Azərbaycanda prokuror koronavirusdan öldüTərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.

Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

***

Koronavirusdan vəfat edən Tərtər rayon prokuroru Şıxəli Alməmmədov sabah dəfn ediləcək.

Ş.Alməmmədov dekabrın 4-də Göygöl rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, əslən Zəngilan rayonundan olan Ş.Alməmmədov bu gün koronavirusdan vəfat edib.

Fransa Milli Məclisi də “dqr”lə bağlı qanunu qəbul etdiFransa Milli Məclisi də “dqr”in tanınmasına çağıran qanun layihəsini qəbul edib.

Avrasiya.net xəbər verir ki, 188 deputat layihənin lehinə səs verib, cəmi 3 deputat isə onu tanımaqdan imtina edib.

Qanun layihəsi Fransa hökuməti üçün tövsiyyə xarakteri daşıyır.

Bu gün sözügedən layihə ilə bağlı açıqlamasında Fransa xarici işlər naziri Jan-İv Lö Drian bunun danışıqlar prosesinin xeyrinə olmayacağını deyib.
Müxalif lider fitili alovlandırdı - "Özünə hörmət edən partiya parlamentə girməyəcək""MSK, gerçəkliyin saxtalaşdırıldığı bir təşkilatdır".

Aktual.ge xəbər verir ki, bunu müxalif "Vahid Milli Hərəkat" liderlərindən biri Nika Melia söyləyib.

Onun sözlərinə görə, parlament seçkilərinin Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənmiş yekun protokolu qəbulu heç nəyi dəyişməyəcək.

N.Melia qeyd edib ki, özünə hörmət edən heç bir müxalifət partiyası müxalifətin tələbləri yerinə yetirilənə qədər parlamentə girməyəcək: "Müxalifətin tələbləri yerinə yetirilənə qədər özünə hörmət edən heç bir müxalifət partiyası, lideri və ya təmsilçisi bu parlamentə girməyəcək. Bidzina İvanişvilinin qarşılaşması lazım olan həqiqət budur. Hamımız bilirik ki, MSK reallığın saxtalaşdırıldığı bir təşkilatdır. İndi ölkədə əlavə bir böhran yaradan Bidzina İvanişvili həqiqətlə üzləşməli və müxalifətlə güzəştə getməlidir, o, bunu etməli olacaq".

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) 31 oktyabr 2020-ci il tarixli parlament seçkilərinin son nəticələrini təsdiqlədi.

MSK 2020 parlament seçkilərinin son nəticələrini rəsmi olaraq belə açıqlayıb:

"Avropalı Gürcüstan" - 3,79% - mandat sayı - 5.

"Vahid Milli Hərəkat - Güc Birliktədir bloku" - 27,18% - mandat sayı - 36.

"Vətənpərvərlər İttifaqı" -3,14% mandat sayı - 4.

"Leyboristlər Partiyası" - 1% və 1 mandat.

“Vətəndaşlar - Aleko Elisaşvili” - 1,33%, yerlərin sayı - mandatlar.

“Giorgi Vaşadze - Ağmaşenebeli Strategiyası” - 3,15% mandat sayı - 4.

"Girçi" - 2,89% - mandat sayı - 4.

"Gürcü Arzusu - Demokratik Gürcüstan" - 48,22% - mandat sayı - 60 proporsional+30 majoritar

"Lelo" - 3.15 % mandat sayı - 4.
Həmsədr ölkələr Bakı ilə Yerevanı sülh müqaviləsi imzalamağa çağırdı - BƏYANATATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ATƏT Nazirlər Şurasının iclası çərçivəsində birgə bəyanat yayıb.

ATƏT-in mətbuat xidmətinin verdiyi xəbərə görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ Dövlət katibinin birinci müavini Stefen Biqan və Fransanın Avropa və Xarici İşlər naziri Jan İv le-Drien Azərbaycan Respublikası Prezidenti, Ermənistan Baş Naziri və Rusiya Prezidentinin 2020-ci il 9 noyabr tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi ərazisində hərbi əməliyyatların dayandırılmasını alqışlayıblar.

Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağ və ətraf rayonlarda, habelə əvvəlki atəşkəs öhdəliklərində olduğu kimi, noyabrın 9-da qəbul olunan bəyanata uyğun olaraq götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır.

Həmsədr ölkələr Rusiya Federasiyasının Azərbaycan və Ermənistanla razılığa gələrək hərbi əməliyyatların yenidən başlanmamasına zəmanət vermək üçün gördüyü tədbirlərin əhəmiyyətini vurğulayırlar. Ayrıca, bütün xarici muzdluların bölgəni tam və sürətli şəkildə tərk etmələrini tələb edir, bütün tərəfləri bu gedişi asanlaşdırmağa çağırır.

Həmsədr ölkələr Ermənistan və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərini, xüsusən də hərbi əsirlərin mübadiləsi və cəsədlərin qaytarılması ilə bağlı öhdəliklərini xatırladır.

Son döyüşlər də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşmüş insanların könüllü, təhlükəsiz, ləyaqətli və dayanıqlı qayıdışı üçün şərtlərin təmin edilməsinin vacibliyini vurğulayırlar.

Onlar Dağlıq Qarabağda və onun ətrafında tarixi və dini irsin qorunmasının vacibliyini vurğulayırlar. Həmsədr ölkələr Azərbaycan və Ermənistanı bu sahədəki öhdəliklərini yerinə yetirmək və humanitar girişi təmin etmək üçün müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırır.

Həmsədr ölkələr BQXK, BMT təsisatlarına və digər müvafiq strukturlara, eləcə də ATƏT-in Minsk Qrupunun ayrı-ayrı ölkələri də daxil olmaqla beynəlxalq birliyə Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə humanitar vəziyyətin yaxşılaşdırılması üçün koordinasiyalı şəkildə konkret addımların atılması üçün müraciət edir.

Həmsədr ölkələr, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandasının davamlı işinə güclü dəstək verdiklərini bir daha bəyan edirlər.

Həmsədr ölkələr Ermənistanı və Azərbaycanı həmsədrlərin himayəsi altında davamlı və dayanıqlı sülh razılaşması üçün mövcud atəşkəsdən istifadə etməyə çağırır. Bu kontekstdə həmsədr ölkələr tərəfləri həmsədrləri fürsət yaranan kimi ən tez zamanda bölgədə qəbul etməyə və həll olunmamış bütün məsələlərin razılaşdırılmış cədvələ uyğun olaraq həll edilməsi üçün substantiv danışıqlara başlamağa çağırır.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri mübahisələri həll etmək üçün güc tətbiq edilməməsi və ya təhdid edilməməsinə dair götürdükləri qətiyyətli öhdəlikləri xatırladır. Bəyanat müəllifləri münaqişənin qalan bütün əsas substantiv məsələlərinin həm Ermənistan, həm də Azərbaycanın yaxşı bildiyi əsas prinsip və elementlərə uyğun olaraq danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həlli üçün ardıcıl və vahid mövqelərini bir daha vurğulayır. Həmsədr ölkələr bölgədə sülhü, sabitliyi və rifahı təşviq etmək üçün uzun illərdir, davam edən səylərinə uyğun olaraq bu hədəfi reallaşdırmağa sadiq qalır.
Prezident xüsusi sessiyada çıxış etdiDekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sessiyada videoformatda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

“Hörmətli cənab Sədr.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət adından çıxış etməkdən şərəf duyuram.

Aktual qlobal məsələlərə və çağırışlara cavab vermək üçün çoxtərəfli mühüm forum olan BMT-nin 75 illiyini qeyd etdiyimiz bir vaxtda narahatlıq doğuran çoxlu sayda yeni sahələrin meydana çıxmasını təəssüf hissi ilə bildiririk. Həmin narahatlıqlar BMT Nizamnaməsinin və “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin təməlində duran multilateralizmə və beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv sadiqliyimizi yenidən nümayiş etdirməyi tələb edir.

Bunun bariz nümunəsi Qoşulmama Hərəkatı tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətlərinin böyük dəstəyidir. Digər məsələlərlə yanaşı, bu, Qoşulmama Hərəkatının üzv dövlətlərinin möhtəşəm uğurudur. Çünki biz bu il həm də beynəlxalq əməkdaşlığın təşviqini özündə ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyini qeyd edirik. Bununla əlaqədar, Xüsusi Sessiyanın keçirilməsinə verdikləri dəstəyə görə mən Hərəkat adından BMT-nin üzv dövlətlərinə və Baş Assambleyanın Sədrinə səmimi təşəkkürümüzü bildirmək istərdim.

2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib. Hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib. Səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirmiş və insanların yaşayışına sarsıdıcı təsir göstərmişdir.

Pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil etmişdir. Həmin toplantının praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəlmişlər.

Məmnuniyyətlə qeyd etmək istərdik ki, pandemiya ilə bağlı tədbirlərin görülməsi zamanı Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasını istinad mənbələrindən biri kimi istifadə edir.

Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir. Biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin fəaliyyətinə rəhbərlik edən, onun əməliyyatlarının davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir.

Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırmışdır. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur. Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.

Həmçinin narahatlıq hissi ilə onu da qeyd etmək istərdik ki, pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qıtlığı və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə və digərlərindən ibarətdir.

Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır.

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq.

Cənab Sədr, beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər.

Bu Xüsusi Sessiya beynəlxalq əməkdaşlıq və multilateralizmə sadiqliyin bir daha təsdiq edilməsi və gücləndirilməsi, habelə ən yaxşı təcrübələrin vurğulanması kimi geniş məqsədlərə xidmət edəcək. Xüsusi Sessiyada həm də pandemiyaya qarşı mübarizədə üzv dövlətlərin üzləşdiyi çağırışlar nəzərdən keçiriləcək və üzv dövlətlər, müşahidəçi dövlətlər, müşahidəçilər, BMT-nin aidiyyəti agentlikləri, qurumları və digər maraqlı tərəflər arasında açıq və şəffaf müzakirələrdə BMT-nin mərkəzi roluna dair fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində səmərəli müzakirələrin aparılacağına inanırıq. Sağ olun”.
Ermənilər öz ölülərinə bomba bağlayırdılar - ŞokVətən müharibəsinin qəhrəmanlarından biri də Naxçıvandan olan hərbçimiz, 1985-ci il təvəllüdlü İqbal Səfərovdur.

Kult.az xəbər verir ki, İqbal Səfərov 27 sentyabrda başlayan əks-hücum əməliyyatı çərçivəsində Füzuli, Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa döyüşlərində iştirak edib.

Döyüş əməliyyatları ilə bağlı danışan İ.Səfərov müharibə zamanı qarşılaşdığı maraqlı hadisələrdən də bəhs edib.

O bildirib ki, müharibə başlayan kimi könüllü olaraq döyüşlərə qatılıb:

“Hərbi xidmətimi tağım komandiri olaraq bitirib, leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılmışdım. Xidmətdən sonra imtahanla (ən yüksək balı toplayaraq) Gömrük Komitəsinə işə qəbul oldum. 8 il Komitədə müxtəlif vəzifələrdə çalışdım və gömrük mayoru rütbəsinə qədər yüksəldim. Amerika-Meksika sərhədində təlimlərdə iştirak edən zaman magistratura təhsili almağa qərar verdim.

Müharibə başlayanda isə Bakıda idim. Kanadaya qayıdıb oradakı işimə davam etməyimi pandemiya gecikdirirdi. Lakin müharibə başlayan kimi könüllü olaraq döyüşə yollandım”.

Şuşa əməliyyatı haqda danışan döyüşçümüz önəmli məqamlara toxunub:

“Şuşaya girmək üçün 39-50 kiloluq minaatanlarla birgə 40 kilometrlik meşə, dağ yollarını qət etməli idik. Gecələr irəliləyirdik. Ən böyük üstünlüyümüz qorxusuz olmağımızda idi. Bütün döyüşlərdə əsas silahımız inam olub. Düzdür, hər şeyə hazır idik. Müharibə insan həyatının çətin sınağıdır. Az əvvəl söhbət etdiyimiz döyüş yoldaşlarımız gözümüzün qabağında şəhid olurdu”.

İ.Səfərovun sözlərinə görə, ermənilər ölülərinin qarnına bomba bağlayırdılar:

“Belə edirdiləri ki, biz yaxınlaşıb tərpədəndə partlasın. Biz dəhşətə gəlirdik. Nə olur-olsun, insan həmvətəninə qarşı necə belə nanəciblik edə bilər?

Biz isə təhlükəni gözə alıb, döyüş meydanına qayıdırdıq, yaralı və şəhidlərimizi qoyub gedə bilmirdik. Mən komandir heyətində idim. Mənim aldığım ilk əmr belə oldu: əsgər heyətini qoruyun! Onların canı öz canınızdan artıq olsun.

Generalların belə ön cəbhədə döyüşdüyü savaşda başqa cür vuruşmaq mümkün deyildi. Hamı bir-birini qoruyurdu. Şuşa azad edildikdən sonra orda qala bilmədim, xəsarət almışdım. İndi yaxşıyam. Xocavənddəyəm.

Döyüşlər bitəndən sonra hisslərim, duyğularım qarışmışdı. Kimsəylə danışmırdım. Mənə elə gəlirdi ki, daim yağış yağır. Yəqin ki, ömrümün sonuna kimi yağışı və iliyimə qədər işləyən soyuğu unutmayacam".

İqbal Səfərov bundan sonra da Qarabağda yaşamaq arzusunda olduğunu bildirib:

“Qarabağda Gömrük İdarəsində gömrük mütəxəssisi olaraq çalışmaq istərdim. Qarabağda yaşamaq istəyirəm. Buralara valeh olmuşam. Həm də hər yerində bir xatirəm var.

Şablon kimi səslənsə də, həqiqətən, arxa cəbhənin dəstəyi, sevgisi bizə güc verirdi. Məktublar, hədiyyələr alırdıq. Kasıb insanların son pullarını sərf edib, bizə sovqat gətirməsi gözlərimizi yaşardırdı. Füzulinin Əhmədbəyli kəndindən olan Fikrət dayını xatırlayıram. Hərbi hissələrə gəlib, döyüşçülərin saç-saqqalını qırxırdı.

Əlində-ovcunda olan pulu ailəsinə qoyub, “siz birtəhər dolanın, mən əsgərlərimizə lazımam” deyib gəlmişdi. Onu müxtəlif hərbi hissələrdə görürdüm. Bu fədakarlıq Vətən sevgisi idi. Biz Vətəni sevirik. Biz Azərbaycanı sevirik. Ona görə qalib gəldik. Azərbaycan bu sevgi sayəsində qalib ölkə olaraq daima yaşayacaq”.
Nazir azad olunmuş rayonlara komendant təyin etdiİşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Respublikasının Prezidentin imzaladığı Fərmana uyğun olaraq, Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edir və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil edir.

DİN Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrlərinə əsasən, Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əliyev Laçın rayonuna, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov Kəlbəcər rayonuna komendant təyin ediliblər.

Şöbələrin şəxsi heyəti müvafiq rayon sakinlərinin sıx məskunlaşdıqları bölgələrdə fəaliyyətlərini davam etdirməklə yanaşı, işğaldan azad edilmiş rayonlarda xidmətə cəlb ediliblər.
Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1 510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, bu günə qədər isə ümumilikdə 1 781 218 test icra olunub.
Həlak olan, itkin düşən hərbçilərimizin sayı açıqlandıVətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur.

"Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - məlumatda bildirilib.
Deputat GUAM PA-da Azərbaycanın qələbəsindən danışıbDekabrın 2-də GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında 4-cü birgə iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, onlayn iclasda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Nəsib Məhəməliyev, Əli Məsimli, Cavid Osmanov və Qüdrət Həsənquliyev iştirak ediblər. Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev gündəliyin ikinci məsələsi – “GUAM məkanında ərazi münaqişələrinin həllinin hüquqi aspektləri” mövzusunda çıxış edib.

Bildirib ki, bu ilin 27 sentyabr-10 noyabr tarixlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin növbəti aktiv dövrünün şahidi olduq. Hansı ki, Azərbaycanın tam qələbəsi ilə bitdi. Ermənistan öz üzərinə işğal etdiyi qalan ərazilərin də təhvil verilməsi öhdəliyini götürdü. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında bəyanat imzalandı. Bu sənədə uyğun olaraq Ermənistan 30 ilə yaxın qanunsuz yaşadıqları Ağdam, Kəlbəcər və Laçın rayonlarını da Azərbaycana təhvil verdi. Azərbaycan münaqişədən əvvəl orada yaşamış və qeydiyyatı olmayan erməni əhalinin çıxarılmasına təkid etmədi və onları öz vətəndaşları sayaraq orada qalıb yaşamalarına etiraz etmir.

Hazırda razılaşmanın digər mərhələsinin icrası üçün azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır. Onlar Ermənistanın aqressiyası nəticəsində öz torpaqlarını tərk etmək məcburiyyətində qalmış və öz ölkələrində məcburi köçkün olmuşdular.

Bu il sentyabrın 27-də hərbi əməliyyatların yenidən başlaması barədə danışan Elnur Allahverdiyev bildirib ki, buna Ermənistan rəhbərliyinin məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranışları səbəb olmuşdu. Deputat xatırladıb ki, bu ilin iyulunda GUAM-ın Büro iclasında Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatları müzakirə etmişdik. Bu təcavüz nəticəsində Azərbaycanın hərbi və mülki şəxsləri öldürüldü və yaralandı. Bundan sonra avqust ayında Ermənistanın Azərbaycanın ərazisinə daxil olmuş diversiya qrupu zərərsizləşdirildi. Həmin qrupun rəhbəri təsdiqlədi ki, Ermənistan Azərbaycanın yeni ərazilərinin işğalı üçün ciddi hazırlıq işləri görür. Ermənistanın müdafiə naziri yeni doktrina elan etdi. Həmin vaxt Ermənistan hökuməti Cenevrə Konvensiyasına zidd olaraq Livan və Suriyadan erməni əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi prosesinə başladı. Elnur Allahverdiyev diqqətə çatdırıb ki, bütün yuxarıda deyilən faktlar yeni müharibənin alovlanmasına səbəb oldu. Azərbaycan isə öz gücü ilə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını təmin etdi. Deputat Azərbaycanın ədalətli mövqeyini təsdiqləyən və beynəlxalq sənədlərdə əksini tapmış bir sıra prinsipləri də iştirakçıların diqqətinə çatdırdı.

Çıxışının sonunda Elnur Allahverdiyev Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə GUAM ölkələrindən olan həmkarlarına təşəkkürünü bildirib. Sonra tədbirdə GUAM-a üzv olan dövlətlərdə ərazi münaqişələri və onların siyasi nəticələri, üzv dövlətlər arasında ticari-iqtisadi əlaqələrin inkişafında perspektivlər və imkanlar, GUAM məkanında azad ticarət zonalarının inkişafı, özv ölkələrdə nəqliyyat dəhlizinin inkişafı və logistik ünsiyyətin yaxşılaşdırılması, Gömrük sahəsində əməkdaşlıq, Quruma üzv ölkələrdə COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyət nəzərə alınmaqla elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanları mövzularında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

Çıxış edənlər Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıblar. İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əli Məsimli pandemiyanın təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinə təsirindən danışıb, iqtisadiyyatın bərpası yolları barədə fikirlərini bölüşüb.

Sonra iclasda bir sıra təşkilati məsələlərə baxılıb.

Bununla da GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında keçirilən 4-cü birgə iclası başa çatıb.