirib çıxaracaqdır. Vətənpərvər olaraq yetişən hər bir gənc də harda olmasından asılı olmayaraq öz vətəndaşlıq borcunu yerinə yetirəcək və vətəni sevməyi özünə mənəvi bir borc hesab edəcəkdir. Tarixdə unutqanlığımız başımıza bir çox qanlı faciələrin gəlməsinə və torpaq itkisinə səbəb olmuşdur”.

A.Vəliyev onu da vurğulayıb ki, gənc nəslin vətənpərvər ruhda yetişməsində ən vacib amillərdən biri də mənəviyyat məsələsidir. Mənəviyyat olmayan yerdə nə milli mənlik şüurundan, nə də vətənpərvərlikdən söz gedə bilməz. Maddi və mənəvi dəyərlərə malik yetişdirilən, tərbiyə olunan gənc nəsil heç bir halda zərərli axınların qurbanına çevrilməz və gələcəkdə də dövlətin yükünü layiqilə daşıya bilər: “Hər bir dövlətin varlığı və gələcəyi həm də gənclərin tərbiyəsindən asılıdır. Dövlətimiz öz müstəqilliyini yenidən bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri uşaq və gənclərin sağlam və vətənpərvər ruhda böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyəsi məsələsi oldu. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcəyimiz olan gənc nəslin inkişaf etməsi üçün bütün lazımi tədbirlər həyata keçirildi. Sevindirici haldır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də cənab prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti nəticəsində həm ölkə daxilində, həm ölkə xaricində Azərbaycanımızı layiqi ilə təmsil edən gənclər yetişdi. Həmin gənclər xarici dövlətlərin aparıcı və qabaqcıl universitetlərində oxuyaraq ölkəmizi həmin ölkədə layiqilə təmsil edirlər. Hər birimizə yaxşı məlumdur ki, bir dövlətin bayrağı başqa bir dövlətdə iki halda qaldırılaraq dalğalanır. Biri ölkə başçısı başqa bir ölkəyə rəsmi səfər etdikdə, digəri isə idmançılar beynəlxalq tədbirlərdə qələbə qazandıqda. Məhz bu baxımdan da idmançılarımızın beynəlxalq tədbirlərdə qazandığı qələbə aparılan uğurlu siyasətin bariz nümunəsidir”.

Gənc nəslə dövlət səviyyəsində göstərilən diqqət və qayğı onların vətənpərvər ruhda böyümələrinə, formalaşmasına şərait yaradır. Uşaqlarda vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuz üçün güclü əsgər kimi yetişməsinə zəmin yaradır. Məhz dövlət siyasətin uğurlu nəticəsidir ki, gənc nəsl 44 günlük müharibə zamanı da böyük qəhrəmanlıq, şücaət göstərərək düşmən tapdağı altında qalan milli qeyrətimizi işğaldan azad etdi. Məscidlərimizi donuz axırına çevirmiş, qəbirlərimizi darmadağın etmiş, tarixi abidələrimizi özününküləşdirməyə çalışan mənfur düşmənimizə unudulmayacaq dərs verdi. Cildlərlə kitaba sığacaq qəhrəmanlıq dastanı yazdı: “Gənc nəslin vətənpərvərlik ruhda yetişdirilməsində vətəndaş cəmiyyəti institutlarının da rolu böyük olmuşdur. Vətəndaş cəmiyyəti institutları tərəfindən bu istiqamətdə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.

Biz də “Gənclərin Töhfəsi” İctimai Birliyi olaraq 14 ilə yaxın fəaliyyətimiz dövründə əsas icra etdiyimiz layihələr, həyata keçirdiyimiz tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərinə bağlı, vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlmişdir. Bu istiqamətdə bu günədək “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” devizli hərbi vətənənpərvərlik düşərgələri təşkil etmişik. Gənc nəsil arasında əyani vasitələrlə dövlət rəmzlərimizin təbliği istiqamətində Azərbaycanımızın 30-a yaxın rayonunda maarifləndirici tədbirlər, görüşlər keçirmişik. Həmçinin genafondumuzun qorunması istiqamətində bır sıra vacib layihələr həyata keçiririk. Gənc nəsil arasında sağlam həyat tərzinin təbliği istiqamətində də fəaliyyətimizi davam etdiririk. Xüsusən də yeniyetmə və gənclər arasında sağlam və düzgün qidalanma, fiziki aktivliyin təşviqi, qida təhlükəsizliyi, zərərli vərdişlər, ətraf mühitin qorunması mövzularında maarifləndirmə işlərini davam etdiririk. Azərbaycanda ilk dəfə ana dilimizdə “Qida təhlükəsizliyi və insanı məhvə aparan genetik silah - GMO” adlı 2 cildli kitab nəşr etdirmişik. Həmçinin “Sağlam gələcək, sağlam qidadan başlayır”, “GMO-ya yox”, “Sağlam həyat tərzi”, “Sağlam qida bələdçisi” adlı müxtəlif maarifləndirici kitablar da hazırlayaraq gənc nəsilin sağlam böyüməsi yönündə fəaliyyətimizi davam etdiririk.

Bundan sonra da hər bir vətəndaş cəmiyyəti institutunun qarşısında duran əsas vəzifələrdən biri gənc nəslin vətənpərvərlik ruhda böyüməsi yönündə fəaliyyətlərini davam etdirməsi və müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadəti ordumuzun qazandığı zəfəri qoruyub saxlayacaq gənc nəsil yetişdirməkdir”.