"Ermənistan ayaqüstə qalmaq istəyirsə, sülhə imza atmalıdır"Ermənistan həmişə sülh danışıqlarından uzaq olub. Rəsmi İrəvanın bu mövqeyi hər zaman onun çöküşünü sürətləndirib. Nəticə göz qabağındadır - ölkədə iqtisadi, sosial vəziyyət ildən ilə ağırlaşır, əhali, xüsusən də gənc nəsil ölkəni tərk edir, işsizlik çoxalıb. Bu da ölkədə böyük və haqlı narazılığa çevrilib.

Avrasiya.net xəbər verir ki, bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Azərbaycanın Ermənistan tərəfinə sülh təklifinə münasibətində deyib.

Qeyd edək ki, Azərbaycan Ermənstanla sülh müqaviləsinin imzalanması ilə bağlı 5 təklif irəli sürüb. Həmin təkliflər bu kimi halların nizamlanmasında baza prinsipləridir və beynəlxalq təcrübədə də geniş istifadə olunur. Ermənistan isə hər vəchlə bu təkliflərdən boyun qaçırır.

ALDP sədrinin fikrincə, Ermənistan 44 günlük müharibənin məğlubiyyətini hələ də həzm edə bilmir: "Ermənistan dalana dirənib, qələbəmizdən sonra Qərbdəki müttəfiqlərinin ona dayaq duracağına ümid bəsləyirdi. Lakin Qərbin ermənipərəst qüvvələri də Azərbaycanın gücündən ehtiyatlanıb rəsmi İrəvana heç bir halda dəstək olmur. Sadəcə söz verirlər. Amma Ermənistan rəsmi Bakının sülh təkliflərini qəbul etməməklə vaxtı uzatmaq və məsələnin həllini yenidən Minsk qrupu çərçivəsinə salmaq istəyir. Bu isə heç vaxt mümkün olmayacaq".

F.Əliyev onu da vurğulayıb ki, Ermənistanın bundan sonra da ATƏT-in Minsk qrupuna arxayın olması onu məkrli məqsədinə çatdırmayacaq: "Minsk qrupu uğursuz diplomatik bir siyasət yürütüb, 30 il münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq çərçivəsində nəinki hansısa təklifdə oldu, əksinə ermənipərəst mövqe sərgilədi, ədalət prinsipini pozdu, həmsədrlərin verdikləri bəyanatlar işğalçı Ermənistanı daha da ruhlandırdı. Həmsədr dövlətlər rəsmi İrəvanın işğalçılıq siyasətinə göz yumdular. Nəticədə Azərbaycan o qrupun missiyasını özü uğurla həyata keçirdi. Ordumuz 44 günlük müharibədə Ermənistana elə bir dərs verdi ki, bu, onun havadarlarını da təşvişə salıb. Bu gün də o təşvişin təsirindədirlər".

Partiya sədri qeyd edib ki, Ermənistanın Azərbaycanın təklif etdiyi sülh təkliflərini qəbul etmək məcburiyyətində başqa yolu qalmayıb: "Ermənistan ayaqüstə qalmaq istəyirsə, sülhə imza atmalıdır".
Xankəndi yenə qazsız qaldıAzərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində qaz verilişi dayanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, “Qazprom Armeniya” hazırda borunun bərpası üzərində işləyir.

Qaz verilişinin dayandırılmasına səbəb yol tikintisi ilə bağlı aparılan işlər olub.

Qeyd olunub ki, aprelin 2-də Gorus-Qafan avtomobil yolunda inşaatçılar 13,5-ci kilometrdə boruya ziyan vurublar. Nəticədə qaz kəmərinin qollarından biri Qarabağa getdiyi üçün Gorus, Qafan, eləcə də sülhməramlıların müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsinin sakinləri qazsız qalıb.
Türkiyənin səfiri koronaya yoluxduTürkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı koronavirusa yoluxub.

Bu barədə səfir Tvitter səhifəsində bildirib.

Səfirin sözlərinə görə, özü və həyat yoldaşının COVID-19 testi pozitiv çıxıb və xəstəliyi ağır qrip şəklində keçirirlər:

"Çox şükür vəziyyətimiz yaxşıdır. Vəziyyətimizlə yaxından maraqlanan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik", - C.Bağcı yazıb.
Dörd günlük döyüş bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərdiBu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən biri hesab edilən şanlı Aprel döyüşlərindən 6 il ötür. Müasir tariximizə Aprel döyüşləri kimi düşən dörd günlük şərəfli döyüş əməliyyatları heç şübhəsiz ki, qarşıdakı böyük Zəfərin, böyük Qayıdışın başlanğıcı və Azərbaycanın gələcək döyüş uğurlarının təməli idi.

Bu dörd günlük müharibəni 44 günlük İkinci Qarabağ müharibəsi üçün baş məşq sayan şəxslər də tamamilə haqlıdırlar. Ordumuz bu dörd gün ərzində son illərdə müxtəlif xarici tərəfdaşlarımızdan aldığımız ən müasir silahların döyüş qabiliyyətini, səmərəliliyini yoxlamaq baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Ordumuzun yüksək döyüş hazırlığı və ən müasir silahlanmaya malik olması 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla almağa imkan verdi. Nəticədə uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan istiqamətində bir sıra yollar azad olundu. Həmin günlərdə ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi.

Aprel döyüşlərində qazandığımız qələbə ilk növbədə ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Eyni zamanda dövlətimizin qüdrətini, dövlət başçımızın əzmini, xalqımızın birlik və həmrəyliyini, gənclərimizin vətənpərvərliyini nümayiş etdirdi. Bu savaşdakı dik duruşumuz və uğurumuz Azərbaycanın heç vaxt işğalla barışmayacağını və öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Dörd günlük döyüş həmçinin bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və eləcə də xalqımızın ədalətin bərpa olunacağına inamını əyani surətdə göstərdi.

Altı il öncə başlayan və şərəfli tarixə çevrilən Aprel zəfəri öz strateji əhəmiyyətliliyi ilə bərabər, eyni zamanda 4 il sonra baş tutacaq 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərimizin, torpaqlarımızın işğaldan azad olunmasının və həmçinin böyük Qayıdışın təməlini qoydu. Məhz bu döyüşlər nəticəsində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə aradan qaldırıldı və beləliklə böyük Qayıdışa start verildi.

Xalqımız Aprel şəhidlərinin xatirəsini həmişə əziz tutur. Biz xalqımıza qələbə sevinci yaşadan bütün şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizlə qürur duyur, əsgər və zabitlərimizə isə həmişə qələbə arzulayırıq.

Allah şəhidlərimizə rəhmət eləsin.

Şəhidlər ölməz, Vətən bölünməz!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri, Qarabağ qazisi
Niderlandda 31 Mart soyqırımı ilə bağlı anım mərasimi keçirildiTədbir Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə əvvəlcə soyqırıma məruz qalmış və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra mərasimdə Azərbaycan Dillər Universitetinin dosenti, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyeva çıxış edib. O, çıxışında 31 Mart soyqırımı, deportasiyalar və xalqımızın başına gətirilən müsibətlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Həmçinin, tədbirdə Türk - İslam Mədəniyyət Cəmiyyətinin sədri Tahsin Çətinqaya, Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova, Azərbaycan Xanımlar Klubunun rəhbəri Kəmalə Cəlilova, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, CDA partiyasından Betul Sen-Avci, “D 66“ partiyasından Tolunay Azər, “DƏNK“ partiyasından Funda İləri çıxış ediblər.

Qeyd edək ki, tədbirdə şəhidlərin xatirəsinə “Quran“ oxunulub, ehsan verilib. Həmçinin, soyqırımla bağlı video film nümayiş etdirilib.
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıbRusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, indiyədək 17 800 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 631 ədəd tankı, 1 776 ədəd zirehli döyüş maşını, 316 ədəd artilleriya sistemi, 100 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 143 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1236 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 87 ədəd dronu, 24 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına
başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Rusiya Ukraynanın itkilərini AÇIQLADIÖtən gecə Rusiya aviasiya və raket qüvvələri Ukraynanın 67 hərbi obyektini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov şənbə günü bildirib.

"Gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin və raket qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 67 hərbi obyektini vurub. Bura iki komanda məntəqəsi, iki raket və artilleriya silahı və sursat anbarı, doqquz səhra artilleriya silahı və minaatan, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi 54 ərazi daxildir".

İqor Konaşenkovun sözlərinə görə, müharibə başlayandan indiyədək Ukrayna Ordusuna məxsus 124 təyyarə və 84 helikopter, 381 pilotsuz uçuş aparatı, 1882 tank və digər zirehli döyüş maşını, 203 reaktiv yaylım atəşi sistemi, 786 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1764 ədəd xüsusi təyinatlı hərbi maşınlar məhv edilib.
Manaf Ağayevin "Mercedes"ini özünə vermirlər - VƏKİLMüğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün inzibati qaydada həbs olunmuşdu. O, cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus "Mersedes" markalı avtomobil qanunsuz olaraq cərimə meydançasında saxlanılır.

Avrasiya.net xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov bildirib.

Vəkil deyib ki, maşını sahibinə qaytarmaqdan imtina edirlər: "Manaf Ağayev də qorxusundan səsini çıxartmır".

Qeyd edək ki, Manaf Ağayev işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevralın 18-də məhkəmənin qərarı ilə 15 sutka həbs edilmişdi.
Szinpin Əliyevə məktub göndərdiÇin Xalq Respublikasının sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı Sizə və Sizin simanızda dost Azərbaycan xalqına çatdırmaqdan şərəf duyuram.

Çin ilə Azərbaycan dostluğun və əməkdaşlığın ənənəvi tərəfdaşlarıdırlar. Çin-Azərbaycan münasibətləri 30 il ərzində inkişafın sağlam və sabit dinamikasını saxlayır, siyasi qarşılıqlı etimad davamlı surətdə dərinləşir və bütün sahələrdə əməkdaşlıq fəal şəkildə irəliləyir, hər iki ölkə regional və beynəlxalq səviyyələrdə sıx qarşılıqlı fəaliyyət göstərir. COVID-19 pandemiyasının yaranmasından sonra Çin və Azərbaycan bir-birinə kömək edir və bir-birini dəstəkləyir, çətinliklərin öhdəsindən gəlmək üçün səylərini birləşdirir ki, bu da bizim xalqlar arasında ənənəvi dostluğu nümayiş etdirir.

Mən ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm və Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bildirirəm ki, Çin-Azərbaycan münasibətlərində, ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlıqda yeni uğurlara nail olmaq üçün Sizinlə birlikdə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana firavanlıq, tərəqqi, onun xalqına xoşbəxtlik və əmin-amanlıq arzu edirəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Bu il biz Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, Sizə və Sizin simanızda dost Çin xalqına ən səmimi arzularımı çatdırıram.

Qədim və zəngin dostluq ənənələrinə malik olan Azərbaycan və Çin xalqlarını hələ iki min il bundan əvvəl tarixi İpək Yolu birləşdirirdi. Bu gün isə biz artıq yeni formatda bərpa olunmuş bu ənənəvi marşrut çərçivəsində sıx fəaliyyət göstəririk.

Xalqlarımız arasında təşəkkül tapmış əlaqələr dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Sevindirici haldır ki, ötən otuz il ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf etmiş, əməkdaşlığımızın yeni istiqamətləri müəyyən edilmişdir. Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, iqtisadiyyat, nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan tərəfinizdən irəli sürülmüş “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Ölkəmizdə nəqliyyat-tranzit və logistika sahəsində reallaşan infrastruktur layihələri və yaradılmaqda olan yeni dəhlizlər əməkdaşlığımız üçün böyük imkanlar açır.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaratmışdır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik.

Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı mövcuddur. Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər.

Hörmətli cənab Sədr,

Bu illər ərzində dost Çin Xalq Respublikasına həyata keçirdiyim səfərləri, Sizinlə görüşlərimizi, apardığımız ətraflı fikir mübadilələrini ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, sağlam təməl üzərində qurulmuş Azərbaycan-Çin ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Avrasiya.net xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Qurum bəyan edib ki, qanuna əsasən, hesabatlarını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu barədə yazılı xəbərdarlıq ediləcək. Bundan sonra maliyyə hesabatlarını 30 gün müddətində təqdim etməyən təşkilatlar İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Hesabat Maliyyə Nazirliyinin yaratdığı “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı” vasitəsilə (www.qht-hesabat.maliyye.gov.az) elektron qaydada təqdim edilməlidir.